Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür

16:40 - 05 / 04 / 2024
Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür

Onun musiqisinə heç kəs biganə qala bilmir.

Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edir. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib.

1news.az xəbər verir ki, bu gün görkəmli bəstəkar, novator romans ustası, pedaqoq Asəf Zeynallının anadan olmasından 115 il ötür.

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.

Asəfin 7 yaşı olanda anası onu Dərbənd Realnı məktəbinə qoyur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnetdə ifa etməyi öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində bu konsertlərə dəvət edilirdi.

Onun 11 yaşı olanda ailəsi Bakıya köçür. Əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. O, konservatoriyada oxuyarkən Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyirdi. A.Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Onun məruzələri maraqla dinlənilir.

Asəf təhsil almaqla yanaşı, Türk İşçi Teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində də işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.

A.Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib. İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb. Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.

İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay”, “Günlər” pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.

Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu “Alma almaya bənzər” mahnısını çox bəyənir. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.

Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Hazırda Bakıda musiqi kolleci və paytaxt küçələrindən biri onun adını daşıyır.

Paylaş:
283

Son xəbərlər

Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:25ADNA terrorundan 15 il ötür - FOTOBu gün, 09:16Laçına daha 21 ailə yola düşüb - FOTOBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:02Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39
Bütün xəbərlər