Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO): Hədəflər, planlar və Azərbaycana maraq - FOTO | 1news.az | Xəbərlər
Köşə

Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO): Hədəflər, planlar və Azərbaycana maraq - FOTO

11:00 - 05 / 02 / 2024
Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO): Hədəflər, planlar və Azərbaycana maraq - FOTO

Qlobal rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə rəqəmsal inkişafa dəstək vermək məqsədi daşıyan qlobal hökumətlərarası qurum olan Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Bəhreyndə keçirilən üçüncü Baş Assambleyası 31 yanvar 2024-cü il tarixində yekunlaşdı.

DCO Şurası həmçinin Banqladeş Xalq Respublikasının, Qətər Əmirliyinin və Yunanıstan Respublikasının təşkilata yeni üzv dövlətlər kimi qoşulduğunu elan edib və strukturun sədrliyini Bəhreyn Krallığından İordaniya Haşimilər Krallığına rəsmən təhvil verib.

DCO-nun sədri, Bəhreyn Krallığının nəqliyyat və telekommunikasiyalar naziri Zati-aliləri cənab Məhəmməd bin Tamir Əl Kaabinin sədrliyi və DCO-nun Baş katibi Dima Əl Yəhyanın iştirakı ilə Baş Assambleya 16 ölkədən nazirliklərin nümayəndələrini və nümayəndə heyətlərini bir araya gətirib. Tədbirdə qonaq qismində dəvət olunmuş ölkələrin və müşahidəçi dövlətlərin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, təşkilata üzv ölkələrin əhalisi təxminən 800 milyon nəfər təşkil edir. Bu ölkələrin ÜDM-i isə 3,5 trilyon ABŞ dolları həcmində qiymətləndirilir.

Baş Assambleya çərçivəsində aşağıdakı mövzular üzrə müzakirələr aparılıb: transsərhəd bazarın artımı, məlumatların dəyəri, dayanıqlı rəqəmsal iqtisadiyyat, nəticələrin əldə edilməsi üçün rəqəmsal əməkdaşlıq, rəqəmsal ticarət, investisiyalar və sahibkarlıq, rəqəmsal əməkdaşlıq proqramının icrasının sürətləndirilməsi və s.

Şuranın Bəyannaməsində DCO-ya üzv ölkələr çevik, effektiv və çoxşaxəli təşkilatın qurulmasına sadiqliklərini təsdiqləyərək, qlobal rəqəmsal iqtisadiyyatın inkişafında həlledici məqamda olduğumuzu qeyd edib, həmçinin qlobal rəqəmsal iqtisadiyyatın dayanıqlı və inklüziv inkişafını stimullaşdırmaq və sürətləndirmək üçün çoxtərəfli və çoxsahəli əməkdaşlığın vacibliyini vurğulayıblar.

Üzv dövlətlər təşkilatın yeni təşəbbüsünü - qabaqcıl sistemlərlə təchiz edilmiş müasir müəssisələr şəbəkəsinin əsasını qoyacaq DCO GenAI Mərkəzini elan ediblər.

DCO-nun rəqəmsal əməkdaşlığı təşviq etmək üçün elan etdiyi digər yeni təşəbbüslərə “Məlumat Səfirliyi” Təşəbbüsü və Onlayn Kontentin Tamlığı Təşəbbüsü daxildir. DCO-nun üzv, müşahidəçi və tərəfdaş dövlətlərlə əməkdaşlıq çərçivəsində irəli sürdüyü bu layihələr dayanıqlı və inklüziv rəqəmsal iqtisadiyyata nail olmağa yönəlib.

Təşkilat haqqında

DCO əsas məqsədi inklüziv və dayanıqlı rəqəmsal iqtisadiyyatın artımının sürətləndirilməsi olan dünyanın ilk müstəqil beynəlxalq hökumətlərarası təşkilatıdır.

2020-ci ildə əsası qoyulmuş təşkilat özündə 16 ölkənin - Bəhreyn Krallığının, Banqladeş Xalq Respublikasının, Kipr Respublikasının, Cibuti Respublikasının, Qambiya Respublikasının, Qana Respublikasının, Yunanıstanın Respublikasının, İordaniya Haşimilər Krallığının, Küveyt Əmirliyinin, Mərakeş Krallığının, Nigeriya Federativ Respublikasının, Oman Sultanlığının, Pakistan İslam Respublikasının, Qətər Əmirliyinin, Ruanda Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının rabitə və informasiya texnologiyaları nazirliklərini birləşdirir.

DCO əsas diqqəti gənclərin, qadınların və sahibkarların gücləndirilməsinə, rəqəmsal iqtisadiyyatın artan gücündən faydalanmağa, rəqəmsal iqtisadiyyatın sürətləndirici gücündən istifadə edilməsinə, həmçinin iqtisadi artımı stimullaşdırmaq və sosial rifahı yaxşılaşdırmaq üçün innovasiyaların inkişafından yararlanmağa yönəldib.

DCO-nun yanaşması hər bir dövlətin, biznesin və fərdin rəqəmsal iqtisadiyyatda inkişaf etmək üçün ədalətli imkana malik olduğu bir dünya yaratmaq istiqamətində çalışmağı hədəfləyir.

Təşkilatın növbəti Baş Assambleyası 2025-ci ilin fevral ayında İordaniyada keçiriləcək.

DCO və Azərbaycan

Qeyd edək ki, 1news.az informasiya saytı DCO-nun Baş Assambleyasına dəvət alan Azərbaycanın ilk media resursu olub. Azərbaycana bu cür yüksək diqqətin göstərilməsi ölkəmizlə əməkdaşlığa maraqdan xəbər verir.

Bu təşkilatla mümkün qarşılıqlı əlaqəni şərh etmək xahişi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Cavab olaraq bizə bildirildi ki, Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlüklə başqa dövlətdən təklif alıb.

“Hazırda bununla bağlı dövlətdaxili prosedura uyğun işlər aparılır. Müvafiq qərar qəbul edildikdən sonra bu barədə qarşı tərəfə məlumat veriləcək”, - Nazirlikdən bildirilib.

Baş katiblə müsahibə

Baş Assambleya çərçivəsində 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova DCO-nun Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Xanım Baş katib suallarımızı cavablandırıb.

- Bütün xalqların rəqəmsallaşmanın imkanlarından istifadəyə bərabər çıxışını təmin etmək məqsədilə DCO ölkələrlə əməkdaşlıq çərçivəsində hansı işlər görür?

- Gözəl sualdır. İlk növbədə, bizim tədbirə təşrif buyurduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Rəqəmsal Əməkdaşlıq Təşkilatına göstərdiyiniz marağa və burada olduğunuza görə təşəkkür edirik. Bu, bizim üçün çox önəmlidir. DCO konkret səbəb və məqsədlər üçün təsis edilmiş unikal təşkilatdır.

Bizim missiyamız qeyd etdiyiniz kimi rəqəmsal qeyri-bərabərliyi aradan qaldırmaqdır, lakin heç bir ölkə təkbaşına bunun öhdəsindən gələ bilməz. Rəqəmsal transformasiya gündəliyi böyükdür. Bura infrastruktur, hostinq, insan kapitalının inkişafı və s. kimi məsələlər daxildir. Əməkdaşlıq etmək, əl-ələ verib bir-birimizə kömək etmək vaxtıdır. Amma biz bunu özəl sektor olmadan edə bilmərik. DCO-nun unikal cəhəti hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında mövcud olan ünsiyyət uçurumunu aradan qaldıran platforma olmasıdır. Beləliklə, bizim ilk işimiz boşluğu tapmaqdır.

Biz hər bir ölkədə hansı boşluqların olduğunu görməliyik. Biz bu boşluğu müəyyən etdikdən sonra bir ölkədə hansı vasitənin işə yaradığını və digər ölkədə bu boşluğu nə ilə doldura biləcəyimizi görə bilərik. Məsələn, əgər Bəhreyndə identifikasiya idarəetmə sistemi işləyirsə, o zaman gəlin bu sistemdən Ruandada istifadə edək. Nigeriyada işlək bir siyasət varsa, gəlin Pakistanda da ondan istifadə edək. Özəl sektorla lazımi məlumatı paylaşmaqla, imkanları müəyyən etməklə və ölkələrlə ən yaxşı təcrübələri paylaşmağa çalışmaqla rəqəmsal uçurumu bu formada şərh edir və ya onu aradan qaldırmağa çalışırıq.

- Ətraflı cavaba görə təşəkkür edirəm. Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırsınızmı? Əgər planlaşdırırsınızsa, hansı formatda?

- Həmişə dediyimiz kimi, biz iqtisadi və sosial inkişaf təşkilatıyıq. Biz təşkilata üzv ölkələrdə rəqəmsal iqtisadiyyatı sürətləndirmək və rəqəmsal transformasiyanı təşviq etmək üçün buradayıq. Ən qabaqcıl təcrübələri bölüşməyə, çox tez dəyişməyə və transformasiya etməyə hazır olan hər bir həmfikir ölkəni salamlayırıq. Bunu etməyin ən yaxşı üsulu müxtəlifliyə nail olmaqdır. Buna görə də nə qədər çox ölkə düzgün düşüncəyə və niyyətə malik olarsa, bir o qədər yaxşıdır. Bu, birmənalıdır.

Buna görə də biz rəqəmsal transformasiya proqramı arzusunda olan və ya bu proqramı icra edən hər bir ölkə kimi Azərbaycanı da alqışlayırıq.

- Bildiyiniz kimi, xüsusən müsəlman ölkələrində müəyyən stereotiplər var ki, İT sektoru qadınlar üçün deyil. Bu barədə danışarkən öz ölkəmdə olan statistik göstəriciləri də əsas götürürəm. STEM-də daha çox qadının olması nə dərəcədə vacibdir?

- Bu suala görə çox təşəkkür edirəm. Bu, həyati əhəmiyyətli mövzudur və mən artıq təxminən 20 ildir ki, ona xüsusi diqqət yetirməyə çağırıram. Rəqəmsal transformasiyanın sərhədləri, irqi və dini yoxdur. Biz faktlara və rəqəmlərə baxırıq. Hazırda cəmiyyətin yarısını qadınlar təşkil edir. Əgər biz onlara rəqəmsal iqtisadiyyata effektiv töhfə vermək imkanı verməsək, bu, təkcə cəmiyyət üçün deyil, həm də bütövlükdə iqtisadiyyat üçün itki olacaq.

Buna görə də 2030-cu ilə qədər 350 milyon qadının internetə çıxışının olmayacağı ilə bağlı xəbərləri oxuyanda qorxuram. Bu, çox nəhəng rəqəmdir. Buna görə də, biz qadınlar üçün daha çox imkanlar yaradan təşəbbüslər irəli sürməkdə maraqlıyıq. Əslində bizim təşkilatın əsas məqsədlərindən biri də qadınlarla bağlıdır. Missiyamız gənclərə, qadınlara və sahibkarlara gələcəyin rəqəmsal iqtisadiyyatının liderləri olduqlarını bilməyə və buna inanmağa imkan yaratmaqdır. Buna görə də, biz ənənəvi biznesi onlayn biznesə çevirməklə, onları rəqəmsal iqtisadiyyatda istiqamət tapmaq üçün lazım olan bacarıqlarla təmin etməklə, həmçinin onlara müəssisələrinin maliyyələşdirilməsi baxımından kömək və dəstək verməklə qadınların iş axtaranlardan iş yeri yaradanlara keçməkdə kömək edəcək bir sıra təşəbbüslər irəli sürmüşük.

Beləliklə, biz tərtibatçıdan təsisçiyə, həmçinin mələk investorlara qədər bütün aspektləri nəzərdən keçiririk.

Biz Ruandanın rəhbərlik etdiyi təşəbbüs üzərində işləyirik. Məqsədimiz 50,000 qadına məxsus biznesi rəqəmsallaşmaq (ümid edirəm ki, buna ən qısa zamanda nail olacağıq) və bununla da, ÜDM və iş yerlərinin yaradılmasına birbaşa töhfə verməkdir. Qadınları rəqəmsal iqtisadiyyatda effektiv iştiraka cəlb edə bilsək, 2030-cu ilə qədər 500 milyard dollarlıq iqtisadi artıma nail olmağı planlaşdırırıq. Bu, asan deyil, həqiqətən bunun üzərində çox ciddi işləməliyik.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Paylaş:
1141

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!Bu gün, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər