Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın insan haqlarından danışması absurddur | 1news.az | Xəbərlər
Köşə

Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın insan haqlarından danışması absurddur

11:15 - 16 / 08 / 2023
Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın insan haqlarından danışması absurddur

Ermənistan Azərbaycana qarşı hərbi cinayətlərini – dövlət terrorizmi siyasətini bu gün də davam etdirməkdədir.

İnsan hüquqlarından danışmağa heç bir mənəvi haqqı olmayan Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir. 44 günlük Vətən müharibəsindən sonra ermənilərin 2021-ci il, həmçinin digər istehsal tarixi məlum olan və Azərbaycan ərazilərində basdırdıqları minalarla bağlı yaranmış vəziyyət, mülki şəxslərin, hərbi qulluqçuların xəsarət və ya həlak olması bunu söyləməyə əsas verir.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın insan haqlarından danışması absurddur” sərlövhəli məqaləsində yer alıb.

1news.az AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

Qeyd etmək lazımdır ki, 1991-ci ildən indiyədək mina və partlamamış hərbi sursatların partlaması nəticəsində ümumilikdə 3381 nəfər azərbaycanlı xəsarət alıb. Onlardan 358-i uşaq, 38 nəfəri isə qadındır. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi başa çatsa da, mina təhlükəsi hələ də davam edir.

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 2020-ci ilin noyabrından - 2023-cü ilin avqust ayınadək 150-yə qədər mülki şəxs minaya düşüb. Onlardan 44 nəfəri həlak olub, 97 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bununla yanaşı, 161 hərbi qulluqçu da mina hadisələrinin qurbanı olub. Onlardan da 13-ü həlak olub, 148 nəfər isə yaralanıb.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra - 2021-ci il iyunun 4-də içərisində işğaldan azad edilmiş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrində çəkiliş aparan AZƏRTAC-ın və AzTV-nin çəkiliş qruplarının olduğu nəqliyyat vasitəsi Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşərək partlayıb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, 4 nəfər isə yaralanmışdı. Bu, həm də onu göstərdi ki, Ermənistanın mina terroru hərbçilərlə yanaşı, mülki vətəndaşları da eyni amansızlıqla hədəf almaqda, azad söz, media üçün də ciddi təhlükə kəsb etməkdədir. Bundan əlavə, 2023-cü il aprelin 22-də Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan növbəti cinayəti - mina terroru zamanı üç hərbi qulluqçumuz xəsarət alıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb. Beynəlxalq ekspertlərin fikrincə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 25 milyard dollar lazım olacaq.

Dövlət başçısı qeyd edib ki, ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi əraziləri, qəbiristanlıqları, əkin sahələrini də minalayıblar. Bu baxımdan Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Çünki işğaldan azad edilən ərazilərdə kommunikasiyaların bərpası və genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin həyata keçirilməsi üçün də ilk növbədə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi zəruri olmaqla yanaşı, çox çətin, həmçinin zamana ehtiyac duyulan bir prosesdir.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü dövlət terrorizmi siyasətinə nəzər salsaq, qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək dinc əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır bütün dünyanın gözü qarşısında baş verir.

2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı (onlardan 10 nəfəri məktəblidir). Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak oldu, 4 nəfər xəsarət aldı. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin yaralandı, 13 nəfər həlak oldu ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaq idi. Ümumilikdə Ermənistan ordusunun oktyabrın 4-də, 11-də və 17-də Gəncəyə raket və ağır artilleriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak oldu, 138 nəfər yaralandı.

Beynəlxalq birliyin cəzasızlığından istifadə edərək faşist ideologiyası yürüdən düşmənin cinayətləri davamlı olmuş, 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həlak oldu, uşaqlar və qadınlar da olmaqla 13 nəfər ciddi yaralandı. Bunun ardınca oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdədə dinc əhalinin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak oldu, 70-dən çox insan isə yaralandı. Ermənistan ordusunun iki gün ərzində Bərdəyə “Smerç” yaylım atəşli reaktiv sistemdən atdığı raketlər nəticəsində 26 nəfər həlak oldu, 80-dən çox insan yaralandı.

Ümumiyyətlə, bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü və beynəlxalq cinayətləri nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək - 44 gün ərzində 90-dan çox mülki şəxs həlak oldu, 400 nəfərdən çoxu isə yaralandı. Həlak olanların 30-dan çoxu qadın və uşaq, yaralananların isə 100-dən çoxu qadın, 30-dan çoxu isə uşaq idi.

Ermənistanın dövlət terrorizm siyasəti otuz ildən artıqdır davam edir. Ermənistanı himayə edən bir sıra məlum dairələr təcavüzkarın yürütdüyü faşist ideologiyasına, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır, çox vaxt isə onu müdafiə edir. Otuz ilə yaxın müddətdə dünya birliyi, xüsusilə böyük güclər təcavüzkar Ermənistanı sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsini işğalçıdan tələb etmədi.

Ermənistanın hərbi təcavüzünə və davamlı təxribatlarına cavab olaraq, Azərbaycan 2020-ci il sentyabrın 27-dən beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 20-də Zəngilan şəhərini, 25-də Qubadlı şəhərini işğalçılardan azad etməklə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da ölkəmizin uğurlarını şərtləndirdi.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya müstəvisində də uğurları şərtləndirirdi. Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın, 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxarılmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq, üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.

Hərbi-diplomatik baxımdan məğlub olan Ermənistan və onun havadarları isə hələ də beynəlxalq hüquqdan, insan haqlarından danışırlar. Bununla yanaşı, bir sıra ermənipərəst dairələrin, “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Transparency International”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Reportyorlar”, OCCRP və bu kimi digər qurumlar, eləcə də bir sıra Qərb təşkilatlarının uzun illərdir davam edən səssizliyi acı təəssüf doğurur.

Ümumiyyətlə, 30 ilə yaxın müddətdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın tarixi və suveren ərazilərində hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altındakı şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, bir milyondan çox əhalini doğma torpaqlarından didərgin salan Ermənistanın insan haqlarından danışması absurddur. Eyni zamanda, Azərbaycan əraziləri 2020-ci ildə işğaldan azad olunandan sonra Ermənistanın beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması sağalmaz “erməni xəstəliyi”nin bariz nümunəsidir.

Azərbaycan Prezidenti də bu barədə bildirib ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.

Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Paylaş:
4357

Son xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:48“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20
Bütün xəbərlər