Bu gün Xalq şairi Qabilin anım günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq şairi Qabilin anım günüdür

14:59 - 04 / 04 / 2024
Bu gün Xalq şairi Qabilin anım günüdür

Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin anım günüdür.

1news.az xəbər verir ki, Xalq şairi Qabilin vəfatından 17 il ötsə də onun əsərləri dünən olduğu kimi bu gün də böyük məhəbbətlə oxunur.

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.

Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.

Paylaş:
293

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər