Bu gün Beynəlxalq Meşələr Günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün Beynəlxalq Meşələr Günüdür

14:06 - 21 / 03 / 2024
Bu gün Beynəlxalq Meşələr Günüdür

Martın 21-i dünyada Beynəlxalq Meşələr Günü və ya Ümumdünya Meşələrin Mühafizəsi Günü kimi qeyd olunur.

1news.az xəbər verir ki, bu günün təsis edilməsi təşəbbüsü 1971-ci ildə Avropa Kənd Təsərrüfatı Konfederasiyası tərəfindən irəli sürülüb. İdeya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənib.

Üstəlik, əvvəlcə bu günün Cənub yarımkürəsində payız bərabərliyi, Şimal yarımkürəsində isə yaz bərabərliyi günündə qeyd edilməsi qərara alınıb.

BMT Baş Assambleyası 2012-ci il 21 dekabr tarixli 67/200 saylı qətnaməsi ilə cəmiyyəti meşələrin mühafizəsinin əhəmiyyəti barədə məlumatlandırmaq və hər il martın 21-də Beynəlxalq Meşələr Gününün qeyd edilməsini təsdiqləyib. Hər il gün çərçivəsində tədbirlər konkret mövzuya həsr olunur.

Meşələrin və onun sərvətlərinin qorunması problemi bu gün bütün dünya ölkələri üçün ən mühüm ekoloji vəzifələrdən biridir. Son illərdə Yer kürəsinin meşələrinin qırılması ilə bağlı tendensiyalar təkcə ekoloqların deyil, bütün beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Hazırda planetin ümumi meşə sahəsi təxminən 38 milyon kvadratkilometrdir ki, bu da torpaq sahəsinin təxminən üçdəbir hissəsini təşkil edir. Bunun 13 faizi mühafizə olunan təbiət əraziləridir.

Meşələr planetimizin ağciyərləridir, onların əvəzsiz ekoloji, sosial və iqtisadi əhəmiyyəti var. Onlar planetin iqliminin formalaşmasında iştirak edir, oksigenlə təmin edir, zərərli tullantıları emal edir, su ehtiyatlarını qoruyur, bir çox bitki və heyvanlar üçün yaşayış yeridir, qida ilə təmin edir, insanlar üçün sağlam ətraf mühit, torpağın münbitliyinin və landşaftların qorunub saxlanmasına kömək göstərir. İki mindən çox yerli etnik qrup və millət də daxil olmaqla, planetin təqribən 1,6 milyard sakini qida, sığınacaq, enerji, dərman və gəlir üçün birbaşa meşələrdən asılıdır.

Bununla belə, hər gün dünya meşələrinin sahəsi durmadan azalır, Yer kürəsi hər saniyə 1,5 hektardan çox meşəni itirir. Bu, ilk növbədə, əhalinin artımı və müxtəlif insan ehtiyacları üçün meşə sahələrinin transformasiyası ilə bağlıdır. Bəzi ekspert hesablamalarına görə, son 10 min il ərzində insan 26 milyon kvadratkilometr meşə ərazisini məhv edib. Bununla yanaşı, meşələr yanğınlar, qanunsuz ağac kəsilmələri, təbii fəlakətlər, zərərverici həşəratlar, xəstəliklər və digər səbəblərdən məhv olur. Meşələrin sahəsinin azalması bütün təbiət və bəşəriyyətin həyatı üçün qlobal əhəmiyyət daşıyan geri dönüşü olmayan mənfi proseslərə gətirib çıxarır.

Bu baxımdan Beynəlxalq Meşələr Gününün əsas vəzifəsi planet sakinlərinin diqqətini meşələrin mühafizəsi probleminə cəlb etmək, meşə ekosistemlərinin əhəmiyyəti, onların həqiqi vəziyyəti, onların mühafizəsi və bərpası üzrə əsas tədbirlər haqqında məlumat verməkdir.

Meşələrin azalması və deqradasiyası prosesləri bütün ölkələrin birgə həllini tələb edən beynəlxalq problemlərə çevrildiyindən, BMT bütün üzv dövlətləri bu günün xüsusi tədbirlərlə qeyd olunmasına dəstək verməyə çağırıb. Bu gün dünyanın əksər ölkələrində meşələrin və yaşıllıqların mühafizəsi üçün müxtəlif aksiyalar və tədbirlər keçirilir - bunlara məlumat xarakterli tədbirlər, müxtəlif müsabiqələr və sərgilər, ağacəkmə aksiyaları, müxtəlif fləşmoblar daxildir.

Maraqlıdır ki, bəzi ölkələrdə bu gün Beynəlxalq Meşələr Günü ilə yanaşı, Ağac Günü kimi də qeyd olunur.

Beynəlxalq Meşələr Gününün builki devizi “Meşələr və innovasiya: daha yaxşı dünya üçün yeni həllər”dir

Azərbaycan meşələri

Respublikamızın meşə fоndu 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Çox təəssüflə qeyd olunmalıdır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub.

Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərimizdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq qurumlar özəl günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər.

Ölkəmizdə ətraf mühitin mühafizəsi naminə həyata keçirilən tədbirlərin ən fəal iştirakçısı olan IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti xüsusi qeyd edilməlidir. IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Yaşıl marafon” kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində təşkil olunan kütləvi ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərinə böyük töhfə verir.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsi planlaşdırılır

Ötən il ölkə ərazisində 2500 hektar ərazidə 3 milyon 200 mindən çox ağac və kol tingi əkilib. Bundan əlavə, meşə fondu torpaqlarında bərpa məqsədilə 32 tona yaxın meşə cinslərinə aid ağac və kolların toxumları səpilib.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə isə 5 milyon ağacın əkilməsi planlaşdırılır.

Ağacların 3 milyonunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilməsi nəzərdə tutulur. İki milyon ağacın əkilməsini isə müxtəlif dövlət qurumları, icra hakimiyyətləri həyata keçirəcək.

Paylaş:
0

Son xəbərlər

ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51
Bütün xəbərlər