QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”

Ayşən İsmayılova13:55 - 01 / 12 / 2023
QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”

“Azərbaycan neft və qazla zəngin olsa da bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək”.

Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İcimai Birliyinin sədri Elman Cəfərli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası ilə bağlı 1news.az-a açıqlamasında deyib.

“Ölkəmizin əlverişli iqlim qurşağında yerləşməsi bərpa olunan enerji sektorunun inkişafını stimul verir. Azərbaycanın uruda küləkli və günəş enerjisi potensialı 27 qiqavat, Xəzərin Azərbaycan sektorunda külək enerjisinin potensialı isə 157 qiqavatdır.

Azərbaycan hökumətinin dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığı sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”.

“2022-ci ilin martın 15-də Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb” - deyə, E.Cəfərli əlavə edib:

“Bu Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir.

Memorandum çərçivəsində, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.

2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq "ACWA Power" şirkəti ilə 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.

E.Cəfərli qeyd edib ki, 2020-ci il dekabrın 30-da Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyulub.

2022-ci il martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

2022-ci il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Bu, həqiqətən də çox böyük potensialdır.

Bütün bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafının artmasına səbəb olacaq. Azərbaycanda qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması istiqamətində beynəlxalq təşəbbüslərə qoşulub. Ancaq görüləcək işlər çoxdur”.

Xatırladaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28-də pavilyonla təmsil olunur.

Dubayda dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir.

Prezident İlham Əliyev də konfransda iştirak etmək üçün Dubayda səfərdədir.

Paylaş:
376

Son xəbərlər

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22
Bütün xəbərlər