Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür

23:35 - 19 / 03 / 2018
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür

Martın 19-da Azərbaycan Respublikasının Beynəlxalq Sərgilər Bürosuna (BIE) üzvlüyünün onuncu ildönümü tamam olur. Azərbaycan bu mötəbər quruma 2008-ci ildə üzv olub. Ötən on il Azərbaycan üçün olduqca məhsuldar və səmərəli bir dövr kimi yadda qalıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, BIE 1931-ci ildə yaradılıb. Hazırda 169 üzvü olan büronun əsas missiyası beynəlxalq ekspo sərgilərinin təşkili ilə bağlı 1928-ci ildə imzalanmış Paris Konvensiyasının yerinə yetirilməsinə nəzarət olunmasıdır.

İlk dəfə 2000-ci ildə Almaniyanın Hannover şəhərində təşkil edilən Universal Ekspoda iştirak edən Azərbaycan 18 ildir beynəlxalq ekspo hərəkatının fəal üzvlərindən biridir. Hazırda Azərbaycan Respublikası “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Əhatə dairəsinə görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra ən böyük tədbir hesab olunan Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün ölkəmizin kifayət qədər zəngin təcrübəsi, güclü kadr və infrastruktur potensialı var. Təsadüfi deyil ki, Azərbaycanın indiyədək Milan, Astana və digər şəhərlərdə təşkil olunan sərgilərdə uğurlu təqdimatı böyük maraqla qarşılanıb.

Azərbaycan ilk dəfə “Milan Ekspo 2015”də milli pavilyonla çıxış edib. Həmin sərgidə nümayiş olunan milli pavilyonumuz ziyarətçilərin sayına görə xüsusilə seçilib: onu üç milyondan çox insan ziyarət edib. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə yanaşı, ölkəmizin əldə etdiyi uğurlar barədə də ətraflı məlumatlar çatdırılıb. Həmin sərgidə Azərbaycanın milli pavilyonunun yaradılması və digər təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən həyata keçirilib. Milan Sərgisinin təşkilat komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələrdən olub. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər.

2016-cı ildə təşkil olunan “Antalya Ekspo” Beynəlxalq Botanika Sərgisində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonu da böyük maraqla qarşılanıb. Sərgidən və bağçadan ibarət pavilyonda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi, bağçılıq və milli mətbəx mədəniyyəti, xalçaçılıq sənətinin tarixi nümayiş etdirilib. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiət gözəlliklərinin təqdimat forması ilə seçilib.

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Ekspo 2017” beynəlxalq sərgisində də Azərbaycanın milli pavilyonu böyük zövqlə yaradıldığına görə ən çox ziyarət edilən pavilyonlar sırasında olub. Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən milli pavilyonumuzu sərgi müddətində ziyarət edənlərin sayı bir milyonu ötüb. Burada ölkəmizin nailiyyətlərini geniş şəkildə təbliğ etmək üçün hərtərəfli şərait yaradılıb.

Bütün bunlar bir daha sübut edir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli sərgilərdə layiqincə təmsil olunmaqla nəinki özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirib, həm də bu mötəbər tədbirə ev sahibliyi etmək üçün zəngin və mühüm təcrübə qazanıb. Bu zəngin təcrübəyə və mükəmməl potensiala malik Azərbaycan 2017-ci ilin sentyabrından “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi uğrunda mübarizəyə qoşulub. Bununla bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif təqdimatlar təşkil edilir. İndiyədək Parisdə, Berndə, Ciddədə, Davosda, Nyu-Yorkda keçirilən təqdimat mərasimlərində Bakının namizədliyi və ölkəmizin potensialı böyük maraq doğurub. Onların sırasında ötən ilin noyabrında Parisdə keçirilən təqdimatı xüsusi qeyd etmək lazımdır. Həmin tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ölkəmizin sərginin keçirilməsi məsələsinə nə qədər diqqətlə yanaşdığını bir daha bütün dünyaya nümayiş etdirdi. Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Ekspo 2025”in təqdimatı tarixi hadisə kimi qiymətləndirilə bilər.

“Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olan Bakı bu mötəbər tədbir üçün unikal mövzu təklif edib. Bakının insan kapitalı mövzusunu seçməsi heç də təsadüfi deyil. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm işlər görülüb. “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu qlobal əhəmiyyətə malikdir. Bu, hər bir fərdə, cəmiyyətə, eyni zamanda, ölkəyə öz müsbət təsirini göstərəcək. Çünki insan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşması yollarının tapılmasına, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, həm də sabit və sağlam cəmiyyətlərin formalaşmasında əsas amillərdən biridir. Müasir dünyada baş verən proseslər sübut edir ki, artıq insan kapitalının inkişafına diqqət yetirilməsinin, genişlənən qeyri-bərabərliyin azaldılmasının, iqtisadi artıma, kreativliyə və uğura nail olmaq imkanlarının yaradılmasının vaxtı çatıb.

Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi alt mövzular – təhsil, məşğulluq və səhiyyə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. Bunu həmin mövzuların mahiyyətinə diqqət yetirməklə daha aydın görmək mümkündür.

Təhsil. İnsanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsil və təlim vacib rol oynayır;

Məşğulluq. Fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacı var, eyni zamanda, texnologiya da əmək bazarına mühüm təsir göstərir;

Səhiyyə. İnsan kapitalının inkişafı məhz sağlam cəmiyyətlərdə səmərəli şəkildə baş verə bilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Bakı Ekspo 2025” ilə bağlı Parisdə keçirilən təqdimat mərasimindəki çıxışında bu barədə danışarkən deyib: “Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Ekspo 2025” sərgisində, düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq”.

Məhz buna görə də demək mümkündür ki, “Bakı Ekspo 2025” cəmiyyətin hər bir sahəsinin insan intellektindən yaralanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.

“Bakı Ekspo 2025” üçün nəzərdə tutulmuş ərazi Azərbaycan paytaxtının şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında, 200 hektar ərazidə salınacaq bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə paytaxtımızın davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərimizin qonaqları üçün də əvəzsiz miras olacaq.

Azərbaycan zəngin təbii sərvətləri, qədim tarixi və özünəməxsus qonaqpərvərliyi ilə dünyada məşhur olan məkandır. Qitələrin və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan əsrlər boyu Avropa və Asiya arasında ticarət, siyasi və mədəni əlaqələrin qurulmasında körpü rolunu oynayıb. Bu gün artıq bütün dünya təsdiq edir ki, açıq və tolerant mühiti ilə seçilən Azərbaycan, o cümlədən Bakı mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlığın mərkəzi olmaqla yanaşı, bəşəriyyəti narahat edən qlobal məsələlərin geniş müzakirə olunduğu beynəlxalq mərkəzə çevrilib.

Həmçinin Azərbaycanın paytaxtı təkcə son bir neçə ildə çox mötəbər tədbir və yarışlara yüksək səviyyədə ev sahibliyi etməklə peşəkar təşkilatçılıq qabiliyyətini sübuta yetirib. Əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”, “Eurovision 2012” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən başlayaraq Formula-1 Qran-Pri yarışları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, eləcə də müxtəlif forumlar Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə də ən yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu göstərir.

“Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi beynəlxalq ekspo hərəkatına mühüm töhfə verəcək. Birinci vitse-prezident Mehriban Əliyevanın Parisdəki təqdimatda çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək”.

1news.az

Paylaş:
1078

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38
Bütün xəbərlər