İmmuniteti artırmaq üçün nə etmək lazımdır? - Həkimlə müsahibə | 1news.az | Xəbərlər
Müsahibə

İmmuniteti artırmaq üçün nə etmək lazımdır? - Həkimlə müsahibə

Qafar Ağayev15:26 - 07 / 03 / 2024
İmmuniteti artırmaq üçün nə etmək lazımdır? - Həkimlə müsahibə

“İmmunitet sisteminin effektiv olması üçün profilaktik müayinələrdən keçmək və sağlam həyat tərzinə riayət etmək lazımdır”

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova müsahibəsində deyib.

1news.az müsahibəni təqdim edir:

- Günay xanım, ilk öncə bilmək istərdik ki, immunitet nədir?
- İmmunitet orqanizmdə qoruyucu funksiyanı yerinə yetirən sistemdir. O, xarici elementləri tanımaq və onları məhv etmək üçün məsuliyyət daşıyır. İnsanlar üçün təhlükə yaradan xarici amillər mikroorqanizmlər və onların metabolik məhsullarıdır (viruslar, bakteriyalar, göbələklər və onların toksinləri). Bədənin özündə mutasiyaya uğrayan hüceyrələrin məhvinə də immunitet sistemi cavabdehdir.

- İmmunitetin neçə növü var?
- İmmunitetin anadangəlmə və qazanılan növləri var. Onlar birlikdə potensial təhlükəli amillərə qarşı immun cavabı verirlər. Anadangəlmə (qeyri spesifik) immunitet irsi olaraq ötürülür, qazanılan isə xəstəlik və ya peyvənddən sonra yaranır.

- Anadangəlmə immunitetin xüsusiyyətləri hansılardır?

- Anadangəlmə immunitet insanda doğulduğu andan mövcud olur. Dəri anadangəlmə immunitetin tərkib hissəsidir. O, xarici maddələrin orqanizmə daxil edilməsinə mane olur. Tər vəzilərinin ifrazı da qoruyucu xüsusiyyətlərə malikdir, çünkü turş mühit bəzi bakteriyalara zərərli təsir göstərir. İnsan tüpürcəyində də orqanizmi qoruyan fermentlər var.

- Anadangəlmə immunitetin növləri haqqında da məlumat verərdiniz...

- Anadangəlmə immunitet spesifik və ya fərdi ola bilər. Spesifik immunitet bir orqanizmin müəyyən patogenlərə qarşı toxunulmazlığı ilə xarakterizə olunur. Məsələn, insanlarda bəzi patologiyalara rast gəlinə bilir ki, heyvanlar onlarla xəstələnmir (vəba, qızılca və ya su çiçəyi). Eyni qayda da əks hallar olur: heyvanlarda aşkar edilən bəzi xəstəliklər (məsələn, it piroplazmozu) insanlar üçün təhlükəli deyil.
İndividual anadangəlmə immunitet insandan insana fərqlənir. Valideynlərdən uşağa genetik olaraq, həmçinin anadan uşağa bətndaxili ötürülür. Uşaq yad hüceyrələrlə mübarizə aparmağa kömək edən anticismlər alır.
Hüceyrə səviyyəsində immunitet müxtəlif növ "ağ" qan hüceyrələri ilə (monositlər, makrofaqlar, bazofillər, neytrofillər və eozinofillər) təmsil olunur. Bu hüceyrələrin hər birinin özünəməxsus funksiyası var. Molekulyar səviyyədə isə bəzi zülallar və fermentlər qoruyucu xüsusiyyətlərə malikdir.

- Bəs qazanılan immunitetin xüsusiyyətləri və növləri hansılardır?

- Qazanılan immunitet həyat boyu formalaşır və hər bir insan üçün unikaldır. Anadangəlmə immunitetdən fərqli olaraq, qazanılan immunitetin cavab reaksiyası üçün yad cismləri tanıması və yadda saxlamasına zaman lazımdır. Amma növbəti dəfə orqanizmin reaksiyası daha sürətli olur. Belə ki, immun hüceyrələri bu patogenlə artıq tanışdır və necə hərəkət edəcəyini bilirlər.
Qazanılan immunitet təbii və ya süni ola bilər. Təbii immunitet isə öz növbəsində aktiv və passiv növlərinə bölünür. Aktiv qazanılan immunitet xəstəlikdən sonra formalaşır. Passiv isə ana südü vasitəsilə əldə edilir. Ana südü ilə körpəyə ötürülən anticismlər onu təxminən altı ay qoruyur. Bundan sonra körpənin orqanizmi anticismləri öz-özünə sintez etməyə başlayır.
Süni immunitet peyvəndlər və ya zərdablar vasitəsilə əldə edilir. Peyvəndin tərkibində öldürülmüş və ya zəifləyən mikroorqanizmlər var. Peyvənd sağlam insanlara vurulur. Peyvənddən öncə yoluxucu xəstəliyi və ya peyvənd üçün hər hansı bir əks göstərişlərin istisna edilməsində həkim müayinəsi mütləqdir.
Peyvənddən fərqli olaraq, zərdabda hazır anticismlər mövcuddur. Zərdabın istifadəsindən sonra süni passiv immunitet yaranır. Bu qorunma qısa müddət ərzində davam edir. Zərdab müəyyən bir xəstəliyin qarşısının alınması üçün (məsələn, heyvan dişləməsi zamanı və s.) istifadə olunur.

- Peyvənd və zərdabın fərqi nədədir?

- Peyvənd və zərdab arasındakı əsas fərq tərkibindədir. Peyvəndin tərkibində antigen kimi fəaliyyət göstərən təsirsizləşdirilən və ya zəifləmiş mikroorqanizmlər var. Onlara cavab olaraq orqanizmdə anticismlər sintezə məruz qalır. Zərdabın tərkibində isə istifadə olunduğu gündən etibarən qorunmanı təmin edən hazır anticismlər var.

- İmmun sistemin zəif olmasının əlamətləri hansılardır?

- İmmun sistemin zəif olmasının əlamətlərinə tez-tez respirator virus infeksiyalarına, bakterial infeksiyalara, göbələk infeksiyalarına məruz qalma, uzun müddət sağalmayan yaraların olması aiddir.

- Yuxu immunitetə necə təsir edir?

- Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. O, gün ərzində alınan məlumatların emalı və orqanizmin hüceyrələrinin yenilənməsi üçün vacib bir prosesdir. Yuxunun olmaması ilə immunitet sistemi zəifləyir və orqanizmin xəstəliyin törədicinə reaksiya sürəti yavaşlayır. Yuxunun miqdarı ən az 7-8 saat olmalıdır. Düzgün yuxu rejiminin olmaması immun sistemini zəiflədən ən önəmli faktorlardan biridir.

- İmmun sistemin güclü olmasında qidalanmanın rolu haqqında məlumat verərdiniz...

- İmmun sisteminin adekvat işləməsi üçün düzgün qidalanma çox vacibdir. Gündəlik olaraq kifayət qədər tərəvəz və meyvə qəbul etmək məsləhətdir.
Sağlam immun sistemi üçün təbii şəraitdə yetişdirilən məhsullara üstünlük vermək lazımdır. Bundan əlavə, bütün orqanların tam işləməsi üçün gündə kifayət qədər maye içmək vacibdir.

- Stress immunitet sisteminə necə təsir edir?

- Emosional vəziyyət birbaşa immun sistemə təsir edir. Daimi stress, uzun müddət davam edən depressiya xroniki xəstəliklərin kəskinləşməsi və yeni xəstəliklərə tutulma riskinin artmasına səbəb olur. Əksinə, müsbət emosiyalar orqanizmə infeksiyaların öhdəsindən daha tez gəlməyə imkan verir.

- İmmuniteti artırmaq üçün nə etmək lazımdır?

- İnsanın immun sistemi mürəkkəbdir. Bu sistemin güclü qalması üçün müntəzəm olaraq sağlamlığınızın qayğısına qalmaq, profilaktik müayinələrdən keçmək, stressdən qaçmaq, daha çox hərəkət etmək, sağlam həyat tərzinin prinsiplərinə riayət etmək lazımdır. Bu təqdirdə immunitet sistemi öz funksiyalarını effektiv şəkildə yerinə yetirəcək.

Paylaş:
1002

Sizin üçün xəbərlər

Son xəbərlər

İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20
Bütün xəbərlər