Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib - FOTO

16:32 - 14 / 10 / 2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib - FOTO

Oktyabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri BDU-nun binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, akademiklər Nizami Cəfərov, Teymur Kərimli görkəmli alim Vasim Məmmədəliyevin Azərbaycan elminə xidmətlərindən danışıblar.

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.

1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.

Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.

Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunub.

Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.

Onun yüksəkixtisaslı kadrlar hazırlanmasında ciddi xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

1news.az

Paylaş:
1113

Son xəbərlər

Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər