Səs-küylü ifşa: Ermənistanla alman neonasistləri arasında əlaqələr haqqında | 1news.az | Xəbərlər
Siyasət

Səs-küylü ifşa: Ermənistanla alman neonasistləri arasında əlaqələr haqqında

15:20 - 24 / 12 / 2019
Səs-küylü ifşa: Ermənistanla alman neonasistləri arasında əlaqələr haqqında

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin statistikasına diqqət yetirsək son illərdə Almaniyadan bu cür səfərlərin sayının əhəmiyyətli dərəcədə artdığının şahidi olarıq. Bunu sadəcə təsadüf kimi də qəbul etmək olardı, əgər bu faktı şərtləndirən son dərəcə maraqlı səbəb olmasaydı.

Söhbət, faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasəti səviyyəsinə çatdırıldığı Ermənistanla “Almaniya üçün alternativ” (Alternative für Deutschland, AfD) ultrasağçı alman siyasi partiyası arasında fəal əməkdaşlıqdan gedir. Məlumat üçün qeyd edək ki, AfD-nin əsası 2013-cü ildə qoyulmuşdur. Parlament seçkiləri ilə üst-üstə düşmüş yaradılmasının ilk ilində Bundestaqda yer ala bilməsə də, 2017-ci il seçkilərinin nəticələrinə əsasən qazanılmış yerlərin sayı etibarilə üçüncü partiya olmağı bacarmışdır.

Alman radikallar...

AfD-ni, qismən, neonasizm kimi ultrasağçı hərəkatlarla əlaqəli irqçi, islamofob, antisemit və ksenofob tendensiyalara tərəfdar olan millətçi, sağçı-populist və avroskeptik partiya kimi təsvir edirlər. Xarakterikdir ki, bir vaxtlar AfD-nin liderlərindən biri olan Aleksandr Holand tərəfdarları qarşısında çıxış edərkən, məhz hərbi “nailiyyətləri” nəzərdə tutaraq, nasistlərin “nailiyyətləri ilə qürur duymağa” çağırmışdır.

“Əgər fransızlar əsaslı olaraq öz imperatorları, ingilislər isə, Nelson və Çörçillə qürur duyurlarsa, bizim də alman əsgərlərinin iki dünya müharibəsində əldə etdikləri nailiyyətlərini təifləmək hüququmuz var”, - “The Guardian” nəşri Holandın qalmaqallı bəyanatından sitat gətirir. 

Şəkildə: İkinci Dünya müharibəsi zamanı faşistlərin “nailiyyətlərindən” biri – Osvensim

Qeyd etmək lazımdır ki, Bundestaqda kifayət qədər əhəmiyyətli fraksiyaya malik omasına rəğmən “Alternativ” partiyası, nasizmə haqq qazandırmağın cinayət əməli hesab olunduğu Almaniyanın özündə bir o qədər də ciddi populyarlığa malik deyil və faktiki olaraq, izqoya çevrilmişdir. AFR-in ənənəvi siyasi partiyaları populizm və millətçiliyi təbliğ etdiyinə görə        AfD-nin platformasını tənqid edərək, onu Konstitutsiyaya zidd siyasət yürütməkdə ittiham edirlər. Bu cür yanaşmanın əyani sübutu olaraq, antisemit və sağçı-ekstremist yönümlü çıxışlarına görə Ştefan Brandnerin Almaniya parlamenti tarixində görünməmiş hal kimi Bundestaqın Hüquq komitəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması faktını göstərmək olar. “Alternativ” partiyasını təmsil edən deputatların Bundestaqın 3 komitəsinin rəhbərliyində təmsil olunması belə Brandnerin qalmaqallı şəkildə istefaya göndərilməsinin qarşısını ala bilmədi.

Almaniya tarixində analoqu olmayan daha bir hadisə bu ilin əvvəlində baş verib. Həmin vaxt Konstitusiyanın müdafiəsi üzrə Federal Büro - Əks-kəşfiyyat və ekstremist təşkilatlarla mübarizə üzrə xüsusi xidmət AfD-nin fəaliyyətini nəzarətə götürmüşdü. Ölkənin müharibədən sonrakı tarixində hələ elə hal olmamışdı ki, eyni zamanda həm Bundestaqa, həm də bütün regional parlamentlərə seçilmiş bir siyasi qüvvə belə yüksək səviyyəli yoxlamaya məruz qalsın.

Konstitusiyanın müdafiəsi üzrə Federal Büronun rəhbəri Tomas Haldenvanq bəyan etmişdi ki, “AfD-nin siyasətinin demokratik konstitusiya üsuluna qarşı yönəldiyi barədə ilk ciddi sübutlara” malikdir. “Der Tagesspiegel” nəşri yazır ki, partiyanın fəaliyyəti haqqında 450 səhifəlik hesabat təqdim edərkən o bildirmişdi ki, partiyanın ayrı-ayrı üzvlərinin və bəzi funksionerlərinin fikirləri insan ləyaqəti üçün təhqiramizdir. Bu zaman Haldenvanq millətçilik, islamofobiya, müxtəlif etnik və digər azlıqlara qarşı dözülməzliyi xatırlamışdır.

AfD-nin Gənclər şöbəsi, həmçinin, partiyanın daha çox radikal yönümlü üzvlərini özündə birləşdirən “Qanad” fraksiyası “şübhəli” elan edilmişdir. “Qanad”ın liderlərini, xüsusilə, irqçilik, antisemitizm və “nasizmin cinayətlərini daim kiçiltməyə cəhd etməkdə” ittiham etmişdilər. Fraksiya rəhbəri Byörn Hekenin Berlində yerləşən Holokost qurbanlarının xatirəsinə həsr olunmuş abidəni “paytaxtın qəlbində rüsvayçılıq abidəsi” adlandırması və almanları tarixi yaddaşın formalaşdırılması yanaşmasını dəyişməyə çağırması 2017-ci ildə qalmaqala səbəb olmuşdu. Həmin vaxt partiyada hətta Hekenin “Alternativ”in sıralarından xaric edilməsi məsələsi qaldırılsa da, o əvvəlki kimi onun ən nüfuzlu üzvlərindən biri olmaqda davam edir. “Qanad”ın ən xoşagəlməz üzvlərindən birinə neonasist təşkilatlara üzvlük səbəbindən dosye hazırlanmışdır. Kimlərsə “Hitlerin portretlərini yaymaq” və 10 qətl hadisəsinə görə məsuliyyət daşıyan “Millətçi sosialist ittifaqı” adlanan terror qruplaşması üzərində aparılan prosesi hörmətdən salmaq cəhdlərində şübhəli bilinir. 

Şəkildə: AfD anti-miqrasiya əhval-ruhiyyəsini gizlətmir

Bütün bu hadisələr Konstitusiyanın əleyhinə olan qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə təşkilatın fəaliyyətinə nəzarət edən Konstitusiyanın müdafiəsi üzrə Federal Büronun keçmiş rəhbəri Hans-Georq Maasenin ətrafında bir il öncə cərəyan edən qalmaqalın fonunda baş verirdi. Belə ki, 2018-ci il avqustun 26-da Hemnitsdə Şəhər günü təntənələri zamanı baş vermiş dava-dalaş nəticəsində yerli sakin qətlə yetirilmiş və şübhəli şəxslərin sırasında Yaxın Şərqdən olan qaçqın da yer almışdır. Bu etirazlara səbəb olmuş və AfD şəhərdə ultrasağçı şüarlar altında kifayət qədər böyük aksiyalar təşkil etmişdi. Nümayiş zamanı bəzi iştirakçılar millətçi şüarlar səsləndirmiş və özlərini son dərəcə aqressiv aparmışdır. İnternetdə yayılmış bir videoda bir neçə nəfərin əcnəbiyə bənzəyən şəxsi əhatəyə alaraq hədə-qorxu gəlməsi səhnəsi əks olunmuşdu.

Lakin Maasen bu kadrların, əcnəbilərin alman sağçı-radikallar tərəfindən təqib edilməsini sübut etmədiyini hesab etmiş və buna görə də, küçələrdə baş verən qırğınları ört-basdır etməkdə  ittiham edilmişdi. Drezden şəhərinin Baş prokuroru çıxış etməyi və videonun saxta olması barədə sübutların olmadığını bəyan etməyi lazım bilmişdi.

Maasen tənqidlərə məruz qalmalı oldu. Onu sağçı-radikal qüvvələrə pərəstiş etməkdə ittiham etməyə başladılar. 8 avqust tarixində “Spiegel” dərgisində, AfD-nin keçmiş məşhur tərəfdarının “Alternativ”in sabiq rəhbəri Frauke Petrinin Maasenlə görüşləri haqqında dərc olunmuş bəyanatında qeyd olunurdu ki, görüşlərin birində Maasen Turingiya parlamentinin radikal çıxışları ilə məşhur spikerini partiyadan xaric etməyi məsləhət görmüş, əks halda, “Konstitusiyanın müdafiəsi üzrə Federal Büro tərəfindən müşahidələrin aparılması və işin məhkəmə səviyyəsinə çatdırılmasının qarşısını almağın mümkünsüz olacağı”nı bildirmişdir. Sentyabrın 11-də isə, “Huffington Post”da Maasenin AfD-nin yuxarıda xatırlanan funksioneri Aleksandr Holandla əlaqələri haqqında məqalə dərc olunmuşdu.

Bütün bunlar Almaniyada böyük siyasi qalmaqala səbəb olmuşdu. Hökumət koalisiyasına daxil olan sosial-demokratlar Maasenin istefası barədə təşəbbüs irəli sürmüş və bu təşəbbüs Angela Merkel tərəfindən dəstəklənmişdi.

Şəkildə: Hemnits şəhərində miqrantlara qarşı mitinq

“Alternativ”ə qayıdaraq, onun mövqeyinin əsas vacib bəndlərindən biri üzərində dayanmağa dəyər. Partiyanın rəhbərləri miqrasiya siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirməyin tərəfdarı kimi çıxış edir və “Almaniyanı islamlaşmaqdan xilas etmək üçün” Avropa İttifaqının hazırki xarici sərhədlərini bağlamağı təklif edirlər. “Brexit”in qatı tərəfdarı olan AfD, həmçinin, ilk alman partiyası oldu ki, Avropa Parlementinə son seçkilər öncəsi öz proqramına Aİ-də “lazımi vaxtda islahatlar aparılmacağı” təqdirdə, Almaniyanın İttifaqdan mümkün çıxması ilə bağlı maddə daxil etmişdi.

“Əgər Aİ-nin hazırki sistemində bizim əsas islahatlarımız lazımi vaxtda həyata keçirilməzsə, Almaniyanın Aİ-dən çıxmasının, yaxud Avropa İttifaqının nizamlı şəkildə buraxılmasının, Avropanın ümumi maraqlara əsaslanan yeni iqtisadi birliyinin yaradılmasının lazım olduğunu hesab edirik”, - proqramın “Stuttgarter Nachrichten” dərgisində dərc olunmuş mətnində deyilir.

Almaniyada AfD-nin sərt tənqid olunmasının daha bir səbəbi kimi onun son dərəcə sağçı Avstriya Azadlıq Partiyası (FRÖ) ilə sıx əməkdaşlıq etməsi və bir rus qadınla, parlament seçkiləri üçün maddi dəstək göstərilməsi qarşılığında Avstriyanın “Kronen Zeitung” nəşrinin səhmlərinin 50%-nin alınması imkanını müzakirə etməsini əks etdirən video alman mətbuatında yayıldıqdan sonra meydana gəlmiş və FPÖ lideri Haynts-Kristian Ştraxxeni istefaya getməyə məcbur etmiş böyük qalmaqal sonrası bu partiyanı dəstəkləməsi göstərilir.

Bir sözlə, AfD-nin neonasist baxışlarını göstərən təkzibolunmaz sübutların sayı həddən artıq çoxdur.

... və erməni faşistləri

2017-ci ildən başlayaraq, Baden-Vürtemberq, Türingiya, Meklenburq-Ön Pomeraniya və Brandenburq landtaqlarında (Almaniyanın federal torpaqlarının parlamentləri), həmçinin, Bundestaq və Avropa Parlamentində təmsil olunan AfD üzvləri fəal şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmişlər. 

Bu şəxslərin, xüsusilə də, Türingiya parlamentinin deputatı Tomas Rudi, Meklenburq-Ön Pomeraniyadan Enriko Komninq və Holder Arppe, Baden-Vürtemberq parlamentini təmsil edən Lars Patrik Berq və Bundestaqın üzvü Manuel Oksenrayterin adları Azərbaycan XİN-in “qara siyahısı”na daxil edilmişdir.

Bundan başqa, 2018-ci ildə AfD fraksiyasının üzvləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin qondarma “parlament deputatları”nı Bundestaqda qəbul etmişlər. Onlar 1 sentyabr 2019-cu il tarixində Brandenburq torpağının landtaqına keçirilmiş seçkilərə dəvət olunmuşdular. Almaniya XİN-in regional parlamentlərə keçirilən seçkilərə xarici müşahidəçilərin, bir qayda olaraq, dəvət olunmaması ilə bağlı məlumatına baxmayaraq, Ermənistanda bunu, özünü müstəqil elan etmiş qurumun nümayəndələrinin Brandenburq parlamentinə keçirilən seçkiləri müşahidə etməsi kimi təqdim etməkdən çəkinməmişdilər.

Ötən il böyük qalmaqalın mərkəzində yer almış Bundestaqın deputatı və “Almaniya üçün Alternativ” partiyasının mətbuat katibi Ştefan Koyter bu ilin yayında qanunsuz olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdir.

Şəkildə: Ştefan Koyter və onun göndərmələrindəki şəkillər

Koyterin mütəmadi olaraq, “Whatsapp” vasitəsilə yolladığı nasist məzmunlu göndərmələr, o cümlədən, Hitlerin şəkli, rəqs edən fürerin əks olunduğu yumoristik video-rolik, svastika şəklində düzülmüş kafelin olduğu duş kabinəsi və digər nasist atributları mətbuatda dərc olunmuşdu.

“Stern”in və “Correctiv” araşdırmalar mərkəzinin ifşaedici hesabatı “Abakus News” saytında dərc olunmuş və Koyter portalın sahibini məhkəməyə vermişdi. Tədqiqat zamanı Koyter öz hərəkətinə haqq qazandırmağa çalışarkən guya neonasist göndərmələrin “arxivləşdirmə, qiymətləndirmə və siyasi təsnifatlandırma” üçün lazım olduğunu bildirmişdi. Lakin fotoları alan şəxs məhkəmədə çıxışı zamanı arxivləşdirmə ilə bağlı Koyterdən heç bir göstərmiş almadığını, fotoşəkillərin ilkin mənbə göstərilmədən və demək olar ki, heç bir şərh qeyd olunmadan göndərildiyini bəyan etmişdi.

Müəyyən müddət Koyterin Bundestaqdakı bürosunda işləmiş şahid,  Koyterin mütəmadi olaraq onu, səciyyəvi əl hərəkəti və ayaqqabılarının kabluklarını yerə vurmaqla, “Hayl Hitler” sözləri ilə salamladığını, həmçinin, üzərində Üçüncü reyxin gerbinin əks olunduğu orden olan qutu gəzdirdiyini bəyan etmişdi. Bir dəfə göstərişi yerinə yetirməkdən boyun qaçırdıqda isə, Koyter qəzəblə onu “yəhudi donuzu” adlandırmışdı. Şahidin sözlərinə görə, telefon zənglərini Koyter dəfələrlə “Hitlerin Reyx dəftərxanası” sözlərilə cavablayır, axşamlar isə, nasist marşları dinləyirmiş.

“Alternativ” partiyasının rəhbərliyi qalmaqala birmənalı cavab verməyərək, Koyterin sözlərinin “hələki şübhə doğurmadığını” bəyan etmişdi.

Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı Ştefan Koyteri həmpartiyalısı, Brandenburq landtaqının deputatı Andreas Kalbits müşayiət etmişdi.

Kalbits AfD-nin ultrasağçı ekstremist qanadını təmsil edən daha bir son dərəcə xoşagəlməz fiqurdur. Siyasi rəqiblərinin açıq şəkildə neonasist adlandırdıqları, sağçı-radikal kimi uzun illər təcrübəsi olan bu şəxs gəncliyində müxtəlif ultrasağçı təşkilatların, o cümlədən, son dərəcə radikal Respublikaçılar partiyasının üzvü olmuş və ən son zamanlaradək neonasistlərin tədbirlərində iştirak etmişdir.

Təxminən 1 il əvvəl, 2018-ci il sentyabrın 1-də Andreas Kalbits öz həmpartiyalısı, yuxarıda haqqında söhbət açılmış Byörn Heke ilə birlikdə, daha əvvəl Almaniyanın birləşdirilməsi günündə Berlin şəhərində terror aktı hazırlanmasında, “qeyri-ari görünüşünə malik şəxslərə” hücumlarda və Hemnits şəhərində yəhudi restoranını dağıtmaq cəhdində diqqət mərkəzinə düşmüş sağçı ekstremistlərin marşının təşkilatçısı qismində çıxış etmişdir.

Şəkildə: Andreas Kalbits və Byörn Heke Hemnits şəhərində ultrasağçıların marşında iştirak edərkən

“Alternativ” partiyası 2011-ci il iyulun 22-də Oslo şəhərində həyata keçirdiyi qanlı terror aktları nəticəsində 77 nəfərin həyatına son qoymuş və 151 nəfərin yaralanmasına səbəb olmuş norveçli terrorçu və millətçi Andreas Breyvikə rəğbətini gizlətmir və onun əqidəsini bölüşür. AfD-nin üzvü olan siyasətçilər dəfələrlə açıq şəkildə islamofob bəyanatlarla çıxış etmiş müsəlman miqrantları “Almaniya və Avropa üçün təhlükə” adlandırmışlar.

Bu nöqteyi-nəzərdən partiyanın, öz üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərini və oyuncaq rejimlə sıx əlaqələrini “ümumxristian mədəniyyətinin tərkib hissəsi” kimi təqdim etməyə çalışması anlaşılandır, baxmayaraq ki, burada daha çox faşizm, irqçilik və insanlara qarşı nifrət ideologiyasına ortaq baxışdan danışmaq daha uyğundur.

Məsələn, hazırda Avropa Parlamentinin üzvü olan Lars Patrik Berq, 2017-ci ildə Baden-Vürtemberq torpağının parlamentinin üzvü qismində Dağlıq Qarabağa səfəri zamanı «armenpress.am» agentliyinə müsahibəsində o qədər ifrata varmışdır ki, Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” belə adlandırmaqdan çəkinməmişdir.

AfD-ni təmsil edən radikalların Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərini həmçinin, “alternativçilərin” keçmiş sovet məkanında mövcud digər münaqişəli ərazilərə səfərləri nöqteyi-nəzərindən də baxmaq lazımdır.

Şəkildə: Xankəndi, 2 noyabr 2017-ci il. Qarabağ separatçılarının Baden-Vürtemberq landtaqının AfD partiyasından olan deputatı Lars Patrik Berqlə görüşü

Bu səbəbdən, “Alternativ”in Rusiyadan dəstək alması imkanları barədə mətbuatda yayılan xəbərlər diqqəti cəlb edir və bu baxımdan, AfD Avropa və Almaniyanın daxildən zəiflədilməsinə yönələn element kimi təqdim edilir. Məsələn, bu ilin aprelində ZDF telekanalı və “Der Spiegel” jurnalının jurnalist araşdırmasının materialları dərc edilmişdi ki, burada 2017-ci ilə aid daxili elektron yazışmalara istinadən iddia olunurdu ki, hazırda Bundestaqda AfD fraksiyasından deputat olan Markus Fronmayer Rusiya dairələrindən “maddi və mənəvi dəstək” təklifi almış, nəticədə, parlamentə seçildikdən sonra “tamamilə idarə olunan deputata” çevrilmişdir.

Daha əvvəl Polşanın hüquq-mühafizə orqanları Fronmayerin əməkdaşı Manuel Oksenrayteri Rusiyadan aldığı tapşırığı yerinə yetirərkən Ukraynada ukraynalılarla etnik macarlar arasında milli zəmində qırğınların qızışdırılmasına yönələn cinayət sifariş etməkdə ittiham etmişdilər.

Oksenrayterin adı artıq çoxdan Azərbaycan XİN-in”qara siyahısına” daxil edilmişdir. Bu siyasətçi 2017-ci il fevralın 20-də Türingiya parlamentinin AfD-dən olan bir neçə deputatı ilə birlikdə Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejim tərəfindən təşkil edilmiş qanunsuz “referendum”u müşahidə etmişdir.

Həmin vaxt AfD partiyası hələ Bundestaqda təmsil olunmurdu, Oksenrayter radikal-millətçi «Zuerst!» jurnalının baş redaktou vəzifəsində çalışırdı. Öz vətənində sağçı-radikal Oksenrayter Qərb əleyhdarı, rusiyayönümlü və antisemit publisist kimi tanınır. O, keçmiş sovet məkanındakı separatçılıq ocaqlarında qondarma “seçkiləri” müşahidə etmək üçün yaradılmış və tərkibi polyak, alman və belçikalı siyasətçilərdən ibarət “müşahidəçilər missiyası” beynəlxalq şəbəkəsinin təşkilatçılarından və fəal üzvlərindən biridir.

Bu şəbəkənin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı haqqında məlumatlar yayılmışdır. Onun əsas fiqurlarından biri – Polşanın «Zmiana» partiyasının rəhbəri Mateuş Piskorskiy 2016-cı ildə pul qarşılığında Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Rusiyanın xeyirinə cəsusluq etmək ittihamı ilə Polşa hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdur.

2016-cı ilin əvvəlində Piskorskiy Berlində “Alman Avrasiya Araşdırmalar Mərkəzi”nin əsasını qoymuşdur. Bu mərkəzin məqsədləri AfD-nin mövqeyi ilə üst-üstə düşür. Yaradılması Rusiyanın sifarişi kimi izah olunan yeni strukturun rəhbəri Manuel Oksenrayter, onun müavini isə, Mateuş Piskorskiy olmuşdur.

Artıq yuxarıda xatırlanan, həmin vaxt AfD gənclər təşkilatının rəhbəri, sonradan isə, Bundestaqın deputatı olan Markus Fronmayer də həmçinin, bu mərkəzin təsisçisi olmuşdur.

“Almaniya üçün alternativ” partiyasının bütün bu qalmaqalları gözardı etməsi və bu qalmaqallarda adları sadalanan üzvlərinə qarşı hər hansı tədbir görməməsi alman cəmiyyətində bu partiyanın rusiyayönümlü olması ilə bağlı şübhələri daha da möhkəmləndirmişdir.

Şəkildə: Bundestaqın iclas zalı

Bütün bu məsələlərdə daha bir vacib məqam vardır. Məlum oduğu kimi, alman nəşrləri adətən Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə şərh vermirlər. Bundan əlavə, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək, hətta Dağlıq Qarabağa səfər etmiş şəxslərin AR XİN-in “qara siyahısı”na daxil edilməsini ölkəmizin “xaricdəki tənqidi səslərə qarşı qapalılığı” kimi təqdim etməyə çalışırlar.

Lakin “Almaniya üçün alternativ” partiyasının Dağlıq Qarabağa qanunsuz səfərləri barədə materiallar istisnasız olaraq, Azərbaycanın haqlı mövqeyi  kontekstində təqdim edilir. Belə ki, AfD üzvləri Ermənistanla əməkdaşlığa görə sərt təqdid edilir, beynəlxalq hüquqa, digər ölkələrin ərazi bütövlüyünə qarşı hörmətsizlik etməkdə və onların qanunvericiliyini pozmaqda ittiham edilirlər.

Qərbin növbəti dəfə Azərbaycana qarşı ikili standartlar nümayiş etdirməsini göstərən bu faktı, digər tərəfdən, alman cəmiyyətində AfD partiyasına qarşı münasibətin göstəricisi və onu tənqid etmək üçün səbəb kimi nəzərdən keçirmək olar.

Şəkildə: Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan İkinci Dünya Müharibəsi zamanı Hitler reyxi ilə əməkdaşlıq etmiş faşist əlaltısı Njdenin abidəsi qarşısına gül qoyur; Serqsyanın rəhbərlik etdiyi Ermənistanın Respublikaçılar partiyasının gerbi; Üçüncü reyxin geri.

Göstərilən faktlar faşizm və nasizm ideologiyasının, cəllad və kollborasionistlərin qəhrəmanlaşdırılmasını dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistana nə dərəcədə yaxın olmasını öz çılpaqlığı ilə göstərir.

Məhz bu səbəbdən, Üçüncü reyxin gerbi ilə, indiyədək keçmiş prezident, əli dinc azərbaycanlıların qanına batmış cəllad Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar partiyasının loqotipinin son dərəcə oxşar olması heç bir təəccüb doğurmur.

Bu faşizm ideologiyası, Ermənistanı, hazırda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin mənfur təbliğatına xidmət edən “Almaniya üçün alternativ” partiyasından olan neonasistlərlə yaxınlaşdırır.

Düz deyirlər, “eşşək anqırar, tayını tapar”.

1news.az

Paylaş:
3408

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər