Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir

13:20 - 24 / 01 / 2020
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir

1971-ci ildən keçirilən, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi və artıq qlobal platforma hesab olunan Davos İqtisadi Forumu təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.

Əsası isveçrəli professor Klaus Şvab tərəfindən qoyulan və qərargahı Cenevrədə yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Artıq 50-ci dəfə keçirilən Forumda 118 ölkədən 2800-dən çox iştirakçı, o cümlədən 53 dövlət və hökumət başçısı, 280-dən çox ictimai xadim, alimlər, icraçı direktorlar, media nümayəndələri iştirak ediblər.

Əllinci Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq etdi.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

Elçin Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev artıq 14-cü dəfədir Dünya İqtisadi Forumunda iştirak edir. Azərbaycan Prezidenti Forum çərçivəsində iyirmidən çox yüksək səviyyəli görüş keçirib. Bu, eyni zamanda, Azərbaycana olan maraq və diqqət, eləcə də ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir.

Forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi. İlk növbədə, diqqəti cəlb edən məqam ondan ibarət oldu ki, panel iclasında moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Dövlət başçısı bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub. Bununla yanaşı, Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti qeyd etdi ki, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Bu baxımdan ölkəmizdə həyata keçirilən struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı ekspertləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymələndirilir. Əvvəllər əsasən infrastruktur layihələrinə sərmayə yatırdığımızı bildirən Prezident vurğuladı ki, Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir və qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir, eləcə də 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib ki, bunlar dövlət sərmayəsinin bir hissəsidir.

Bununla yanaşı, dövlət başçısı bildirdi ki, müasir dövrdə bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırılması üçün yeni yanaşma tələb olunur. Azərbaycanın güclü siyasi dəstəyinin olduğunu bildirən Prezident vurğuladı ki, Davos Forumu Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görüb. Müstəqillik illərində əhalimizin sayının 7 milyondan 10 milyona qədər artdığını bildirən dövlət başçısı qeyd etdi ki, Azərbaycanın iqtisadi artımı əhalinin artımına uyğun gəlməlidir. Bu səbəbdən Azərbaycan yoxsulluğu 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacaq. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyaya malikdir. İnsanların gəliri həmişə inflyasiyanı üstələməli, həmçinin iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır.

Dövlət başçısı iqtisadiyyatımızın yüksək səviyyəyə qaldırılmasına imkan verən amillərdən geniş bəhs edərək dedi ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarına güvənmək, ölkəmizi özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirməkdir. Bu baxımdan, iqtisadi müstəqillik əsas prioritet olmuş və siyasi müstəqillik üçün bünövrə rolunu oynamışdır.

Bununla yanaşı, dövlət başçısı bildirdi ki, müasir dövrdə Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə edən, müasir infrastruktur yaradan, eyni zamanda, gənclərin simasında əlavə və çox kreativ əmək ehtiyatlarına malik ölkədir. Neft və qazı iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi qiymətləndirən ölkə başçısı qeyd etdi ki, Azərbaycan zəngin təbii ehtiyatlara malikdir və öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qonşu ölkələr və çox sayda tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur. Prezident İlham Əliyev böyük enerji şirkətlərini daha çox sabitlik və təhlükəsizlik ölkəsi kimi tanınan Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə mühüm tərəqqiyə nail olduğumuzu diqqətə çatdırdı. Bununla yanaşı, bir sıra beynəlxalq institutların üzvü olduğumuzu qeyd edən dövlət başçısı bildirdi ki, Azərbaycan beynəlxalq qurumda təmsilçiliyinə praqmatik yanaşır ki, onlardan biri də Qoşulmama Hərəkatıdır.

Prezident İlham Əliyev Azərbaycanın sabit və davamlı inkişafda olan dövlət olduğunu bildirərək qeyd etdi ki, ölkə daxilində risklər yoxdur. Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata keçirilən geniş islahatlar gündəliyinə malikdir: “Bizim həyata keçirilən və xalqımız üçün böyük imkanlar yaradan islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq.”

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ən böyük narahatlıq və əsas potensial kabus Azərbaycanın sərhədləri xaricində gərginliyin artması ola bilər. Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Regionda artıq baş qaldıran bir çox qaynar nöqtələr potensial təhdidlərdir, ona görə Azərbaycan sərhədlərinin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıdır.

Beləliklə, Prezident İlham Əliyevin Davosdakı görüşləri onu söyləməyə əsas verir ki, dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.

1news.az

Paylaş:
908

Son xəbərlər

Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06
Bütün xəbərlər