Myanmarda Rakhine münaqişəsi və Aung San Suu Kyinin Rohingya dilemması | 1news.az | Xəbərlər
Siyasət

Myanmarda Rakhine münaqişəsi və Aung San Suu Kyinin Rohingya dilemması

12:05 - 18 / 09 / 2017
Myanmarda Rakhine münaqişəsi və Aung San Suu Kyinin Rohingya dilemması

Myanmarın Rohingya xalqı dövlət təhlükəsizlik qüvvələrinin onlara qarşı tətbiq etdiyi kütləvi zorakılıqlar səbəbi ilə nöbəti dəfə dünya gündəminə gəldi.

Rohingya silahlı birlikləri tərəfindən Maungtau, Buthidaung və Yathedaung qəsəbələrindəki polis bölmələrinə təşkil edilən hücuma cavab olaraq, Myanmar ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində mülki əhalinin hədəf alınması və 300 minə yaxın Rohingyanın Bangladeşdəki müvəqqəti sığınacaqlara qaçması beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılandı. BMT-nin Myanmardakı insan hüquqları üzrə xüsusi məruzəçisi Yanghee Lee hadisələr zamanı təxminən min nəfərin öldürüldüyünü bildirdi. BMT Baş Katibi António Guterres, mövcud gərginliyin “regionda stabilliyin pozulmasına” gətirib çıxarma ehtimalı ilə bağlı Myanmar hökumətinə xəbərdarlıq etdi.

Təxminən bir milyon əhalisi olan Rohingya xalqı Myanmarın Rakhine (keçmiş Arakan) əyalətində yaşayan Müsəlman azlıq qrupudur. Yaşadıqları torpaqlara dərin tarixi bağlılıqlarına baxmayaraq onlar 1970-ci illərdə hərbi rejim tərəfindən qeyri-qanuni yollarla Myanmara daxil olmuş “Bangladeşli immiqrantlar” elan edilərək Myanmarın milli etnik qruplar siyahısından çıxarılmışdır. 1982-ci ildə qəbul edilən Vətəndaşlıq Qanunu çərçivəsində Rohingya xalqı vətədaşlıqdan məhrum edilmiş və ölkədə 50 il hökm sürən hərbi diktatura rejimi tərəfindən mütəmadi olaraq siyasi diskriminasiya, kütləvi qətliamlar və deportasiyalara məruz qalmışdır. Yale Universitetinin Beynəlxalq İnsan Hüquqları Mərkəzi tərəfindən hazırlanan hüquqi analitik hesabatda Rohingyaların etnik və dini baxımdan 1948-ci il Soyqırım Konvensiyasında müəyyən olunmuş “qrup” elementinə uyğun gəldiyi; “kütləvi zorakılıq, hücum, qətliam və məcburi köçürülmə hadisələrinin həmin qrupun qismən və ya tam olaraq yox edilməsi niyəti ilə” planlı şəkildə həyata keçirildiyi və Rohingya məsələsində soyqırım cinayətinə dair ciddi dəlillərin olduğu bildirilmişdir.

Dünya səviyyəsində Rohingya xalqına qarşı sistematik insan hüquqları pozuntularının yenidən müzakirə edildiyi bir vaxtda ən çox diqqət çəkən məqamlardan biri Nobel Sülh Mukafatı laureatı, dünyada demokratiya və insan hüquqları ikonası kimi tanınan, hal-hazırda ölkənin dövlət müşaviri və defakto lideri Aung San Suu Kyinin Rohingya xalqına qarşı törədilən cinayətlər qarşısındakı səssizliyidir. O, beynəlxalq ictimaiyyət tərəfindən Rakhine əyalətindəki humanitar böhrana biganəlik və Rohingyalara qarşı şiddətli zorakılıq hallarında birbaşa iştirak edən Myanmar ordusunun əməllərini açıq formada qınamamaqla günahlandırılır. Suu Kyinin mövcud vəziyyət ilə bağlı digər dövlətlər tərəfindən özünə vəya ölkəsinə yönəldilməsi ehtimal olunan demonstrativ ittihamlar səbəbilə BMT Baş Assambleyasının növbəti sessiyasında iştirakdan imtina etdiyi bildirilir.

2015-ci il seçkilərində Aung San Suu Kyinin liderlik etdiyi Dmokratiya üçün Milli Birlik (National League for Democracy-NLD) partiyasının qələbəsi, ölkədə tam sivil və demokratik dövlət idarəçiliyi ənənəsinin formalaşması, eyni zamanda, müstəqilliyin ilk illərindən hal-hazıradək davam edən etnik konfliktlərin həlli üçün ümid yaratmışdı. Rohingya probleminin həlli istiqamətində ilk müsbət addım kimi, 2016-cı ilin sentyabr ayında Suu Kyinin müraciətinə əsasən Kofi Annan Fondu və Myanmar Dövlət Müşavirliyi Aparatının birgə iştirakı ilə Rakhine əyaləti üzrə Məsləhət Kommisiyasının yaradılması beynəlxalq ictimaiyyət tərəfindən məmnunluqla qarşılandı. BMT-nin keçmiş Baş Katibi Kofi Annanın rəhbərlik etdiyi Komissiyanın əsas vəzifəsi Rakhine əyalətində mövcud vəziyyətin araşdırılması və problemin həlli istiqamətində konstruktiv tövsiyələrin təqdim edilməsi idi.

Komissiya ölkədə dövlət rəsmiləri, vətəndaş cəmiyyətləri, dini liderlər, Rakhine əyalətinin siyasi liderləri və icma nümayəndələri, Myanmarın beynəlxalq və regional tərəfdaşları, o cümlədən, fərdi ekspertlərlə görüşüb məsləhətləşmələr apardıqdan sonra özünün yekun hesabatını 24 avqust 2017-ci il tarixində yayımladı. Məsləhət Komissiyası, fərqli etnik qruplara yönəlmiş siyasi diskriminasiyanın aradan qaldırılması, 1982 Vətəndaşlıq Qanununa yenidən baxılması, kütləvi zorakılıqdan əziyyət çəkən insanlar üçün humanitar yardımın təmin edilməsi, səyahət azadlığı üzərindəki məhdudiyyətlərin aradan qaldırılması, icmalar arasında dialoqun təşviq edilməsi və s. sahələrdə konkret addımların atılmasını tövsiyə edirdi.

Komissiya öz yekun hesabatını yayımladığı gün Aung San Suu Kyinin ofisi, hökumətin təcili olaraq Məsləhət Komissiyası tövsiyələrinin həyata keçirilməsi üçün nazirlər səviyyəsində komitə yaradacağını bildirdi. Ancaq bir gün sonra, avqustun 25-də Rohingya silahlı birliklərinin polis bölmələrinə hücumu ilə ölkədə etnik gərginlik yeniden şiddətləndi. Sözügedən hücumun, lider heyəti Səudiyyə Ərəbistanında yaşayan və Rohingya xalqının hüquqları uğrunda mübarizə apardığını iddia edən Arakan Rohingya Qurtuluş Ordusu (Arakan Rohingya Salvation Army-ARSA) tərəfindən təşkil olunduğu qeyd edildi. Hadisədən bir ay əvvəl, dövlət təhlükəsizlik qüvvələrinin Rakhine əyalətinin Mayu dağlarında apardığı kəşfiyyat əməliyyatları zamanı Rohingya kəndlərindən insanları cəlb edib təlimlər keçən şübhəli militant düşərgələrin aşkarlandığı və Tatmadaw (Myanmar ordusu) tərəfindən bölgəyə əlavə hərbi qüvvənin cəlb edildiyi bildirilmişdi.

Myanmar ordusunun ARSA-nın hücumunu fürsət bilib silahlı qruplar və mülki əhali arasında fərq qoymadan nisbətsiz hərbi güc istifadə etməsi və zorakılıqdan əziyyət çəkən insanlara humanitar yardımların çatdırılmasına maneələr yaratması Rohingyaların kütləvi şəkildə ölkəni tərk edəcəyi ehtimalı nəzərə alınaraq atılmış bir addımdır. Bu strategiya, ordunun Rohingya məsələsinin həllində NLD hökuməti və Kofi Annanın rəhbərlik etdiyi Məsləhət Komissiyası ilə həmfikir olmadığını göstərir. Tatmadaw, eyni zamanda Myanmarın digər etnik qrupları ilə yarım əsrlik tarixə malik vətəndaş müharibəsinin həllində də ənənəvi prinsiplərini irəli sürərək yeni hökumətin başlatmış olduğu sülh prosesinə ciddi maneələr yaradır. Myanmar üzrə mütəxəssis, professor Jonathan Bogaisa görə, son dərəcədə parçalanmış bir ölkəyə sülh və demokratiya gətirmək kimi çətin bir vəzifə ilə qarşı-qarşıya olan Aung San Suu Kyiyə beynəlxalq ictimaiyyət tərəfindən yönəldilmiş tənqidlər müəyyən mənada haqlı olsa da, onun haqqında ciddi ittihamlar Myanmarın mövcud siyasi reallıqlarını gözardı etmək mənasına gəlir.

Myanmar siyasi mühitini yaxından izləyən müşahidəçilər, ölkənin iki “paralel hökumət” tərəfindən idarə edildiyini qeyd edir. Çünki Suu Kyinin 2016-cı ilin mart ayında formalaşdırdığı sivil hökumət hal-hazırda ölkə idarəçiliyinə tam nəzarət edə bilmir. 2008-ci ildə hərbi rejim tərəfindən hazırlanmış və qəbul edilmiş Myanmar Konstitutsiyası dövlətin üç əsas orqanını - sərhəd təhülkəsizliyi, müdafiə və daxili işlər nazirliklərini, həmçinin parlamentin 25 faizini ordunun ixtiyarına verir. Konstitutsiyaya görə, ordunu təmsil edən millət vəkillərinin parlamentdə effektiv veto hüququ vardır. Ölkə Prezidenti, həm də Ali Baş Komandan olmadığı üçün ordu üzərində rəsmi kontrola sahib deyil. Konstitutsiya, eyni zamanda, orduya ölkədə fövqəladə vəziyyət yarandığı təqdirdə hakimiyyətə tam nəzarət hüququ verir. Myanmar Konstitutsiyası, Tatmadaw üçün hərbi çevrilişə hüquqi zəmin yaradan bir mexanizm kimi şərh edilir.

Tatmadaw faktoru ilə yanaşı, ölkədə ultra milliyətçi-dini təşkilat olaraq fəaliyyət göstərən Ma Ba Tha tərəfindən Müsəlmanlara qarşı illərdir açıq bir formada nifrət ifadələri istifadə edilərək təşviq edilmiş İslamofobiya və milliyətçi mühit nəzərə alındığında, Aung San Suu Kyinin hər hansı diqqətsiz davranışı onu dəstəkləyən kütlənin itirilməsi və növbəti çevriliş ehtimalını gücləndirir. Bu isə ölkədə sivil və dünyəvi dəyərlərə sahib demokratık dövlət idarəçiliyinin formalaşması və sülhün təmin olunması uğrunda mübarizə aparan qrupların ən ciddi narahatcılığıdır. Myanmar üçün, ölkənin yeganə sivil dünya görüşlü siyasi lideri Aung San Suu Kyi, Rohingya məsələsi ilə yanaşı Shan, Kachin və Karen etnik qrupları ilə uzun illərdir davam edən konfliktlərin həlli üçün yeganə imkan olaraq qiymətləndirilir.

Aytəkin Mustafayeva

İstanbul Universitetinin Siyasət elmləri və beynəlxalq münasibətlər üzrə doktorantı

Paylaş:
3373

Son xəbərlər

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43
Bütün xəbərlər