Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

19:53 - 27 / 04 / 2017
Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqronun Podqoritsa şəhərində rəsmi səfərdədir.

DMX-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sәfәr zamanı nümayәndә heyәti Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Kemal Purisiclə görüşüb.

Görüşdə Azərbaycanla Monteneqro arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub, iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafına verdiyi töhfələr qeyd edilib, birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri, energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığa dair dövlət başçılarının müəyyən etdiyi strategiyanın səmərəli nəticələrindən söhbət açılıb.

F. Nəbiyev hələ 2013-cü ildə “Azәrbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalandığını xatırladıb. Ötən dövr ərzində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq, həmçinin sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən turizm sahəsində əməkdaşlıq haqqında, eləcə də humanitar sahədə imzalanmış bir sıra sazişlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə geniş imkanlar açdığını deyib. Xidmət rəisi Azərbaycanla Monteneqro arasında siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələr kontekstində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Monteneqronun müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. Azərbaycanda miqrantların hüquqlarının yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Azərbaycan və Monteneqronun aidiyyəti qurumlarının əməkdaşlıq təcrübəsinin hər iki ölkədə həm də əmək miqrasiyası ilə bağlı sistemin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib və qurumlar arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə miqrasiya, o cümlәdәn әmәk miqrasiyası, onlara tәsir edәn amillәr, bu prosesin tәnzimlәnmәsi mexanizmlәri, bu sahәdә olan qanunvericilik bazası vә digәr mәsәlәlәr әtrafında sәmәrәli fikir mübadilәsi aparılıb.

Sonra Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun daxili işlər naziri Mevludin Nuhodziclə görüşüb. Azәrbaycan vә Monteneqro arasında miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәrindən söhbət açılan görüşdə F. Nəbiyev bu istiqamətdə iki ölkə arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkib. Ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə danışıb. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış vahid miqrasiya məlumat sistemi haqqında məlumat verib.

Görüşdə, həmçinin hazırda dünyada baş verən miqrasiya axınları, miqrantların üzləşdikləri problemlər barədə danışılıb. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzündən söhbət açıb, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində 20 faiz ərazimizin işğal edildiyini, işğal nəticəsində 1 milyondan çox insanın qaçqın və köçkün düşdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəlib: “Bu gün köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Yüzə yaxın qəsəbə salınıb, qaçqın və köçkünlər yeni gözəl mənzillərə, evlərə köçürülüb. Münaqişə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, həllini tapmayıb və Azərbaycan əraziləri işğal altındadır”.

Miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlərin müzakirə olunduğu görüşdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

M. Nuhodzic bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in təntənəli imzalanma mərasimi keçirilib. Sazişi Azərbaycan prezidentinin 14 dekabr 2016-cı il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsini Azərbaycan hökuməti adından imzalamaq səlahiyyəti verilmiş Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Monteneqro tərəfindən daxili işlər naziri Mevludin Nuhodzic imzalayıb.

1news.az

Paylaş:
432

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər