Azərbaycanda neftdən asılılıq sona çatır – ANALİZ | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda neftdən asılılıq sona çatır – ANALİZ

09:44 - 19 / 04 / 2017
Azərbaycanda neftdən asılılıq sona çatır – ANALİZ

Azərbaycanda iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi zamanı bəyan edib.

Müşavirə zamanı dövlət başçısı hansı sahələrə diqqət yetirib? Azərbaycanda biznes mühitinin inkişafı və sahibkarların fəaliyyətinə dövlət tərəfindən verilən dəstək. Eləcə də prezident “Made in Azerbaijan” brendinin dünyada tanıdılması ilə atılmış addımlar və digər məsələlərə toxunub.

Suallara aydınlıq gətirmək üçün dövlət başçısının müşavirədə çıxışından bəzi məqamları önə çəkərək diqqətinizə çatdırırıq:

Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir

Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bunun üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir. Sahibkarlar üçün Yevlax rayonundakı Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir.

Dövlətimizin başçısının qeyd etdiyinə görə, son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilib:

“Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir”.

Azərbaycan Prezidenti qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib:

“Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi.

Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”.

“Made in Azerbaijan” brendi artıq dünyada şöhrət qazanır

Prezident İlham Əliyev “Made in Azerbaijan” brendinin dünyada tanıtdırılması üçün praktiki addımlar atıldığını, artıq bu brendin bu gün dünyada şöhrət qazandığını bildirib:

“Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Bir neçə sərgidə artıq müqavilələr də imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, müqavilələr də imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”.

Xarici ölkələrə bir neçə ixrac missiyasının ezam edildiyini, bu missiyaların da çox böyük faydası olduğunu deyən dövlət başçısı bildirib:

“Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır”.

Azərbaycan Prezidenti vurğulayıb ki, növbəti 3-4 il ərzində biz əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməyə çalışmalıyıq. Həmçinin dövlət başçısı bunun ixracı üçün əlavə imkanlar yaradacağını da diqqətə çatdırıb:

“Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir.

Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.

Azərbaycanda investisiya mühiti

“Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir”, - deyə vurğulayan Prezident qeyd edib ki,  Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür:

“İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər”.

Dövlət başçısı vurğulayıb ki, ixrac prosedurlarını sadələşdirmək lazımdır.

“Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidir.

İxrac missiyalarımız artıq öz səmərəsini göstərir. Bu missiyaların çox böyük faydası var və ilboyu bu missiyalar təşkil edilməlidir”.

Məsələ ilə bağlı millət vəkili Musa Quliyev bildirib ki, Prezidentin istər Yevlax rayonuna səfəri ordakı sahibkarlarla görüşü, istərsə də son dövrdə keçirdiyi tədbirlər bir daha onu göstərir ki, Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni mərhələsində uğurla inkişaf edir və naliyyətlər qazanır. Bu mərhələnin adı postneft dövrüdür.

Millət vəkili bildirib ki, postneft dövrünün də əsas dividentləri qeyri-neft sektorunun inkişafı və ümumdaxili məhsulun çox böyük hissəsinin bu sektorda əldə olunmasıdır:

“Dövlət başçısının qeyd etdiyi kimi, artıq qarşıya qoyulan məqsədlər, irəli sürülən ideyalar həyata keçməkdə və özünün konkret nəticələrini verməkdədir. Pambığçılığın, baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafı Azərbaycanın idxal məhsullarını əvəz edən, eyni zamanda ixrac potensialı yaradan qeyri-neft sektorunun çox mühüm sahələridir. Bu sektorun inkişafı urbanizasiya prosesinə də müsbət təsir edəcək. Kənd yerlərində, regionlarda əhalinin məşğulluğunu təmin edəcək, həmçinin onların həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq”.

M.Quliyev bildirib ki, Azərbaycan brendinin tanınması  ilə bağlı da Prezidentin tapşırıqları icra olunmqdadır:

“Artıq müxtəlif növ Azərbaycan şərablarının, yüngül sənaye, kənd təsərrüfatı, emal sənayesi məhsullarının xarici bazarlara çıxarılması prosesi başlayıb. Bu bazarlarda bilirsiniz ki, yer tutmaq o qədər də asan məsələ deyil. Amma biz həm keyfiyyətli məhsul istehsal etməliyik, həm elə etməliyik ki, onun maya dəyəri ucuz olsun ki, rəqabət qabiliyyətli olsun. Bundan başqa, həm də sahibkarlarla yanaşı hökumətin müxtəlif strukturları, xüsusilə Kənd təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər Nazirliyi, səfirliklərimiz yeni bazarların əldə olunması ilə bağlı geniş proqram çərçivəli fəaliyyət aparmalıdır ki, dövlət başçısı da bu vəzifəni onların qarşısına qoydu. Prezident balıqçılığın inkişafı ilə bağlı da vacib tövsiyələrini verdi, gələcəkdə Azərbaycanın qida sənayesində balıqçılığın xüsusi yer tutması barədə fikirlərini söylədi. Həmçinin, ərzaq təhlükəsizliyi baxımından da bu sahənin inkişafı çox önəmlidir.

Bununla yanaşı qeyri-neft sektorunda ciddi gəlir gətirə biləcək turizm sahəsinin inkişafı ilə bağlı da Prezident hər görüşlərində, səfərlərində dəyərli tövsiyələrini verir. Ötən il turizm sektorundan 2 milyard dollardan çox vəsait büdcəyə daxil olub. Bu, kifayət qədər yaxşı bir göstəricidir. İldən-ilə də artacaq. Nəqliyyat, kommunikasiya, logistika məsəslələri də hər zaman ölkə rəhbərinin diqqətindədir. Xüsusilə, Şərq-Qərb qədim İpək Yolu istiqamətində Azərbaycandan keçən dəmiryol xəttinin inkişafı Çindən, Koreyadan, Yaponiyadan gələn malların Xəzər dənizi və Azərbaycan üzərindən Avropanın ən uzaq nöqtələrinə gedib çatması, Hind okeanından gələn malların Azərbaycan üzərindən Rusiya və Finlandiyaya qədər daşınması da bizə xeyli gəlir gətirəcək”.

İqtisadçı-ekspert Samir Əliyev isə, ölkə iqtisadiyyatının böyük hissəsinin neftdən asılı olması əsas problemlərdən biri idi. Buna görə də digər sahələrdə inkişaf getmirdi:

“Neftin baha olduğu vaxtlarda bu hiss edilməsə də, son illər açıq şəkildə hiss olunmağa başladı. Bu baxımdan Azərbaycan əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bunun da əsas yolu kiçik və orta sahibkarlığı inkişaf etdirmək. Plan icra edilərsə yeni iş yerlərinin açılmasına, sağlam rəqabət mühitinin formalaşmasına səbəb olacaq”.

Ekspert hesab edir ki, eyni zamanda, daxili bazarı maksimum dərəcədə qorumaq lazımdır. Yəni, gömrük rüsumlarını qaldırmaqla idxal məhsullarını azaltmalı və ucuz başa gələn yerli məhsullarını satışı çoxaltmalıyıq.

S.Əliyev bu məsələdə də ehtiyat edir. Onun fikrincə bu da hər zaman effekt vermir. İqtisadçı müsbət nəticə olması üçün daxili potensialın yüksək olmasının vacibliyini qeyd edib.

O, sonda əlavə edib ki, bundan başqa, ixracı stimullaşdırmaq əsas məqsədlərdən biri olmalıdır:

“İxrac üçün 2 amil var ki, bunlardan heç olmasa biri mütləq təmin olunmalıdır. Birincisi keyfiyyətdir. Məhsul keyfiyyətli olmalıdır ki, bazarda özünə yer tuta bilsin. Əgər bu olmursa o zaman ikinci amil - yəni qiymət sərfəli olmalıdır”.

Pərvanə Sultanova

Fərid Ədalət

S.Xankişiyeva

Paylaş:
3942

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər