Şotlandiyanın referendum keçirməsindən ermənilər öz xeyirlərinə istifadə edə bilərlərmi? | 1news.az | Xəbərlər
Siyasət

Şotlandiyanın referendum keçirməsindən ermənilər öz xeyirlərinə istifadə edə bilərlərmi?

12:14 - 17 / 03 / 2017
Şotlandiyanın referendum keçirməsindən ermənilər öz xeyirlərinə istifadə edə bilərlərmi?

Şotlandiya Krallığının birinci naziri Nikola Störcin (Nicola Sturgeon) 2017-ci il mart ayının 13-də Şotlandiya hökumətinin 2019-cu ilin yazına qədər müstəqillik haqqında ikinci referendum keçirmək istədiyini bildirdi.

Nikola Störcin əsas səbəbi kimi artıq bu ayın sonunda Britaniya hökumətinin Avropa Birliyindən çıxma prosesini (vahid bazarı və gömrük ittifaqını tamamilə tərk etməklə) başlatmasını göstərdi.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin mayında hakimiyyətə gələn hazırkı hökumət şərait köklü şəkildə dəyişdikdə – şotland xalqın iradəsinə zidd olaraq Şotlandiya AB-dən çıxarıldıqda – yenidən referendum keçirmək barədə öz üzərinə öhdəlik götürmüşdü.

Şotlandiyanın müstəqilliyi ilə bağlı birinci referendum 2014-cü ildə keçirilib. 2014 referendumu zamanı Britaniya hökumətinin  şotlandları Birləşmiş Krallıqda qalmağa inandırmaq üçün işlətdiyi əsas arqument Şotlandiyanın Birləşmiş Krallıqda qalması onun AB-dəki rolunu möhkəmləndirəcəyi idi. Əgər o zaman şotlandlar Birləşmiş Krallıqdan çıxmaq haqqında qərar qəbul etsəydilər, yeni dövlət kimi quruma üzv olmaq üçün Avropa Birliyinə yenidən müraciət etməyə məcbur olacaqdılar. Bu, o zaman şotlandların müstəqillik əleyhinə səs verməsində əhəmiyyətli rol oynamışdı.

Qeyd etmək lazımdır, o zaman şotlandların 55%-i Birləşmiş Krallıqda qalmağı dəstəkləmişdi. Lakin indi Birləşmiş Krallığın “hard Brexit” (yəni Avropa Birliyini tamamilə tərk etmək) yolunu seçməsilə Şotlandiyanın Birləşmiş Krallıqda qalması, Şotlandiya hökumətinin fikrincə, şotlandlara nəinki heç bir şey qazandırmır, əksinə, onları Avropa bazarlarından məhrum etməklə iqtisadi cəhətdən zərər vurur. Qeyd etmək lazımdır ki, 2016-cı ilin iyununda Brekzitlə bağlı keçirilən referendumda şotlandların 62%-i Avropa Birliyində qalmağa səs vermişdilər.

Xatırladaq ki, Böyük Britaniya İngiltərə və Şotlandiya Krallığı arasında 1707-ci ildə bağlanmış ittifaq müqaviləsi (Treaty of Union) əsasında yaradılıb. Britaniya qanunlarına əsasən Şotlandiyanın iki hökuməti var: Birləşmiş Krallıq hökuməti və Şotlandiya hökuməti. Birləşmiş Krallıq hökuməti müdafiə, xarici siyasət, iqtisadiyyat, sosial sığorta və konstitusiya məsələlərinə baxır. Şotlandiya hökuməti isə səhiyyə, təhsil, ədliyyə, müəyyən çərçivədə vergiyığma,  məhkəmə və hüquq-mühafizə orqanları, yerli idarəçilik sisteminə cavabdehdir. Hökumətlər arasında öhdəliklərin bölüşdürülməsi sərt şəkildə tənzimlənmir və 1999-cu ildə başlanan yerli özünüidarəetmə orqanlarına daha çox səlahiyyətlərin verilməsi siyasətinə (devolution) uyğun olaraq daima dəyişir. Bununla belə, Birləşmiş Krallıq hökuməti hətta Şotlandiya hökumətinin səlahiyyətlərinə daxil olan məsələlərdə belə qanun qəbul etmək səlahiyyətlərini özündə saxlayır, lakin bunu Şotlandiya parlamentinin razılığı olmadan etməməyi üstün tutur.

Lakin bütün bunlara baxmayaraq ittifaq müqaviləsinə görə, Şotlandiya hökuməti birtərəfli qaydada  müstəqillik haqqında referendum elan etmək və ya referendumun vaxtını təyin etmək kimi səlahiyyətlərə malik deyil. Referendum keçirmək üçün Şotlandiya hökuməti Birləşmiş Krallıq hökumətindən rəsmi icazə almalıdır. Bunun üçün Şotlandiyanın birinci naziri Nikola Störcin Şotlandiya parlamenti qarşısında Britaniya parlamentindən referendum keçirməklə bağlı səlahiyyətlərin müvəqqəti olaraq Şotlandiya hökumətinə ötürülməsi barədə icazənin (s. 30 Order) istənilməsi məsələsini qaldırmalıdır. Şotlandiya parlamentində icazənin istənilməsi barədə qərar səs çoxluğu ilə qəbul edildikdən sonra Şotlandiya hökuməti Britaniya hökumətindən Şotlandiya aktının 30-cu maddəsinin ikinci bəndinə uyğun olaraq normal halda Britaniya hökumətinin suveren hüquqlarına daxil olan məsələlər (reserved matters) barədə səlahiyyətlərin – indiki halda referendum keçirmək barədə səlahiyyətlərin – müvəqqəti olaraq Şotlandiya hökumətinə ötürülməsi barədə icazə istəyə bilər. Yalnız belə bir rəsmi icazə alındıqdan sonra Şotlandiya hökuməti müstəqillik haqqında Britaniya qanunları çərçivəsində referendum keçirə bilər. Keçən ilin oktyabrında hazırladığı sənəddə Şotland hökuməti artıq birtərəfli qaydada referendum elan etməyəcəyini və Britaniya qanunları çərçivəsində hərəkət etmək niyyətində olduğunu bəyan edib.

Qeyd etmək lazımdır ki, Britaniya parlamentinin belə bir icazə verməklə bağlı heç bir hüquqi öhdəliyi yoxdur. Yəni, bu məsələ tamamilə siyasidir. 2012-ci ildə Birləşmiş Krallıq hökuməti ilə Şotlandiya hökuməti arasında referendumun keçirilməsi ilə bağlı əldə olunan Edinburq razılaşmasından fərqli olaraq, indiki şəraitdə - xüsusilə Brekzitlə bağlı Avropa Birliyi ilə gedən mürəkkəb danışıqlar fonunda – Britaniya parlamentinin belə bir referenduma asanlıqla razılıq verəcəyi real görünmür. Sonunda Britaniya hökuməti ikinci referendumun keçirilməsinə prinsipcə razılaşsa da, vaxtını uzatmağa çalışacağı və referendumun keçirilməsinə yalnız Avropa Birliyi ilə danışıqlar bitdikdən sonra icazə verəcəyi ehtimal edilir. Əsas arqument kimi də Avropa Birliyi ilə danışıqlar bitmədən və nəticələr məlum olmadan şotlandların Birləşmiş Krallıqda qalıb-qalmamaq haqqında doğru qərar verə bilməyəcəklərinin göstərilməsi gözlənilir.

Qeyd etmək lazımdır ki, ikinci referendum keçirilsə belə nəticələrin 2014-cü ildə keçirilən referendumun nəticələrindən o qədər də fərqli olmayacağı ehtimal edilir. Belə ki, Birləşmiş Krallığın AB-dən çıxmasının müstəqillik istəyən şotlandların sayını artıracağı gözlənilsə də, bu, baş vermədi. Çoxsaylı sorğular göstərir ki, ikinci referendum bu gün keçirilsə şotlandların 47%-i müstəqilliyə “hə”, 53%-i isə “yox” deyəcək. Lakin rəy sorğularının nəticələri Brekzitdən əvvəl də belə idi. Yəni, Brekzit şotlandların müstəqillik barədə fikirlərinə ciddi təsir göstərməyib.

Bundan əlavə 2014-cü ildə müstəqillik lehinə səs verən şotlandların 14%-i Brekzitdən sonra fikirləri dəyişib indi Birləşmiş Krallıqda qalmaq istəyirlər. Yəni, görünən odur ki, 2014-cü ildə onlar Birləşmiş Krallıqdan Böyük Britaniya Avropa Birliyinin üzvü olduğu üçün çıxmaq istəyirlərmiş. Lakin indi Birləşmiş Krallığın AB-ni tərk etməsilə buna artıq ehtiyac görmürlər. Bütün bunlara görə də Nikola Störcin Avropa Birliyi ilə danışıqlara başı qarışan Birləşmiş Krallıq hökumətinin indiki şəraitdə müstəqillik əleyhinə güclü kampaniya apara bilməyəcəyini bildiyindən, xaosdan istifadə edərək referendumu indi keçirmək istəyir ki, 2014-ci ildə müstəqillik əleyhinə, 2016-cı ildə isə Avropa Birliyində qalmağa səs verən kritik 28% şotland seçicisini Brekzitdən istifadə edərək müstəqilliyə səs verməyə inandıra bilsin.

Lakin bunun baş verə biləcəyinin ehtimalı azdır. Birincisi, ixracının böyük hissəsi neftdən asılı olan Şotlandiyanın neftin qiymətinin düşməsilə iqtisadi vəziyyəti son iki ildə pisləşib. İkincisi də, Şotlandiyanın iqtisadiyyatı Avropa Birliyindən çox Birləşmiş Krallığın iqtisadiyyatı ilə inteqrasiya olunub. Ona görə də, Şotlandiya Birləşmiş Krallığı tərk edəcəyi halda daha çox itirəcək, nəinki qazanacaq. Belə bir şəraitdə Störcinin hələ də qərarsız olan şotlandları müstəqilliyə səs verə biləcəyinə inandırması real görünmür.

Qeyd edək ki, Şotlandiyanın Krallıqdan ayrılmaq istəməsinin Dağlıq Qarabağ münaqişəsi ilə də bağlılığı ola bilər. Belə ki, Ermənistan tərəfi Şotlandiyanın ayrılması üçün keçiriləcək referendumu təbliğat vasitəsi kimi istifadə edə bilər. Məsələn, Krım referendumu zamanı Rusiya Şotlandiya nümunəsini təbliğat vasitəsi kimi istifadə edib. Lakin bu məsələdən ermənilərin öz xeyirlərinə istifadə etmələri o qədər də real görünmür.

Birincisi, Şotlandıya məsələsi ilə Dağlıq Qarabağ arasında həm tarixi, həm də hüquqi fərqliliklər mövcuddur. İkincisi, yuxarıda qeyd olunduğu kimi, Şotlandiya hökuməti müstəqillik məsələsində birtərəfli şəkildə hərəkət etmir, Birləşmiş Krallığın konstitusion qanunları çərçivəsində və Britaniya hökuməti ilə birlikdə bu məsələnin həllinə çalışır. Bu baxımdan Azərbaycan Şotlandiya nümunəsini, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın razılığı olmadan keçirdiyi referenduma qarşı təbliğat vasitəsi kimi istifadə edə bilər.

1news.az

Paylaş:
1069

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər