İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO

12:18 - 10 / 01 / 2017
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlət başçısı iclasda giriş nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-Bu gün biz 2016-cı ilin yekunlarını müzakirə edəcəyik və bu il görüləcək işlər haqqında danışacağıq.

2016-cı ili təhlil edərkən əlbəttə ki, biz regionda və dünyada gedən prosesləri nəzərə almalıyıq. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşmişdir, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. Yaşadığımız bölgədə və Yaxın Şərqdə, qeyd etdiyim kimi, qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurmuşdur.

O ki qaldı, bizim ölkəmizə - Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.

2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr təmin edildi. Bildiyiniz kimi, Azərbaycan neftlə zəngin olan digər ölkələr kimi, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq görərik ki, Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilmişdir. Neftlə zəngin olan bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən uğurla çıxa bilmişdir. Neftin qiyməti isə 3-4 dəfə aşağı düşmüşdür. Bu, o deməkdir ki, əsas gəlir mənbəyimiz olan neft bizə 3-4 dəfə az gəlir gətirmişdir. Biz əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik. 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır. Bir daha qeyd etmək istəyirəm, hər bir ölkənin inkişafı üçün əsas şərt təhlükəsizlikdir, sabitlikdir, vətəndaş həmrəyliyidir. Bu da bizdə var. Təhlükəsizlik qorunur, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi 2016-cı ildə daha da artmışdır. Bütün Azərbaycan xalqı vahid amal uğrunda birləşib ki, ölkəmizi daha da inkişaf etdirək və müstəqilliyimizi daha da möhkəmləndirək.

2016-cı ildə biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və bu gözəl bayramı yaxşı nəticələrlə, uğurlarla qarşılamışıq.

İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.

Ümumi daxili məhsul aşağı düşsə də, - bunun da əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir və bundan irəli gələn investisiyaların, dövlət investisiyalarının azalmasıdır, - digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır. Bu, o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax, bu, gözəl nəticəni təmin edibdir. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, çox böyük göstəricidir.

Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.

Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.

Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq.

2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Mən indi dünyada gedən proseslərə xalqımızın diqqətini bir daha yönəltmək istəyirəm. Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşmüşdür. Azərbaycanda isə biz demək olar ki, Neft Fondunun gəlirlərini qoruya bildik. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşmüşdür. Çünki biz valyuta ehtiyatlarımızın şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atmışıq. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanılır. Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində bax, dollar ekvivalentində bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 faiz aşağı düşmüşdür. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq.

Əlbəttə, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi yerlərdə görürük. Ancaq biz gələcəyi düşünürük. Biz uzunmüddətli strategiyamızı qururuq. Biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq.

Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.

Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək.

2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir.

Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq.

2016-cı ildə ictimai xidmətlər sahəsində işlər uğurla gedib, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Son illər ərzində 13 milyon müraciət olmuşdur və vətəndaşların bəyənmə əmsalı təxminən 100 faizə yaxındır. Bu da ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər sahəsində bir inqilab idi və bu, artıq Azərbaycan brendidir. Artıq bəzi ölkələr bizim təcrübəmizi tətbiq etməyə başlamışlar. Keçən il “ASAN xidmət” öz funksiyalarını genişləndirdi, “ASAN Kommunal”, “ASAN Qatar”, “ASAN Viza” təşəbbüsləri irəli sürüldü. Onu da qeyd etməliyəm ki, “ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq. 2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq.

Keçən il ölkəmizdə 35 mehmanxana tikilmişdir, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır.

Keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar.

Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.

2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.

Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.

Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur.

Keçən il digər vacib hadisələr baş verdi. Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, “Şahdəniz-2” layihəsi üzrə, - bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və “Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və “Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik.

Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik.

2016-cı ildə idmançılarımız da bizi böyük qələbə ilə sevindirdilər. Rio Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq. On səkkiz medal qazanmışıq və medalların sayına görə biz dünya miqyasında 14-cüyük, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusiyadan sonra 2-ci və müsəlman aləmində birinciyik. Bax, bu göstəricilər hesab edirəm ki, hər şeyi göstərir. Bu, bizim növbəti böyük qələbəmizdir.

Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi, bizim siyasətimizə öz böyük dəstəyini verdi, bir daha göstərdi ki, apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Biz bunu bilirdik. Rəy sorğuları aparılır, ictimai fikir öyrənilir və ölkəmizdə hökm sürən ab-havanı əlbəttə ki, bilirdik. Ancaq referendum bunu həm bir daha bütün xalqımıza, eyni zamanda, dünyaya göstərdi. Referendumu müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri bir dənə də olsun pozuntu aşkar etməyiblər. “Exit-poll”ların nəticələri rəsmi nəticələrlə üst-üstə düşdü. Beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası referendumun keçirilməsinə çox müsbət qiymət verdi və sonra bunu Strasburqda öz qərarı ilə təsdiqlədi. Referendum şəffaf, ədalətli, azad şəkildə keçirildi. Bu, həm demokratiya istiqamətində növbəti addımdır, həm də onu göstərir ki, Azərbaycanda seçki prosesi böyük dərəcədə təkmilləşib. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, xalq tərəfindən bizə verilən böyük dəstəkdir və o dəstək ki, ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə göstərildi. Mən bu dəstəyə görə bir daha Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bundan sonra da Azərbaycan inamla inkişaf edəcəkdir.

Keçən il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu, hesab edirəm ki, dünya miqyasında nadir bir hadisə idi. Bilmirəm, bu vaxta qədər hansısa bir ölkədə “Multikulturalizm ili” elan edilmişdir, yoxsa yox. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, 2016-cı ili “Multikulturalizm ili” elan etməyimiz çox böyük məna daşıyırdı. Bu, həm bizim siyasətimizi, cəmiyyətimizin əhvali-ruhiyyəsini göstərir, gördüyümüz işləri, görüləcək işlərimizi əks etdirir. Azərbaycan doğrudan da dünya miqyasında multikulturalizmin mərkəzidir. Biz bu mövzu ətrafında söhbətlərə, beynəlxalq tədbirləri keçirməyə başlayanda hələ miqrantlar böhranı yox idi, hələ Avropada, başqa yerlərdə ayrı-seçkilik o qədər də özünü büruzə vermirdi. Keçən il bu, ifrat dərəcəyə çatdı. Keçən il biz bəzi Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətləri, islamofobiya ilə bağlı artıq açıq-aşkar aqressiv siyasəti gördük. Belə bir fonda “Multikulturalizm ili” elan etmək və onu ləyaqətlə sona çatdırmaq bir daha bizim siyasətimizi, gücümüzü, niyyətimizi göstərir.

Biz keçən il bir neçə mötəbər tədbir keçirmişik. Mən onlardan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusi qeyd etmək istəyirəm. Ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu da, digər tədbirlər də çox uğurla keçdi. Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar da xüsusi qeyd edilməlidir. Bax, budur Azərbaycanın bu işə verdiyi töhfələri. Biz nəinki ölkə daxilində millətlərarası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya da nümunə göstəririk. Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk.

2016-cı ildə əlbəttə, çox hadisələr baş vermişdir. Bütün bu hadisələr, hətta önəmli hadisələr haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə mən vacib hesab etdiyim məqamları ifadə etdim, həm təhlil olaraq, həm də gələcək platforma kimi. Biz bundan sonra da bu yolla gedəcəyik.

X X X

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal ABDULLAYEV çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident.

Siz müdrik siyasi iradə ilə 2016-cı ili “Multikulturalizm ili” elan etdikdən sonra il ərzində insanlarımız nəinki öz daxilinə nəzər saldı, həmçinin öz keçmişinə diqqət yetirdi, dünyada hökm sürən dəyərləri saf-çürük etdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər uzaqgörənliyi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı bir siyasi platforma qurub. Beləcə özü olmayan ulduzların işığı onların sevdiklərinin və onları sevənlərin qəlbinə, ruhuna, o ulduzlar göy üzündə artıq cismən olmasalar da, gəlib çatır.

Zati-aliləri, il ərzində az iş görülmədi. Desəm ki, bunları çətinliklər hesabına etdik, həqiqətə uyğun olmaz. Hansı ölkədə, hansı məkanda olduqsa, Azərbaycan multikulturalizmi barədə, Azərbaycan həqiqətləri haqqında söhbət açarkən o söhbətin, o ünsiyyətin əsasının artıq qoyulmuş olduğunu gördük və həyata keçirmək istədiyimiz işlər münbit zəmində cücərməyə başladı. Bu münbit zəmini Siz dünya siyasi proseslərindəki əməli fəaliyyətinizlə yaratmışdınız. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva xarici ölkələrdə həyata keçirdiyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə yaratmışdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinindən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmışdı.

Bu gün dünyada multikulturalizm siyasəti ilə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil.

Birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron formalaşdırdı və bütün dünyaya bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqiqətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara – qarşıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı.

Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün biz Azərbaycanda görürük. Əlbəttə ki, nikbin qütbün beynəlxalq aləmdə əsl siyasi memarı Sizsiniz – bunu təkcə biz demirik, bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və məzhəbə qulluq edən, müxtəlif millətlərə mənsub olan, özünü bəşər övladı sayan yüz minlərlə, milyonlarla daxilən azad, ruhən böyük, qəlbən geniş insanlar deyir. Bunu artıq ənənəyə dönmüş Beynəlxalq Humanitar Forumun üzvləri söyləyir. Bunu mədəniyyətlərarası dialoqun müəllifi olduğunuz Bakı Prosesinin iştirakçıları deyir. Bunu onlarla xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” dərsinin gənc dinləyiciləri və müəllimləri bəyan edir. Bunu sizin titanik zəhmətinizin qədrini yaxşı bilən ən sadə azərbaycanlılar dilə gətirir.

“Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi və ideoloji hədəflər göstərilmişdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmış möhtəşəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi. Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, bir-birini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəşəm addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi amillər deyil, yüksək mənəvi, insani amillər birləşdirir. “Multikulturalizm ili” bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi.

Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi.

Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti var. Məhz belə bir siyasi xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlığın, ölkə xaricində isə özünəinamın təməlini möhkəmlədir. Multikulturalizm siyasətinin bariz təzahürü həm də multikultural təhlükəsizliyin qorunmasına yönəlmiş belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik.

Rəqəm və faktların dilinə keçsək, ilk növbədə, onu qeyd etməliyəm ki, “Multikulturalizm ili” ilə əlaqədar 2016-cı il martın 11-də imzalanmış geniş, çoxşaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə və xaricdə elmi-metodoloji konfransların, “dəyirmi masa”ların, seminarların, festivalların, konsertlərin, tamaşaların, sərgilərin, müsabiqələrin, yay və qış multikulturalizm məktəblərinin keçirilməsi, “Azərbaycan multikulturalizmi” fənninin proqramının yaradılması və dərsliyinin hazırlanması, müxtəlif xarici və ölkə universitetlərində bu fənnin tədrisi, multikulturalizmin nəzəri-praktiki məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuş məqalə və monoqrafiyaların nəşri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtələrinin yaranması və bir sıra başqa məsələlər öz əksini tapmışdı.

Beləliklə, çoxşaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləşdirdi. Xüsusilə, İsveçdə, İngiltərədə, Almaniyada, İtaliyada, Fransada, Rusiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin rus pravoslav kilsəsinin rəhbərliyinin, katoliklərin nümayəndələrinin, udinlərin dini rəhbərlərinin, dağ və Avropa yəhudilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya və dövlət xadimləri ilə faydalı görüşlərini qeyd edə bilərəm.

Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə (xüsusilə, Nardaran qəsəbəsində və müxtəlif bölgələrdə) keçirilən “dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdolusu fikir və ideya bölüşdüyü məkanlara çevrildi.

Sizin yaratdığınız Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də fəaliyyəti, düşünürəm ki, məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirdi. Onu da qeyd eləmək istərdim ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin tədrisinin vacibliyini inandırmağa çalışırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir. Lakin biz bununla işimizi bitmiş hesab etmirik. Bilavasitə Sizin tövsiyənizlə həmin xarici tələbələr Azərbaycanla bağlı nəzəri biliklərə yiyələndikdən sonra biz onları ildə iki dəfə – yayda və qışda Azərbaycana, yay və qış multikulturalizm məktəblərinə dəvət edirik. Onlar vətənimizin müxtəlif bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerind

Paylaş:
811

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər