Vahan Martirosyan: “Çaqinyanın Azərbaycana səfəri Ermənistan hakimiyyətinə arxadan vurulan təpikdir” - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Vahan Martirosyan: “Çaqinyanın Azərbaycana səfəri Ermənistan hakimiyyətinə arxadan vurulan təpikdir” - VİDEO

10:57 - 17 / 11 / 2016
Vahan Martirosyan: “Çaqinyanın Azərbaycana səfəri Ermənistan hakimiyyətinə arxadan vurulan təpikdir” - VİDEO

1news.az sizə Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan APA-ya müsahibəsini təqdim edir.

- Cənab Martirosyan, əvvəlcə istərdik ki, Bakıya səfərinizin necə baş tutduğu barəsində danışasınız.

- Mətbuatdan da məlum olduğu kimi mən bir neçə ay nə Ermənistanda, nə də təbii ki Azərbaycanda yaşamamışam. Bu müddət ərzində Ukrayna ərazisində olmuşam. Orada yaşadığım müddətdə özümə də söz verdiyim kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlimdən gələni etməyə çalışmışam. Mən Ermənistanda nazir, deputat və ya siyasətçi deyil, müxalifət hərəkatının rəhbəri olduğumdan, fəaliyyətimi bilavasitə vətəndaş cəmiyyəti ilə qurmuşdum. Hesab edirəm ki, bu bir neçə ay ərzində biz vətəndaş cəmiyyətinin dirçəldilməsi üçün bir neçə kiçik addım ata bilmişik. İlk dəfə olaraq dünyanın 10 ölkəsində yaşayan azərbaycanlılar və ermənilər sülh çağırışları əks olunan plakatlar qaldırdı. Dünya ilk dəfə olaraq Ukraynada yaşayan azərbaycanlı dostum tərəfindən ermənilərlə azərbaycanlıların dostluğunu əks etdirən "Sülh xiyabanının" inşa olunmasından xəbər tutdu. Bu, fenomenal bir hadisədir və hesab edirəm ki, biz bir neçə ay sonra bu məsələyə yenidən, bir qədər geniş miqyasda qayıdacağıq. Azərbaycandakı ictimai xadimlər, siyasətçilər arasında çoxsaylı dostlarım var. Cənab Rauf Zeyni bu unikal forumu təşkil etməklə çox böyük bir işə imza atdı. Tədbirin unikallığı isə 25 il ərzində ilk dəfə olaraq erməni və azərbaycanlı ictimai xadimlərin ortaq müstəvidə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etmək üçün  toplaşmasından ibarətdir. Bu, həm də ilk dəfə olaraq siyasətçilər deyil, vətəndaş sektoru çərçivəsində olan bir dialoq idi. Məni də bu foruma dəvət etdilər və məmnuniyyətlə sizin gözəl şəhərinizə gəlməyə razılıq verdim.

- Bakıya, Azərbaycana səfəriniz sizdə hansı təəssüratlar oyatdı? Bildiyimizə görə, burada müxtəlif dairələrdən olan bir sıra şəxslərlə görüşləriniz olub. Görüşlərdə hansı məsələlər müzakirə olunub və bu görüşlərin nəticəsini necə dəyərləndirirsiniz?

- Mən sizə əlbəttə ki, hərbi sirr verməyəcəyəm. Bilirsiniz ki, bu, mənim Bakıya ilk səfərim deyil, mən altı ay burada yaşamışam. Mənim üçün Bakı hər zaman qonaqpərvərlik, dostlarla görüş imkanı, hərarət deməkdir. Bu səfərə gəlincə, ötən il müxtəlif səbəblərdən təşkili mümkünsüz olan daha bir unikal hadisə baş verdi. Forumda bizə Quba, Zaqatala, Sumqayıt,  elə Bakının özü də daxil olmaqla, Azərbaycanın müxtəlif nöqtələrində yaşayan ermənilər yaxınlaşdı və biz mətbuatın iştirakı olmadan oturub, danışdıq. Kifayət qədər uzun bir söhbət oldu. Söhbətlərdə həm pozitiv, həm də bir qədər kədərli məqamlar oldu. Sumqayıtda yaşayan bir qadın bizi öz evinə dəvət etdi. Bu, mənim mövqeyim idi və mən xahiş etdim ki, həmin görüşdə mətbuat iştirak etməsin. Çünki, insanların kədərini əks etdirən məqamların ictimailəşdirilməsinə ehtiyac yoxdur. Həmin erməni qadın 1988-ci ildən Sumqayıtda yaşayır. Həyat yoldaşı milliyyətcə azərbaycanlıdır, çox gözəl bir ailədirlər. Biz oturduq, danışdıq. Siz bu səfərin daha çox nə ilə yadda qaldığını soruşursunuz. Yəqin ki, həmin o nənə ilə görüşü qeyd edərdim. Əgər daha qlobal bir anlamda götürsək, bu, yəqin ki, Rauf Zeyninin təşkil etdiyi hadisənin unikallığıdır. Söhbət bu dəfəki forumdan gedir. Mən oradakı çıxışımda dedim ki, erməni mətbuatı heç bir halda bu forum haqqında informasiya verməyəcək. Belə də oldu. Çünki, bu, onlara zərbədir. Faktiki olaraq bu, Azərbaycanın, ölkə hakimiyyətinin sülh yolunda addımlar atdığının göstəricisidir. Həmin addımlar qeyri-legitim Ermənistan hakimiyyətinin hər şeyi 180 dərəcə əksinə etdiyi bir vaxtda atılır. Onlar düşmənçilik toxumları səpir, kiçik intriqalar üsulundan istifadə edərək provokativ əməllərlə məşğul olur, böyüyən yeni nəslə azərbaycanlılara yönəlmiş faşist ideyaları aşılayır  və s. Keçirilən tədbir bir daha Azərbaycanda haqqında bəhs olunan tolerantlığın yalnız sözdə mövcud olmadığının göstəricisidir.

- Hər iki xalqın təmsilçiləri arasındakı görüşlərinin uzun illərdir davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək şansı varmı?

- Bilirsiniz, konkret insanlar, dövlət başçıları var ki, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 25 il ərzində istər beynəlxalq təşkilatlar, istərsə də danışıqlar çərçivəsində bu problemin həllinə səy göstərirlər. Təəssüf ki, erməni tərəfinin günahı ucbatından bu cəhdlərin 90 faizi uğursuzluqla nəticələnir. Fikrimcə, istənilən münaqişənin həllində aparıcı qüvvə həmin münaqişələrdən bilavasitə əziyyət çəkənlərdir. Hər bir halda isə əziyyət çəkən xalqdır. Bunun başqa bir adı isə vətəndaş cəmiyyətidir. Biz belə forumlar vasitəsilə vətəndaş cəmiyyətlərinə öz problemlərinin həllində yardım göstərmək istəyirik. Nəticədə, Dağlıq Qarabağ problemi hər iki xalqın səyləri nəticəsində öz həllini tapacaq. Çünki, keçmişdə də, indi də əziyyət çəkən xalqlardır. Bu gün onlar artıq hər şeyə "stop" deyir. Bu dəfə keçirilən forum istər münaqişənin həlli, istərsə də xalqların barışığı istiqamətində heç də kiçik deyil, nəhəng bir addımdır. Hamı artıq 25 ildən çoxdur davam edən bu dəhşətin bitməsini istəyir.

- Hazırda üçüncü ölkədə yaşayırsınız. Ermənistanı tərk etməyə sizi nə vadar etdi və hakimiyyət tərəfindən orada üzləşdiyiniz təzyiqlər nədən ibarət idi?

- Bu barədə əvvəllər də çox danışılıb və yazılıb. 2012-ci ildən etibarən mən Ermənistan Milli Azadlıq Hərəkatının rəhbəri olmuşam. Təbii ki, Ermənistanda bir sxem, bir yazılmamış qanun mövcuddur. Əgər sən müxalifətçisənsə, müxalifət mətbuatının və ya vətəndaş sektorunun təmsilçisisənsə, sənə imtina etməyə ixtiyarın olmadığı bir təklif edilir. Bu da marionet müxalifətinin bir hissəsi olmaqdan ibarətdir. Kim bununla razılaşmırsa, onu dərhal həbsxanaya göndərirlər. Beləcə Volodya Avetisyan da daxil olmaqla, bir neçə həmkarım indiyədək həbsxanadadır. Onlar Serjik Sərkisyanın rəhbərlik etdiyi "müxalifətçilər teatrının" bir hissəsi olmaqdan imtina etdikləri üçün həbs olunub. Mənim də başıma eyni hadisələr gəldi. Bir neçə dəfə hücuma məruz qaldım, həyat yoldaşımın hamiləliyi pozuldu, bir neçə dəfə döyülərək müxtəlif xəsarətlər aldım və  s. Bu hadisələr onların gözlədiyindən daha artıq əks-səda yaratdığından, onların Avropa miqyasına çıxma təhlükəsi olduğundan bütün bu hadisələrdən sonra onlar mənimlə hər kəsə bəlli olan üsulla razılığa gəlməyə cəhd etdilər. Çünki biz bir sıra beynəlxalq təşkilatlara müraciət etmək istəyirdik, o zaman Belçikada nəşr olunan qəzetdə həmin hadisələrlə bağlı müvafiq məqalə dərc olundu və s. Bu təklifdən imtina etdikdən sonra mənə qarşı cinayət işi qaldırıldı. Bundan sonra anladım ki, artıq digərlərinin başına gələnləri mən də yaşamalı olacağam. Çünki, mənim dostum artıq 7-ci ildir ki, həbsxanadadır. Belə olduqda mən Ermənistanı tərk etdim. Hazırda üçüncü ölkədəyəm. Çünki, üçüncü ölkənin, qeyri-Avropa ölkəsinin ərazisində olmaqla, bu kontekstdə daha rahat fəaliyyət göstərmək mümkündür. Təəssüflər olsun ki, 25 il ərzində aparılan təbliğat nəticəsində Ermənistanda belə bir fikir yaranıb ki, əgər mən Bakıdan kiminləsə danışıramsa, artıq məni hansısa xüsusi xidmət orqanları idarə edir, mənə təzyiqlər olunur və s.

- Sizin bir məsələ ilə bağlı da fikirləriniz maraqlıdır. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bizim torpaqlarda azərbaycanlılarla ermənilərin birgə yaşayış imkanlarını necə qiymətləndirmək olar?

- Necə ki onilliklər boyunca həmin imkanlar mövcud olub, bundan sonra da öz aktuallığını qoruyur. Bütövlükdə keçmiş SSRİ məkanında azərbaycanlılarla ermənilər arasında mövcud olan dostluqdan daha möhkəm, daha sıx olanı olmayıb. Mənim dediklərimi təsdiq edəcək yüzlərlə, minlərlə faktı istənilən bir mənbədən asanlıqla tapa bilərsiniz. Buraya ilk olaraq qarışıq ailələr, olduqca yaxın mədəniyyət, mentalitet, Sovet dövründən etibarən həm Azərbaycan, həm də Ermənistanda fəaliyyət göstərən milli teatrları aid etmək olar. Bu isə bir daha onu göstərir ki, biz istəsək də, istəməsək də yaxınıq və dostluq etməyə, birgə yaşamağa davam edəcəyik. Hər şey sadəcə zamana bağlıdır.

- Sizin nümayəndə heyətinin ölkəmizə səfəri Ermənistanda birmənalı qarşılanmayıb. Həqiqətən sülhyaratma prosesində iştirak etmək bu qədər kəskin reaksiya doğurmağa, ciddi ittihamlara səbəb olmağa qadirdir?

- Bizi kimlər vətənə xəyanətdə ittiham edir? Ermənistan hakimiyyəti. Baxın, siz özünüz sualınıza cavab vermiş oldunuz. Ermənistan hakimiyyəti sülhün bərqərar olması üçün mübarizə aparanları vətənə xəyanətdə ittiham edir. Bəs elə isə sülhün əleyhinə çıxanlar necə adlandırılır? Mən sizə deyim: terrorçu.

- Ermənistanda bu gün hakimiyyətdə Dağlıq Qarabağda Azərbaycan xalqına qarşı soyqırımı törətmiş şəxslər təmsil olunur.  Xocalısoyqırımını xatırlamaq yetərlidir. Siz özünüz də "Xocalı soyqırımı" abidəsini ziyarət etmisiniz. Ermənilər bütün bu hadisələrin azərbaycanlılar tərəfindən törədildiyini iddia edirlər. Bunu necə şərh edərdiniz?

- Belə bir atalar sözü var: "Hər kəs hər şeyi öz arşını ilə ölçür". Onlar konkret olaraq bu vəziyyətdə məsələni öz arşını ilə ölçürlər. Bu şəkildəki cinayət xarakterli provokasiyalar onların üslubudur. Mən buna çoxsaylı nümunələr gətirə bilərəm. Onlar öz xalqına qarşı da analoji hərəkətlər edib. Nümunə üçün, təmas xəttində ən təcrübəsiz əsgərlərin yerləşdirilməsi. Niyə? Ona görə ki, onlar istənilən hərbi toqquşmanın yaşanacağı təqdirdə Ermənistan tərəfdən daha çox itkilərin olmasına çalışırlar. Ermənistanın mərkəzi hissəsindəki istənilən hərbi hissədə əsgərlər nizamnamədən kənar hərəkətlər nəticəsində öldüyü zaman onu dərhal təmas xəttindəki hərbi hissənin əsgəri kimi qeydiyyata alıb, Azərbaycan tərəfdən atılan atəş nəticəsində öldüyünü deyirlər. İndi bu adamlar azərbaycanlıları münaqişənin əsasını qoymaqda ittiham edirlər və mən sizə deyim ki, bütün dünya bu adamların fikirləri ilə hesablaşır. Mən "bütün dünya" dedikdə müxtəlif beynəlxalq təşkilatları nəzərdə tuturam. BMT təhqiqat aparıb, onları Haaqa tribunalının müttəhimlər kürsüsündə əyləşdirmək əvəzinə, belə adamlara tribuna verir.

- Çox aktual bir mövzuya toxundunuz. Bütün dünyada Ermənistan hakimiyyətinə nəzərəçarpacaq dərəcədə dəstək hiss olunur. Bu addımlar indiyədək Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasına səbəb ola bilərmi? Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı icra edilməyən dörd qətnaməsi mövcuddur.

- Öncə sadə bir detalı anlamaq lazımdır. Qarabağ müharibəsi Azərbaycan və Ermənistan xalqları arasında başlanan bir müharibə deyil. Bu müharibə üçüncü ölkə tərəfindən törədilən bir sıra provokasiyalar nəticəsində başlayıb. Bu provokativ hərəkətlərə Sumqayıt və digər hadisələri də göstərmək olar. Təbii ki, dünyadakı müxtəlif qüvvələrə Qarabağ münaqişəsinin mövcudluğu və  dəstəklənməsi sərf edir. Bizim düşmənimiz təkcə Ermənistan hakimiyyəti deyil. Onlar qeyri-adekvat, savadsız narkomanlardır. Belə adamlarla bacarmaq kifayət qədər asandır. Onlara sahiblik edənlərə gəlincə, bu ümumi problemdir. Əgər Qarabağ müharibəsi olmasaydı, Serj Sərkisyan da olmayacaqdı. Bu adam ya adi bir çilingər, yaxud küçədə veyllənən sıradan bir sərxoş olacaqdı. Sərkisyan istisnasız olaraq Qarabağ müharibəsinin fonunda meydana çıxdı. O, həm fiziki baxımdan, həm də oliqarx olaraq yalnız Qarabağ münaqişəsinin davam edəcəyi müddətdə mövcud olacağını çox yaxşı anlayır. Belə olduqda isə, bu adam kənardan dəstək axtarır və buna hansı yollasa müəyyən qədər nail də olur. Son illər mən kifayət qədər müsbət tendensiya müşahidə edirəm. Bu tendensiya da erməni diasporunun artıq onun dəstəkləməməsindən ibarətdir. Sərkisyan Nyu-Yorkda olan zaman erməni diasporundan gizlənir. Və ya Hollandiyaya səfərini oradakı ermənilərdən gizli şəkildə həyata keçirir. Çünki, bilirsiniz, Hollandiyadakı diaspor Serj Sərkisyanın ölkəyə girişinə qadağa qoyub. Bütün bunlar çox yaxşı tendensiyadır. Yəqin, siz erməni diasporunun nə qədər güclü olduğundan da xəbərdarsınız. Ümid edirəm ki, diasporumuz mövcud olduğu ölkələrə vəziyyətin düzgün qiymətləndirilməsi üçün təsir göstərə biləcək.

- Bilirsiniz ki, ABŞ-da prezident seçkiləri keçirildi və milyarder Donald Tramp bu seçkilərin qalibi oldu. Bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Necə düşünürsünüz, yeni administrasiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tendensiyalar gözləmək olarmı?

- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, sülh və barışıq tezislərinə sadiqlik nümayiş etdirir. Hesab edirəm ki, Minsk Qrupunun həmsədri olaraq ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında köklü dəyişikliklər olacaq. Son bir il ərzində, daha dəqiq yay aylarında Ceyms Uorlik Ermənistanda isterikaya səbəb olan bir sıra bəyanatlar verdi. Mən düşünürəm ki, bundan sonra müəyyən format dəyişiklikləri olacaq. Burada hətta söhbət təkcə Minsk Qrupundan yox, super dövlətdən gedir. Əgər böyük dövlətlərdən biri Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında kiçicik bir dəyişiklik edərsə, hər şey kəskin şəkildə dəyişə bilər.

- Həm Rusiya, həm də ABŞ-da hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müəyyən hərəkətlənmə müşahidə olunur. Bilirik ki, hər iki dövlətin bu məsələdə müəyyən maraqları var. Bəs Azərbaycan və Ermənistan xalqları münaqişənin həllindən nə qazanacaq?

- Mən nə Rusiya, nə də Birləşmiş Ştatların xalqların barışığa dəvət olunmasında həlledici rol oynaya biləcəyinə inanmıram. Bu qüvvələr Qarabağ münaqişəsini formal olaraq həll edə bilər. Formal olaraq imzalanmış və hər hansı bir səviyyədə razılaşdırılan sənədlə 25 ildir davam edən fikir ayrılıqlarına son qoymaq olmaz. Təsəvvür edin ki, 25 ildir arada düşmənçilik var və bu tendensiyaya imzalanan bir sənədlə son qoyulur. Heydər Əliyevin Robert Koçaryana məsələni vasitəçilərin köməyi olmadan həll etmək təklifini yaxşı xatırlayıram. Münaqişənin həllində bu və ya digər mənfəət güdən vasitəçilərin olması yersizdir. Bu məsələni biz özümüz həll etməyə nail olacağıq. Biz deyəndə mən hər iki xalqı, ictimai xadimləri, vətəndaş cəmiyyətini, siyasətçiləri nəzərdə tuturam. Təəssüflər olsun ki, Ermənistanın indiki vəziyyəti ilə bu, mümkün deyil. Çünki, bu ölkə adını çəkdiyiniz həmin o dövlətlərin müstəmləkəsinə çevrilib. Əgər sənin bütün strateji obyektlərin özünə məxsus deyilsə, sən müstəqil ölkə sayılmırsan. Belə olanda, Müstəqillik Günü sadəcə təqvimdəki adi bir tarixdən başqa bir şey deyil.

- Bakıda bir neçə dəfə jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşləriniz olub, indi də üçüncü ölkədə yaşamaqdasınız. Həyatınıza təhlükə ilə bağlı gözləntiniz varmı?

- Əvvəla mühafizəçilərin xidmətindən istifadə etmədiyimi qeyd edim. Ermənistanda mənim hansı şəhərdə yaşadığımı çox yaxşı bilirlər. Əgər nədənsə qorxsaydım, heç ötən il də Azərbaycana gəlməzdim. Onlardan qorxsaydım, Gürcüstandan birbaşa Avropaya gedərdim. Amma mən bura gəlməyi seçdim. Rəsmi olaraq, Gürcüstan-Azərbaycan sərhədini keçib, gəldim. Bir dəfə mənə qarşı sui-qəsd cəhdi olub. Çox qeyri-peşəkarcasına təşkil olunan bir hadisə idi. İndi isə mən növbəti belə cəhdi gözləyirəm.

- Bu dəfəki səfəriniz zamanı diqqətinizi daha çox nə cəlb etdi və ölkəmizi tərk etdikdən sonra hansı məqamı daha çox xatırlayacaqsınız?

- Ümid edirəm ki, tezliklə mən yenidən forum çərçivəsində Bakıya gələcəyəm. Çünki, bu forumun davamı olacaq. Bu il daha çox nə ilə yadda qalıb? Erməni kilsəsini ziyarət etməyimizlə. Ötən il kilsədə təmir-bərpa işləri aparılırdı və biz kilsənin içərisinə daxil ola bilməmişdik. Bu il isə biz kilsənin içərisini də görə bildik. Mən orada erməni dilində hətta məndən də yaxşı danışa bilən insanların olduğu bir təşkilat gördüm. Bu adamlar erməni əlyazmalarını, dilimizdə olan kitabları elə ideal vəziyyətdə qoruyub saxlayıblar ki... Heç İrəvanda, Ermənistanda erməni kitabları belə ideal vəziyyətdə qorunmur. Mən dahi erməni linqvisti Acaryana məxsus əlyazmalara baxdım. Ömrümdə belə bir şeylə qarşılaşmamışdım. Heç bilmirəm Ermənistanda belə əlyazmalar var ya yox.

- Səfəriniz hər iki tərəf üçün, xalqlar üçün hansı nəticələri verəcək?

- Xalqlarımız arasında tikanlı məftillərlə örtülmüş bir divar hörülmüşdü. Hesab edirəm ki, bu forum həmin divarın bir neçə daşını yerindən tərpədib. Aprel hadisələri xüsusilə də erməni xalqına göstərdi ki, zaman gözləmir. Niyə xalqına deyirəm? Çünki, hakimiyyət üçün elə bir fərqi yoxdur. Hakimiyyət üçün 100-200 əsgərin ölümü rəqəmlərdən başqa bir şey deyil. Düşünürəm ki, vətəndaş cəmiyyətinin, ictimaiyyət nümayəndələrinin, incəsənət, elm adamlarının əməkdaşlığı nəticəsində biz yerindən oynayan bu daşları tərpədib az əvvəl bəhs etdiyim divarda böyük bir dəlik açmağa nail olacağıq.

- Aprel hadisələrində Ermənistan böyük itkilər verdi. Apreldə təmas xəttində yaşananlar mövcud münaqişənin həllinə necə təsir göstərə bilər?

- Aprel hadisələri bütün dünyaya, xüsusilə də Ermənistan cəmiyyətinə Müdafiə Nazirliyində nələrin baş verdiyini göstərdi. İllər boyunca Ermənistan ordusunun əzəməti, döyüş qabiliyyəti, yeni silahların alındığı haqqında müdafiə nazirinin, Baş Qərargah rəisinin bizə aşıladığı mif bir anda darmadağın oldu. Hətta, Serj Sərkisyan Almaniyada etiraf etdi ki, onlar hələ də 80-ci illərin silahı ilə vuruşurlar. Yəqin, onun bu fikirlərini xatırlayırsınız. Verilən itkilər də Ermənistan silahlı qüvvələrinin cinayətkar mahiyyətini bir daha ortaya qoydu. Nədənsə həlak olan əsgərlərin 90 faizi aztəminatlı, hətta yoxsulluğun son həddində yaşayan ailələrin uşaqları idi. Onların arasında bir nəfər də olsun İrəvan sakini yox idi. Onları şikar qismində istifadə olunan ət kimi aparıb təmas xəttində yerləşdiriblər. Bir neçə generalın işdən çıxarılması ilə məsələni həll edə bilmədilər. Orduda özbaşınalıqlar yenə davam edir. Dünən oxumuşam ki, yeni müdafiə naziri artıq dilənçiliyə başlayıb. O, hər bir vətəndaşı orduya 1000 dram məbləğində yardım etməyə çağırır. Düşünürəm ki, sizin sualınıza ən yaxşı cavab bir erməni əsgərinin anasına yazdığı və bu yaxında sosial şəbəkələrdə dərc olunan məktubudur. O yazır ki: "Mən və dostlarım soruşur: qarşı tərəfdə düşmən yoxdur. Düşmən bizim arxamızdadırsa,  biz kimi kimdən qoruyuruq? Əgər sizi İrəvanın küçələrində döyüb, incidirlərsə, əlinizdən çörəyinizi alırlarsa, biz silahımızı əks tərəfə çevirməliyik". Fikrimcə, bu, sizin sualınıza ən yaxşı cavabdır.

- Həmkarınız Syuzan Caqinyana  da Ermənistanda cinayət işi açılıb. Onunla müsahibəmiz zamanı özü bu məsələyə münasibət açıqladı. Lakin, bir həmkar olaraq sizin də münasibətiniz olduqca maraqlıdır.

- Syuzanın ölkənizə gəlişi onun da mətbuat konfransında dediyi kimi, Sərkisyanın üzünə kəskin bir sillədir. Amma mən belə deyərdim - Syuzanın Azərbaycana gəlməsi sillə yox, Sərkisyana arxadan vurulan təpikdir. Syuzanın Azərbaycan mediasına müraciəti olub. Müraciətində o, Ermənistan vətəndaşlığından imtina etdiyini açıqlayıb. Bir müddət keçdikdən sonra ona qarşı təzyiqlər edilməyə başlayır. Əlində pasport əvəzinə öldüyü haqqında şəhadətnaməsi olan bir adam Naxçıvan ərazisindən keçməklə rahat bir şəkildə buraya gəlir. Bu, bir daha Ermənistan sərhəd qoşunlarında özbaşınalığın tüğyan etdiyini ortaya qoyur. Əgər mən Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin yerində olsaydım, növbəti gün dərhal istefa verərdim. Çaqinyana qarşı "Vətənə xəyanət" ittihamının irəli sürülməsinə gəlincə, bu ittiham hərbi sirri, dövlət sirrini verənlərə şamil olunur. Ona isə bu sirlərdən heç biri məlum deyil. Syuzan nə hərbi, nə də dövlət qulluqçusu deyil. Bu, absurddur. Mənə qarşı da Ermənistanda cinayət işləri qaldırılıb. Dünyanın heç bir normal ölkəsi Ermənistan güc strukturlarının hansısa iradlarını ciddi qəbul edə bilməz.

- Sizin üçün Azərbaycan telekanalına müsahibə vermək kimi unikal bir imkan yaranıb. Fürsətdən istifadə edərək, hazırda Ermənistanda hakimiyyətin sərt nəzarəti altında yaşayan soydaşlarınıza nə demək istərdiniz?

- Erməni xalqı, mənim həmvətənlərim ilk olaraq anlaqlı bir şəkildə, bütün şübhələrdən kənarlaşaraq bir vacib məqamı dərk etməlidir. Başa düşürəm, əgər 25 il ərzində ölkənin bütün mətbuat orqanları Azərbaycana qarşı əks-təbliğat aparırsa, bu çox çətindir. Lakin, hər kəs Qarabağ müharibəsindən əvvəl, hərbi əməliyyatlar dövründə və bu əməliyyatlardan sonra nələr baş verdiyini özündən soruşmalıdır. Burada əsas olan nədir? Qarabağ müharibəsi və həmin o boş ərazilər onlara kədər, əzab, bədbəxtlik, ölüm, xəstəlik, çökmüş iqtisadiyyat və aclıqdan başqa nə verib? Əgər bütün həmvətənlərim, hər bir erməni özünə bu sualları ünvanlayar və onlara səmimi cavab verərsə, biz nəinki qələbəyə gedən yolun yarısında olacağıq, bu zaman qələbəyə yalnız bircə addımımız qalacaq.

- Sizin qənaətinizcə, Dağlıq Qarabağ münaqişəsinin açarı kimin əlində və ya cibində gizlənir?

- Münaqişənin həll açarı xalqlarımızın şüuru və qəlbindədir. İstisnasız olaraq, münaqişənin nizamlanmasında həlledici variant bizim xalqlarımızdır. Sizə bir faktı da deyim. Bir müddət əvvəl prezident İlham Əliyevin dilindən kompromis sözünü və kifayət qədər rasional bir təklifi eşitdim. Təəssüflər olsun ki, Ermənistan rəsmi dairələrində buna heç bir reaksiya olmadı, xalqa isə bu təkliflər təhrif olunmuş, yalnış bir tərzdə təqdim edildi. Cənab İlham Əliyev tərəfindən təklif edilən bu format, yəni, Azərbaycanın tərkibində muxtariyyət verilməsi müqabilində yeddi rayonun azad olunması təklifi münaqişənin həlli açarlarından biridir. Əsas həll açarına gəlincə, bu açar xalqlarımızın qəlbində və şüurundadır.

- Hər iki xalqın nümayiş etdirəcəyi iradə münaqişənin həlli yolundakı siyasi baryerlərə müqavimət göstərməyə kifayət edəcəkmi?

- Əlbəttə ki, hə. Çünki, bu siyasi baryerlər və bütövlükdə siyasətin özü nə zamansa xalqın iradəsinin zəif olmasından meydana çıxıb. Əgər bu iradə hazırda güclü olarsa, barışıq yolunda heç bir əngəl də qalmayacaq. Xalq bütün baryerləri, əngəlləri aradan qaldırmağa qadirdir.

- Siz artıq erməni xalqına müəyyən çağırışlar etdiniz. Bəs Azərbaycan xalqına nə deyə bilərsiniz?

- Qarabağ münaqişəsi və xalqlar arasında süni şəkildə yaradılmış düşmənçilik məsələsində mən Azərbaycan xalqına arzu edirəm ki, hazırda rəhbər tutduğu mövqedən qətiyyən geri çəkilməsin. Mən ikinci dəfədir burdayam, amma Syuzanı Azərbaycanda heç kim tanımırdı. Buna baxmayaraq, o çox sərbəst şəkildə şəhərdə gəzə bilir və bu zaman erməni olduğu bilinsə də, hər hansı aqressiv davranışla qarşılaşmır. Bu isə xalqınızın yüksək mədəniyyətə, tolerantlıq ənənələrinə sadiq olduğunu göstərir. Qoy, hər zaman bu mövqedə qalsınlar. Biz isə Ermənistanın zombiləşmiş əhalisini bu səviyyəyə gətirib çıxarmaq istəyirik. Bir daha yüksək qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. Bakıda mən özümü evimdəki kimi hiss edirəm.

- Syuzan Caqinyanla söhbətimiz zamanı belə bir fikir bildirdi ki, Ermənistanda hakimiyyət dəyişmədikcə və ölkə rəhbərliyinə sağlam düşüncəli insanlar gəlmədikcə, Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur.

- Prinsip etibarilə o əlbəttə ki, haqlıdır. Dağlıq Qarabağ münaqişəsi terrorçular tərəfindən dəstəklənir. Biz Ermənistan hakimiyyətinin sülh uğrunda mübarizə aparan insanları nəyə görə satqın adlandırdığı barəsində danışdıq. Görünür ki, onlar üçün sülh heç nədir. Onlar terrorçudur.

1news.az

Paylaş:
1340

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər