Rus-türk böhranında Qara dəniz amili | 1news.az | Xəbərlər
Dünya

Rus-türk böhranında Qara dəniz amili

17:30 - 15 / 12 / 2015
Rus-türk böhranında Qara dəniz amili

Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərin kəskin pisləşməsi nəticəsində Qara dəniz və boğazların statusu ilə bağlı çoxəsrlik problem yenidən aktuallaşdı.

Türkiyənin hava sərhədlərini kobud surətdə pozduğuna görə vurulmuş rus hərbi təyyarəsi ətrafında cərəyan edən hadisələr səngimək bilmir. Rusiyanın təşəbbüsü ilə yaranmış gərginliyi artıq hər iki ölkənin sıravi vətəndaşları da öz üzərilərində hiss etməyə başlayıblar. Türkiyə rus hərbi təyyarəsini vurduğu üçün qətiyyən peşman olmadığını və dövlət suverenliyimi təhdid edə biləcək istənilən təxribata qarşı yenə də eyni addımı qətiyyətlə atacağını bəyan etsə də, hadisə ətrafında yaradılmış gərginliyin azaldılmasından yana çıxış edir. Rusiya isə öz ərazisindən 1500-2000 km uzaqlıqda apardığı hərbi əməliyyat zamanı başqa bir dövlətin sərhədlərinin toxunulmazlığının vacibliyi amilini gözardı edir, bu faktı danmağa davam edir və Türkiyədən üzrxahlıq gözləyir. Başqa sözlə, heç kim haqlı və ya haqsız mövqeyindən bir addım olsa belə geri çəkilmək istəmir. Atalar demişkən, deyəsən, bu xəmir hələ çox su aparacaq...

NATO-nun sərhədlərinə yaxınlaşmasını özü üçün başlıca təhdid kimi dəyərləndirən Rusiya, bir NATO ölkəsinin sərhədlərinin bilərəkdən və ya bilməyərəkdən pozulmasında ciddi bir şey görmədiyini bildirir, geri addım atması üçün Türkiyəyə qarşı müxtəlif və rəngarəng sanksiyalar yağdırır. Türkiyə isə özünün çoxəsrlik dövlətçilik təcrübəsindən çıxış edərək, bu sanksiyalara qarşı soyuqqanlı davranır, onlara cavab verməyə tələsmir və problemin danışıqlar yolu ilə həll edilməsini istəyir.

Əslində Ankaranın bu məsələ ilə bağlı davranışında dövlət tərbiyəsi və böyük dövlətə xas nəcibliyin əlamətləri özünü açıq şəkildə büruzə verir. Moskva isə Türkiyəyə və türklərə qarşı geniş diskreditasiya və qaralama kampaniyasına başlamaqla, Rusiya siyasətində nəciblik fenomeninin əsas meyar olmadığını, Oktyabr inqilabından sonra bu ölkədə beynəlxalq münasibətlər kimi vacib bir mövzuya məhz dar prizmadan yanaşıldığını və oxlokratik rəiyyət düşüncə tərzinin hakim rol oynadığını sübut etdi.

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi çoxşaxəli sanksiyaların birtərəfli effekt verməsi mümkün deyildir. Əlbəttə, sanksiyaların Türkiyə iqtisadiyyatına mənfi təsiri birmənalı olduğu kimi həm də qaçılmazdır. Lakin bu, aysberqin görünən tərəfidir, yəni sanksiyalar ikitərəfli təsirə malik olan bir siyasi mexanizmdir. Başqa sözlə, Rusiyanın özü Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan ən az onun qədər zərər görəcəkdir. Bəlkə də məhz buna görə Ankara Moskvaya əməli cavab verməyə tələsmir, sərt ritorikadan uzaq olmağa çalışır və qarşılıqlı sanksiyaların doğuracağı fəsadları daha ciddi təhlil edir.

Rusiyanın Türkiyəyə olduğu kimi, Türkiyənin də Rusiyaya qarşı təsir mexanizmləri kifayət qədər güclüdür. Ən azı ona görə ki, Qərbə kifayət qədər inteqrasiya edən, diversifikasiya olunmuş iqtisadiyyata və qüdrətli orduya malik olan güclü bir Türkiyə kimi etibarlı tərəfdaşı itirmək hal-hazırda dünyanın aparıcı dövlətlərinin bir çoxu ilə ədavət içində olan Rusiyaya heç də lazım deyil. Türkiyənin öz qonşularına, o cümlədən özünün əsas ticarət tərəfdaşı olan Rusiyaya onlarca təsir imkanı var. Bütün bunları sadalamaq və doğuracaqları fəsadları saatlarla təhlil etmək olar. Ancaq Rusiya ilə Türkiyə arasındakı münasibətləri əsrlər boyunca tənzimləyən ən əsas amil Qara dəniz akvatoriyasıdır.

Qara dəniz və boğazlar 300 ildir ki rus imperializminin əsas hədəflərindəndir. Bizans varisliyi, ortodoksal xristianlığın mərkəzi və bu kimi başqa romantik bəhanələrlə Rusiya imperiyası hər zaman Konstantinopol və boğazları ələ keçirmək istəyində olub. Hətta 1853-1856-cı illərin Krım müharibəsindən sonra Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildikdən sonra belə Rusiya bu xülyalardan əl çəkməyib. İmperiyanın banisi I Pyotrun öz xələfləri qarşısında qoyduğu bu hədəf hətta sovet hakimiyyəti illərində də aktual olub. II Dünya müharibəsi illərində Atatürkün “Yurdda sülh, cahanda sülh” doktrinasına sadiq qalmış Türkiyənin bu neytral mövqeyindən istifadə etmək istəyən Stalin də boğazlar üzərindəki strateji nəzarəti ələ keçirmək, Dardanel boğazında hərbi-dəniz bazası yaratmaq və Türkiyənin şərq vilayətlərini ilhaq etmək niyyətini açıq şəkildə ifadə etsə də, onun bu arzusu ürəyində qalıb.

Bu gün Türkiyə Cümhuriyyəti Qara dənizin qapıları sayılan Bosfor və Dardanel boğazları üzərində suveren hüquqa malikdir. Bu hüquq “Boğazların statusu haqqında” 1936-cı ilin Montryö konvensiyası ilə tənzimlənir. Konvensiya I Dünya müharibəsindən sonra Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki nəzarəti itirmiş Türkiyənin hüquqlarının bərpası demək idi. Beynəlxalq dəniz hüququnun prinsiplərinə riayət etmək şərtilə, Türkiyə strateji boğazlar üzərindəki nəzarəti artıq özünə qaytarırdı.

Bu, Atatürk diplomatiyasının 1922-1923-cü illərin Lozanna konfransından sonra qazandığı ikinci ən böyük zəfər idi. İsveçrənin bir digər şəhəri olan Montryödə keçirilmiş beynəlxalq konfransda qazanılmış bu uğur SSRİ-nin destruktiv mövqeyinə rəğmən əldə edilmişdi.

Konvensiya əsasən, bütün ölkələrin ticarət gəmiləri boğazlardan sərbəst istifadə etmək hüququna malik olsalar da, yalnız Qara dəniz hövzəsi ölkələrinə boğazlardan öz hərbi gəmilərini keçirmək üçün məhdudiyyət qoyulmur. Lakin bu, sadəcə dinc dövrdə və Türkiyənin müvafiq hakimiyyət orqanlarını vaxtında xəbərdar etmək şərtilə mümkündür. Bununla belə, əgər Türkiyə müharibə şəraitində olarsa, yaxud müharibə təhlükəsi ilə üzləşdiyinə dair qərar verərsə, o istədiyi vaxt boğazları bütün ölkələrin hərbi gəmiləri üçün qapalı elan etmək hüququna malikdir. Bundan əlavə, Türkiyə özünün iştirak etmədiyi başqa bir beynəlxalq münaqişənin iştirakçısı olan dövlətlərin hərbi gəmiləri üçün də boğazları qapalı saxlamalıdır. Montryö konvensiyasına əsasən, vaxtilə Lozanna konvensiyası ilə boğazlar üzrə nəzərdə tutulmuş beynəlxalq komissiya ləğv edilir və onun səlahiyyətləri Türkiyə hökümətinə verilirdi.

Başqa sözlə, bu gün Qara dənizin açarları Türkiyənin əlindədir. Rəsmi Ankara istənilən vaxt ona qarşı aqressiv mövqe tutmuş Rusiyanı öz suverenliyi üçün təhlükə elan edərək, Bosfor və Dardanel boğazlarını bu ölkənin hərbi gəmilərinin üzünə bağlaya bilər. Montryö konvensiyasının müddəaları ağır silah-sursatla təchiz olunmuş rus ticarət gəmilərini də əhatə edə bilər. Qısacası, Türkiyə profilaktik işlər, hərbi təlimlər və ya bu kimi müxtəlif bəhanələr gətirməklə, aylarla Qara dənizi Rusiya üçün qapalı su hövzəsinə – gölə çevirə bilər.

Boğazların bağlanması ehtimalının Rusiya iqtisadiyyatına vuracağı təqribi ziyanı rəqəmlərlə ifadə etmək bu ölkənin hesablama qurumları üçün çətin olmamalıdır. Belə olan halda, Suriyadakı hərbi-dəniz bazasına yola düşən rus hərbi gəmiləri Baltik donanmasından yola çıxaraq Şimal dənizi-Atlantik okeanı-Cəbəllütariq boğazı-Aralıq dənizi kimi çox uzun və keçməkeçli marşrutdan istifadə edəcək ki, bu da külli miqdarda vəsait və vaxt itkisi deməkdir. Boğazlardan istifadə etməyə alışmış rus ticarət gəmiləri də alternativ yollardan istifadə etmək məcburiyyətində qala bilərlər.

Bütün bunlar çətin dövrünü yaşayan Rusiya iqtisadiyyatına milyardlarla ziyan vura bilər. Hələ bu, Türkiyəyə qarşı müxtəlif növ sanksiyaları işə salmış Rusiyaya verilə biləcək tək bir cavab mexanizminin doğura biləcəyi nəticələrdir. Heç şübhəsiz ki, konfrontasiya hər iki tərəfə ziyan vuracaq. Rusiya özü ona qarşı ciddi sanksiyalar tətbiq etmiş mütərəqqi Qərb dövlətlərinə cavab verərkən, bu arqumenti dilə gətirir. Hər halda Moskva mümkün Rusiya-Türkiyə qarşılıqlı sanksiyalarından məhz özünün karlı çıxacağını düşünəcək qədər sadəlövh deyil.                             

Ceyhun Ələkbər

Paylaş:
1242

Son xəbərlər

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43
Bütün xəbərlər