Yeni dünya nizamı: MCIS-2019-un mesajları, xəbərdarlıqları və proqnozları | 1news.az | Xəbərlər
Siyasət

Yeni dünya nizamı: MCIS-2019-un mesajları, xəbərdarlıqları və proqnozları

11:37 - 16 / 05 / 2019
Yeni dünya nizamı: MCIS-2019-un mesajları, xəbərdarlıqları və proqnozları

Rusiyanın paytaxtında VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilib. Tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edib.

Onların sırasında hərbi təhlilçilər və müstəqil ekspertlər də olub. İştirakçılar əsas olaraq regional və qlobal təhlükəsizliyin aktual problemlərini müzakirə ediblər. Məruzələrdə hazırda mövcud olan risklərin, təhdidlərin, təhlükələrin və qeyri-müəyyənliklərin aradan qaldırılması kontekstində fikir mübadiləsi aparılıb. Maraqlıdır ki, qlobal geosiyasi oyunçuların məqsədləri haqqında da fikir söylənilib. Müxtəlif qitələrdə özünü göstərən münaqişəli vəziyyətlərin yaranmasında həmin faktorun oynadığı rol təhlil edilib. Bunun fonunda Moskva konfransında müzakirə edilən məsələlərin geniş geosiyasi konteksti üzərində ətraflı dayanmağa ehtiyac gördük.

Qlobal geosiyasətə olan təhlükələr: Moskvadan baxış

Moskvada təhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq konfrans keçirilib. O, Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı (MCIS) adlanır. Əsası 2012-ci ildə qoyulub. Təşkilatçısı Rusiya Müdafiə Nazirliyidir. Bu il sayca VIII konfrans təşkil edilib. Bütövlükdə həmin tədbir çərçivəsində regional və qlobal təhlükəsizliyin müxtəlif aspektləri müzakirə edilir. 2014-cü ildən ABŞ və bir sıra Avropa ölkələri Moskva beynəlxalq təhlükəsizlik konfransının işində iştirak etməkdən imtina ediblər.

Lakin bu, iştirak etmək istəyənlərin sayını azaltmayıb. Əgər öncəki konfransda 95 ölkədən nümayəndə iştirakçı olubsa, builki tədbirdə dünyanın 111 ölkəsinin mindən çox təmsilçisi müzakirələrə qatılıblar. Konfransda regional və qlobal təhlükəsizliyin təmini, Suriyadakı vəziyyət və ölkənin bərpa olunması perspektivləri, silahlara nəzarət, bütövlükdə yeni dünya nizamının formalaşması və s. kimi aktual problemlər müzakirə olunub.

Onu da vurğulayaq ki, Qərb mediası bu tədbirə demək olar ki, diqqət göstərməyib. Ancaq ümumən qlobal səviyyədə əhəmiyyəti olan bir sıra məqamlar analiz edilib. Konfransda iştirak edən hərbi nümayəndələr və müstəqil ekspertlər hazırda qlobal geosiyasətin aktual sayılan məsələləri üzrə mövqelərini ifadə ediblər. Bundan başqa, dünyada hər bir müstəqil dövləti maraqlandıran beynəlxalq terrorizmlə mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanan kontekstlərdə Rusiya Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsinin (məşhur "QRU") rəisi vitse-admiral İqor Kostyukovun irəli sürdüyü tezislər maraq doğurub. Onun fikrinə görə, Donald Trampın administrasiyası həm BRİCS çərçivəsində qarşılıqlı əlaqələri mürəkkəbləşdirməyə çalışır, həm də RF-nin Qərb ölkələri ilə ikili əlaqələrini pozmağa səy göstərir. Bunda məqsəd bütün iqtisadi və siyasi proseslər üzərində total nəzarəti ələ keçirməkdən ibarətdir.

İ.Kostyukov ABŞ-ın Latın Amerikasında da xeyli fəallaşdığını ifadə edib. Onun sözlərinə görə, Ağ Ev Venesuelanı beynəlxalq terrorun sponsoru elan etməyə hazırlaşır ki, bunun əsasında həmin ölkəyə hərbi güc tətbiq etmək niyyətindədir. Məsələ bununla məhdudlaşmır. Vaşinqton Kuba və Nikaraquada "rəngli inqilablar" hazırlayır. Artıq Nikaraquada müxalifət daha radikal mövqe tutmaqdadır. Bununla da ABŞ Latın Amerikasında hərbi kontingentinin sayını iki dəfə artırmaq şansı əldə edir (hazırda 20 mindir).

Bu tezislər əslində Moskva konfransının əsas leytmotivini təşkil edən yanaşma ilə sıx bağlıdır. Yəni Rusiya xarici işlər və müdafiə nazirlərinin çıxışlarında özünü göstərən məntiqi yanaşma burada da ümumi şəkildə öz əksini tapıb. Onun məğzi ondan ibarətdir ki, ABŞ başda olmaqla Qərb bütün dünyada geosiyasi vəziyyəti gərginləşdirir, meydana yeni risklər çıxarır və burada başlıca məqsəd qlobal ağalığa nail olmaqdır.

Xarici işlər naziri Sergey Lavrov konfransdakı çıxışında ümumi səviyyədə daha bir məsələni analiz edib. S.Lavrov Rusiyanın dünyada vəziyyətin sabitləşməsində və meydana çıxan bütün problemlərin həll edilməsində maraqlı olduğunu ifadə edib. Bunun üçün böyük güclərin səylərinin birləşdirilməsi zərurətinin yarandığını ifadə edib. Hazırda məsələ daha aktualdır. Çünki "münaqişə təhlükəsi və potensialının yığılması müşahidə edilir" və "...beynəlxalq təhlükəsizliyin arxitekturasının sökülməsi üzrə cəhdlərin artdığı" görünür. Bu, BMT-nin Nizamnaməsində qeyd olunan dövlətlərarası qaydaların kobud surətdə pozulması fonunda baş verir.

Başlıca risk mənbəyi: ikili standartlar və terrorizm

Qeyd edilən destruktiv xətt "NATO-nun Avropada sərhədlərin dəyişdirilməsinə səbəb olan addımlarından" sonra güclənib. Yuqoslaviyanın süqutundan sonra analoji hadisələrin digər regionlarda da baş verməsinə şərait yaranıb. S.Lavrov adını çəkməsə də, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində yuxarıda vurğulanan məqamın da yeri olduğunu düşünmək olar. Lakin təbii ki, burada başlıca olaraq Ermənistanın digər havadarı həlledici rol oynayıb. Bu barədə rusiyalı filosof və politoloq Aleksandr Duqinin Yeltsin Rusiyasının atdığı addımları ayrıca vurğulaması maraq doğurur.

Reallıq ondan ibarətdir ki, hazırda dünyanın müxtəlif regionlarında müstəqil dövlətlərin ərazi bütövlüyünə qəsdlər olur, silahlı toqquşmalar yaradılır, terror qruplarından istifadə olunur və s. Məsələn, Suriyanın ərazi bütövlüyü məsələsi hazırda sual altındadır. Ölkənin şimal əyalətlərində Qərb etnik faktor əsasında muxtar qurum yaratmağa çalışır. Bunu Rusiya, Türkiyə, İran və bir sıra Avropa ölkələri Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirlər. Deməli, S.Lavrovun yuxarıda vurğuladığımız tezisinin təzahürləri indi də özünü göstərir.

Bu təhlükəli proses daha geniş məkanlara yayılmaqdadır. Belə ki, Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında bir sıra dövlətlərdə münaqişələr yaradılıb və onlar inkişaf etdirilir. Bununla da Asiya, Afrika və Amerika qitələri böyük geosiyasi güclərin savaş meydanına çevrilir. Moskva beynəlxalq təhlükəsizlik konfransında bu məqam üzərində daha çox dayanılıb. Biz İ.Kostyukovun fikirlərində həmin məqamların ifadəsini vurğuladıq. S.Lavrovun apardığı ümumiləşdirmələrə görə, demokratiyaya səsləyən ölkələrin özləri qeyri-demokratik addımlar atırlar. Bu bağlılıqda silahlara nəzarət məsələsi ilə bağlı situasiyanın da MCIS-də müzakirə olunması maraq kəsb edir.

Xatırladaq ki, Moskva konfransından bir neçə gün əvvəl BMT-nin silahlara nəzarət komissiyasının da hesabatında bu məsələ ciddi yer almışdı. Orada göstərilirdi ki, böyük dövlətlər – ABŞ, Rusiya və Çin öz maraqlarına uyğun silahlanma yarışı aparırlar və bu gedişat tədricən silahlar üzərində nəzarəti təhlükəyə atır. Moskva konfransında da S.Lavrov məsələni məhz bu kontekstdə qoyub, lakin orada ancaq Qərbin adı çəkilir. Hər bir halda belə görünür ki, silahlanma yarışı doğrudan da beynəlxalq miqyasda təhlükə yaradır.

Həmin səbəbdən hesab edirik ki, S.Lavrovun çıxardığı nəticə tam əsaslıdır. Rusiyanın xarici işlər naziri vurğulanan kontekstdə ifadə edib: "Kədərlidir ki, qlobal və regional təhlükəsizlik dünyanın BMT Nizamnaməsinə əsaslanaraq formalaşan polisentrik sisteminin reallıqlarını saya salmadan hər nə olursa-olsun dominant olmağa çalışanların geosiyasi oyunlarının girovuna çevrilib".

Etiraf etmək lazımdır ki, bu tezis Moskva təhlükəsizlik konfransının mərkəzi müddəalarından olub. Onun fonunda beynəlxalq terrorla mübarizə məsələsinin də çətinliklərlə üzləşməsi başadüşüləndir. Çünki hələ də BMT-nin nəzarət edə biləcəyi və dünyanın böyük dövlətlərini birləşdirən elə bir təsisat yoxdur ki, kimliyindən asılı olmayaraq bütün terror hallarına qarşı səmimi mübarizə aparmaq mümkün olsun. İndiyə qədər "mənim terrorçum yaxşı, sənin terrorçun pisdir" məntiqi ilə davranılır. Bir sıra hallarda isə terrorçular təmizə çıxarılır, onlar "azadlıq mücahidləri" kimi qələmə verilir. Bunun nümunəsini Suriyanın şimalındakı radikal qruplara və Cənubi Qafqazda erməni terroruna olan münasibətdə görürük.

Təbii ki, bir beynəlxalq konfransda bütün həqiqətlərin etiraf ediləcəyini və problemlərin həll olunacağını iddia etmək sadəlövhlük olardı. Ancaq VIII Moskva beynəlxalq təhlükəsizlik konfransı göstərdi ki, artıq "cidanı çuvalda gizlətmək" olmur. Dünyanın ən güclü dövlətləri ikili yanaşmalardan əl çəkməsələr, heç bir münaqişə həll edilməyəcək, heç bir terror qrupu tam aradan çıxmayacaq, heç bir qlobal geosiyasi problem həll olunmayacaq. Və bütün bunlardan hər bir ölkə olduğu kimi, böyük dövlətlər də ciddi ziyanlar görəcək!

Newtimes.az

Paylaş:
499

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər