1news.az

Yaradıcılıq gəlirli biznes sahəsi kimi: Azərbaycanda yaradıcı iqtisadiyyatı inkişaf etdirək! – FOTO

2 Noyabr saat 13:11 ~ 11 dəqiqəlik oxu 507
Yaradıcılıq gəlirli biznes sahəsi kimi: Azərbaycanda yaradıcı iqtisadiyyatı inkişaf etdirək! – FOTO

Mədəniyyət və yaradıcılıq sahələri dünya üzrə ÜDM-un 4,5%-ni təşkil edir və sözügedən sahələrdə illik artım 10% səviyyəsində proqnozlaşdırılır.

Avropa İttifaqı ölkələrində sözügedən sektor işəgötürənlərin sayına görə üçüncü yerdə qərarlaşır, 8,3 mln vətəndaşı iş yeri ilə təmin edir və 558 mlrd avro məbləğində gəlir gətirir. 2014-cü ildə təkcə Böyük Britaniyada yaradıcılıq sahələri 11 mln avro məbləğində gəlir gətirməklə gəlir mənbəyinə çevrilib.

Azərbaycanda yaradıcılıq sahələrini inkişaf etdirməyin yolları, bu inkişafı şərtləndirən amillər və sektorun inkişafını vəd edən perspektivlər – Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramı çərçivəsində təşkil olunan və 2018-ci ilin yanvar ayında üçillik fəaliyyətini tamamlayacaq olan “Azərbaycanın yaradıcılıq sahələri” Forumu məhz bu məsələlərə həsr olunub.

Forumun keçirildiyi məkan - Bakı şəhərində yerləşən Daş Salnamə Muzeyi - müzakirələrin ümumi konsepsiyasını əks etdirib. Muzey 2015-ci ildə köhnə elektrik yarımstansiyasının bazasında yaradılmışdır. Sözügedən yarımstansiya yenidən təchiz edilərək müasir və yaradıcı məkana çevrilib.

“Mədəniyyət maliyyələşdirilməsi ilk növbədə məhdudlaşdırılan və dəstəklənməsi son dərəcə çətin olan bir sektordur. Bir qayda olaraq təhsil, səhiyyə sahələrində və digər “daha vacib” istiqamətlərdə problemli məsələlər öz həllini tapdıqdan sonra mədəniyyət sahəsi barədə düşünmək yada düşür”, deyə Forumun moderatoru, “Mədəniyyət və Yaradıcılıq” proqramının yaradıcılıq sahələri üzrə eksperti Raqnar Siil qeyd edib.

Onun fikrincə, başlıca problem dünya ölkələrində hökumət nümayəndələrinin mədəniyyəti sevməməsi və onu yüksək qiymətləndirməməsi deyil, iqtisadiyyatın inkişafında mədəniyyət sektorunun əhəmiyyətini dərk etməməsidir.

Mədəniyyət sektorunun statistikası üzrə beynəlxalq ekspert Saymon Ellisin fikrincə, bütün dünyada “mədəniyyət” anlayışı getdikcə daha fərqli şəkildə qavranılır: “Əvvəllər ölkədə mədəniyyət sahəsinin inkişafı mədəniyyətin ənənəvi təzahürləri əsasında qiymətləndirilirdisə, hazırda insanlar mədəniyyətin qeyri-maddi aspektlərini daha çox qiymətləndirir, ölkənin mədəni səviyyəsi yaradıcılıq sahələrinin inkişafı baxımından qiymətləndirilir”.

Onun fikrincə, “mədəniyyət” anlayışının insanlar tərəfindən təkcə incəsənət kimi deyil, eyni zamanda iqtisadi göstərici kimi qavranılmasını təmin etmək son dərəcə vacibdir. Buna misal olaraq o qeyd edib ki, inkişaf etmiş ölkələrdə ÜDM-un 5%-i mədəniyyət sektorunun payına düşür. Ekspertin məlumatına görə, Azərbaycanda bu göstərici hələ ki 1% təşkil edir (müqayisə üçün: Gürcüstanda - 3%, Ukraynada - 4%).

Şəkil: ekspert Saymon Ellis

Saymon Ellis hər bir ölkənin yalnız ona xas olan güclü tərəflərə, istedadlara və yaradıcılığın ənənəvi növlərinə malik olduğuna əmindir. Uğur qazanmaq üçün məhz bu istiqamətlərin inkişafına xüsusi önəm vermək lazımdır. O, Azərbaycanın zərgərlik sənətini sözügedən istiqamətlərdən biri kimi qiymətləndirib. 

Mədəniyyət sahəsinin gəlirliliyini sübuta yetirən ən parlaq nümunələrdən biri Milan şəhəridir. Burada dəb sənayesi və mebel sərgiləri hər il şəhərə 3,5 mln biznes-turist cəlb edir ki, onların da yaşama, qidalanma və mədəni görməli yerləri ziyarət etmə baxımından gündəlik xərcləri 350 avro təşkil edir. Bütün bunlar 2,5 mlrd avro məbləğində illik gəlir gətirir və insanları 80 min iş yeri ilə təmin edir.

Portuqaliyadan olan ekspert, yaradıcılıq sahəsində sahibkarlıq və innovasiyalar üzrə Aİ ekspert qrupunun üzvü Kristina Farina da öz növbəsində “yaradıcı iqtisadiyyat” anlayışının genişləndirilməsi zərurətindən danışıb. Forum zamanı o, Azərbaycanın yaradıcılıq sahələrinə dair apardığı araşdırmanı təqdim edib və sözügedən sahənin inkişafı ilə əlaqədar tövsiyələr verib.

Onun fikrincə, ölkədəki istedadların, onların təbliği üçün mövcud olan maddi və inzibati imkanların ümumi obrazını yaratmaq üçün yaradıcılıq sahələrinin inkişaf proqramı işlənib hazırlanmalı, habelə, qarşıya konkret hədəf qoyulmalıdır.

Kristina Farina bütün iştirakçılar, o cümlədən, mədəniyyət sahəsinin və özəl sektorun inkişaf etdirilməsi prosesinə cəlb edilmiş dövlət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, müxtəlif maliyyələşdirmə mənbələrindən istifadə imkanının olmasının, habelə, yaradıcılığın inkişafı və yaradıcılıq sahələrinin qlobal sistemə inteqrasiyası üçün maarifləndirici bazanın artırılmasının əhəmiyyətindən də danışıb.

Şəkil: Bakı şəhərində Daş Salnamə Muzeyinin binası

Forum zamanı Avropa İttifaqı ölkələrinin və Azərbaycanın uğurlu, yaradıcı biznes layihələrinə dair nümunələr nümayiş olunub. Yaradıcı Dialoq Assosiasiyasının (İspaniya) təsisçisi və direktoru Samer Yamaninin paylaşdığı hekayə motivasiyaedici xarakter daşıyıb.

Memarlıq və dizaynerlik üzrə təhsil almış Samer həyatda öz yolunu tapmadığını düşünürdü. Günlərin birində “Yaradıcı iqtisadiyyat” və “Yaradıcılıq klasterinin inkişafı” adlı kitablar bu gəncin marağına səbəb olur. Onları oxuyub-öyrəndikdən sonra Samer nəhayət ki, bu həyatda öz yolunu tapdığı qənaətinə gəlir.

2009-cu ildə İspaniyada iqtisadi böhran ən pik həddə çatdığı bir vaxtda o, işindən ayrılır, Yaradıcı Dialoq Assosiasiyasının əsasını qoyur və Assosiasiyasının maliyyələşdirilməsinə qısa vaxt ərzində nail ola bilir. O vaxtdan bəri Samer Yamani gənc istedadları bir araya toplamaq, inkişaf etdirmək və təbliğ etmək məqsədilə bir-birindən fərqli çoxsaylı layihələr həyata keçirib. “Design Road”, “Durar”, “CreaCities”, “PostCraft” və digər layihələri onların sırasına daxil etmək olar.

İlk başda, Samer Yamaninin layihələri Yaxın Şərq regionunda həyata keçirilirdi. Hazırda isə layihələrin coğrafiyası getdikcə daha da genişlənir. Məsələn, sonuncu proqram “PostCraft” yaradıcı insanları bir araya toplamaq və dünyanın postneft iqtisadiyyatına malik ölkələrində yaradıcı mühit formalaşdırmaq məqsədi daşıyıb. Samer Azərbaycana proqrama qoşulmağı və onu bütün dünyada məşhurlaşdıran incəsənət növünü - yaradıcı xalçaçılıq mövzusunu inkişaf etdirməyi tövsiyə edib.

Forum zamanı slovakiyalı memar Peter Leniy “Mədəniyyət mərkəzlərinin layihələndirilməsi üzrə işləyib hazırladığı vəsaiti” təqdim edib. Bu vəsaitdə köhnə fabriklərdə, zavodlarda, dəmir yolu stansiyalarında və digər işləməyən sənaye obyektlərində köklü dəyişikliklərin aparılması ilə bağlı 30 nümunə və müasir yaradıcı platforma, daha dəqiq desək, mədəniyyət klasteri öz əksini tapıb. Bu tipli yaradıcı yanaşma mədəniyyət sahəsindən olan gənclər üçün yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq baxımından az xərclə əlverişli platforma yaradır. 

Şəkil: moderator Raqnar Siil və Əsmər Abdullayeva

Forumda Azərbaycanın uğurlu, yaradıcı biznes layihələrinə dair nümunələrə də yer verilib. Əsmər Abdullayeva Baş Meneceri olduğu İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Mərkəz istedadları bir araya toplayır və dekorativ-tətbiqi sənətin sovet dövründə Azərbaycanda öz əhəmiyyətini itirmiş ənənəvi istiqamətlərinin yenidən bərpa edilməsi və onların beynəlxalq səviyyədə təbliğ olunması məqsədi daşıyır.

“Yaradıcılıq sektoru əhəmiyyətli dividentlərin əldə edilməsinə, insan kapitalının artırılmasına və uzunmüddətli gəlir mənbəyinə çevrilə bilən yaradıcı ideyalar üçün investisiyaların cəlb olunmasına imkan yaradır, deyə Əsmər Abdullayeva bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin nümayəndəsi Əminə Məlikova yaradıcısı olduğu “Azərbaycan kəlağayısı” brendini Forumda təqdim edib. Kəlağayı qadın geyiminin ənənəvi elementidir, dərin tarixi köklərə və əhəmiyyətli simvolizmə malikdir. Rəvayətə görə, kəlağayı örtən qadın qoruma altındadır.

“Biz Azərbaycanda kəlağayı örtmək mədəniyyətini dirçəldirik və onu bütün dünyada Azərbaycan mədəniyyətinin tanınan elementinə çevirməyə çalışırıq”, deyə Əminə Məlikova bildirib və 2014-cü ilin noyabr ayında kəlağayının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini qeyd edib.

Gənc və yaradıcı azərbaycanlı memar Cavid Quliyev qurucusu olduğu yaradıcı komandanın Hypnotica adlı videomappinq işinin nəticələrini təqdim edib. Komandanın portfelinə daxildir: dünyanın çoxsaylı paytaxt şəhərlərində yerləşən binalarda aktual mövzulu instalyasiyaların qurulması.

Həmin paytaxt şəhərlərdən biri də Praqadır. 2014-cü ilin fevral ayında şəhərin mərkəzində, Köhnə Şəhər meydanında Daş Zəng Qülləsinin yaxınlığındakı evin fasadında Dağlıq Qarabağ münaqişəsi zamanı dağıdılmış Xocalı şəhərində törədilmiş faciəni əks etdirən videoinstalyasiya nümayiş etdirilib.

Şəkil: Portuqaliyadan olan ekspert Kristina Farina 

Kinematoqrafiya yaradıcılıq sahələrinin ən böyük istiqamətlərindən biri kimi Forumun müzakirələrində xüsusi yer tutub. Teatr və dramaturgiya sahəsi üzrə slovakiyalı mütəxəssis Zora Jaurova Azərbaycanın kino sənayesinin vəziyyəti ilə bağlı apardığı araşdırmanın nəticələrini təqdim edib. Onun toplaya bildiyi məlumatlara əsasən, ölkədə sözügedən sektor həddindən artıq mərkəzləşdirilmişdir: dövlət təkcə bu sektoru maliyyələşdirməklə kifayətlənmir, eyni zaman filmlərin istehsalı prosesində iştirak edir; söylənənin əksinə, özəl sektor çox zəif təmsil olunur.

“Azərbaycanda kinematoqrafiyanın dirçəlişi hökumətin prioritet sahəsi elan olunub. Həqiqətən də yeni Azərbaycan kino nümunələrinə böyük ehtiyac var, bu sahənin inkişaf etdirilməsi üçün kifayət qədər maliyyə resursları mövcuddur”, deyə o bildirməklə yanaşı, yenicə fəaliyyətə başlayan kinematoqrafçılar üçün maarifləndirici bazanın və bütövlükdə sahə infrastrukturunun yenilənməyə ehtiyac duyduğunu qeyd edib.

Kino sənayesi üzrə azərbaycanlı hüquqşünas Fikrin Bektaşi hesab edir ki, 1998-ci ildə qüvvəyə minmiş “Mədəniyyət haqqında” qanunun köhnəlməsi, sahənin bütün aspektlərini əhatə etməməsi, xüsusən, maliyyələşdirmə sistemini özündə ehtiva etməməsi ölkədə kino sənayesinin inkişafına mane olur.

“Qüvvədə olan qanuna əsasən, hökumət dövlət sifarişi ilə layihələrin həyata keçirilməsi üçün məsuliyyəti üzərinə götürür, bu isə öz növbəsində  prodüserlər və şəxsi təşəbbüslər ilə əməkdaşlığın qurulması imkanını məhdudlaşdırır. Biz Avropa sisteminə keçid etməliyik, yaradıcı kollektivlər tərəfindən film istehsalı təşəbbüsü irəli sürüldükdə dövlət onlara maliyyə dəstəyi göstərə bilər”.

Fikrin Bektaşinin fikrincə, Azərbaycanda kino sənayesinin inkişafına maneçilik törədən amillərdən biri də Azərbaycanın Avropa Kinoya Dəstək Fonduna (EURIMAGE) üzv olan ölkələr sırasında yer almamasıdır. Ekspert hesab edir ki, Azərbaycan bu Fonda üzv olmamaqla böyük bir fürsəti əldən verir. Belə ki, Fond kino layihələrin maliyyələşdirilməsində, filmlərin bazarda və festivallarda təbliğ olunmasında ölkəyə yardımçı ola bilərdi.

“Hələ ki, Azərbaycanda bu işlə məşğul olacaq insanlar yoxdur və bu addımın əhəmiyyəti dəqiqliklə dərk olunmur. Halbuki “EURIMAGE” fonduna üzv olmaq  minimal xərclər vasitəsilə maksimal nəticələrə nail olmağımıza imkan verə bilər. Bu məsələ 2008-ci ildən bəri gündəlikdə yer alır”, deyə Fikrin Bektaşi bildirib.

Şəkil: “Azərbaycan kəlağayısı” brendinin yaradıcısı Əminə Məlikova

İstedadlı insanların və maraqlı yaradıcı ideyaların olmasına baxmayaraq, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafına mane olan nədir? “RED Communications” reklam agentliyinin idarəedici tərəfdaşı Tatyana Mikayılova yetkin insanların gənc nəslin nümayəndələrinə öz qaydalarını diktə etmək istəməsini bunun əsas səbəbi kimi qiymətləndirir.

Stereotiplər, məhdudiyyətlər və şablonlar – insanın yaradıcılıq potensialının inkişafını ləngidən əsas maneələrdir”, deyə o bildirib. – “Biz şəxsi dünyagörüşümüzü uşaqlara təlqin etməklə onların yaradıcı düşüncəsini məhdudlaşdırırıq. Əgər uşaq şəkildə günəşi yaşıl rəngdə çəkibsə, bu şəklə düzəliş etməyə tələsməyin! Nə bilirsiniz bəlkə bu uşaq gələcəkdə heç birimizin indiyə qədər görmədiyi böyük bir yeniliyə imza atacaq?”

O həmçinin “incəsənət” və “texniki elmlər” anlayışlarını bir-birindən ayırmamalı olduğumuzu bildirir: “Yaradıcılıq bazası olmayan mühəndislər bizə lazımdırmı? Bu tipli mühəndislərdən gözləntimiz nədir? Hazırda və gələcəkdə şəhərlərin adət etdiyimiz formada təşkil edilməməsini istəyiriksə, bu sual ətrafında düşünməliyik”.

Forumda Gürcüstanın təcrübəsi yaradıcılıq sahələrinin hərtərəfli inkişafının təmin edilməsi baxımından müsbət nümunə qismində təqdim edilib. “Mədəniyyət və Yaradıcılıq” proqramı başa çatdıqdan və yekun Forum keçirildikdən sonra mədəniyyətin inkişafı üzrə Milli strategiya qəbul edilib, daha sonra onun tərkibinə “yaradıcılıq sahələri” bəndi daxil edilib. Hazırda ölkədə “Yaradıcı Gürcüstan” adı altında ayrıca dövlət təşkilatı fəaliyyət göstərir. Azərbaycan bu yolu davam etdirmək üçün bütün imkanlara malikdir.

Yelena Ostapenko

Şəkillər “Mədəniyyət və yaradıcılıq” layihəsi tərəfindən təqdim olunub.

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Culture & Creativity BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net