1news.az

Xocalı şəhidlərinin narahat ruhları bizi intiqama səsləyir!

26 Fevral saat 17:30 ~ 7 dəqiqəlik oxu 996
Xocalı şəhidlərinin narahat ruhları bizi intiqama səsləyir!

Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!

Görkəmli türk yazıçısı və şairi Mithat Camal Kuntayın müəllifi olduğu bu sətirlər Vətənə, torpağa verilən bəlkə də ən böyük qiymətdir. Bəli, doğrudan da sözdə Vətəni sevmək yox, Vətənin azadlığı, istiqlaliyyəti yolunda canından keçməyi bacarmaq lazımdır.

Əlverişli coğrafi mövqeyə, füsunkar təbiətə, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycan daim yadelli düşmənlərin hücumlarına məruz qalıb, sərvətlərimiz talan olunub. Neçə-neçə kişilərin, qadınların, uşaqların qanı axıdılıb bu torpaqlarda. Lakin yenə də dədə-babalarımız, kişi qeyrətli qız-gəlinlərimiz düşmənə baş əyməyiblər, canları bahasına Vətənimizin azadlığını, suverenliyini qoruya biliblər.

Heç şübhəsiz xalqımıza ən böyük zərbə ermənilər tərəfindən vurulub. Onlar türklərə məxsus olan coğrafi ərazilərini, torpaqlarını genişləndirmək məqsədilə hətta sülh dövrlərində belə qarşılarına qoyduğu siyasəti həyata keçirməyə çalışıb, bunun üçün ağıla və məntiqə sığmayan hərəkətlərə yol veriblər.

Ermənilərin müxtəlif illərdə azərbaycanlılara qarşı etdikləri hərbi təcavüzlər xalqımızın deportasiya və soyqırımına məruz qalmasına və nəticə etibarilə öz tarixi və etnik torpaqlarını itirməsinə səbəb olub.

Xalqımızın faciələrinin əsası isə 1828-ci ildə imzalanan “Türkmənçay” müqaviləsi ilə qoyuldu. Sözügedən müqavilənin imzalanmasından az sonra çar Rusiyası Türkiyə və İranda yaşayan minlərlə erməni ailəsini Cənubi Qafqazda, əsasən də Azərbaycan torpaqlarında yerləşdirməyə başladı. Nəticədə həmin ərazilərdə əhalinin say göstəricisi sürətlə ermənilərin xeyrinə dəyişməyə başladı.

Zaman keçdikcə azğınlaşan ermənilər öz çirkin siyasətlərini daha açıq şəkildə həyata keçirməyə, yerli türklərə qarşı dəhşətli qırğınlar törətməyə başladılar. Onlar 1905-ci ildə və 1918-ci ilin martında Azərbaycanın bir çox bölgələrində dəhşətli qətliamlar törədərək on minlərlə günahsız türkü, eləcə də digər millətlərin nümayəndələrini vəhşicəsinə qətlə yetirdilər.

Mənfur qonşularımız xalqımıza qarşı məkrli planlarını sovet dövründə də davam etdirdilər. Azərbaycan torpaqlarının yenə bir hissəsi zorla qoparılaraq ermənilərə verildi. Azərbaycan ərazilərindən azərbaycanlıları qovmağı, türksüz “Böyük Ermənistan” yaratmağı qarşılarına məqsəd qoyan ermənilərin səyi nəticəsində 100 mindən artıq azərbaycanlı 1948-1953-cü illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycanın Kür-Araz ovalığına köçürüldü.

Keçən əsrin 80-ci illərinin sonlarında isə ermənilərin işğalçılıq siyasəti daha açıq hal almağa başladı. Dağlıq Qarabağı ələ keçirməzdən öncə ermənilər Ermənistandakı son azərbaycanlıları da öz dədə-baba yurdlarından deportasiya etməyə başladılar.

Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldıldı, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovuldu, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi.

Dağlıq Qarabağı işğal etməyi qarşılarına məqsəd qoyan ermənilər dinc əhaliyə qarşı misli görünməmiş müsibətlər törətdilər. Ən böyük qırğın isə Xocalıda törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər.

Xocalıda törədilmiş qırğın zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qəddarlıqla qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Həmin dəhşətli hadisədə 76-sı uşaq olmaqla 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qaldılar. 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Tək azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.

Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri belə təhqir etməkdən çəkinməyiblər...

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində hər il dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Lakin o dəhşətli hadisədən 26 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımına layiqli qiymət verməyib, soyqırımını törətmiş əli qanlı canilər hələ də azadlıqda gəzirlər.

Əsrin faciəsi adlandırılan Xocalı soyqırımı iyirmi altı ildir ki, bütün dünyanı acı yaddaşı ilə dolaşır, ağrı-acısını dünyaya eşitdirməklə nalə çəkir, ürəkləri yandırır, ruhları sarsıdır.

Nə qədər ki, dünya ictimaiyyəti Xocalı soyqırımına biganə münasibət göstərir, bu cür faciələr yenə baş verəcək. Nə qədər ki, insanlığa qarşı dəhşətli cinayətlər törətmiş canilər azadlıqda gəzəcəklər yüzlərlə, minlərlə qoca, qadın, uşağı xocalıların aqibəti gözləyir.

Ağrı-acımız, kədərimiz nə qədər böyük olsa da əyilməməli, haqq yolunda mübarizəmizi davam etdirməliyik. Daha bəsdir ağladıq, artıq qisas vaxtıdır. Xocalıda, Qaradağlıda, Bağanis Ayrımda və digər yaşayış məntəqələrimizdə minlərlə soydaşımızı amansızlıqla qətlə yetirən, torpaqlarımızı işğal edən yağı düşməndən hesab sormaq vaxtıdır.

Yəqin razılaşarsınız ki, Xocalıda baş verənlər yalnız faciə deyil, həm də vətənpərvərlik, qəhrəmanlıq salnaməsidir. Neçə-neçə qəhrəman soydaşımız canları bahasına günlərlə düşmənə müqavimət göstərərək əbədiyyətə qovuşdu. Onların əziz xatirəsi Vətənini, xalqını sevən hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Nə qədər ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağ yağı düşmən tapdağı altındadır, nə qədər ki, ölkəmizin bu dilbər guşəsi azad edilməyib, insanlar evlərinə-obalarına qayıtmayıblar, hər birimiz mümkün olan bütün vasitələrlə erməni təcavüzü, onun ağır nəticələri barədə məlumatları geniş kütlələrə, beynəlxalq ictimaiyyətə çatdırmalı, haqqın, ədalətin bərpasına çalışmalıyıq.

Yalnız o zaman Xocalıda can verən soydaşlarımızın, başlarının dərisi soyulan kişilərin, qarınları süngülərlə dəlmə-deşik edilən hamilə qadınların, amansızlıqla qətlə yetirilən körpələrin ruhları təskinlik tapar.

Damarlarında türk qanı axan hər bir kəs yaxşı bilməlidir ki, türk ölər, ancaq Vətənsiz yaşaya bilməz. Çünki biz igidliyi ilə ad qazanmış Mete xaqanın, bütün Avropanı lərzəyə salan Atillanın, ərəb imperiyasını diz çökdürən Babəkin, qüdrətli imperiya yaratmış Şah İsmayıl Xətainin və adlarını saymadığım neçə-neçə igid türk fatehlərinin övladlarıyıq.

Bu gün torpaqlarımızın bir hissəsi işğal altında ola bilər, minlərlə soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşə bilər, lakin bu çox çəkməyəcək, vaxt gələcək Şuşada, Xankəndində yenidən türk bayrağı - Azərbaycan bayrağı dalğalanacaq. Çünki Qarabağ məsələsi bizim üçün ya olum, ya da ölüm məsələsidir.

Artıq bəsdir ah-nalə etdik, yetər artıq. Biz yerimizdə saysaq nə Xocalı, nə də Qarabağ geri qayıdan deyil. Biz irəli getməli və torpaqlarımızı mənfur düşmənlərdən azad etməliyik. Xocalıda amansızlıqla qətlə yetirilən qocaların, başlarına min bir müsibət gətirilən qadınların, süngülərə taxılmış südəmər körpələrin narahat ruhları bizi qisasa səsləyir. Nə vaxt ki, Xocalını, Qarabağı azad etdik onların da ruhları o zaman rahatlıq tapacaq. Odur ki, Xocalıya, Xankəndinə, Qarabağa doğru irəli...!

Babək Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Köşə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net