1news.az

Uğur tarixçələri: Azərbaycan qadınları Avropa İttifaqının dəstəyilə arzularını həyata keçirir – FOTO

6 Mart saat 12:50 ~ 11 dəqiqəlik oxu 572
Uğur tarixçələri: Azərbaycan qadınları Avropa İttifaqının dəstəyilə arzularını həyata keçirir – FOTO

Məşhur azərbaycanlı neft milyonçusu Hacı Zeynalabdin Tağıyev hələ XX əsrin əvvəllərində söyləyib: “Bir kişiyə təhsil versən, yalnız bir nəfərə təhsil vermiş olacaqsan. Bir qadına təhsil versən, bir ailəyə təhsil vermiş olacaqsan”.

Gender bərabərliyi və qadın imkanlarının genişləndirilməsi Avropa İttifaqının (Aİ) tərəfdaş-ölkələrlə, eləcə də Azərbaycanla əməkdaşlığında dəyişməz prioritetlərdəndir. 25 il əməkdaşlıq ərzində müxtəlif fəaliyyət sahəsindən olan – təhsil və gənclər siyasətindən tutumuş kənd təsərrüfatı və kiçik biznesin inkişafına qədər gənc qız və qadınların üçün onlarla layihələr həyata keçirilib.

“İnanırıq ki, qadınlar üçün yaradılmış imkanlar onların öz potensialını ortaya qoymaqda, öz imkanlarına inanmaqda kömək edir. Güclü, müstəqil və özünə əmin olan qadınlar cəmiyyətdə fəal rol oynaya bilər. Bu da Avropa İttifaqının qadın və kişilərin bərabər imkanlarla bağlı dəyələrinə uyğundur” – Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas söyləyib.

SƏYAHƏT ÖZÜNÜİNKİŞAF KİMİ

Sara Rəcəblinin gənclərin yaxınlaşması və inkişafı ilə bağlı Avropa layihələrilə tanışlığı universitetin birinci kursunda, 17 yaşı olanda başlayıb. Həmin vaxt Sara könüllü kimi hər il Bakının mərkəzində Avropa İttifaqının miniatürü kimi yaradılan “Avropa şəhərciyi-2014” layihəsinə qoşulur.

Beynəlxalq ünsiyyətin bütün ecazkarlığını hiss edən Sara həmin vaxtdan etibarən bir sıra Avropa təşəbbüslərində fəal iştirak edir. 2016-cı ildə o, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan 800-dən çox gənci öz ətrafında toplayan “Gənc avropalı qonşular” onlayn-platformaya qoşulur. Tez bir zamanda o, platformanın 100 ən fəalı arasında yer alaraq, Azərbaycandan “Gənc avropalı səfir” şərəfli statusuna sahib olur.

Gənc liderlərin vəzifəsi – öz ölkələrindən olan həmyaşıdlarına Aİ-nin mahiyyətini anlamağa, əməkdaşlığın əhəmiyyəti və perspektivləri, həmfikirlərini tapmağa, eləcə də təhsil və inkişafla bağlı yeni imkanlar açmağa köməklik göstərməkdir.

Gənc səfir funksiyası ilə səyahət etmək sevgisini birləşdirən Sara insanlar və səyahətlər haqqında bloq yaradır. Burada məqsəd hər kəs üçün pulsuz və aşağı büdcəli səyahətlərə yol açmaqdır. 2 il ərzində “Free to Travel” bloqu 55 ölkədən 2400-dən çox istifadəçini cəlb edə bilir. Burada 60-dan çox səyyahın tarixçəsini ilə tanış ola bilərsiniz.

Fotoda: Sara Rəcəbli Baku Business Factory-də

Bloqun yaradılıması fikri hələ Sara Almaniyada təhsil alarkən yaranır. Həmin dövrdlərdə o, az büdcəsi ilə Avropa üzrə təkbaşına səyahət etmək qərarına gəlir.

“Mən müfazəkar ailədənəm. Ailəmdə hesab edilər ki, qız hər zaman yaxınlarının müşayiətilə olmalıdır. Əgər əvvəllər kimsə mənə Avropanın 8 ölkəsini təkbaşına, az maddi imkanla səyahət edəcəyimi desəydi, buna heç vaxt inanmazdım. Lakin mən özüm-özümə qərar verdim və çərçivələrdən kənar çıxmağa özümü məcbur etdim”, - Sara söyləyir.

Saranın sözlərinə görə, bu səyahət onun dünya və insanlarla bağlı fikirlərində bütün stereotipləri qırıb:

“Stereotiplər qırılanda dünya vətəndaşı olursan. Bu zaman insan bütün dünyanı yaxşılığa doğru dəyişmək imkanına sahib olur”.

Hazırda Sara öz bloqu və gənclər üçün məlumatları hesabına gəncləri ilhamlandıraraq, arzuların çin olmasına inandırmağa çalışır.

Gənc xanımın enerjisi sosial iqtiqamətli kiçik biznesin başlanmasına da çatır. İstanbulda 2017-ci ili martında Erasmus+ layihəsi çərçivəsində təşkil edilən sosial sahibkarlıq üzrə treninqlərdən ilhamlanan Sara Bakıda Azərbaycanın milli şirniyyatlarının onlayn satışını təşkil edir. Bu şirniyyatları fiziki imkanları məhdud qadınlar öz evlərində hazırlayır.

“Gözləmirdim ki, bu təşəbbüs yarım il ərzində uğur nümayiş etdirsin. Artıq Azərbaycanda 20 tərəfdaşımız var. Onlar da korporativ tədbirləri üçün müntəzəm olaraq bu şirniyyatları sifariş edir. Məhsullarımız beynəxalq tədbirlərdə də təmsil olunub. Bu, çox ruhlandırıcıdır”, - Sara söyləyir.

Fotoda: milli şirniyyatların bişirilməsi zamanı

BEYNƏLXALQ MÜHİT VƏ TƏCRÜBƏ

Erasmus+ təhsil platforması Avropa İttifaqının təhsil sahəsində vizit kartıdır. Hər il Aİ Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrində proqramın həyata keçirilməsi üçün 20 milyon avro ayırır.

Erasmus+ tələbə mübadiləsi proqramı çərçivəsində Azərbaycandan 600-dən çox tələbə iştirak edib. Bunların arasında “Qafqaz” Universitetinin tələbəsi İranə Alimova da var.

O, bir il ərzində Portuqaliyanın Braqansa şəhərində kimya mühəndisliyi ixtisası üzrə təhsil alıb. Bu, İranəyə nəinki ikili diplom, eləcə də müstəqil beynəlxalq təcrübə verib.

“Bu yeni ölkədə sadəcə bir il deyildi. Bu bir il məni tamamilə dəyişdi. Akademik biliklərlə yanaşı, bir çox maraqlı insanlarla, yeni mədəniyyət və dil ilə tanış oldum, dünyagörüşümü genişləndirdim. Bu, çox böyük həyat təcrübəsidir”, - İranə deyib.

Təhsil sahəsində oxşarlığa baxmayaraq, Braqansa Universitetində tədris metodu onun yaddaşında təkcə ümumi kimya kursuna köklənməkdə deyil, mühəndislik fənni ilə bağlı müxtəlif profillərə yönəldilməsilə də qalıb. Bu da böyük praktiki təcrübə verib. Bakıda işə düzələrkən bu, İranəyə üçün böyük üstünlük gətirib.

Fotoda: İranə Alimova Sumqayıtda, kimya-sənayesi parkının ərazisində

Hazırda İranə Azərbaycanın ən iri neft-kimya kompleksinin laboratoriyasında çalışır. Onun öhdəliklərinə polimerlərin fiziki-mexaniki analizi və qatışıqların mövcudluğuna qazların yoxlanması daxildir. İranənin sözlərinə görə, Portuqaliyada təhsil zamanı əldə etdiyi böyük təcrübə hazırda onun işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

“Portuqaliyada təhsil aldığım bir il həyatda bir çox şeyə münasibətimi dəyişdi. İnsanlarla daha azad ünsiyyət qurmağa, həyata daha bəsit baxmağı öyrəndim. Düşünürəm bunu Avropa universitetlərində multikultural mühit yaradır”, - İranə bildirir.

Fotoda: İranə Alimova Portuqaliyada təhsil zamanı

ƏNƏNƏLƏRİN QORUNUB SAXLANILMASI

Aİ qadınları dəstəkləyərək onlarıın sosial-iqtisadi rolunun möhkəmlənməsinə, xüsusilə də kiçik sahibkarlığın inkişafına yönəlib. Məhz kiçik və orta biznes istənilən ölkənin iqtisadiyyatının əsasını təşkil edir, həmçinin ailələrin sabit gəlirlərini dəstəkləyir. Avropa bazarlarında kiçik və orta sahibkarlığın payı 90% təşkil edir.

Azərbaycanın regionlarında qadınların dəstəkləməklə bağlı layihə 2016-cı ildə buraxılıb və cari ilin iyununda başa çatacaq. Aİ və BMT-nin İnkişaf Proqramı ilə maliyyələşdirilən layihənin büdcəsi 444 min avro təşkil edir. Bu layihədə iştirak üçün patriarxal əsasların daha güclü olduğu Azərbaycanın cənub sərhədlərindən olan regionlar seçilib.

Sabirabaddan olan Rəna Mehrəliyevanın “Xına yaxdı” mərasimi üçün təşkil etdiyi biznesi daha uğurlu müəssisələrdən biri olaraq dəstək görüb.

Bu “Azərbaycansayağı qızlar mərasimi” toya bir neçə gün qalmış gəlin və bəyin qadın qohumlarının iştrakı ilə baş tutur və bütün günü davam edir. Qonaqların toplaşdığı məkan sevinc və nəsilartımını simvolizə edən qırmızı və qızılı rənglərlə bəzədilir. Lakin gecənin əsas elementi xınadır. İnanclara görə, xına bəd nəzərdən qorunmaq üçün sehirli gücə sahibdir.

Hazırda “Xına yaxdı” mərasimi qısaldılıb, bəzən də toy günü keçirilir.

Rəna Mehrəliyavanın sözlərinə görə, əvvəllər bizneslə məşğul olmayıb. Bu işə onu sahibkarlıq fəaliyyəti və maliyyə vəsaitlərinin düzgün idarə olunması ilə bağlı keçirilmiş treninqlər ruhlandırıb:

“Əvvəllər özümü sahibkar kimi təsəvvür belə etməzdim, qorxurdum ki, heç nə alınmaz. Lakin burada öz gücümə inam və enerji topladım. Və hər şey alındı”. 

Fotoda:  Azərbaycanın Beləsuvar rayonundakı toyda  “Xına yaxdı” mərasimi

Rəna Mehrəliyevanın qrupu rayonda birinci olub. Əvvəllər sakinlər arasında geniş populyarlığa malik bu mərasimin keçirilməsi üçün 172 kilometr aralıda yerləşən paytaxtdan dəvət olunardı. Hazırda Rənanın biznesi uğurlu surətdə inkişaf edir: buraya 8 nəfər cəlb olunub. Bəzən digər rayonlardan da dəvətlər alırlar. 

Mərasimi Rəna Mehrəliyevanın 22 yaşlı qızı Xanım Zeynalı aparır. O, musiqi müəlliməsidir.

“Çox şadam ki, nikbin, enerjili xanımlardan ibarət komandamızı toplaya bilmişik. Onlar öz işlərini böyük məhəbbətlə həyata keçirir. Gənclər unutmasın deyə qədim ənənələrimizin qorunub saxlanılmasında öz töhfələrimizi veririk”.

Müsbət hadisələrin inkişafı ilə bağlı qrupun biznesinin genişləndirilməsi planı var – “Xına yaxdı” mərasimlərinin keçirilməsi üçün xüsusi studiyanın, həmçinin qadınlar üçün çay evi və gəlin hamamının açılması. Bütün bu xidmətlərə regionda böyük tələbat var.

Fotoda: "Xına yaxdı" qrupunun təsisçisi Rəna Mehrəliyeva (mərkəzdə)

ÖZÜNDƏN SONRA İZ BURAXMAQ

Sabirabadın Cavad kəndindən olan Sədaqət Rəsulova – Azərbaycanın regionlarında qadınların dəstəklənməsi üzrə milli və beynəlxalq layihələrin fəallarından biridir. 40 ildən çox kənd təsərrüfatı sahəsində böyük təcrübəyə sahib olmaqla o, inkişaf və artıma istiqamətlənərək yaşadığı kənddə kiçik quşçuluq ferması qurub.

BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən maliyyələşdirilən əvvəlki pilot layihə çərçivəsində ona 1000 cücə və yem təqdim edilib. Onları öz həyətində yetişdirirək satan qadın kiçik gəlir əldə edir. Və bu gəlirdən də inək alır.

Yerli toyuq məhsullarına böyük tələbatın olmasını və illərlə bu sahədə əldə etdiyi təcrübəni nəzərə alan Sədaqət Rəsulova yenidən öz imkanlarını sınamaq qərarına gəlir. Avropa İttifaqı və UNDP tərəfindən maliyyələşdirilən Qadın Resurs Mərkəzinə müraciət edir.

Region qadınları üçün sahibkarlıq fəaliyyətilə bağlı keçirilmiş treninqlərin nəticəsi olaraq Sədaqət Rəsulova cücələrin çıxarılması və yetişdirilməsilə bağlı uğurlu biznes-plan hazırlayır. Aİ və UNDP-nin maliyyə dəstəyilə onun həyətində toyuq və cücələrin yetişdirilməsi üçün ikimərtəbəli hin tikilir.

Məkan beş hissədən ibarətdir, bu da sahibəyə onları eyni zamanda istifadə etməyə yardımçı olur: bir hissədə yumurta çıxarılır, digər hissələrdə isə toyuq və cücələr yetişdirilir. Bu da qadının yerli sakinlərin tələbatını ödəməyə, öz gəlirini artırmağa və həmkəndlilərinin də qazanc əldə etməsinə kömək edir. Artıq Sədaqət Rəsulova iş prosesinə 7 nəfəri cəlb edib.

Fotoda: Azərbaycanın Sabirabad rayonunda Sədaqət Rəsulova öz biznesini təqdim edir

“Hər zaman demişəm: kəndlilərin çörəyi olmasa, digərləri də tox olmayacaq. Necə deyərlər, hər şey torpaqdan başlayır”, - sovetlər dönəmində yerli kolxozlardan birinin briqadiri olmuş Sədaqət Rəsulova bildirib.

Sədaqət Rəsulova kiçik biznesin xanım sahibəsi rolunda özü haqda bunları deyib:

“Bu gün varam, sabah yox. İstəyirəm ki, gələcəkdə də məni xatırlasınlar. Mənim təşkil etdiyim işdə fəaliyyət davam etsin, insanlara fayda versin. Əgər özündən sonra əhəmiyyətli bir iz buraxmasan, deməli bu həyatda yaşamamısan”.

Fotoda: Sədaqət Rəsulova xatirə fotolarını göstərir

ARZULAR ÇİN OLUR

Aytəkin Baxışova Bakıdan 275 kilometr aralıda yerləşən Mingəçevir şəhərində informatika müəlliməsidir. O, tanınmış biznes-ledi olmaq arzusunda idi. 2005-ci ildə Azərbaycan Mikromaliyyələşmə Assosiasiyaları (AMFA) layihələrinə qoşularaq tez bir zamanda 18 fəal iştirakçıdan birinə çevrilir.

“Çox kasıb ailədənəm. Gənclik illərimdə doğma şəhərimizdən başqa heç bir yeri görməmişəm. Ən böyük arzum təyyarə ilə uçmaq idi. 2009-cu ildə arzum həyata keçdi. Azərbaycanda yenicə başlamış qadın sahibkarlar olaraq bizi Türkiyəyə göndərdilər. Bu, unudulmaz təcrübə idi”, Aytəkin xatırlayır.

2014-2016-cı illərdə AMFA Mingəçevir də daxil olmaqla Azərbaycan regionlarının 8 kəndində Aİ tərəfindən maliyyələşdirilən qadınların dəstəyi üzrə layihələr həyata keçirilib. Aytəkin Baxışova sahibkarlıq fəaliyyəti üzrə maliyyə və hüqiqi biliklərdən ibarət çoxsaylı treninqlərdə fəal iştirakçılardan biri olur. 

Həmin vaxtlar Aytəkin Mingəçevirdə beynəlxalq kosmetika şirkətinin Azərbaycan nümayəndəliyində adi vəzifədə çalışırdı. Treniqlər zamanı planlama və büdcənin aparılması ilə bağlı biliklər ona əhəmiyyətli sıçrayış etməyə kömək etdi.

Fotoda: Aytəkin Baxışova öz kosmetika şirkətinin ofislərindən birində

Aradan üç il keçib və hazırda Aytəkin Baxışova öz şirkətində aparıcı mütəxxəsislərdən biridir: onun rəhbərliyilə 68 nəfər çalışır. O, treninqlərə dünyanın yarısını gəzərək hazırda Bakıda gənc xanımların öz güclərinə inanmasına köməklik edir.

Öz fəaliyyətindən əldə etdiyi mənfəət hesabına Aytəkin kəndlərdə kiçik müəssisələr açaraq insanları dəstəkləyir. Həmçinin həftədə bir dəfə Mingəçevirə gedərək qadınlar üçün treninqlər keçirir.

Onun məqsədi nəinki Bakıda, eləcə də fəaliyyət göstəriyi şirkətini nümayəndəlikləri olan 42 ölkədə tanınmış biznes-ledi olmaqdır.

“Ən başlıcası – öyrənmək, inanmaq və planlaşdırmaqdır”, - enerjisi ilə parlayan Aytəkin bildirib.

Müəllif: Yelena Ostapenko  

Tərcümə: Samirə Xankişiyeva

Məqalə EU Neighbours east layihəsi çərçivəsində yazılıb.

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net