1news.az

Türkiyə səfirliyi təkzib etdi: Ermənistana qapı açmamışıq

19 Noyabr saat 10:11 ~ 2 dəqiqəlik oxu 116
Türkiyə səfirliyi təkzib etdi: Ermənistana qapı açmamışıq

Türkiyənin Ermənistan TIR-larına sərhədini açdığına dair bəzi xəbər saytlarında yer alan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə 1news.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Açıqlamada deyilir: “Türkiyənin Tbilisi səfirliyində Ermənistan vətəndaşlarına iş vizası verilməsi və bu bununla da Ermənistan qeydiyyatında olan TIR-ların Trabzon limanından faydalanması müzakirə mövzusu deyildir”.

Qeyd edək ki, daha əvvəl Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbey Ankaranın Ermənistan TIR-ları üçün qapılarını açdığını bildirib.

O deyib ki, Türkiyənin Tiflisdəki səfirliyi ildə 400 Ermənistan TIR-na Trabzon limanı üzərindən yükdaşımağa  icazə verib. Ermənistan TIR-ları indiyə qədər yükləri daşımaq üçün Gürcüstanın Poti limanından istifadə edirdi.  ASİMDER sədrinin sözlərinə görə, Trabzon limanından istifadə etmək erməni TIR sürücülərinə 600 dollar daha ucuz başa gəlir.

Onun bildirdiyinə görə 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan-Türkiyə sərhədindən keçən Ermənistan TIR-ları üçün kvota tətbiq edilmişdi. Lakin son vaxtlar Ermənistanın yükdaşıma şirkətləri Poti limanına nisbətən 600 dollar ucuz olduğuna görə Trabzon limanından istifadə etməyə başlayıblar. Türkiyə qanunlarına görə Ermənistan şoferləri bu ölkəyə turist kimi daxil ola bilməz və ancaq iş icazəsi almaqla girə bilər. Bu problemi həll etmək üçün əvvəlcə Ukrayna tərəfi vasitəçilik edib. Sonra isə Gürcüstandakı Türkiyə səfirliyi erməni TIR sürücülərinə çalışma icazəsini təsdiq edən sənədlər verir.

“Ermənistanla Türkiyə arasında hər gün Yerevan-İstanbul reysi ilə bir dəfə təyyarə uçur. Gürcüstan və İran üzərindən ölkəmizə minlərlə Ermənistan vətəndaşı əl-qolunu sallayaraq daxil olur, 70 mindən çox erməni Türkiyədə qeyri-leqal işləməkdədir. Avtobus firmaları hər gün iki ölkə arasında turizm səfərləri təşkil edir. İndi isə Gürcüstandakı səfirliyimiz tərəfindən diplomatik embarqo dəlinib. ASİMDER olaraq bütün səlahiyyətlilərə sual edirik: bu necə embarqodur?”, deyə o, bildirib.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net