TANAP – Avropanın enerji təhlükəsizliyində mühüm addım – TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

TANAP – Avropanın enerji təhlükəsizliyində mühüm addım – TƏHLİL

16:00 - 13 / 06 / 2018
TANAP – Avropanın enerji təhlükəsizliyində mühüm addım – TƏHLİL

Dünən yalnız ölkəmiz üçün deyil, ümumilikdə Avropa üçün də çox əlamətdar bir hadisə baş verdi. Belə ki, Türkiyənin Əskişəhər şəhərində TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya prezidenti Aleksandr Vuçic, Ukrayna prezidenti Petro Poroşenko, eləcə də dövlət və hökumət rəsmiləri, nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri iştirak etdilər. Bu da sözügedən layihənin nə qədər mühüm bir layihə olduğunu bir daha göstərmiş oldu.

TANAP - Qafqazı Avropa ilə birləşdirən kəmər

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub.

Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Uzunluğu 1850 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək (bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək). Sonradan TANAP-la ötürülən qazın həcminin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı bölgəmiz və Avrasiya üçün önəmli amildir”

Məlum olduğu kimi Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP Türkiyə ərazisindən keçir. Şübhəsiz Türkiyənin, xüsusən də prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi olmadan nəinki bu boru xəttinin, ümumilikdə, Cənub Qaz Dəhlizi layihəsinin rellaşdırılması mümkün olmazdı. Prezident İlham Əliyevin TANAP-ın açılış mərasimində çıxışı zamanı söylədiyi fikirlər də bunu təsdiq edir. İki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq xarakteri daşıdığını deyən dövlət başçısı Türkiyə-Azərbaycan birliyini yüksək qiymətləndirib:

“Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir”.

“XXI əsrin enerji tarixini birlikdə yazırıq”

TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü kimi dəyərləndirən Prezident İlham Əliyev sözügedən layihəni Türkiyə ilə Azərbaycanın növbəti zəfəri, TANAP-ı isə tarixi layihə adlandırıb:

“Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir.

Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.

“Həyata keçirilən layihələrin arxasında düşünülmüş siyasət və güclü iradə dayanır”

TANAP-ın Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi birinci layihə olmadığını xatırladan dövlət başçısı bunun arxasında düşünülmüş siyasət, güclü iradə və iki ölkə arasında olan qardaşlıq münasibətlərinin dayandığını vurğulayıb:

“Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.

“TANAP enerji təhlükəsizliyi üçün əvəzolunmaz infrastruktur layihəsidir”

Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparıldığını və bir çox tədbirlər keçirildiyini deyən Prezident İlham Əliyev bunların nəticəsiz qalmasını təəssüf hissi ilə qeyd edib:

“Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük.

TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir

TANAP-ın daxil olduğu Cənub Qaz Dəhlizindən danışan dövlət başçısı yaxın iki ildə bütün işlər tamamlandıqdan sonra Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq:

“Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

 “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir”.

“Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaratdı”

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil etdiyini də sözlərinə əlavə edib:

“Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.

“TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir”

TANAP-ın əhəmiyyəti beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” hesabında TANAP-ın Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olduğunu yazıb.

“TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”, - deyə M.Şefçoviç bildirib.

“Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. Cənub Qaz Dəhlizi enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib.

“TANAP Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir”

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk bildirib ki, TANAP Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir.

TANAP layihəsinin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən S.Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”.

Digər enerji layihələrinin TANAP-a birləşməsini də qiymətləndirən S.Oudkirk bildirib ki, bu layihənin infrastrukturu inkişaf etdirilə və genişləndirilə bilər. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və iki dəfəyədək artırmaq mümkündür.

Enerji mənbələrinin kommersiya üstünlüyü təmin etmək baxımından yeni əməkdaşlıqlar yarada biləcəyini qeyd edən ABŞ rəsmisi deyib: “TANAP-ın istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır. Azərbaycan təbii qazını bazara çatdırması üçün də yaxşıdır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir”.

“TANAP-ın əhəmiyyəti vaxt keçdikcə daha  da artacaq”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə deyib ki, Azərbaycanın və Türkiyənin güclü iradəsi sayəsində həyata keçirilən TANAP-ın əhəmiyyəti bu gün nə qədərdirsə, vaxt keçdikcə daha  da artacaq:

“Çünki layihənin həcmi böyüdükcə, bu işin Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini hamı görəcək. Təsəvvür edin ki, söhbət Avropanın enerji ilə təmin edilməsində tələb və təhlükəsizliyin paralel şəkildə yürüməsindən gedir.

Bu layihə Azərbaycanı həm iqtisadi, həm də geostrateji baxımdan dünya enerji bazarının önəmli oyunçularından biri halına gətirib. Layihənin həyata keçirilməsində Türkiyə və BP ilə çox ahəngdar şəkildə əməkdaşlıq edən Azərbaycanın 2020-ci ildə TAP layihəsinin də vaxtından əvvəl başa çatdırılması üçün öz üzərinə götürdüyü məsuliyyətin altından uğurla çıxacağı artıq qətiləşib”.

Babək Cahandarov

Paylaş:
1143

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər