Strateji hədəflərə doğru: Prezidentin andiçmə mərasimindəki nitqinin əsas tezisləri | 1news.az | Xəbərlər
Siyasət

Strateji hədəflərə doğru: Prezidentin andiçmə mərasimindəki nitqinin əsas tezisləri

15:52 - 24 / 04 / 2018
Strateji hədəflərə doğru: Prezidentin andiçmə mərasimindəki nitqinin əsas tezisləri

Azərbaycanda növbəti dəfə Prezident seçilən İlham Əliyevin parlamentdə andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitqini ekspertlər böyük maraqla qarşılayıb. Dövlət başçısı xeyli sayda yeni çox dəyərli tezislər səsləndirib, dərin təhlillər aparıb.

İlham Əliyev Azərbaycanın son 15 ildə dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi siyasətin geniş və əhatəli təhlilini verib. Həmin kontekstdə əldə edilən uğurların səbəblərini göstərib. Azərbaycanın daxili və xarici siyasətinin bir sıra mühüm aspektlərini ifadə edib. Bunlarla yanaşı, beynəlxalq aləmdə ölkəmizin getdikcə artan nüfuzundan bəhs edib və qarşıda dayanan perspektivləri vurğulayıb. Ölkə rəhbəri dövlətimizin əldə etdiyi bütün uğurların kökündə müstəqilliyə qovuşmağımızın dayandığını diqqətə çatdırıb. Müstəqilliyin nə demək olduğunu Azərbaycan xalqı yaxşı başa düşür və onu heç zaman əldən verməz. Bu kimi məsələlərlə əlaqədar Prezidentin ifadə etdiyi fikirlər üzərində bir qədər geniş dayanmaq istərdik.

Müstəqil dövlət quruculuğu: Azərbaycan modelinin üstünlükləri

Müstəqil dövlət quruculuğunun xüsusi siyasi ustalıq tələb etdiyi mütəxəssislər üçün çoxdan aydındır. Burada söz demək yetərli deyil, əməldə hər şeyi sübut etmək zəruridir. Dövlət quruculuğu konkret fakt tələb edir – real uğurlar olmalıdır. Keçmiş sovet məkanında müstəqilliyini əldə etmiş ölkələrə qısa ümumi nəzər salsaq, ifadə etmək istədiyimiz fikrə daha konkret məzmun verə bilərik.

Rusiya, Qazaxıstan və Belarus müsbət istiqamətdə dövlət quruculuğu prosesi aparırlar. Burada Rusiya hətta istisnadır, çünki o, əsrlərdir mövcud olan imperiyanın varisidir. Həqiqət budur. Mərkəzi Asiyanın digər dövlətləri qarşısında dövlət quruculuğu aspektində hələ çox vəzifələr dayanır və orada tam aydınlıq yoxdur. Ukrayna od içindədir. Moldovada siyasi mühit qeyri-müəyyəndir, orada qüvvələr arasında ziddiyyətlər az deyil. Gürcüstan iki bölgəsini itirib və geosiyasi seçimində birtərəfli mövqe tutduğu hamıya məlumdur. Bu yolla getsə, ən böyük qonşusu olan Rusiya ilə münasibətlərin gələcək taleyi sual altına düşə bilər.

Ermənistan müstəqil dövlət quruculuğu prosesini ən pis forma və məzmunda aparan ölkə kimi tanınmaqdadır. Real olaraq onu Rusiyanın forpostu hesab edirlər və bunda haqlıdırlar. Ermənistan hakimiyyətinin yeritdiyi daxili və xarici siyasət tam iflasa uğrayıb. İndi bu qondarma dövlət iğtişaşlar içindədir. Bir zamanlar monolitliyi ilə öyünən erməni cəmiyyəti indi bir-birini didən siyasi qüvvələrin meydanına çevrilib. Onların hər biri xalqın adından danışırlar. Belə çıxır ki, əslində, Ermənistanda xalq deyilən bir məfhum yoxdur – kütlə, kim hara itələyir, ora gedir. Cənubi Qafqazda vassal dövlət olan Ermənistanda müstəqil dövlət quruculuğu baş tutmayıb.

Azərbaycanda isə dövlət quruculuğu prosesində tamamilə fərqli nəticələr əldə edilib. Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, ən ağır daxili siyasi və geosiyasi vəziyyətdən nəinki çıxa bilib, hətta başqaları üçün nümunə ola biləcək müstəqil dövlət quruculuğu kursu müəyyənləşdirib. Doğrudan da Azərbaycan qədər bu məkanın elə bir ikinci ölkəsi yoxdur ki, total surətdə xarici təcavüzə məruz qalsın. Forpost Ermənistanı dünyanın böyük dövlətləri Azərbaycanın üstünə saldılar. Qısa müddətdə ölkənin 20 faiz ərazisi işğal edildi. Hətta düşmənin planlarında Azərbaycanı parçalamaq kimi qəddar elementlər varmış.

Lakin Azərbaycan xalqı yüksək iradə və müdriklik nümayiş etdirərək öz xilaskarını düzgün müəyyənləşdirdi. Xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev dövlətə yenidən rəhbərlik etməyə başladı. Heydər Əliyev müstəqil dövlət quruculuğu kursunu ən incə məqamlarına qədər hazırladı və sistemli olaraq həyata keçirməyə başladı. Ulu öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev böyük uğurla davam etdirir.

Hazırda Azərbaycan müstəqil dövlət quruculuğunun bütün sahələri üzrə böyük uğurlar əldə etmiş ölkədir. Sosial, siyasi, hərbi, iqtisadi, enerji, regional və qlobal əməkdaşlıq, yeni əlaqələr infrastrukturunun yaradılması, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi və digər sahələrdə Azərbaycan rəhbərliyi konkret proqramlar həyata keçirir və bu proses bütün sürəti ilə davam edir. Görülən işlərin miqyası elədir ki, o barədə geniş analizlər aparmağa ehtiyac vardır. Çünki Azərbaycan təcrübəsi bütün dünya üçün maraqlıdır. Bu səbəbdən həmin mövzuya dəfələrlə qayıtmaq lazım gəlir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində söylədiyi nitq bu baxımdan olduqca əhəmiyyətlidir. Dövlət başçısı çıxışı zamanı son 15 ildə dövlət quruculuğunun bütün sahələri üzrə əldə edilən nailiyyətlər haqqında dolğun və maraqlı surətdə fikirlərini ifadə edib. Orada ifadə olunan bir sıra tezislərin təhlili dövlət quruculuğu kursunun əsas məqamlarını dərk etməyə yardımçı ola bilər (bax: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi / AZƏRTAC, 18 aprel 2018).

Xalq və lider: siyasətçinin güc mənbəyi

Prezident İlham Əliyev nitqinə çox əhəmiyyətli bir məqamla başlayıb. Dövlət başçısı fəaliyyətində ona böyük güc verən qüvvəni açıq ifadə edib. Prezident deyib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" (bax: əvvəlki mənbəyə). Bu fikir faktiki olaraq İlham Əliyevin səmərəli fəaliyyətinin başlıca səbəbini açır. Prezident öz xalqına güvənir, ona xidmət edir və bu səbəbdən xalqdan daim dəstək görür. Siyasətçinin ilham mənbəyi xalq olanda gücü birə min artır, çünki bilir ki, arxasında bütün cəmiyyət dayanıb. Bu fikir həm də bir sıra siyasətçilərin yanlış yol seçdiyini təsdiqləyir.

Biz, xaricdəki müəyyən dairələrdən göstəriş alıb, onların verdikləri qrantlar hesabına hakimiyyətə gəlmək xülyasına düşənləri nəzərdə tuturuq. Bu yolla ölkəyə rəhbərlik etməyin sonu həmişə faciədir. Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəllərində həmin acı təcrübəni yaşadı. Həmin vəziyyətin bir daha təkrar olunmasına xalq imkan verməz. İlham Əliyev bununla bağlı nitqində vurğulayıb: "Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun" (bax: əvvəlki mənbəyə).

Bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz iradəsi hesabına müstəqil dövlətçiliyi qoruyur və dövlət başçısının fəaliyyətinə tam dəstək verir. Heç bir kənar qüvvə xalqı bu yolundan döndərə bilməz. Seçicilər hər şeydən öncə tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs veriblər. Cəmiyyət görülən işlərə müdrikcəsinə yüksək qiymət verib. Seçkilər isə tam ədalətli və şəffaf keçib. Bunu həm seçkinin nəticəsi ilə bu prosesdən əvvəl yerli və beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularının göstəriciləri, həm də müşahidəçilərin fikirləri sübut edir. "Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir" (bax: əvvəlki mənbəyə). Dövlət başçısının bu fikri Azərbaycan cəmiyyətinin daha dərində olan bir xüsusiyyətini əks etdirir.

Məsələ ondan ibarətdir ki, xalq təsadüfən İlham Əliyevə etimad göstərmir. Hələ 2003-cü ildə, Prezident seçkiləri ərəfəsində İlham Əliyev demişdi ki, "əgər mənə xalq etimad göstərərsə, mən Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm" (bax: əvvəlki mənbəyə). İlham Əliyev sözlünə əməl etdi, xalq ona inandı və dəstəklədi. Yəni lider verdiyi sözə konkret əməl edir, daim müstəqil dövlətçiliyin inkişafı üçün çalışır, həmin səbəbdən də bütün cəmiyyət ona etibar edir. Buradan məntiqi nəticə alınır ki, Azərbaycanda xalqla iqtidar vəhdətdədir. İlham Əliyev vədinə həmişə dəqiq əməl edən dürüst siyasi lider imicini qazanıb və cəmiyyət də bunu obyektiv qiymətləndirib. Bütün bunların nəticəsidir ki, "Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur" (bax: əvvəlki mənbəyə).

Uğurlar: daxili və xarici faktorların işığında

Təbii ki, son 15 ildə qazanılan uğurlar haqqında çox faktlar gətirmək olar. Prezident İlham Əliyev onları qısa və dəqiq formada nitqində ifadə edib. Əldə edilən nailiyyətlər daxili siyasətin bütün aspektlərini, xarici siyasətin istiqamətlərini və təhlükəsizliyin təmini məsələsini əhatə edir. İqtisadi sferada sürətli inkişaf baş verib. Qeyri-neft sektorunun inkişafı prosesi sürətlənib və daha geniş miqyas alıb. Əhalinin rifah halı xeyli yaxşılaşıb. Əmək haqları və pensiyalar artırılıb. Bir-birinin ardınca strateji əhəmiyyətli enerji layihələri reallaşdırılıb. Azərbaycan faktiki olaraq Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. Qərb-Şərq, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir.

Bunlardan başqa, əhalinin sosial müdafiəsində, insan haqlarının qorumasında və multikultural mühitin yaradılmasında Azərbaycan uğurlu addımlar atıb. Bunların nəticəsində inkişaf üçün əsas təminat olan daxili sabitlik yaradılıb. Sabitlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Çünki həmişə kənardan təsirlər nəticəsində cəmiyyətdə tarazlıq pozulur və ölkəni inkişafdan yayındıran vəziyyət yaranır.

Bu bağlılıqda Prezident İlham Əliyev konkret fikir ifadə edib. Dövlət başçısı nitqində vurğulayıb: "Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür" (bax: əvvəlki mənbəyə).

Prezidentin bu fikirlərini təsdiq edən kifayət qədər faktlar vardır. Məsələn, hazırda Suriya və İraqda baş verənləri görürük. Başqa regionlarda da bir ölkənin vətəndaşları bir-birlərinə qarşı silah işlədirlər. Son illərdə Avropada belə qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri baş verib. Son olaraq Ermənistanda insanlar küçələrə axışıb Serj Sarkisyanın istefasını tələb edirdilər. Artıq özünü "lider" adlandıran bu adam istefa verib. Bir qədər əvvəl isə ağızdolusu uğurlarından, dövlət quruculuğundan dəm vururdu. Deyirdi ki, Ermənistanı təhlükəsiz inkişaf xəttinə çıxarmadan vəzifədən ayrılmayacaq. İstefa isə onu göstərdi ki, S.Sarkisyan haqsızdır. Özü də bunu etiraf edib. Deməli, Dağlıq Qarabağla indiyə qədər dedikləri də haqsızlıqdan başqa bir şey deyildir.

Bunlar bir daha göstərir ki, daxili sabitliyi təmin etmək və onu davamlı prosesə çevirmək müdrik siyasət tələb edir. Hər hansı ölkədə sabitliyin təminatçısı xalqla iqtidarın birliyidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev ayrıca vurğulayır ki, "Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir" (bax: əvvəlki mənbəyə).

Siyasi mübarizə mədəniyyəti və milli ideya: Azərbaycanın nailiyyəti

Bu bağlılıqda dövlət başçısının da xüsusi qeyd etdiyi bir məqamı vurğulamaq yerinə düşərdi. Daxili sabitliyin davamlı olmasında siyasi mübarizə mədəniyyətinin mövcudluğu ciddi əhəmiyyət kəsb edir. Son 15 il ərzində bu istiqamətdə də xeyli irəliləyiş müşahidə edilib. İlham Əliyev ayrıca qeyd edib ki, son Prezident seçkiləri də bunu təsdiq edib. Ölkə rəhbəri konkret olaraq ifadə edib: "Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm" (bax: əvvəlki mənbəyə).

Burada hər şeydən öncə, Azərbaycan Prezidentinin yüksək siyasi mədəniyyətə malik olduğu bir daha təsdiqini tapıb. Dövlət başçısı rəqibi olan namizədlərin tənqidi fikirlərini alqışlayır və onu müsbət hal kimi qiymətləndirir! Prezident həmin fikirlərə diqqətlə baxacağını və dəyərli olanları nəzərə alacağını açıq bəyan edir. Bu, demokratiyadır. Prezident İlham Əliyevin sağlam tənqidə və dəyərli təkliflərə tam açıq olduğunu göstərir.

Cəmiyyətdə müsbət dəyişikliklərin baş verməsinin siyasi idarəetmə ilə yanaşı, ideoloji əsasları da vardır. Azərbaycan xalqının birlik nümayiş etdirməsində milli ideologiyanın əvəzsiz rolu olub. Prezident İlham Əliyev bu məqamı da ayrıca vurğulayıb və deyib ki, azərbaycançılıq məfkurəsi ölkədə tam bərqərar olub və "Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib". O cümlədən Azərbaycanda dinlər və millətlərarası münasibətlər daxili sosial və mənəvi harmoniyanı təmin etməkdədir. Ölkədə yaşayan insanlar bir ailə kimi mehribanlıq şəraitində yaşayırlar.

Şübhə yoxdur ki, bundan sonra da belə olacaqdır. Prezident İlham Əliyevin siyasəti bu istiqamətdə uğurlu addımlar atmağa bundan sonra da imkan yaradacaq. Dövlət başçısı həmin istiqamətdə qətiyyətli olduğunu nitqində konkret fikirlərlə ifadə edib: "…Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri elan olunmuşdur" (bax: əvvəlki mənbəyə).

Müstəqillik və xarici siyasət: Prezidentin müdrikliyi və qətiyyəti

Daxili siyasətdə əldə edilən bu nailiyyətlər xarici siyasət sahəsində qazanılan uğurlarla bir vəhdət təşkil edir. 15 ildə Azərbaycan xarici siyasətin bütün prioritet istiqamətləri üzrə böyük nailiyyətlər əldə edib. Bunu sübut edən çoxlu sayda faktlar mövcuddur. Təsadüfi deyildir ki, indi Azərbaycanın çox müsbət beynəlxalq reputasiyası vardır. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul ediblər.

Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti çox geniş olub, getdikcə daha da intensivləşir və dərinləşir. Bu bağlılıqda dünyanın 155 ölkəsinin Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasına üzv seçməsi ayrıca yer tutur. Haqlı olaraq dövlət başçısı bunu Azərbaycan diplomatiyasının böyük uğuru adlandırır. Çünki, "bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir" (bax: əvvəlki mənbəyə).

Xarici siyasətdə əldə edilən digər nailiyyət Azərbaycanın yeni regional əməkdaşlıq formatları təklif etməsi ilə bağlıdır. Burada Prezidentin vurğuladığı kimi, əsas məntiq ondan ibarətdir ki, ikitərəfli əməkdaşlığa elə məzmun vermək gərəkdir ki, çoxtərəfli əməkdaşlığa şərait yaransın. Prezident İlham Əliyev irəli sürdüyü yeni əməkdaşlıq formatları ilə bunu tam təsdiq edib. Üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları daha geniş miqyasda əməkdaşlıq üçün münbit zəmin hazırlayıb. Dövlət başçısı bununla bağlı deyib: "Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir" (bax: əvvəlki mənbəyə).

Azərbaycan rəhbərliyinin aktiv diplomatik addımları ölkənin "Yeni İpək Yolu" layihəsinin əsas iştirakçı dövlətlərindən biri olmasını təmin edib. Hazırda bu layihə çərçivəsində konkret işlər həyata keçirilir. Bundan sonra da həmin istiqamətdə Azərbaycanın fəaliyyətini inkişaf etdirəcəyinə şübhə yoxdur.

Bütün bunların fonunda Prezident İlham Əliyevin daha bir fikri çox dəyərli və aktualdır. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsinin mühüm şərt olduğunu bir daha diqqətə çatdırıb. Bu mənada Azərbaycanın ərazi bütövlüyü məsələsi heç cür müzakirə mövzusu ola bilməz. Hətta Prezident İlham Əliyev məsələni daha geniş kontekstdə qoyub. Ölkə rəhbəri qətiyyətlə bəyan edib: "Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir" (bax: əvvəlki mənbəyə).

Şübhə yoxdur ki, bu fikirləri ilə İlham Əliyev hər bir sözünün arxasında durduğunu bir daha dünyaya bəyan edir. Bir qədər əvvəl İrəvanın Azərbaycan şəhəri olduğu barədə fikir bildirmişdi və ona bir sıra dairələr çox təlaşlı reaksiya vermişdilər. İndi dövlət başçısı daha geniş aspektdə məsələyə yanaşaraq, əslində, bütövlükdə Ermənistanın Azərbaycan torpaqları üzərində yaradıldığını bəyan edir. Bu, bu qondarma dövlətin kim tərəfindən və hansı məqsədlərlə yaradıldığı sualını da ortaya atır. Tarix elmi bu kimi suallara cavab tapmalıdır. Yəni həmin mövzuda elmi cəhətdən tutarlı tədqiqatlar davam etdirilməlidir. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər elmi cəhətdən sübut olunmuş faktlara əsaslanır. Deməli, Azərbaycan öz tarixi və təbii haqlarını tələb etməkdə israrlıdır. Dövlət başçısının bu cür mövqeni qətiyyətlə ortaya qoyması və bunu andiçmə mərasimində ifadə etməsi ayrıca qürurverici haldır! Təbii ki, xalq belə rəhbərini daim dəstəkləyər və ona güc verər!

Nəhayət, Prezident nitqini olduqca əhəmiyyətli bir ideya ilə yekunlaşdırıb. Prezident İlham Əliyev əldə edilən hər bir uğurun kökündə Azərbaycanın müstəqil olmasının durduğunu xüsusi qeyd edib. Azərbaycan xalqı müstəqilliyin üstünlüklərini əyani olaraq görür. Buna görə də "Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik" (bax: əvvəlki mənbəyə).

Bu cür müdrik ideyalarına görə, bizə Azərbaycan Prezidenti İlham Əliyevi alqışlamaq və onun tapşırıqlarını, tövsiyələrini dəqiq yerinə yetirmək qalır!

Newtimes.az

Paylaş:
450

Son xəbərlər

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07
Bütün xəbərlər