1news.az

Siyasi qətlin diaqnozu - Terror! - Deputat yazır

17 İyul saat 16:45 ~ 5 dəqiqəlik oxu 49
Siyasi qətlin diaqnozu - Terror! - Deputat yazır

Preziden İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirib, hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb. Heç şübhəsiz, Prezidentin Gəncə iğtişaşlarına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırıb.

1news.az  xəbər verir ki, bunu Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov Facebook səhifəsində yazıb.

Qeyd edib ki,  bir qrup ekspertə görə, terrorçular qətllər törətdiyinə, adamları girov götürdüyünə, təyyarələri qaçırdığına və digər qanunazidd əməllərə imza atdıqlarına görə onları daxili və beynəlxalq hüquq prinsiplərinə əsasən adi cinayətkar hesab etmək və barələrində həbs qətimkan tədbiri seçmək olar:

“Digər qrup ekspert isə terrorizmi hərbi əməliyyat, müharibənin bir forması kimi dəyərləndirir və ya onunla milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyurlar.
Şübhəsiz ki, terror aksiyası prosesi adi cinayət əməli ilə də müşayiət oluna bilər. Eyni zamanda cinayətkar elementlər terror taktikasından da istifadə edə bilərlər. Burada bir nüansı nəzərdən qaçırmaq olmaz. Cinayətkarlıq şəxsi maraqların təminatına xidmət edir. Bu halda terror taktiki vasitə kimi ikinci dərəcəli rol oynayır və əsas məqsədin reallaşmasına- zənginlənməyə, varlanmağa xidmət edir”.


Deputat vurğulayıb ki, terrorçular isə hər şeydən əvvəl, siyasi məqsədlərinə çatmaq üçün, məsələn, bu və ya digər təşkilata mənsub olan məhbusların azad olunmasında, bu və ya digər məsələdə mövqelərini dəyişmək üçün hakimiyyətə təzyiq göstərilməsində və s. zorakılıqdan istifadə edirlər:

“Onu da qeyd edək ki, adi cinayətkarlardan fərqli olaraq terrorçular əksər hallarda cinayətlərini gizlətmir və törətdikləri qanunazidd əməllərə görə məsuliyyəti öz üzərlərinə götürərək daha geniş ictimai rezonansa nail olurlar.

Eyni fikirləri terrorizm ilə müharibə və ya terrorçuluq ilə milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyulması ilə bağlı cəhdlər haqqında da söyləmək olar. Onları birləşdirən ümumi cəhət hər birinin siyasi zorakılığın müxtəlif formaları olmasıdır. Ayıran fərqli cəhət isə ondadır ki, istənilən hərbi münaqişədə tərəflərin mübarizəsi, hər şeydən əvvəl, mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı aparılır. Terrorçular üçün isə əsas hədəf məhz mülki əhalidir.

Milli-azadlıq hərəkatına gəldikdə isə qeyd olunmalıdır ki, o əhali tərəfindən daha geniş müdafiəsi və kütlələrin bu mübarizədə yaxından iştirakı ilə xarakterizə olunur. Terrorçular isə kütlədən kənarda fəaliyyət göstərir, onların törətdikləri qanlı terror aktları əhali tərəfindən müdafiə olunmur. İstisna olunmur ki, müharibə və ya milli-azadlıq mübarizəsi gedişində terror aksiyaları da törədilə bilər, lakin bu halda o yeridilən strategiyanın əsas həlqəsi deyil, müşayiətedici elementi qismində çıxış edəcəkdir.

Göründüyü kimi, terrorçuluq zahiri əlamətləri və təzahür formaları baxımından olduqca mürəkkəb fenomen olmaqla bir çox xüsusiyyətləri baxımından adi cinayətkarlığa da, müharibənin və ya milli-azadlıq mübarizəsinin xüsusi formasına da bənzəyir. Lakin bu oxşarlıq zahiri və vizual məzmun daşıyır.
Terrorçuluqun mahiyyəti ilə bağlı araşdırmalar onun aşağıdakı özünəməxsus xüsusiyyətlərini göstərməyə imkan verir:
Birincisi, praktiki olaraq bütün mütəxəssislər hesab edirlər ki, terrorçuluq, hər şeydən əvvəl, mütəşəkkil zorakılığın formalarından biridir.
İkincisi, terrorçuluq-gücün siyasi məqsədlərlə istifadəsidir, başqa sözlə, o, siyasi zorakılığın spesifik formasıdır.
Üçüncüsü, terror aksiyaları daha geniş ictimai rezonans üçün hesablanır. Nə qədər paradoksal görünsə də, bu bir həqiqətdir ki, terror aksiyasında əsas məqsəd konkret şəxsə və ya topluma fiziki ziyan vurmaq deyil, cəmiyyətdə qorxu və xaos aşılamaqla planlarının realizə olunması üçün maksimum əlverişli şəraiti təmin etməkdən ibarətdir.


Beləliklə, terror aksiyasında üç müxtəlif tərəf iştirak edir. Birincisi, terror aksiyasını törədən tərəfdir. İkincisi, bu aksiyanın qurbanı və ya qurbanlarıdır; üçüncüsü isə, qorxudulan və ya sonrakı davranışı zorla müəyyənləşdirən tərəfdir.

Yuxarıdakı məntiqə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, terror aksiyasında birinci tərəfin hədəfi, əslində, üçüncü tərəfdir.
Yeri gəlmişkən, sadalanan üç tərəfin konfliktdə iştirakı terrorçuluğu cinayətkarlığın digər formalarından fərqləndirən mühüm cəhətlərdən biridir.
Terrorçuluqun beynəlxalq aləmə məlum olan əsas xüsusiyyətlərinin yuxarıdakı təqdimatı bir daha təsdiqləyir ki, Gəncə şəhərində məhz terror aktları törədilmişdir.

Sonda onu da xüsusi olaraq vurğulayaq ki, müasir terrorçuluqun əsas xüsusiyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır. Mahiyyəti etibarilə o, virus tipli və deməli epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur. Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında- terrorçuluqla mübarizədə vahid orqanizmin-sivil dünyanın immuniteti gücləndirilməlidir. Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır. Deməli, eyni məntiqlə də Gəncədə törədilmiş terror aktlarına münasibətdə beynəlxalq ictimaiyyətin susqun deyil, obyektiv və yekdil movqeyi ortaya qoyulmalıdır. Azərbaycan ictimaiyyətinin belə bir ədalətli mövqeyi gözləməyə haqqı vardır".

1news.az

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net