Səfir Fuad İsgəndərov: "Azərbaycana qarşı tənqid sifarişlidir" | 1news.az | Xəbərlər
Müsahibə

Səfir Fuad İsgəndərov: "Azərbaycana qarşı tənqid sifarişlidir"

13:55 - 04 / 10 / 2017
Səfir Fuad İsgəndərov: "Azərbaycana qarşı tənqid sifarişlidir"

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Avropa məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" xəbər portalına müsahibə verib. 1news.az müsahibəni təqdim edir

-“Azerbaijan laundromat” açıqlamaları ümumən müsbət olan Azərbaycan – Aİ əlaqələri gündəliyinə kölgə salır. Məsələnin mahiyyətinə aydınlıq gətirə bilərsinizmi?

-İlk öncə qeyd etmək istərdim ki, heç nə medianın təqdim etməyə çalışdığı kimi pis deyil. Azərbaycan həqiqətən də bir çox sahələrdə Avropaya getdikcə daha da yaxınlaşır. Biz hazırda dörd elementdən ibarət yeni Cənub Qaz Dəhlizinin tikilməsi istiqamətində çox ciddi işləyirik. “Şah Dəniz -2” hasilat həlqəsi artıq 90%-dək yekunlaşıb, habelə Azərbaycandan Gürcüstana uzanan hissə də təxminən eyni həcmdə başa çatıb. Türkiyə ərazisi boyu keçən TANAP-ın 86-87%-i icra edilib və daha sonra Yunanıstan, Albaniya və İtaliyadan keçən Trans-Adriatik boru xətti üzrə işlər də yaxşı gedir. Hazırda siyasi dialoqumuzun inkişaf etdirilməsi üçün çox yaxşı iqtisadi və ticarət bazası mövcuddur. Burada söhbət yalnız enerji təhlükəsizliyindən və Azərbaycanın Avropanı enerji ilə təchiz etməsindən getmir. Belə ki, biz bu Cənub Qaz Dəhlizinin tikilməsini müstəsna siyasi dialoq üçün çox güclü özül kimi dəyərləndiririk.

Şərq Tərəfdaşlığı üçün ən problemli məsələ nədən ibarətdir?  Əksər hallarda bu, Avropa İttifaqının 6 müxtəlif ölkə üzrə ikitərəfli əlaqə çərçivələrinin bir araya gətirilməsi ilə bağlıdır. Konkret olaraq Cənub Qaz Dəhlizi layihəsinə Avropa İttifaqının enerji məsələləri üzrə strateji tərəfdaşı Azərbaycan, assosiativ tərəfdaş Gürcüstan, üzv ölkə Yunanıstan, namizəd ölkə Albaniya və digər üzv ölkə İtaliya cəlb ediliblər. Baxın, belə bir geniş əhatəli layihə ilə biz məhz Şərq Tərəfdaşlığı layihəsinin ehtiyac duyduğu məqamı – uğurlu layihə idarəçiliyini ortaya qoyuruq. Bu, Azərbaycanın ikitərəfli əlaqələri üçün müstəsna əhəmiyyət kəsb edir, belə ki, bu güclü ticarət-iqtisadi özül üzərində biz təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əsasda siyasi dialoq qurmağa çalışırıq. Çünki bu halda biz hamımız bir yerdəyik.

Biz Avropaya nə qədər çox yaxınlaşırıqsa, o qədər də çox tənqid eşidirik. Təəssüf ki, bu, əksər hallarda süni və əsassız xarakter daşıyır. Biz bu cəhdlərin arxasında kimin durduğundan xəbərdarıq. Həm Avropa, həm Azərbaycan tərəfi bir-biri ilə daha güclü əlaqələrin tərəfdarıdır. Azərbaycanın Avropa bazarına yaxınlaşması həm Azərbaycanın, həm də  enerji təchizatı və təhlükəsizliyi baxımından Avropanın xeyrinədir. Avropaya yaxınlaşmaq siyasi baxımdan da bizim üçün önəmlidir, belə ki, bu, Avropa dəyərlər məkanına yaxınlaşmaq deməkdir. Lakin, belə inkişafın, Azərbaycanın Aİ ilə yaxınlaşmasının qarşısının kəsilməsini istəyən qüvvələr həmişə var.

Sizin məlumatınız üçün, biz Avropa ittifaqı ilə yeni saziş üzrə danışıqlara bu ilin fevral ayında başlamışıq və bundan ötən qısa müddət - cəmi 3 ay ərzində danışıqların 5 raundu keçirilib ki, bu, ŞT ölkələri ilə əlaqələrdə indiyədək müşahidə olunmamışdır. Bu, hər iki tərəfin nə qədər istəkli olduğunun göstəricisidir.

Bu tənqidlər dalğası nə vaxt baş verdi? Sentyabrın əvvəlində, yəni Şərq Tərəfdaşlığının Brüssel sammitinə hazırlıqların başladığı vaxtda. Beləliklə, bu 3 element Azərbaycan – Aİ əlaqələrinin oponentlərini narahat edir. Buna görə də onlar bu tənqidlərdən, yenə də deyirəm əksər hallarda süni tənqidlərdən əlaqələri pozmaq, dağıtmaq, ən azından isə bəzi siyasi qərarları təxirə salmaq məqsədilə istifadə edirlər.

- “Azərbaijan laundromat” adı altında media açıqlamaları iddia edir ki, ölkənizin müsbət imicinin formalaşdırılması, həmçinin insan hüquqlarının pozulması və ya jurnalistlərin həbsini unutdurmaq üçün ölkəniz Avropa İttifaqı siyasətçilərinə ofşor şirkətlər üzərindən 2.9 milyard avro vəsait istifadə edib. Buna nə cavab verərdiniz?

 -“Landromat” - bu nə anlama gəlir? Bu tamamilə süni, saxta addır. Sadəcə bir nümunə gətirim: Biz Belçika mətbuatına öz pres-relizimizi göndərdik, belə ki, bu cür məlumatlar Belçika mətbuatında da peyda olmuşdur. Orada deyilirdi ki, ekskavator, tibbi avadanlıq, bir sıra infrastruktur cihazları, diş müalicəsi avadanlıqları, zərgərlik əşyaları kimi bir sıra malların satın alınması üçün ofşor zonalardan 1 milyon 300 min avro həcmində maliyyə əməliyyatları aparılıb. Qeyd etmək lazımdır ki, bu kimi avadanlıqlar Azərbaycanın fərdi istehlakçıları tərəfindən Belçikadan elə Avropa İttifaqında yerləşən ofşor şirkətlər üzərindən satın alınıb. Bu alqı-satqının göstərilən kanallar üzərindən həyata keçirilməsinin səbəbi isə odur ki, bu məhsulların Avropa İttifaqı ilə mövcud ticarət rejimi ilə əldə edilməsi nisbətən mürəkkəb hal alır, bəzi hallarda prosedurların sadəliyi baxımından Azərbaycan və digər gənc müstəqil ölkələrin fərdi şəxs və şirkətlərinə ofşor şirkətlər üzərindən əməliyyatlar aparmaq daha sərfəli gəlir.

Biz ümid edirik ki, Avropa İttifaqı ilə yeni saziş ticarət və şirkətlər arasında birbaşa maliyyə əməliyyatlarının aparılması üçün imkanlar yaradacaqdır. Belçikadakı səfir kimi onu deyə bilərəm ki, Belçikada aparılan əməliyyatlar qətiyyən qeyri-qanuni xarakterə malik olmayıb, heç bir vəsait terrorizm və ya korrupsiyaya yönəlməyib, eləcə də narkotik vasitələrin alqısına sərf olunmayıb. Lakin nədənsə bütün bunlar çirkli pulların yuyulması kimi təqdim olunub və buna süni ad qoyulub. Bizim məsələ ilə bağlı pres-relizimiz Belçika mətbuatında dərc olunduqdan sonra heç kəs bu məsələyə bir daha qayıtmadı. Bu bizim açıqlamalarımızın doğruluğunu göstərdi. Düşünürəm ki, biz belə izahları çox tapa bilərik və əgər bu məlumatların süni olması haqqında fikirlərimin səbəblərini məndən soruşsanız hadisələrin baş vermə tarixi və məntiqi sualınızı cavablandıracaqdır. Sentyabrın 5-i “Guardian” qəzetində erməni müəllifin imzası ilə “landromat” adı altında Azərbaycanla bağlı ilk kəskin tənqidi məqalə çıxır, cəmi bir neçə gün sonra eyni qəzetdə bu dəfə Cənub Qaz Dəhlizi və Trans-Adriatik qaz kəməri layihəsi ilə bağlı növbəti məqalə çıxır. Daha sonra Avropa Parlamenti dünyadakı insan hüquqları və korrupsiya ilə bağlı hesabat layihəsinə yalnız ölkəmizlə bağlı tənqidi, hətta mən deyərdim təhqiredici ifadələr daxil edir. Özünüz fikirləşin, BMT-in 193 üzv ölkəsi var və Avropa Parlamentinin hesabatı ümumilikdə dünyadakı vəziyyəti əhatə etməli idi amma sənəddə bir ölkənin adı çəkilir. Onu da bildirim ki, Azərbaycanla bağlı düzəliş səslərin çox kiçik fərqi ilə sənədə daxil edildi. Bu da onu göstərir ki, Azərbaycanla bağlı düzəliş təklifi süni idi və Azərbaycanın Avropaya yaxınlaşmaq, onunla işləmək, habelə Avropanın dəyərlər məkanı və bazarının hissəsi olmaq niyyətinə qarşı bəzi qüvvələr mövcuddur.

- Siz quraşdırma və çirkin kampaniya kimi səciyyələndirdiyiniz iddiaları rədd edirsiniz. Lakin Azərbaycanda bəzi dəyişikliklərə ehtiyac olduğunu qəbul edirsinizmi?

-İlk öncə qeyd edim ki, quraşdırma ifadəsindən istifadə etməmişəm. Onlar bəzi real köçürmələri çirkli pulların yuyulması kimi təqdim ediblər. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Məsələn, Belçikada səfir kimi izlədiyim mediada Azərbaycan hökumət üzvlərinin rəsmləri yayılır və bu, hökumətə aid məsələ kimi təqdim olunur. Lakin bu köçürmələr fərdlər, şirkətlər tərəfindən infrastruktur layihələri üçün nə isə almaq və ya satmaq üçün həyata keçirilib. Bunlar sadəcə maliyyə səciyyəli əməliyyatlardır və burada çirkli pulların yuyulması ilə əlaqəli heç bir şey yoxdur. Bu kampaniya bütün Avropa dövlətlərində eyni zamanda baş verib. Təsəvvür edin, bir həftə ərzində təkcə Belçika mətbuatında təxminən 15 məqalə dərc olunub. Bu şübhəli deyilmi, bu sifarişli deyilmi? Mən hesab edirəm ki, bunun sifarişli olduğu tam aydındır. Bir mərkəzdən sifariş edilib və bütün bu proseslərin arxasında müəyyən qüvvələr dayanır. Yenə deyirəm, onlar istədikləri hər şeyi edə bilərlər. Biz anlayırıq ki, Avropalı tərəfdaşlarımıza nə qədər yaxın oluruqsa, bu sıx tərəfdaşlığa qarşı belə addımlar daha çox olacaq. Çünki Azərbaycanın dünyada özünə düşüncə baxımından daha yaxın məkan, eləcə də dəyərlər məkanı və əlbəttə ki, bazar kimi Avropaya ehtiyacı var. Lakin Avropanın da öz qonşuluğunda Azərbaycana ehtiyacı var.

Yenicə Avropa Xarici Fəaliyyət Xidmətində Azərbaycanın müxtəlif dini təriqətlərinin təmsilçiləri ilə keçirilən görüşdən gəlmişəm. Ölkəmizdə hər kəs sülh və əminəmanlıq şəraitində yaşayır, çoxsaylı protestant, katolik xristianlar, yəhudi, sunni və şiələr arasında heç bir problemli məsələ yoxdur. Azərbaycandan hər hansı terror təhlükəsi və ya qeyri-qanuni miqrasiya, yaxud radikalizm barədə nəsə eşitmisiniz? Xeyr, Avropa İttifaqının bu qədər mürəkkəb qonşuluğa malik olduğu şəraitdə, 10 milyon əhalisi olan Azərbaycan proqnozlaşdırıla bilən, etibarlı, dünyəvi, bütün dinlərə hörmət bəsləyən tolerant dövlətdir. Nə üçün üzvlüklə bağlı heç bir romantik və idealistik gözləntiləri olmayan, Avropaya yaxın olmaq üçün aydın təsəvvürlərə malik bu gənc dövlət incidib təhqir edilməlidir?

-Həmçinin, Avropa Parlamenti Azərbaycanın və digər ölkələrin qanunsuz yollarla Avropa İttifaqının qərar qəbuletmə prosesinə təsir göstərməsinə cəhd etmə halları ilə əlaqədar hərtərəfli təhqiqatın keçirilməsi ilə bağlı səsvermə keçirib. Ölkənizin səsverməyə münasibəti necədir və belə bir təhqiqatla bağlı əməkdaşlıq edəcəksinizmi?

-Bir nümunə göstərəcəyəm və bununla hər şey aydın olacaq. 2009-cu ildən 2017-ci ilədək Avropa Parlamenti ölkəmlə bağlı 9  müstəsna dərəcədə tənqidi qətnamə qəbul edib. Necə düşünürsünüz? Bu o anlama gəlir ki, biz uğurlu lobbiçilik fəalliyyəti ilə məşğuluq? Onlar bizi lobbiçilik etməkdə günahlandırır? Əgər biz lobbiçilik etsəydik, əlimizdə hər hansı nəticə olardı, bunun əvəzinə bizim 9 tənqidi qətnaməmiz var.

Məlumat üçün deyim ki, Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı cəmi bir neçə qətnamə olduğu halda, Ermənistanla bağlı ümumiyyətlə qətnamə qəbul edilməyib, Azərbaycanla bağlı isə 9 tənqidi qətnamə qəbul edilib. Bu halda biz hansı lobbiçilikdən danışa bilərik? Bəzən dostlarımızdan məsləhətlər alırıq. Gənc ölkə olduğumuz üçün bu məsləhətlərə ehtiyacımız olur. Tənqidi qətnamələrin sayına görə ŞT ölkələri içərisində ilk sıradayıq, ona görə mən əminliklə deyə bilərəm ki, bu tamamilə yanlış yanaşmadır.

- Beləliklə, siz “Azərbaijan laundromat” iddialarına gətirib çıxaran bank köçürmələri ilə bağlı məlumatların sızdırılmasının arxasında xarici maraqlardan şübhələnirsiniz?

-Hansı sızdırılma barədə danışmağımızdan asılıdır. Təkrar edirəm, bu, dünyada digər ölkələrlə də bağlı baş verib. Görə bilərsiniz ki, bu sadəcə mənim ölkəmlə bağlı məsələ deyil. Amma, məsələ ondadır ki, mənim ölkəm bu məsələ ilə bağlı qabardılır, çünki bizim ölkəmiz iqtisadi inkişaf sahəsində müəyyən nailiyyətlər qazanmışdır. Bizim güclü iqtisadiyyatımız var. Heç kim kasıb ölkələrdəki iqtisadi faəliyyət barədə danışmaq istəməz, lakin biz keçmiş Sovet İttifaqı ölkələri arasında və Şərq Tərəfdaşlığında ən uğurlu ölkələrdənik. İkinci sual isə, niyə məhz indi bu məsələ qabardılır? Çünki, bir daha qeyd edirəm, bizim münasibətlərimiz yeni səviyyəyə yüksəlir. Açıq şəkildə qeyd edim ki, biz Aİ ilə münasibətlərimizdə geridönüşü olmayan nöqtəyə yaxınlaşırıq. Bunu anlamaq çox vacibdir. Bu münasibətlər getdikcə daha da yaxınlaşır. Biz geridönüşü olmayan nöqtəni hələ keçməmişik, lakin burada söhbət sadəcə siyasi dialoq yox həm də iqtisadi, enerji, nəqliyyat yolları və sairdən gedir. Diqqət edin, Asiya və Avropa arasında ən yaxşı nəqliyyat dəhlizlərindən biri hansıdır? Ən qısa və təhlükəsiz yol Cənubi Qafqazdan keçir. Bu mürəkkəb regionda Aİ qurumları ilə daha sıx əməkdaşlıq üçün ən yaxşı yol nədir? Mənim ölkəmin regionda nüfuzu və hörməti var. Bizim Mərkəzi Asiya ölkələri ilə gözəl münasibətlərimiz var. İranla normal, çox sabit və davamlı münasibətlərimiz var ki, bu da bizim Avropalı dostlarımız üçün nüvə sazişinin icrası ilə bağlı əməkdaşlıqda xüsusi əhəmiyyət daşıyır. Avropalı dostlarımız üçün heç bir başağrısı yaratmadan Rusiya ilə normal münasibətlər qurulmuşdur. Bizim də problemli məsələlərimiz var. Torpaqlarımız işğal olunub, bu işğalın və bunu edənlərin arxasında duranlar var. Bu məsələləri qabardaraq Azərbaycanlıları barbarlar kimi təqdim etməyə çalışırlar, bu aydındır. Lakin bu o demək deyil ki, biz hər hansı tənqidi qəbul etmirik. Yox, əgər məndən soruşursunuzsa, sizi öz ölkəmə dəvət etmək istərdim və korrupsiya ilə necə mübarizə apardığımızı sizə göstərmək istərdim. Bizim “bir pəncərə” yanaşmamız var və burada burokratiyadan kənar, istənilən problemli məsələlər üçün hər hansı əlavə addımlara ehtiyac olmadan həll tapa bilərsiniz. Bu ölkəmizdə həyata keçirilən xüsusi və fərqli islahatdır və biz bununla qürur duyuruq. Bizdə korrupsiya regionda, bəlkə də dünyada ən aşağı səviyyələrdədir. Əlbəttə, bizim böyük layihələrimiz də var. Diqqət edin, mən sadəcə mühim bir məsələni vurğulamaq istərdim, biz Azəri-Çıraq-Günəşli layihəsinin uzadılmasını barədə sazişi bu yaxınlarda imzaladıq, bəlkə də, bu barədə məlumatlısınız. Bu 90-cı illərin əvvəlində imzalanmış neft sazişi idi və 13 sentyabr 2017-ci il tarixində Britaniya, Norveç və digər ölkələrdən dövlət və hökumət, eləcə də şirkət nümayəndələri Azərbaycana bu sazişin uzadılması üçün gəlmişdilər. Hər il 500 milyon barrel neft. Bu media hücumları məhz bu günlərdə baş verdi. Siz çox sayda “təsadüflər” görə bilərsiniz, lakin bunlar təsadüf deyil. Bir daha vurğulayıram ki, biz nə qədər Avropaya yaxınlaşırıq, Aİ qurumlarından yox, başqalarından o qədər tənqid eşidirik və ədalətsiz addımlara şahid oluruq, çünki bizim icraedici qurumlarla həqiqətən yaxşı münasibətlərimiz var. Beləliklə, hər şey aydındır.

-Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının təsirli olacağı təqdirdə, Azərbaycan və Avropa  İttifaqı üçün bunun risklərini necə dəyərləndirirsiniz?

-Bu qüvvələr Azərbaycandan barbar müsəlman imicini yaradaraq guya ki, Avropa dəyərlərinə uyğun olmadıqlarını göstərməyə çalışırlar. Bu nə mənaya gəlir ? Yəni ki, Avropa İttifaqı belə bir ölkə ilə qətiyyən əməkdaşlıq etməməli və işləməməlidir. Çox qəribədir.  Biz dünyəvi ölkəyik, siz əgər Bakı şəhərinə getsəniz, siz onun Avropa abu-havasında olduğunu hiss edəcəksiniz. Bu qüvvələr niyə bunu etdilər? İkinci səbəb odur ki biz hazırda müharibə şəraitində yaşayırıq və Ermənistanla müstəqillik, suverenlik və ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq hüquq prinsipləri üzərində danışıqlar aparırıq. Bu qüvvələr danışıq tərəflərindən birini rüşvətxor, qeyri-demokratik, barbar və digər saxta formalarda göstərməklə danışıqların məcrasını dəyişməyə çalışırlar. Bağışlayın, amma bunu praqmatik yanaşma hesab etmək olarmi?! Mən belə düşünürəm ki, Avropa İttifaqı və Avropa təsisatları üçün müsəlman qonşuluğunda etibarlı tərəfdaşın olmağı daha vacib sayılmalıdır. Azərbaycanı da əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi üçün bu mənada ən yaxşı nümunə hesab etmək olar. 

1news.az

 

 

Paylaş:
2117

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər