Səfir: Azərbaycanla güclü əlaqələr qurmaq ölkəm üçün böyük əhəmiyyət kəsb edir | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: Azərbaycanla güclü əlaqələr qurmaq ölkəm üçün böyük əhəmiyyət kəsb edir

12:56 - 21 / 11 / 2018
Səfir: Azərbaycanla güclü əlaqələr qurmaq ölkəm üçün böyük əhəmiyyət kəsb edir

Portuqaliyanın  Azərbaycandakı müvəqqəti işlər vəkili Jorge Qabriel Silva da Fonseka  1news.az-a müsahibəsi

-Cənab səfir, hazırda Azərbaycanla Portuqaliya arasında mövcud münasibətlər necədir?

-Mən əvvəlcə demək istəyirəm ki, ölkəmə gözəl Azərbaycanda çalışmaqla xidmət edə biləcəyimdən şərəf duyuram. Portuqaliya adından iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək və genişləndirmək üçün səylə çalışmağa tam sadiqəm.

Portuqaliya ilə Azərbaycan arasında siyasi və diplomatik əlaqələr olduqca müsbətdir, baxmayaraq ki, qarşılıqlı maraq sahələrində gələcək inkişaflar üçün potensial var.

2016-cı ildə Portuqaliyanın xarici işlər nazirinin dəvəti ilə Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Lissabon şəhərində səfərdə olub. Orada nazirlər ikitərəfli siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyi barədə razılaşmaya gəldilər və bu səfərlə iki ölkə arasında ixracın, investisiyaların təşviqinə böyük dinamizm verilmiş oldu.

Son il yarım ərzində Portuqaliyaya digər nazirlərin, mədəniyyət nazirinin, idman və gənclər nazirinin səfərləri həyata keçirilib. Ötən ay Lissabonda iki ölkə arasında siyasi məsləhətləşmələrin ilk mərhələsi oldu.

-İqtisadi sahədə iki ölkənin münasibətləri nə yerdədir? Bu istiqamətdə əsas əməkdaşlıq sahələri hansılardır?

- Portuqaliya ilə Azərbaycan arasında ikitərəfli ticarət hələ də yüksək səviyyədə deyil, lakin hər iki tərəf son 25 ildə Azərbaycanda əldə edilmiş sosial-iqtisadi inkişafı da nəzərə alaraq, vəziyyəti dəyişməkdə qərarlıdır.

2017-ci ildə bizim ikitərəfli ticarət dövriyyəmiz 456 milyon dollara çatdı. Burada 10 milyon dollar Portuqaliyanın ixracının, 446 milyon dollar isə Azərbaycanın idxalının payına düşür. Portuqaliyanın ixracatı əsasən maşın, əczaçılıq vasitələri, mebel, toxuculuq və kənd təsərrüfatı məhsullarından ibarətdir. Azərbaycandan idxalı isə demək olar ki, bütövlükdə enerji məhsulları, xüsusilə də xam neft təşkil edib.

Portuqaliya şirkətlərinin Azərbaycana maraqları artmaqdadır.

İxracatçı şirkətlərin sayı 2011-ci ildə 39-dan 2015-ci ildə 83-ə yüksəlib. İyul ayında portuqaliyalı iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana çox uğurlu səfərləri olub.

Ümumiyyətlə, ölkələrimiz arasında ticarət axınlarının artması və şaxələndirilməsi üçün çox əhəmiyyətli imkanlar var və biz bu məqsədlə birgə işləyəcəyimizi deyə bilərik.

Hər iki ölkədə qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi üçün böyük potensial və güclü siyasi iradə mövcuddur. Bu məqsədə nail olmaq üçün iş adamlarımızı bir araya gətirmək, onları biznes və əməkdaşlıq imkanlarını araşdırmağa təşviq etmək üçün daha güclü kollektiv səy tələb olunur.

Ən böyük dinamizm və potensial sahələri bunlardır: infrastrukturun layihələndirilməsi və tikintisi, informasiya texnologiyaları, enerji, səhiyyə sənayesi, bərpa edilə bilən enerji, tekstil, keramika, şərab və turizm.

-Yeri gəlmişkən, Azərbaycan son illər yeni bir turizm istiqaməti kimi dünyada tanınmaqdadır. Portuqaliya isə məşhur turizm nöqtələrindən biridir. Bu sahədə əməkdaşlıq planınız var?

-Azərbaycan turizm sahəsini böyük uğurlar əldə etməklə inkişaf etdirir.

Biz hər iki ölkənin turizm potensialı ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədi ilə gələn il bəzi turoperatorların Portuqalaya səfərinin təşkili proqramı üzərində işləyirik.

Azərbaycanla güclü əlaqələr qurmaq mənim ölkəm üçün böyük əhəmiyyət kəsb edir. Hal-hazırda qüvvədə olan ikitərəfli əməkdaşlıq müqavilələri var, bir sıra sənəd layihələri isə müzakirə mərhələsindədir. Bunlar siyasi-diplomatik məsələlərdən, biznesin təşviqinə qədər geniş məsələləri əhatə edən sənədlərdir.

Ümidvarıq ki, Elmar Məmmədyarovun səfəri zamanı Lissabonda imzalanmış “İqtisadi əməkdaşlıq haqqında ikitərəfli saziş” mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinə kömək edəcəkdir.

-Cənab səfir, hər iki ölkənin zəngin mədəniyyətlərinin tanıdılması üçün nə kimi layihələrin həyata keçirilməsi planlaşdırılır?

-Ortaq maraqların digər sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə hələ daha çox iş görülməlidir. Məsələn, mədəniyyət sahəsi  Portuqaliya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq etmək və xalqlarımızın daha yaxşı anlaşmasının inkişaf etdirilməsi üçün tədqiq edilməyə layiq olan bir vasitədir. Bu yaxınlarda Bakıda Muzey Mərkəzinin rəsm qalereyasında açılmış “Found and findings” beynəlxalq rəsm sərgisi, dekabrın 15-də keçiriləcək Portuqaliya və Azərbaycan musiqiçilərinin klassik konserti mədəni əməkdaşlığımıza dair iki nümunədir.

Portuqaliya dilinin təşviqi mənim hökumətimin ən yüksək mədəni prioritetlərindən biridir və ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda Portuqaliya dili dərslərinin verilməsi mümkün olacaq. Biz bunun üzərində işləyirik. Portuqaliya dilində dünyada 260 milyon nəfərin danışdığı təxmin edilir.

Bu, ingilis və ispan dilindən sonra Avropada üçüncü, dünyada  isə ən çox danışılan altıncı dildir. Həmçinin, bir sıra mühüm beynəlxalq təşkilatlarda işçi, yaxud rəsmi dildir.

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Portuqaliyanın mövqeyi nədən ibarətdir?

-Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz Minsk qrupu tərəfindən həyata keçirilən vasitəçilik səylərini dəstəkləyirik və ümid edirik ki, gələcək danışıqlar münaqişənin hərtərəfli, sülh və uzunmüddətli həllinə yönəldiləcəkdir.

Pərvanə Sultanova

 

Paylaş:
1205

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər