Rusiya KİV-i Qarabağ separatçılarını ATƏT-ə sırımaq istəyir. Bu kimin maraqlarına xidmət edir? | 1news.az | Xəbərlər
Siyasət

Rusiya KİV-i Qarabağ separatçılarını ATƏT-ə sırımaq istəyir. Bu kimin maraqlarına xidmət edir?

10:23 - 14 / 03 / 2018
Rusiya KİV-i Qarabağ separatçılarını ATƏT-ə sırımaq istəyir. Bu kimin maraqlarına xidmət edir?

İrəvandan daxil olan növbəti sifarişi yerinə yetirən Rusiyanın “ermənipərəst” “Regnum” informasiya agentliyi “Stepanakert ATƏT-ə yol açır” başlıqlı növbəti açıq-aşkar təxribatçı məqalə dərc etmişdir.

Bu utopik ideyanı aktiv şəkildə hərəkətə gətirməyə çalışan məqalənin müəllifi - Gəncədə (keçmiş Kirovabad) doğulmuş, Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Tarix fakültəsinin məzunu, daha çox ermənilərin köhnə və aşkar dostu kimi tanınan Stanislav Tarasov “yeni dövlətlərin tanınması üzrə yeni meyarların tədricən böyük siyasətə yol açdığını” qeyd edir. 

Materialın yazılmasına səbəb ermənilərin növbəti təxribatına qarşı Azərbaycan və ATƏT-in reaksiyası olmuşdur.

Xatırladaq ki, erməni mətbuatının məlumatına əsasən, Dağlıq Qarabağ separatçı rejiminin qondarma parlamentinin Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı “bəyanatı” guya mart ayının 2-də “rəsmi sənəd” qismində ATƏT-də yayımlanmışdır. Ermənistanın vasitəçiliyi ilə ATƏT-də yayılmış bu mənasız kağız parçasının əsas məqsədi parlament strukturları və hüquq müdafiəsi təşkilatlarını “rəsmi Bakı tərəfindən Azərbaycanın erməni əhalisinə qarşı həyata keçirilən soyqırım aktını” pisləməyə çağırmaqdır.

Tarasovun bu cızma-qarasının şərhinə başlamazdan öncə, Azərbaycanın ATƏT-dəki Daimi nümayəndəliyinin bu “rəsmi sənədin” mahiyyəti barədə açıqlamasına diqqət yetirmək istərdik.

“Müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilatın Katibliyi hər hansı bir üzv ölkənin xahişi ilə həmin Dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yayır.

Azərbaycan tərəfi Helsinki Yekun Aktında və ATƏT-in sənəd və qərarlarında yer alan ATƏT prinsiplərinə və öhdəliklərinə zidd olaraq güc yolu ilə işğal edilən və kütləvi şəkildə etnik təmizləmənin aparıldığı ərazilərə münasibətdə öz işğalçı səylərini həyata keçirmək üçün Ermənistanın ATƏT-in sənədləşmə idarəsindən sui-istifadə etməsinin qəbul edilməzliyi məsələsini bir neçə dəfə Təşkilatın Katibliyi qarşısında qaldırıb. 

Təşkilatın Baş katibilə danışıqların nəticəsi olaraq ATƏT katibliyi üzv dövlətlər arasında yayılması üçün qəbul edilmiş sənədlərin məzmununa görə təşkilatın məsuliyyət daşımadığı və yayılmış məlumatın təşkilata üzv bütün dövlətlər tərəfindən qəbul edilmiş sənədlərdə ifadə olunmuş ATƏT qərarlarına hər hansı xələl yetirmədiyi barədə rəsmi siyasətini təkrar bəyan edən Şifahi nota yayıb. Məzmunla bağlı məsuliyyət  tam olaraq, sənədin yayılmasını xahiş etmiş üzv dövlətin üzərinə düşür”, - bəyanatda deyilir.

Azərbaycanın daimi nümayəndəliyində həmçinin qeyd ediblər ki, bu təxribatçı məlumat, hər bir dövlətin sərhədlərinin toxunulmazlığına hörmətin vurğulandığı və Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olmasının qeyd olunduğu ATƏT-in müvafiq qərar və sənədlərində öz əksini tapmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in mövqeyinə heç bir təsirə malik deyil. 

Görün bu barədə Stanislav Tarasov nə yazır: “Bu faciə bütün dünyaya yaxşı məlumdur, baxmayaraq ki, təəssüf ki, həm istintaq orqanları, həm də tarixçilər tərəfindən yaxşı öyrənilməmişdir. Sumqayıtda baş vermiş qanlı hadisələr Sovet İttifaqının dağılmasına gətirib çıxarmış təkan mexanizmlərindən biri olmuşdur. Arxasında daxili, yaxud xarici qüvvələrin dayanmasından asılı olmayaraq, Sumqayıtın erməni əhalisinə divan tutulması faktı heç kimdə şübhə doğurmur. Bundan əlavə, sözügedən faciə birbaşa olaraq, həmin dövrdə Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqəli olduğundan hadisələrin 30 illiyinə rəsmi Stepanakertin hazırki reaksiyası təbii və başa düşüləndir”.

Lakin bu zaman müəllif Sumqayıt hadisələrinin kim tərəfindən törədildiyini və bu hadisələrdə kimlərin birbaşa iştirak etdiyi xatırlatmağı “unudur”.

«Rəsmi Bakının da müvafiq bəyanatla çıxış etməsi, ATƏT-də bu bəyanatı yayması məntiqi olardı ki, bu da Azərbaycan hakimiyyətinin yeni siyasi simasını nümayiş etdirməyə və öz vətəndaşları hesab edirlərsə, Dağlıq Qarabağ ermənilərilə sivil dialoqa hazır olduğunu göstərməyə imkan verərdi. Lakin hər şey əksinə cərəyan edir. Azərbaycanın ATƏT-dəki Daimi nümayəndəliyi qəribə etirazla çıxış etmişdir: “Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti güc yolu ilə işğal edilən ərazilərə münasibətdə öz işğalçı səylərini həyata keçirmək üçün Ermənistanın ATƏT-in sənədləşmə idarəsindən sui-istifadə etməsinin qəbul edilməzliyi məsələsini bir neçə dəfə Təşkilatın Katibliyi qarşısında qaldırıb.

Arsax Respublikası parlamentinin bəyanatının ATƏT-ə Ermənistan vasitəsilə təqdim edildiyinə istinad edən Azərbaycan nümayəndə heyəti “müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilat Katibliyinin hər hansı bir üzv ölkənin xahişi ilə həmin Dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yaydığını” qəbul edir. Belə olan halda, problem nədədir? Məlum olur ki, problem yalnız Sumqayıt hadisələri ilə bağlı bəyanatın “işğalçı Ermənistan tərəfindən Azərbaycan ərazisində yaradılmış qanunsuz separatçı rejim” tərəfindən verilməsi və bu səbəbdən “rəsmi sənəd” kimi qiymətləndirilə bilməməsindədir”, - deyə Stanislav Tarasov yazır.

Maraqlıdır, bəs onun fikrincə, dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən belə tanınmamış qurumdan daxil olan ucuz kağız parçası necə qiymətləndirilməlidir? Əslində, separatçı rejim ümumiyyətlə beynəlxalq tribunadan hər hansı fikir səsləndirmək hüququna malik olmamalıdır.

Daha sonra Stanislav Tarasov yazır: “Lakin bu halda rəsmi Bakı öz hərəkətlərində ardıcıl olmalıdır. Məsələn, ATƏT-in Minsk qrupu həmsədrlərinin Qafqaz ölkələrinə səfəri zamanı “işğal edilmiş ərazi” olan Stpanakertə səfər etməsi, Dağlıq Qarabağın rəhbərliyi ilə hərtərəfli danışıqlar aparmasına qarşı çıxış etməlidir, axı bu sözügedən respublikanın münaqişə tərəfi kimi faktiki tanınması deməkdir. Lakin rəsmi Bakı çətin ki, belə bir addım atsın. Çünki ATƏT-in Minsk Qrupu onunla Arsax arasında yeganə körpü rolunu oynayır. Əks halda, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin artıq çoxdan icmalararası münaqişədən Ermənistan və Azərbaycan arasında, Rusiya, ABŞ və Fransa kimi nüfuzlu beynəlxalq oyunçuların da cəlb edildiyi qarşıdurmaya çevrildiyini açıq şəkildə etiraf etməlidir”.

Özünü təcrübəli hesab edən Stanislav Tarasovun diqqətinə çatdırmaq istərdik: erməni tərəfinin bu münaqişəyə Azərbaycanın regionlarından birinin əhalisinin respublikadan ayrılmaq istəyindən sonra meydana gələn ölkənin “daxili problemi” donu geyindirmək səylərinə baxmayaraq, rəsmi Bakı elə ilk vaxtdan münaqişənin beynəlxalq aləmdə dövlətlərarası münaqişə kimi tanınmasına nail olmuşdur.

Danışıqların hazırki formatına əsasən Azərbaycan və Ermənistan  münaqişə tərəfləri, AR-nın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları isə, maraqlı tərəflər hesab edilirlər.

Münaqişə məhz Ermənistanın ərazi iddiaları nəticəsində meydana gəlmişdir və məhz Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və hələ də orada qalmaqdadırlar.

Əks halda, Ermənistanın 20 ildən artıq müddət ərzində münaqişənin nizamlanması üzrə danışıqlarda iştirak etməsini necə izah etmək olar?! Əgər hələ də fərqinə varmayıbsa, bildirək ki, Stanislav Tarasov ya sarsaqdır, ya da lal-kar. Ya da çox güman ki, o sadəcə ona ayrılmış ucuz ermənipərəst yalançı rolunda çıxış edir.

Müəllifin bunu bilməmiş olmadığını nəzərə alsaq, aşağıdakı ifadəylə onun qəsdən oxucunu azdırmaq və onda yanlış təsəvvür oyatmaq niyyətində olduğu qənaətinə gəlmək olar. 

“Sumqayıt faciəsi həm özünü Dağlıq Qarabağ münaqişəsinin mahiyyətində və onun həlli perspektivlərində əyani surətdə göstərən gələcəyə yönələn, həm də, erməni xalqının XIX əsrin sonları və XX əsrin əvvəllərində faciəvi zərbələr aldığı, kütləvi soyqırıma məruz qaldığı keçmişə yönələn bir hadisədir. Təkcə yeni Azərbaycan-türk millətinin deyil, vahid vətəndaşların formalaşdırılmasına aparan, etnik azlıqların hərtərəfli hüquqlarının tanınmasına yönələn, onların inteqrasiyasına şərait yaradan siyasət yürütməsə Azərbaycan bu cür tarixi bağlardan heç vaxt qurtula bilməyəcək.

Bu cür toqquşma artıq çoxdandır Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların üzərində asılı vəziyyətdə qalıb. Daha bir məsələ. [Ermənipərəst rusiyalı politoloq Sergey] Markedonov qeyd edir ki, “Azərbaycan üçün sovet qatarı artıq getmişdir. Dağlıq Qarabağ muxtar vilayətinin Azərbaycan SSR-nin tərkibində olmağına, lakin özünü 1918-1920-ci illərdə mövcud olmuş ilk milli dövlətin varisi elan etmiş yeni Azərbaycan Respublikasının bir hissəsi olmadığına istinad etmək qeyri-effektivdir”. Çünki ən azı ona görə ki, artıq yeni dövlətlərin tanınması üzrə yeni meyarlar tədricən böyük siyasətə yol açır. Axı ən azı Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bunu çoxdan hiss etməli və mənasız etirazlarla çıxış etməməli idi”, - deyə müəllif yazır.

Azərbaycanın hazırda bütün dünyada etnik və dini tolerantlığın nümunəsi kimi qəbul edilməsi, Ermənistanın isə, az qala dünyanın yeganə monoetnik dövləti olması üzərində dayanmağa ehtiyac yoxdur. Yəqin ki, Stanislav Tarasovun özü də bunu çox gözəl bilir.

Müəllifin öz məqaləsini bitirdiyi və bizim məqalənin lap əvvəlində qeyd olunmuş son dərəcə təxribatçı ifadə “daha maraqlıdır”. Söhbət yeni dövlətlərin tanınması üzrə yeni meyarların tədricən böyük siyasətə yol açması fikrindən gedir.

Politoloq İlqar Vəlizadədən bu cür dərin təxribatın qaynaq  və səbəbləri barədə fikirlərini bölüşməyini xahiş etdik.  

“Ondan başlayaq ki, ümumiyyətlə bu Stanislav Tarasov kimdir? Bu insan Gəncədə, ermənilərin kompakt şəkildə yaşadığı rayonda anadan olmuş və elə oradaca onlarla “yaxınlaşmışdır”. Ola bilər, sonradan elə bir hadisə baş verib ki, o Azərbaycanı incimiş halda tərk etməli olub. Belə bir insanın Azərbaycan haqqında müsbət fikir söyləyəcəyini gözləmək də düzgün deyil.

Konkret olaraq, bu məqaləyə gəlincə, hər kəs yaxşı bilir ki, “Regnum” nəşri, xüsusilə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması baxımından ənənəvi olaraq hansı mövqedən çıxış edir. Azərbaycan ekspertləri də bu problemi kimin necə işıqlandırırdığını və adətən hansı tərəfi dəstəklədiyini çox gözəl bilir. Bu səbəbdən, sözügedən agentliyin dərc etdiyi materiallarla bağlı heç kimdə xüsusi gözləntilər yoxdur.

Lakin digər tərəfdən müəyyən trendləri müşahidə edə bilərik. Rusiyalı ekspertlər arasında daim müəyyən qrup insanlar regionumuzdakı separatçılıq tendensiyaları və hərəkatlarına simpatiya bəsləmişlər. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi məsələsində müəyyən qrup insanlar ermənipərəst mövqelərini gizlətmir və faktiki olaraq, Ermənistanın siyasi dairələrinə dəm tutaraq, qondarma “Dağlıq Qarabağın müstəqilliyi” ideyasını təbliğ edirlər.

Bu və digər oxşar məqalələrin məqsədi oxucu və ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda aparılan danışıqlar prosesində istənilən halda qazanan tərəfin qondarma DQR olacağına inandırmaqdır. Onların fikrincə, bütün bu proses sözügedən tanınmamış qurumun qanuniləşdirilməsinə, onun hansısa formada rəsmi şəklə salınmasına və ona “dövlət” qismində yeni siyasi-hüquqi status qazandırılmasına xidmət edir.

Regionda gedən istənilən prosesləri bu müəlliflər yalnız bir istiqamətdə təqdim etməyə çalışırlar və təəssüf ki, danışıqlar prosesinin Azərbaycan və Ermənistan arasında aparılması və Dağlıq Qarabağın danışıqlar tərəfi qismində qəbul edilməsi məsələsinin gündəlikdə olmaması reallığı ilə hesablaşmırlar. 

Yeri gəlmişkən, Rusiya XİN-in nümayəndələri dəfələrlə bu barədə bəyanatlarla çıxış etmişlər. Bu səbəbdən, yaxşı olardı ki, sözügedən müəlliflər və jurnalistlər hərdən Rusiya rəhbərliyinin bəyanatlarını da təkrar-təkrar oxuyardılar. Yeri gəlmişkən, bu məqalələrdə sözügedən bəyanatlar ya gözardı edilir, ya da toxunulmurlar.

Söhbətin Rusiya agentliklərindən, rusiyalı ekspertlərdən getdiyi bir halda, Rusiyanın rəsmi mövqeyinin səsləndirilməməsi paradoksaldır. Bunun əvəzində, hər hansı kənar təkliflər, yaxud kənar mövqelər səsləndirilir. Bu isə, təbii ki, heyrət doğurur.

Dağlıq Qarabağın hansısa statusda danışıqlar prosesində gələcəkdə mümkün iştirakı, yaxud bu statusun münaqişə tərəfləri, xüsusilə də, Azərbaycan tərəfindən tanınmasına gəlincə, bu məsələdə də dəqiq təsəvvür və qaydalar çoxdan müəyyən edilmişdir.

Azərbaycan tərəfi ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa müvəqqəti status təqdim etməyə razıdır, lakin bu müəyyən şərtlərə, ən əsası isə, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına riayət olunucağı təqdirdə mümkündür. Bu müvəqqəti, keçici statusu almaq üçün dolayı yollarla getmək yolverilməzdir. Bu məqalələrdə isə, dalana dirənən, sonunda müharibə qoxusu gələn məhz dolayı yollar təklif olunur.

Halbuki, təəssüf ki, bu müəlliflərin inadla gözardı etdikləri sülh yolu ilə nizamlanma variantı dinc həyatın təmin edilməsi ilə əlaqəli bütün məsələlərin ardıcıl həllini nəzərdə tutur. Burada isə, həm erməni, həm də Azərbaycan xalqının maraqları nəzərə alınmalıdır.

Dağlıq Qarabağa Azərbaycanın qəbul edə biləcəyi statusun verilməsi üçün imkanlar yaradan yol aydındır. Bu yol, münaqişənin mərhələli həllini, habelə, təkcə ətraf rayonlara deyil, Dağlıq Qarabağın özünə məcburi köçkünlərin qayıtmasını nəzərdə tutur.

Dağlıq Qarabağın müvəqqəti statusu Dağlıq Qarabağda yaşayacaq və erməni icması ilə birgə yaşayış şərtlərini təyin edəcək, Azərbaycanın bu regionunun azərbaycanlı icmasının nümayəndələrinin iştirakı ilə müəyyən ediləcək. Bu, danışıqlar prosesinin növbəti mərhələsidir.

Azərbaycan tərəfi hər zaman süni maneə yaratmadan, məsələnin ardıcıl həllini təklif edib. Yalnız bu halda münaqişənin hərtərəfli nizamlanmasına nail olmaq olar.

Lakin, təəssüf ki, vəziyyətə birtərəfli baxış bucağının təqdim edildiyi bu cür məqalələrdə Azərbaycan xalqının, Dağlıq Qarabağın azərbaycanlı icmasının maraqları, beynəlxalq hüquqi reallıqlar, habelə, elə Rusiyanın özünün də maraqları nəzərə alınmır.

Nəticədə, bu cür məqalələrdə təhrif olunmuş mənzərənin şahidi oluruq ki, təəssüf ki, bəzi insanlar bunu həqiqət kimi qəbul edirlər, halbuki reallıq tam fərqli müstəvini əks etdirir.

Lap götürək məqalənin başlığını – “Stepanakert ATƏT-ə yol açır”. ATƏT, üzvləri arasında heç bir tanınmamış dövlətin olmadığı strukturdur. Məsələn, hətta dünyanın 80-dən çox ölkəsi tərəfindən tanınan Kosovo belə Serbiyanın razılığı olmadan ATƏT-də heç bir statusa iddia edə bilməz. Bu nonsensdir.

Bu səbəbdən, bu jurnalistlərin yazdıqları yalnız ictimai fikrin çaşdırılmasına və yanlış reallığın formalaşdırılmasına yönəlmişdir. Nə ATƏT, nə AB, nə də hər hansı digər beynəlxalq təşkilat heç bir tanınmamış dövləti, onun de-yure tərkib hissəsi olduğu ölkənin müvafiq qərarı olmadan tanıya bilməz.

Nəticə etibarilə, “yeni dövlətlərin tanınması üzrə hansısa yeni meyarlar”a bütün istinadlar boşboğazlıqdan başqa bir şey deyil.

F.Bağırova

 

Paylaş:
956

Son xəbərlər

DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58
Bütün xəbərlər