Qəzadan necə sığortalanmalı: modernləşdirmə, yeni qanun, alternativ enerji – RƏYLƏR | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qəzadan necə sığortalanmalı: modernləşdirmə, yeni qanun, alternativ enerji – RƏYLƏR

15:40 - 06 / 07 / 2018
Qəzadan necə sığortalanmalı: modernləşdirmə, yeni qanun, alternativ enerji – RƏYLƏR

İyulun 2-də Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzanın fəsadları ətrafında müzakirələr davam etməkdədir. İyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədən sonra müzakirələr daha geniş vüsət alıb.

Xatırladaq ki, sözügedən müşavirə zamanı məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradıldığını deyən dövlət başçısı Komissiyanın qarşısında bir neçə vəzifə qoyulduğunu söyləyib. Bildirib ki, onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.

Prezident xüsusi olaraq vurğulayıb ki, çox ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir.

“Azərenerji”-yə ayrılan pullar hara gedir?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Mingəçevirdəki “Azərbaycan İES”-da baş verən hadisə həmçinin “Azərenerji” ASC-nin statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin formalaşdırımasını da aktuallaşdırır. Onun sözlərinə görə, 2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu o deməkdir ki, vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər. Qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi:

 

“Maraqlıdır ki, 2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni, 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq qurumun zərəri ötən il 6 dəfə çoxalıb.

“Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar cəmiyyətlərindədir. Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatda bir az atıq olan “Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb”.

V.Bayramov sözügedən qurum dövlətdən ən çox maliyyə dəstəyi alan təşkilatlardan olduğunu da sözlərinə əlavə edib. Bildirib ki, 2018-ci ilin dövlət büdcəsinə dəyişiklər edilərkən “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 81.4 milyon manat vəsait ayrılıb. Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla vəsait ayrılıb.

Göründüyü kimi, “Azərenerji” ASC-ə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq qurum ən borclu təşkilatlar siyahısındadır və son günlər baş verənlər də göstərir ki, elektrik sistemində modernləşdirmə problemi var. Buna görə də, sözügedən qurumun sağlamlaşdırılması ilə yanaşı bu sektorda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var”.

“Dövlət maliyyə nəzarəti haqqında” qanun qəbul edilməlidir

Məsələyə münasibət bildirən iqtisadçı, millət vəkili Əli Məsimli Oxu.az-a açıqlamasında “Dövlət maliyyə nəzarəti haqqında” model qanun və ondan irəli gələn digər qanunların qəbul edilməsinin zəruriliyini vurğulayıb. O, belə bir qanuna bugünlərdə ölkənin enerji sistemində yaşanan ciddi problemlərdən sonra daha böyük zərurət yarandığını söyləyib:

“Son hadisələr belə bir qanuna böyük ehtiyac olduğunu bir daha göstərdi. Yəni, “Azərbaycan” İES-in tam təftişi və auditinin aparılması, bütün enerji sisteminin beynəlxalq aparıcı hesab edilən qurumlar tərəfindən təhlil edilməsi və təkliflərin hazırlanması mühüm aktuallıq kəsb edir.

Belə bir obyektiv təftiş və təhlil bu işdə günahı olanların obyektiv meyarlar üzrə aşkarlanması üçün çox vacibdir.

Təbii ki, elektrik enerjisinin verilməsində yaranan problemə görə bu işdə günahı olanlar cəzalanmalıdır. Bu sahədə obyektiv qərarların qəbul edilməsi məmurların məsuliyyət hissini bir qədər artırmış olar. Əsas məsələ isə problemi köklü sürətdə həll etməkdən ötrü və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlanması və sistemli şəkildə həyata keçirilməsidir. 

Strateji əhəmiyyət kəsb edən obyektlərin tikintisinə və onun mötəbərliliyinin yoxlanılmasına dünyada məşhur olan qurumların və mütəxəssislərin cəlb edilməsi praktikasından geniş istifadə olunmalıdır.

Məmurların bir hissəsi öz vəzifələrini ləyaqətlə yerinə yetirir, bu kateqoriyaya aid məmurlar hər vasitə ilə təşviqləndirilməli və irəli çəkilməlidir. Məmurların digər hissəsi isə ona tapşırılan vəzifəni “avtopilot”a qoyub öz şəxsi işləri, bilavasitə və ya əlaltıları ilə dolayı yollarla öz bizneslərini idarə etmək, genişləndirmək, özfəaliyyət sahəsi ətrafında görünməmiş acgözlüklə əcaib monopoliyalar yaratmaq və həm həmin sahənin gəlirlərinin daha çox hissəsini sümürməklə, həm də o sahənin rəqabətqabiliyyətli səviyyədə inkişafını tormozlamaqla məşğuldurlar.

Ona görə də bir sıra sahələrdə vacib dövlət işləri arxa planda qalır. Bu isə ekstremal şəraitlərdə ortaya çıxır. Bu, özünü Mingəçevirdəki “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış ciddi problemlər zəncirinin bütün həlqələrində çox aydın göstərdi.

Bu hadisələr bir daha göstərir ki, məmurun fəaliyyəti şəxsi maraqlarının gerçəkləşdirilməsi vasitəsi kimi məddahlıq məharəti ilə yox, dövlətçilik təfəkkürü, səriştəsi ilə, gördüyü işin keyfiyyəti və səmərəlilik dərəcəsi ilə ölçülməli, bütün sahələrdə şəffaflıq və məsuliyyət artırılmalı, dövlət adamı ona tapşırılan sahə və fəaliyyət növünə görə şəxsən məsuliyyət daşımalıdırlar”.

“Son hadisə gələcəkdə hamı üçün bir dərs olacaq”

Millət vəkili Azər Badamov isə deyib ki, fövqəladə hallar hər bir ölkədə baş verə bilər və bundan heç kim sığortalanmayıb:

“Amma məsələ ondadır ki, hər bir fövqəladə hal baş verəndə ondan minimum zərərlə çıxmaq məsələsi ortada olmalıdır. Vəziyyət isə onu göstərdi ki, ölkəmizin enerji sistemi belə hallara hazır deyil.

Prezident müşavirədə əlaqədar təşkilatlara iradlar bildirməklə, gələcəkdə belə bir halın təkrarlanmaması üçün dərhal qabaqlayıcı tədbirlərin görülməsi tapşırığını verdi.

Dövlət başçısı baş vermiş hadisədən çox narahatdır. Bu narahatlıq hər bir məmurda olmalıdır. Əlaqədar təşkilatlar öz işlərini tələblər səviyyəsində qursaydılar, belə hallar baş verməzdi.

Düşünürəm ki, günahkar şəxslər öz cəzalarını alacaq. Son hadisə isə gələcəkdə hamı üçün bir dərs olacaq”.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban 1news.az-a açıqlamasında bildirib ki, vaxtında tədbirlər görülsəydi Mingəçevir İES-də baş verən qəzanın qarşısını almaq olardı:

“Aydın məsələdir ki, elektrik sistemi texnikadır və texnika olan yerdə hər zaman qəzalar olur. Məsələ ondadır ki, qəzalar lokal və geniş miqyaslı olur. İkinci halda bizdə olduğu kimi bütün ölkə elektrik enerjisiz qalır. Lakin bu cür hallar çox az olur. Məsələn, Malta kimi kiçik, Somali kimi kasıb ölkələrdə elektrik enerjisinin tam kəsilməsi baş verə bilər. Azərbaycan kimi ölkədə isə bu cür halın baş verməsi qəbuledilməzdir. Belə nəticəyə gəlmək olar ki, baş verən hadisədə tək “Azərenerji”nin deyil, digər aidiyyəti dövlət qurumlarının da günahı var. Vaxtında lazımi tədbir görsəydilər, hökumətə düzgün hesabat versəydilər bu cür qəza da baş verməzdi.

Prezident müşavirədə çıxışı zamanı dedi ki, bu hadisə ancaq Mingəçevir İES-dəki qəza səbəbindən baş verə bilməz. Yəni, bir elektrik stansiyasında baş verən qəza bütün ölkəni işıqsız qoya bilməz. Burada vəziyyət daha geniş miqyaslıdır. Buna görə də ölkənin bütün energetika sisteminin auditi aparılmalı və bundan sonra atılacaq addımlar müəyyənləşdirilməlidir”.

Vəziyyətdən çıxış yolu kimi energetika sahəsinin dövlətsizləşdirilməsini təklif edən İ.Şaban hesab edir ki, bununla dövlət həm əlavə xərclərdən azad olar, həm də büdcəyə əlavə gəlirlər əldə edər:

“Təəssüf ki, ölkəmiz bazar iqtisadiyyatına aşağı templə keçən ölkələr sırasındadır. Bir çox sahələr hələ də dövlətin inhisarındadır. Belə bir deyim var ki, dövlət pis menecerdir, dövlətin idarəçiliyi bəzi hallarda lazım olan effekti vermir. Məsələn “Azərenerji”nin audit hesabatlarına baxsaq görərik ki, bu günə qədər dövlət energetika sahəsinə 6,6 milyard manat vəsait xərcləyib. Bundan əlavə yanacağı ona ucuz qiymətə verir, yanacağa olan borclarını vaxtaşırı silir və s. Ancaq buna baxmayaraq “Azərenerji” dövlətin boynunda ağır yük olaraq qalır.

Vəziyyətdən çıxış yolu isə bu qurumu dövlətsizləşdirmək, yəni özəl qurumun tabeliyinə verməkdir. Bununla dövlət həm əlavə xərclərdən azad olacaq, həm də büdcəyə əlavə gəlirlər əldə edəcək. Bundan başqa elektrik enerjisi itkisinin qarşısının alınması ilə bağlı da ciddi tədbirlərin görülməsinə ehtiyac var. Hazırda bu itki ilə 2,5-3 milyard kilovat saat təşkil edir. Bu isə böyük itki deməkdir”.

Ekspert vəziyyətdən digər çıxış yolu kimi alternativ enerjidən istifadə imkanlarının genişləndiriməsini göstərir:

“Səkkiz il bundan öncə bununla bağlı ayrıca bir qurum yaransa da, bu günə qədər ölkə iqtisadiyyatına elə bir ciddi töhfə verməyib. Xarici ölkələrdə, misal üçün, qonşu Türkiyədə insanlar damlarında su qızdırıcıları kimi günəş panellərindən geniş istifadə edirlər. Bunun sayəsində ölkə yüz milyonlarla vəsaitə qənaət edir. Bizdə də bununla bağlı işlər görülməli, alternativ enerji vasitələrindən istifadə genişləndirilməlidir”.

Babək Cahandarov

Paylaş:
1085

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər