Qazaxıstanın 20 yaşlı paytaxtı - Astanadan reportaj | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstanın 20 yaşlı paytaxtı - Astanadan reportaj

13:30 - 12 / 12 / 2018
Qazaxıstanın 20 yaşlı paytaxtı - Astanadan reportaj

Bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində mühüm beynəlxalq tədbir keçirildi. Ölkənin Birinci Prezidenti gününə həsr edilmiş beynəlxalq parlament kofransının mövzusu da xüsusi maraq doğrurdu- “Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi”.  Beynəlxalq konfrans ölkə parlamentinin təklifi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdu.

Tədbirdə Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edirdi. Eyni zamanda İtaliya, Qırğızıstan, Litva, Rusiya, Türkiyə, Özbəkistan parlamentlərinin rəhbərlikləri də iştirakçılar arasında idi.

Konfansa, həmçinin Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən media nümayəndələri   də dəvət almışdılar.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin giriş nitqində  ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizliyin təmin edilməsi istiqamətindəki fəaliyyəti, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin prioritetlərinin reallaşdırılması kimi beynəlxalq təşəbbüslər, həmçinin ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar barədə danışıb.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanov konfransda çıxış edərək deyib ki, Qazaxıstan bu gün dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan regionda sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır. Qazaxıstan bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Birinci Prezident Günü münasibətilə qardaş Qazaxıstan xalqına təbriklərini çatdırandan sonra,  regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə, nüvə silahının yayılmasının qarşısının alınması ilə bağlı məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb.

O, Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi ilə regionda sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olması üçün mühüm addımlar atdığını vurğulayıb.

Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin möhkəm təməlinin olduğunu söyləyən Ziyafət Əsgərov ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. “Xalqlarımız arasında qədim və tarixi əlaqələr mövcuddur. Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulub. Bu əlaqələr bu gün sürətlə inkişaf edir”.

Azərbaycanın və Qazaxıstanın beynəlxalq və regional təşkilatlarda mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Ziyafət Əsgərov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın qəbul olunması münasibətlərimizin daha da inkişafı üçün geniş perspektivlər açır.

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mustafa Şentop, Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverov, Özbəkistan parlamentinin sədri Nurdincan İsmoilov, İtaliya parlamenti Deputatlar Palatasının vitse-prezidenti Rozato Ettore və başqaları çıxış edərək konfransın əhəmiyyətindən, Qazaxıstanın son illər əldə etdiyi uğurlardan bəhs ediblər.

Konfrans “Astana vektoru, təhlükəsizlik və əməkdaşlıq” və “Qazaxıstanın qlobal təklifləri: sülh və həmrəylik ideyalarının təbliği” mövzularında panel sessiyalarla işini davam etdirib. Məlumat üçün bildirək ki, ekspertlərin, politoloqların iştirakı ilə keçirilən panel sessiyaları maraqlı müzakirələrlə yadda qalıb.

Astanaya səfər zamanı həm də son illər surətli inkişafı ilə diqqəti cəlb edən, xarici turistlər üçün də maraqlı məkana çevrilən paytaxtın gəzməli-görməli yerlərinə baş çəkmək imkanımız oldu. Məlumat üçün bildirək ki, Astana qışın çox sərt keçdiyi şəhərlərdən biridir.  Qış aylarında paytaxtda tempuratur mənfi 50 dərəcəyədək enir. Amma soyuğa, şaxtaya, davamlı qarın yağmasına baxmayaraq, küçələr daim qardan təmizlənir, nəqliyyatın hərəkəti üçün heç bir problem yaranmır. Eyni zamanda mənzillər, idarə və müəssisələr, iaşə obyektləri fasiləsiz istiliklə təchiz olunur. Havanın soyuqluğu nəzərə alınaraq, üzəri şüşə ilə örtülü dayanacaqlar quraşdırılıb.

20 yaşlı paytaxt Astana bu gün 

Yuxarıda qeyd etdiyimiz kimi, Astana son illər turistlər üçün cəlbedici məkana çevrilib. Maraqlananda bəlli oldu ki, qış turizmini sevənlər soyuq aylarda Qazaxıstanın paytaxtına üz tuturlar. Ölkədə turizmin inkişafı üçün mühüm işlər görülməkdədir. Qazaxıstan turizm sektorunun surətli inkişafına iddialıdır. Nəzərə alsaq ki, Astana yeni şəhər hesab edilir, eyni zamanda paytaxtdır, inkişaf da məhz burdan başlayır. Çünki istənilən ölkəyə gedəndə ilk növbədə paytaxtı görməyə can atırsan.

Yeri gəlmişkən, jurnalistlərlə görüşündə Qazaxıstanın Milli Turizm Agentliyinin(Kazakh Tourism) vitse-prezidenti Kayrat Sadvakasov perspektivdə turizmin inkişafı planlarından danışıb, təqdimatla çıxış edib. Qazaxıstanın Böyük İpək Yolunun bir hissəsi olduğunu deyən Kayrat Sadvakasov əlavə edib ki, hazırda ölkəyə daha çox Rusiya və Çindən turistlər gəlir. Yəni prioritet bazar Rusiya və Çin təşkil edir.

Avropa ölkələri arasında isə  Almaniya, Polşa, Böyük Britaniya, Niderlandı vurğulamaq olar. Bundan əlavə, Koreya, Malayziya, Hindistan və Yaponiyadan da turistlər ölkəyə gəlir.

Qazaxıstanın müxtəlif şəhərlərində turizmin inkişafı tədbiri kimi bir sıra festivalların  keçirilməsi də planlaşdırılır. Məsələn, Alma-Atıda alma festivalı və s. Bundan əlavə, bəlkə çoxları bilmirlər ki, Qazaxlstan həm də tülpanların vətənidir. Ölkədə 34 tülpan növü var ki, onların da 18-i Qırmızı kitaba düşüb. 

Qazaxıstan ümumilikdə 60 ölkə ilə viza rejimini aradan qaldırıb. Amma bu da son deyil. Siyahının genişlənəcəyi istisna edilmir. 34 istiqamətdə birbaşa reyslər həyata keçirlir. 2019-2020-ci illərdə isə Şanxay, Nyu-York  və Tokio şəhərlərinə birbaşa reyslərin açılması nəzərdə tutulub. Bundan əlavə, aşağı büdcəli reysin açlması da planlaşdırılır. 

Kayrat Sadvakasov bildirib ki, Prezident Nazarbayev turizmin inkişafı üzrə yeni proqramın işlənməsi üçün tapşırıq verib: “Hazırda ölkəmizdə turizmin inkişafı prioritet sahə təşkil edir”.

Onun sözlərinə görə, il ərzində Qazaxıstana sırf biznes məqsədilə 3 milyon nəfər gəlir, 2025-ci ilə kimi bu rəqəmi 7 milyona çatdırmaq hədəflənib.

Qurum rəsmisi Azərbaycanla da turizmin inkişafından danışıb. Onun söğzlərinə görə, hazırda iki ölkə arasında turizmin inkişafı üzrə iki istiqamət nəzərdən keçirilir.

Birinci istiqamət Türk Şurası çərçivəsində əməkdaşlıqdır: “Şuranın üzv dövlətləri  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə  İpək Yolunun bərpası üzərində əməkdaşlıq edirlər. Artıq proqram, marşurut üzərində işlər gedir. Məsələn, İstanbul-Bakı-Aktau-Almatı-Şimkənd marşurutu ola bilər. Proqram hələ tam işlənməyib. Ancaq başlanğıc müsbətdir. Bu isə çox vacibdir. Bizim ölkələri İpək Yolu, oxşar dil birləşdirir və turizm sahəsinin inkişafı üçün niyyət var”.

Kayrat Sadvakasov  ikinci istiqamət kimi Xəzər dənizində turizmin inkişafını vurğulayıb. Onun sözlərinə görə, Xəzəryanı ölkələrin-Rusiya, Qazaxıtan, Azərbaycan, İran, Türkmənistanın bu istiqamətin inkişafı üçün istəkləri var:

“Buna təlabat da var. Xəzər dənizinin naviqasiya üzrə xüsusilikləri var. Bütün bunlar bizə kruiz turizmini inkişaf etdirməyə əsas verir. Kruiz turizmi indi dünyada çox populyardır, niyə Xəzər dənizində bu olmasın?!  Sınaq üçün2016-cı ildə Rusiyadan bərə gəlmişdi. Yəni, prinsipcə sübut olundu ki, bu, mümkündür. Biz dəniz turizmini Azərbaycan, Rusiya və digər Xəzəryanı ölkələr ilə inkişaf etdirə bilərik”.

O, Azərbaycanla hələlik bu barədə danışıqlar aparılmadığını deyib, əlavə edib ki, bu yaxınlarda Rusiya ilə Qazaxıstan arasında sərhəd əməkdaşlığına dair forum keçirlib və müzakirə edilən əsas məsələlərdən biri Xəzərdə turizmin inkişafı  olub:

“Azərbaycanın Xəzər dənizidə turizm sahəsində böyük imkanları var.  Hesab edirəm ki, ən azı iki ölkə razılığa gəlsə, digər ölkələr də buna qoşulacaq və dəniz turizmi sahəsində əməkdaşlıq edə biləcəyik”.

Qazaxıstanlı rəsmi Azərbaycanla bu məsələnin müzkirəsinin gələn il gündəlikdə olacağını da əlavə edib.

"Astana EKSPO-2017” maraq doğurmaqda davam edir

Qazaxıstana turist axınının artmasında "Astana EKSPO-2017”  sərgisi mühüm rol oynayıb. Bu sərgiyə bütün dünyadan böyük maraq göstərilib. Həmçinin, sərgi ölkə daxilindən də xeyli turist cəlb edib. Əvvəllər burda digər dövlətlərin də pavilyonları nümayiş etdirilsə də, indi ancaq Qazaxıstanın öz pavilyonu qalıb və hələ də kifayət qədər maraq doğurmaqdadır.

Bu sərgini bir sıra ölkələrin liderləri, həmçinin Azərbaycan Prezidenti də ziyarət edib.

“EXPO 2017” beynəlxalq sərgisində Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunub. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaratmış olub.

Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilib.

Azərbaycan pavilyonu “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) adlandırılıb.

Qazaxıstan pavilyonu da kifayət qədər maraq yaradır. Pavilyonun birinci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin muzeyi” sərgisi xüsusilə böyük maraq oyadır. Ziyarətçilər “Nur Alem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə bilirlər.

“Nur Alem” pavilyonunun digər mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş etdirilir. Pavilyonun səkkizinci mərtəbəsində “Astana – Gələcəyin şəhəri 2050” ekspozisiyası təqdim olunur. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilib.

Qazaxıstan Milli Muzeyi

Astanada mütləq baş çəkilməli olan məkanlardan biri Qazaxıstan Milli Muzeydir. Burada ölkənin tarixi, zəngin mədəniyyəti, adət-ənənlərini əks etdirən çox dəyərli nümunələr toplanıb. Muzey 2014-cü il 2 iyul tarixində açılıb. Astananın əsas meydanında - Müstəqillik meydanında yerləşir və "Qazax Eli" abidəsi, “Sülh və Həmrəylik Sarayı” (piramida formalı), Milli İncəsənət Universiteti, Həzrət Sultan məscidi lə birgə ümumi memarlıq ansamblına daxildir.

Muzeydə 11 zal var, bunlar qədim və orta əsrlər, qızıl zalı, müstəqil Qazaxıstan, Astana, tarix, etnoqrafiya və müasir incəsənət zallarıdır.

Bura daxil olarkən tavanda qızıl qartal diqqəti çəkir ki, bu da azadlıq, sadiqlik və cəsarətin simvoludur. Qızıl qartalın silueti gənc suveren dövlətin dünya sivilizasiyasının yüksəkliyinə olan arzularını əks etdirir.

Həmçinin, burada müstəqillik zalı da var ki, orada ölkənin müstəqillik aktı, digər sənədlər, bayrağı, gerbi və s. nümayiş olunur.

Qazıntılar zamanı bir çox eksponatlar tapılıb, onlarla muzey daha da zənginləşib.

Sülh və Həmrəylik sarayı( piramidası)

Sülh və tolerantlıq simvolu olaraq inşa edilmiş piramidanın xarici görünüşü Misir piramidaları formasındadır, amma daxili çox fərqlidir. 62 metr hündürlüyü olan piramidanın içərisində muzey yaradılıb, qədim Misir barədə məlumatlar yerləşdirilib. Burada konsert, iclas, konfrans zalları, opera, qış parkı var. Qazaxıstanda 130 millətin nümayəndəsinin yaşaması nəzərə alınaraq, piramidanın üst tərəfində 130 fərqli milləti təmsil edən göyərçinlər çəkilib, 18 fərqli dinlə bağlı məlumatlar yerləşdirilib.

Həzrət Sultan məscidi

Həzrət Sultan məscidi Qazaxıstanın ən böyük, Mərkəsi Asiyanın isə ikinci böyük məscididir. Bu məscidin tikintisinə müxtəlif vaxtlarda 1000-dən 1500-ə qədər insan cəlb edilib. Məscid 2012-ci ildə açılıb. Məscid binası klassik İslam üslubunda, ənənəvi Qazax ornamentləri tətbiq edilməklə tikilib.

Esil çayının sağ sahilində yerləşən məscid  adi günlərdə 5 min, bayram günlərində isə 10 minə qədər insane qəbul edə bilir. Sahəsi 11 hektardan çoxdur, tikinti sahəsi isə 17.700 kvadratmetrdir. Məscidin künclərində 4 ədəd, hündürlüyü 77 metr olan minarə ucalır. Həzrət Sultan məscidi Qazaxıstanda ən böyük günbəzə malikdir. Günbəzin hündürlüyü 51 metr, eni isə 28 metrdir.

Məsciddə qadınların ibadəti üçün ayrıca yer nəzərdə tutulub. Ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri də məhz bu məsciddir.

Dünyanın ən böyük çadır şəhərciyi olan Khan Shatyr da məhz Astanadadır. 150 metr yüksəklikdə, 10 futbol meydançası qədər ərazini əhatə edir. Bu tikili özünün qeyri-adi arxitekturası ilə fərqlənir. İçərisində mini golf meydançası, park, alışveriş mərkəzləri, qapalı plyaj və digər əyləncə məkanları var. Şəhərə gələn hər bir turist bu ərazini ziyarət edir.

Bayterek qülləsi

Əgər Astanaya yolunuz düşübsə, mütləq Bayterik qülləsini ziyarət edin. Bura Astananın simvolu hesab edilir yerləşdiyi ərazidə elə Bayterek meydanı adlanır.

Bayterik həyat ağacı deməkdir. 105 metr uzunluğundadır. Qüllə üzərində prezident Nursultan Nazarbayevin əl izi mövcuddur. Bu əl izinə əli qoyarkən isə Qazaxıstanın dövlət himni səsləndirilir. Bayterik həm də sülh və tolerantlıq əlaməti olaraq tanınır. Bayterik ərazisində Prezident sarayı, parlamentin hər iki palatasının binaları, Ali Məhkəmə, plazalar və digər tikililər yerləşir. 

Ümumiyyətlə, Prezident sarayı, şəhərin ən gözəl və əhəmiyyətli memarlıq quruluşlarından biridir. Sarayın hündürlüyü 80 metrdir, 36 min 700 kvadratmetrlik ərazidə tikilmiş saray “Akorda” adı ilə tanınır.

Nəhayət, Qazaxıstana səfəri yaddaqalan edən həm də ölkənin özünəməxsus zəngin və dadlı mətbəxi, mehriban gülərüzlü, qonaqpərvər insanlarıdır...

Pərvanə Sultanova

Bakı-Astana-Bakı

 

Paylaş:
2192

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər