1news.az

Qarabağ separatçılarının lideri ABŞ-da görüşlər keçirir

19 Noyabr saat 16:13 ~ 2 dəqiqəlik oxu 56
Qarabağ separatçılarının lideri ABŞ-da görüşlər keçirir

Azərbaycanın işğal edilmiş Dağlıq Qrabağ ərazisində yaradılmış separatçı rejimin lideri Bako Saakyan ABŞ-da səfərdədir.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, Saakyan Los-Ancelesdə bir sıra görüşlər keçirib.

Qeyd edək ki, bundan əvvəl separatçıların lideri Fransada səfərdə olub. Rəsmi Bakı bununla bağlı Fransaya etiraz notası təqdim edib.

Azərbaycan XİN Saakyanın ABŞ səfəri ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir: “Kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səyahəti barədə məlumat verilir.

Qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir.

Separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” münasibətdə tətbiq edilir.

Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır.

Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır.

Diplomatik kanallarla Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır”.

P.Sultanova

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net