Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional liderə çevrilib | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional liderə çevrilib

12:47 - 18 / 10 / 2018
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional liderə çevrilib

Bu gün  Azərbaycan güclü, qətiyyətli mövqe nümayiş etdirən  müstəqil dövlətdir. Keçdiyimiz yol, bu yolda qarşımıza çıxan maneələr, müsəqillik arzusunu içimizdə boğa bilmədi. Çünki, Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda müstəqillik anlayışına tam mənasında uyğun olan ölkə olduğunu dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev dövlətin suverenliyini tam təmin edən mükəmməl siyasi kurs yaratdı, Prezident İlham Əliyev onu inkişaf etdirərək, sürətlə dəyişən dünyada yeni uğurlara imza atdı. Bu zaman milli maraqlar, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu xəttindən zərrə qədər də olsa kənara sapmalar olmadı.

Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 27 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdı. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qaldı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi,  ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.  Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümumilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun başlıca istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və  təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. Həmin vəzifələrdən biri və  ən əsası  Azərbaycanı beynəlxalq aləmdəki  təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq  işini dünya ictimaiyyətinə olduğu kimi  çatdıraraq, respublikamız ətrafındakı informasiya blokadasını  yarmaqdan ibarət idi. Ona görə də  yeni xarici siyasət xətti üçün hər şeydən  əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi.  Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemləri müvəffəqiyyətlə həll etməsi ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Eyni zamanda,  Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Bununla da Azərbaycanda yeni mərhələnin əsası qoyuldu. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür.  Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu gün ulu öndərin  bizlərə əmanət qoyduğu güclü Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır və dünyanı özünə cəlb edir.

 İlham Əliyev Azərbaycanın inkişafı haqqında deyib: "Bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir".

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Dünyada hər bir ölkənin əsas göstəricisi və gücü ilk növbədə onun iqtisadi vəziyyəti ilə ölçülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik və ölkəmizi davamlı tərəqqiyə aparan müstəqil siyasət nəticəsində dövlətimiz iqtisadi sahədə də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərinin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb. Təsadüfi deyildir ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb, dünyada maraqla qarşılanan iqtisadi inkişafın Azərbaycan modeli formalaşıb. Yaradılmış makroiqtisadi sabitlik, Azərbaycanın qlobal çağırışlara hazır olması, iqtisadiyyatın davamlı inkişafı və diversifikasiyası, güclü iqtisadi potensial, sistemli islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində ölkə iqtisadiyyatı 2008-ci ildə başlayan qlobal iqtisadi böhranı, sonrakı dövrlərdə dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ iqtisadi prosesləri kifayət qədər hazırlıqla qarşılayıb, bütün neqativ təsirləri minimuma endirməyə, qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, bir sıra ölkələrdən fərqli olaraq, sosial-iqtisadi inkişafa nail ola bilib.

Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi resursları nəzərə alınmaqla mütərəqqi dünya təcrübəsi əsasında davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə yüksək sosial rifaha çatmaq olan "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ, bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin daha da artırılması, investisiyaların cəlb edilməsi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaradır. Azərbaycanın nəinki regionda, ümumən, dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycanda son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilib. Ermənistanda isə vəziyyət getdikcə pisləşir və işğalçı ölkənin diplomatik uğursuzluqları, rəhbərliyin səriştəsiz yanaşmaları ölkəni iflic vəziyyətinə salıb. Azərbaycan işğalçı siyasətinə görə Ermənistanı bütün transmilli layihələrdən kənarda saxlayır, onu ağır sosial-iqtisadi duruma salır. Bu faktın özü də Azərbaycan Prezidentinin həyata keçirdiyi balanslı xarici siyasətin ən uğurlu məqamlarından biridir. Dövlət başçısının apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyəsində ifşa edilir və nəticə etibarı ilə bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar, terrora rəvac verən bir dövlət kimi tanıyırlar. Eyni zamanda, ölkə rəhbərliyinin xarici siyasətdə məhz xalqımızın milli mənafeyinə xidmət edən diplomatiyası, qətiyyətli mövqeyi dünya tərəfindən qəbul edilir və gələcək uğurlarının təminatına çevrilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı şəkildə dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, regional liderə çevrilməyə müvəffəq olub. Hazırda hər hansı bir müsbət regional irəliləyiş Azərbaycanla konstruktiv əməkdaşlıq aparmadan mümkün deyil. Dövlətimiz öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional, qlobal mövqelərini möhkəmləndirilməsi üçün özünün iqtisadi, siyasi imkanlarından məharətlə istifadə edir və regionda lider, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyəti dövlət müstəqilliyinin möhkəmləndirilməsini təmin edir, eyni zamanda güclü liderin həyata keçirdiyi strategiya ölkəmizin diplomatik yüksəlişinə də zəmin yaradır.

Aydın Əhmədov

Yeni Azərbaycan Partiyası  Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri

Paylaş:
665

Son xəbərlər

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilirBu gün, 13:56Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46
Bütün xəbərlər