Prezident İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib - FOTO

16:27 - 10 / 11 / 2017
Prezident İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib.

1news.az  xəbər verir ki, dövlət  başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilir. Bu məqsədlə Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzey yaradılıb. Mirzə Şəfi Vazeh 1794-cü il iyunun 14-də Gəncədə anadan olub. Erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi Vazeh mədrəsədə dinin əsaslarını öyrənib, burada təhsilini başa çatdırdıqdan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Ərəb və fars dillərini öyrəndikdən sonra Şərqin bir çox klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub. Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik edən Şəfi sonralar Vazeh təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazaraq bu dillərin poeziya ənənələrini inkişaf etdirib. Şair öz əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olub. Şair sonradan yaradıcılığını Tiflisdə davam etdirib. O, 1820-ci illərdə Gəncədə yaratdığı “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini 1844-cü ildə Tiflisdə yenidən bərpa edib. Həmin dövrün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. O vaxt Qafqaza gəlmiş alman şairi və şərqşünası Fridrix fon Bodenştedt də sözün həqiqi mənasında mədəniyyət və ədəbiyyat ocağı olan, Qərbi Avropa, rus və Azərbaycan poeziyasını özündə birləşdirən “Divani-Hikmət” məclisinə gəlir, burada Vazehdən fars və Azərbaycan dili dərsləri alırdı. Vazehdən Şərq dilləri dərsi alan Bodenştedt Almaniyaya qayıtdıqdan sonra şairin şeirlərini tərcümə edərək nəşr etdirir. Onun tərcüməsində Mirzə Şəfi Vazehin şeirləri dünya şöhrəti qazanır. Bir sözlə, milli poeziyamızın klassiki Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutur.

Dövlətimizin başçısına muzeydə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

Diqqətə çatdırıldı ki, muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada, həmçinin Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı da nümayiş olunur. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Qeyd edək ki, bu ədəbi fəlsəfi məclisin üzvləri arasında Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Molla Abdulla, Mirzə Mehdi Naci, Mirzə Yusif Vidadi, maarifçilərdən Eristavi, Çavçavadze, Qriqoriyev ilə yanaşı, alman şərqşünasları Bodenştedt, Adolf Berje və başqaları var idi. Məclisdə ədəbi-irfani-fəlsəfi mübahisələr, təhlillər aparılır, yaxşı şeir yazmaq uğrunda yarışlar keçirilir, diqqət çəkən hər hansı bir şeirə bənzətmələr yazılır, yeni fikirlər formalaşırdı. Vazeh “Divani-Hikmət” ədəbi məclisinin yığıncaqlarını canlı fəlsəfi diskussiyalar formasında keçirirdi.

Bildirildi ki, muzeyin ikimərtəbəli binasında sərgi və konfrans zalları, inzibati otaqlar yaradılıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur.

Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu da Mirzə Şəfi Vazehlə bağlı 2007-2015-ci illər ərzində müxtəlif kitablar nəşr etdirib. Dövlətimizin başçısına məlumat verildi ki, Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 2014-cü ildə Azərbaycana gətirilib. Həmin kitablar muzeydə sərgilənir.

Bütün bunlar onu deməyə əsas verir ki, Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadıb və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs yaradıb. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun Şərq və Qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.

Məlumat verildi ki, muzeyin yerləşdiyi parkın ərazisi 2 hektardır. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb. Bir sözlə, parkda sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parka gələnlər görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə biləcəklər. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.

1news.az  

 

 

Paylaş:
1522

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər