1news.az

Polşada Azərbaycanla diplomatik əlaqələrin 545 illiyi qeyd olunub - FOTO

5 Dekabr saat 10:18 ~ 2 dəqiqəlik oxu 510
Polşada Azərbaycanla diplomatik əlaqələrin 545 illiyi qeyd olunub - FOTO

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun dəvətinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun əməkdaşları – elmi katib İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar.

1news.az-a AMEA-nın Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 545 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Elmi konfransda çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixi 1472-ci ilə gedib çıxır: “1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik missiya göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar”.

Tədbirdə Uzun Həsənin IV Kazimirə göndərdiyi məktublar nümayiş etdirilib. Səfir Həsən Həsənov qeyd edib ki, bu məktublar Krakov şəhərində yerləşən Əlyazmalar Fondunda saxlanılır. Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Torundakı liseydə Uzun Həsən və IV Kazimirə həsr olunmuş xatirə lövhəsinin açılışı olub. Tədbirin sonunda səfir H.Həsənov konfransın işində fəal iştirak edən bir qrupu xatirə medalı ilə təltif edib.

Tarixçi-alimlərimiz Varşavada Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç (1865-1920) və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın (1897-1971) xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Varşava Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin nəzdindəki Avropaşünaslıq İnstitutunda, Polşa Elmlər Akademiyasının (PEA) Tadeuş Manteyfel adına Tarix İnstitutunda və Varşava Universitetinin Şərqşünaslıq fakültəsində görüşlər keçirib. Danışıqlar zamanı qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Yaqub Mahmudov Qarabağ, İrəvan, Naxçıvan tarixinə və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarına həsr olunmuş kitabları Polşa tərəfinə hədiyyə edib.

AMEA-nın Tarix İnstitutu ilə PEA-nın Tarix İnstitutu arasında əldə olunmuş razılığa əsasən Azərbaycan və Polşa respublikalarının 100 illiyinə həsr olunmuş elmi konfranslar keçiriləcək və əməkdaşlıq müqaviləsi imzalanacaq.

Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin “Türkologiya və Orta Asiya xalqları” şöbəsindəki görüşdə akademik Y.Mahmudov “Azərbaycan tarix elmi bu gün” mövzusunda geniş məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanın tarixi keçmişi, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları, müasir Ermənistan Respublikasının ərazisinin Azərbaycan torpağı olması və digər məsələlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov keçirilən bütün görüşlərdə və aparılan danışıqlarda iştirak edib.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net