Politoloq: Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına yönəlib | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına yönəlib

10:25 - 20 / 04 / 2018
Politoloq: Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına yönəlib

Ermənistanın ictimai-siyasi həyatında son dövrlərdə Naxçıvan mövzusu xeyli aktuallaşdırılıb.

Guya Azərbaycan Naxçıvan istiqamətindən Ermənistana hücuma keçəcək. Naxçıvan mövzusunun aktuallaşdırılması təsadüfi deyil. Çünki Naxçıvan istiqamətində hərbi əməliyyatlar digər istiqamətdəki hərbi əməliyyatlardan tamamilə fərqlidir və Ermənistanın fikrincə, Naxçıvanda hərbi əməliyyatlar olacağı təqdirdə 1921-ci ilin Qars müqaviləsinə görə Türkiyə Azərbaycanı dəstəkləməlidir və Türkiyənin Azərbaycanı dəstəkləməsinə cavab olaraq Rusiya Ermənistanı dəstəkləyəcək.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda Naxçıvan mövzusunun aktuallaşması ilə bağlı açıqlamanı şərh edərkən bildirib:

“Beləliklə, Rusiya-Türkiyə müharibəsi yaranacaq. Nəticədə, bu NATO-KTMT müharibəsinə çevriləcək və beləliklə, Qərb arzuladığı müharibəni Rusiyanın sərhədlərinə xeyli yaxınlaşdıracaq. Ona görə Naxçıvan istiqamətindəki müharibə S.Sərkisyan üçün çox ciddi həyati zərurətə çevrilib.

S.Sərkisyanın Qərblə münasibətlərində problem heç kəsə sirr deyil. ABŞ və Avropa İttifaqı S.Sərkisyanın qarşısına müəyyən öhdəliklər qoyublar. ABŞ-ın və Aİ-nın S.Sərkisyanın qarşısına öhdəlik qoyması S.Sərkisyanın özünün apardığı danışıqlarda verdiyi vədlərlə söykənir. İndi S.Sərkisyan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil. Qərb isə S.Sərkisyandan verdiyi vədləri reallaşdırmağı tələb edir. Ona görə bu narazılıq getdikcə ictimaiyyətə bəllənir. Ermənistan parlamentinin ABŞ-la Dostluq Qrupunun üzvləri Amerikaya səfər etmək istəsələr də bir neçə dəfə bu səfər təxirə salındı və ən nəhayət ki, səfər baş tutdu. ABŞ-a səfər edən Ermənistan parlamentinin demək olar ki, bütün fraksiyalarından olan təmsilçilərinin tam bacarıqlı olmasına baxmayaraq ABŞ Ermənistana qarşı mövqeyini dəyişmədi”.

Politoloqun sözlərinə görə, ABŞ-ın fikrincə, Ermənistan Rusiya ilə əlaqələrinə əl gəzdirməlidir:

“Yalnız bundan sonra ABŞ mövqeyini dəyişə bilər. Təkrar edirik ki, Rusiya ilə mövqelərinə əl gəzdirəcəyinə S.Sərkisyan vəd vermişdi. S.Sərkisyanın belə mövqeyinin ən əyani sübutu onun RF Federasiya Şurasının komitə sədri Konstantin Kosaçevlə Yerevanda keçirdiyi görüşdə verdiyi bəyanatdır. S.Sərkisyan açıq şəkildə bildirdi ki, Rusiya Ermənistan üçün yeganə və yaxud müstəsna müttəfiq deyil. Ermənistan digər dövlətlərlə, digər inteqrasiya blokları ilə də əməkdaşlıq edəcəkdir. Bu faktiki olaraq Rusiyanın gözlədiyi söz deyildi. Amma eyni zamanda S.Sərkisyanın bu fikri Qərbi də qane etmir.

Qərb S.Sərkisyandan Rusiyadan aralanmağı tələb edir. Eləcə də Ermənistan parlamentində Avropa İttifaqı ilə noyabrın 24-də imzalanmış müqavilə ratifikasiya olunarkən də hakim “Respublika” partiyasının təmsilçiləri tərəfindən yeni nüanslar, təfərrüatlar ortalığa qoyuldu. Hiss olunur ki, Ermənistan tərəfi Aİ ilə də sənədlə əldə etdikləri razılaşmaların mahiyyətini dəyişir. Aİ ilə də münasibətləri korlamaq üçün  əvvəlcədən bəhanələr yaradır. Ən azı Ermənistan noyabrın 24-də Avropa İttifaqı ilə sənəd imzalayanda bilirdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. S.Sərkisyan başa düşür ki, Qərbin bizim regionda ən böyük arzusu Rusiyanın sıxışdırıb çıxarılmasıdır”.

M.Əhmədoğlunun fikrincə, Sərksiyan bilir ki, Qərb Suriyada, Qara dəniz akvatoriyasında Rusiya ilə müharibə etmək üçün bəhanələr axtarır.

“İndi S.Sərkisyan Qərbə belə şərait yaratmaq istəyir. Bunun üçün də o Naxçıvanı hərbi təxribat obyektinə çevirir. Hər halda ümidimiz onadır ki, Rusiyada başa düşürlər ki, S.Sərkisyanın Naxçıvanı hərbi təxribat obyektinə çevirməkdə məqsədi Rusiyanı Ermənistandan, ümumiyyətlə regiondan qovub çıxartmaqdır. S.Sərkisyanın Naxçıvan istiqamətində təxribat xarakterli siyasəti Rusiyanın hakim elitasına, prezidentinə, Müdafiə Nazirliyinə çox yaxşı bəllidir və məhz onun hesabına görə Rusiya Ermənistanla Birləşmiş Qoşun Qüvvələri yaratdı. Rusiyanın Ermənistanla Birləşmiş Qoşun Qüvvələri yaratmasında məqsəd Ermənistanın dördüncü və beşinci ordularını öz nəzarəti altına keçirməsi idi. Ermənistanın dördüncü və beşinci orduları, xüsusən dördüncü ordusu Naxçıvan istiqamətindədir”.

Politoloqun fikrincə, S.Sərkisyan rəsmi ordunu da Rusiyanın tabeçiliyinə versə də bu, S.Sərkisyanın hərbi avantüra, təxribat imkanlarının tükənməsi demək deyil:

“Hər an bir qrup keçmiş döyüşçünü işə salmaqla o qoşunların təmas xəttində və eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan istiqamətində hərbi təxribatlar törədə bilər. Ona görə Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına yönəldiyini qətiyyətlə demək mümkündür.

Ermənilərin Naxçıvanla bağlı dediklərində kifayət qədər ziddiyyətlər var. Ermənilərin təbliğatına görə Türkiyə Naxçıvanda hakim mövqedədir. Türkiyənin Naxçıvana artan marağı İranda qıcıq yaradır. Yaxınlarda guya Naxçıvan İranla Türkiyənin arasında mübahisə obyektinə çevriləcək və Azərbaycan Naxçıvandan əl çəkməli olacaq. Belə təbliğat materiallarını ortalığa qoyan ermənilərin məntiqinə görə demək Azərbaycan Naxçıvanda sakitlikdə maraqlı olmalıdır. Çünki əgər Türkiyə ora gələcəksə, demək İran da gələcək və Naxçıvan Azərbaycandan ayrılacaq. Bunu başa düşdükləri halda ermənilər Naxçıvan istiqamətində hərbi təxribatlarının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq fəaliyyətlərini gücləndirmək istiqamətindədirlər. Məqsəd bəllidir: Naxçıvan üzərində Türkiyə -İran qarşıdurması adı ilə Qərb-RF qarşıdurmasına hazırlıqlarını gizlətmək”.

S.Xankişiyeva

 

 

Paylaş:
423

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər