Növbəti tarixi Bakı Forumu: Prezidentin nitqinin bir neçə məqamı | 1news.az | Xəbərlər
Siyasət

Növbəti tarixi Bakı Forumu: Prezidentin nitqinin bir neçə məqamı

15:46 - 19 / 03 / 2018
Növbəti tarixi Bakı Forumu: Prezidentin nitqinin bir neçə məqamı

İnklüziv cəmiyyətlərin qurulmasının dünya əhəmiyyətli olduğunu hər kəs bilir. Çünki müstəqil dövlətlər ayrılıqda inkişaf edə bilərlər, lakin onların birgəyaşayışı əlavə şərtlərin də ödənməsini tələb edir.

Bunun həm konkret ölkədaxili, həm də beynəlxalq faktorları vardır. Belə ki, hər bir dövlətdə daxili mühit inklüziv xarakterli olmalıdır. Eyni zamanda, beynəlxalq aləmdə müxtəlif ölkələrin bir-birinə yaxınlaşması üçün lazımi şərait yaradılmalıdır. VI Qlobal Bakı Forumunun əsas mövzusunun inklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması məsələsinə həsr olunması bu səbəblərdən çox aktual idi. Tədbirdə bir neçə dövlətin başçısı, baş nazirlər, xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə söylədiyi dərin məzmunlu nitqində bir sıra əhəmiyyətli tezislər irəli sürüb. Onların üzərində geniş dayanmağa ehtiyac görürük.

VI Forum: Azərbaycanı dünyaya təqdim edən tədbirlər

Azərbaycan paytaxtı növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Martın 15-17-də Bakıda "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu keçirilib. Bu tədbir 2013-cü ildən başlayaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Birinci tədbir I Cənubi Qafqaz Forumu adlanırdı və 2013-cü il martın 7-8-də keçirilmişdi. İkinci tədbir II Qlobal Açıq Cəmiyyətlər Forumu adlanır və 2014-cü il aprelin 28-30-da keçirilmişdi. Üçüncü tədbir 2015-ci ilin 28-29 aprel tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində Bakıda təşkil edilib və III Qlobal Açıq Cəmiyyətlər Forumu adlanırdı. Dördüncü tədbir 2016-cı ilin 10-11 mart tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə InterAction Council qeyri-hökumət təşkilatı, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilib və IV Qlobal Bakı Forumu adlanırdı. V Qlobal Bakı Forumu 2017-ci ilin martında baş tutub. Nəhayət, 2018-ci ilin martında VI Qlobal Bakı Forumu keçirilib.

Bu qısa arayışı verməkdə məqsədimiz Azərbaycan rəhbərliyinin sistemli, ardıcıl və böyük fəallıqla beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin bir qismi haqqında müəyyən təsəvvürlər yaratmaqdır. Yuxarıda vurğulanan Bakı Forumlarında dünyanın onlarla ölkəsinin başçıları, hökumət rəhbərləri, tanınmış siyasətçilər, işgüzar dairələrin, KİV-in və ictimai təşkilatların təmsilçiləri dünyanın aktual siyasi, geosiyasi, iqtisadi, mədəni və s. problemlərini müzakirə ediblər. Bu müzakirələrdə sivilizasiya, din və mədəniyyətlərarası dialoqun qurulması, iqtisadiyyat, energetika və təhlükəsizlik sahələrində əməkdaşlıq perspektivləri, terrorla mübarizənin perspektivləri diqqət mərkəzində olub.

Əgər IV Qlobal Bakı Forumunun əsas mövzusu çoxqütblü dünyanın bərqərar olması ilə əlaqəli idisə, V Forumda güc və maraqların nisbəti kontekstində beynəlxalq münasibətlərin gələcəyi müzakirə edilib. Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə iştirak etmişdi. Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ifadə etmişdi: "Azərbaycan artıq bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan müstəqil ölkə olaraq nisbətən gənc dövlətdir. Biz ötən il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik. Bizim beynəlxalq və regional fəaliyyətimiz, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğumuz müxtəlif layihələr ölkəmizin dünyaya təqdim edilməsi üsullarından biridir. Əlbəttə, Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlər də həmin fəaliyyətimizin bir hissəsidir" (bax: V Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib / AZƏRTAC, 16 mart 2017).

Adından da göründüyü kimi, VI Qlobal Bakı Forumunun mövzusu beynəlxalq əməkdaşlıqda mühüm faktor olan sosial-ictimai münasibətlərə, cəmiyyətin daxili mühitinin multikultural olmasına və bunun inklüziv olaraq dünya sisteminə daxil edilməsinə həsr edilib. Tədbirdə 50 ölkədən 500-dən artıq nümayəndə iştirak edib.

Şübhəsiz ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılmasında ciddi rol oynayır. Eyni zamanda, həmin tədbirlər silsiləsi minlərlə insanın bir-birini daha yaxından tanımasına, dialoqun zəruriliyinin dərk edilməsinə böyük təkanlar verir. Azərbaycanın dövlət başçısının bu tədbirlərdəki nitqi diqqətlə dinlənilir və həmişə yüksək qiymətləndirilir. VI Bakı Qlobal Forumunda söylədiyi nitqində də dövlət başçısı dünyaya çox vacib mesajlar verib.

Prezident nitqində Azərbaycanın sülhsevər və barış üçün çalışan dövlət olduğunu konkret faktlarla bir daha ifadə edib. Daim əməkdaşlığa, təhlükəsizliyin təmininə xidmət edən tədbirlərə ev sahibliyi edən Azərbaycan aprel ayında Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək. Bu Forumun keçirildiyi günlərdə isə Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü olub və tərəflər əməkdaşlıqla bağlı maraqlı məqamları müzakirə ediblər. Bu, ayrıca təhlil mövzusudur.

Dövlət başçısı Azərbaycanın fəaliyyəti ilə bağlı fikirlərini inkişaf etdirərək ifadə edib: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir... Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir... Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir... Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır..." (bax: VI Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib / AZƏRTAC, 15 mart 2018).

Regional və beynəlxalq əməkdaşlıq: Cənubi Qafqazın təşəbbüskar dövləti

Bunlar onu göstərir ki, Bakı regional və beynəlxalq əməkdaşlıqda, təhlükəsizlik sisteminin formalaşmasında və davamlı inkişafın təmin edilməsində son dərəcə fəal hərəkət edir. Yuxarıda vurğulanan faktlar təsdiq edir ki, Azərbaycan beynəlxalq təşkilatlarla bütün istiqamətlərdə yalnız əməkdaşlığa və qarşılıqlı anlaşmalara xidmət edən əlaqələrə üstünlük verir. Bu miqyasda fəaliyyət göstərən başqa bir Cənubi Qafqaz dövləti yoxdur.

Təəssüf ki, bir sıra bədnam dairələr Azərbaycan rəhbərliyinin bu fəaliyyətini görmək istəmir. Müxtəlif bəhanələrlə süni əngəllər yaratmağa çalışır və dövlətin real olmayan obrazını formalaşdırmağa çalışırlar. Bu işdə təbii ki, Ermənistan və havadarları xüsusi canfəşanlıq göstərirlər. Onlar Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparır, təcavüzkarı müdafiə etmək üçün Azərbaycanı yanlış təqdim edirlər. Nəticədə, Cənubi Qafqazda illərdir davam edən münaqişə həllini tapa bilmir. Bu prosesə son qoyulacağı şübhəsizdir. Prezident İlham Əliyevin Forumdakı çıxışında səslənən fikirlər, ifadə edilən mövqe bunu bir daha təsdiq edir.

Yeri gəlmişkən, tədbirdə iştirak edən Türkiyənin Baş naziri Binəli Yıldırım da Azərbaycanın haqq işini sona qədər müdafiə edəcəklərini bir daha bildirib. Tədbirdə çıxışı zamanı Baş nazir bəyan edib: "Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırımı törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər" (bax: əvvəlki mənbəyə).

Hazırda terrorla ən güclü və qətiyyətli surətdə mübarizə aparan bir dövlətin hökumət başçısının Azərbaycanla bağlı belə fikirlər səsləndirməsinin xüsusi əhəmiyyəti vardır. Bu, bir tərəfdən Azərbaycan rəhbərliyinin düzgün xarici siyasət yeritdiyinin göstəricisidir, digər tərəfdən isə ölkəmizin haqq işini müdafiə edənlərin olduğunu təsdiqləyir. Ermənistan danışıqlara mane olmaqda davam etsə, başqa üsulla onu zəbt etdiyi torpaqlardan çıxmağa məcbur edəcəklər. Ayrıca, Ermənistan azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin qarşılığını mütləq alacaqdır. Forumun yüksək tribunasından Binəli Yıldırımın bu barədə açıq fikir bildirməsi böyük siyasi hadisədir. İlham Əliyevin apardığı xarici siyasət kursunun növbəti təntənəsidir.

Əhəmiyyətlidir ki, Forumda belə bir fikir də səslənib ki, Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri üzrə də əməkdaşlıq edirlər. Onlar bu prosesdə Gürcüstan və İranın da iştirakında maraqlıdırlar. Bakıda dörd qonşu dövlətin xarici işlər nazirlərinin görüşməsi bu aspektdə ciddi hadisədir. Deməli, Azərbaycan-Türkiyə münasibətləri bütün bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəm daşıyır.

Forumdakı nitqində Prezident İlham Əliyev də Azərbaycanın regional və qlobal təhlükəsizliyə verdiyi töhfələrdən, ölkənin artıq tolerantlıq məkanı kimi dünya tərəfindən qəbul edildiyindən bəhs edib.

Yəni Azərbaycan yalnız Gürcüstan, Türkiyə, İran və Rusiya ilə deyil, bütün ölkələrlə qarşılıqlı faydalı, stabilliyin təmininə xidmət edən əlaqələr qurur. O cümlədən beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq edir. Bakı Qlobal Forumu isə artıq nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu tədbirdə beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edilir və sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürülür.

Dövlət başçısı bu bağlılıqda rəsmi Bakının təşəbbüsü olan bir hadisəni – "Bakı Prosesi"ni də xatırladıb. Prezident həmin proseslə bağlı deyib: "Bu il biz "Bakı Prosesi"nin onuncu ildönümünü qeyd edəcəyik. BMT hazırda bu prosesi tam dəstəkləyir. O, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır. Azərbaycan hər iki təşkilatın üzvüdür və onların mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda toplantısını keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu proses davam edir. Hazırda "Bakı Prosesi" beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanır" (bax: əvvəlki mənbəyə). Deməli, İlham Əliyevin vurğuladığı kontekstdə "Bakı Prosesi" ilə Qlobal Bakı Forumu bir-birini məzmun və məqsəd baxımından tamamlayır. Bu isə Azərbaycan rəhbərliyinin düşünülmüş və sistemli olaraq xarici siyasət yeritdiyinin təsdiqlərindən biri kimi qəbul oluna bilər.

Müasir diplomatiyanın fərqlilikləri baxımından dövlət başçısının vurğuladığı məqam olduqca diqqətçəkicidir. Gənc olmasına baxmayaraq, Azərbaycan sistemli diplomatik fəaliyyətini o səviyyədə qurub ki, özü regional təhlükəsizlik sisteminin konkret formasını təklif edir. Yəni Azərbaycan kənardan diktə olunan formatda təhlükəsizliyin təmin edilməsinə deyil, region dövlətlərinin maraqlarına cavab verən formata üstünlük verir. Bu, müasir tarixi mərhələdə dövlətlərin suverenliyi və müstəqilliyini ifadə edən mühüm faktordur. İki əhəmiyyətli beynəlxalq tədbiri koordinasiyalı aparmaq isə diplomatik ustalığın nümayişidir. Bunu yalnız yüksək səviyyədə səriştəsi olan siyasi lider və onun rəhbərlik etdiyi komanda həyata keçirə bilər.

Ümumiyyətlə götürdükdə Azərbaycan müxtəlif beynəlxalq tədbirləri milli maraqlara uyğun koordinasiya etmək təcrübəsinə sahibdir. Məsələn, Azərbaycan Avropa və İslam Həmrəyliyi Oyunlarında müxtəlif millətlərin nümayəndələrini və müxtəlif fikirli insanları bir araya gətirib. Dünyanın çox fərqli ölkələrindən gəlmiş insanlar ümumi dili Bakıda tapdılar. Buradan dostlar qazanmaqla ayrıldılar. Şübhə yoxdur ki, bu kimi məqamlar Azərbaycan rəhbərliyinin yeritdiyi siyasətin çox səmərəli olduğunu sübut edir.

Dövlətçilik ənənəsi və siyasi varislik: fəxarət yerimiz!

Bütün bunlara görə, Azərbaycanın dünyaya tolerantlıq nümunəsi göstərməsi təbiidir. Həm də bunun qaynağı cəmiyyətin özünün daxili xüsusiyyətlərindədir. Ölkənin tarixində multikultural mühit daim mövcud olub. İndi müstəqil Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsində həyata keçirir. Cəmiyyətdə əsrlərdir ki, yaşayan etnik qruplar indi də titul millətlə mehriban şəraitdə həyat sürürlər. Onların bütün hüquqları təmin edilir. Bundan sonra da belə olacaq. Deməli, Azərbaycanın tolerantlıqda dünyaya nümunə olmasının tarixi kökləri vardır. Bu, həm daxili sosial mühitin məzmunu, həm də dövlət başçısının yeritdiyi xarici siyasətin səciyyəsi ilə əlaqəlidir.

Dövlətçilik tariximizə nəzər saldıqda, bütün bunların siyasi səbəblərini də görə bilərik. Prezident Azərbaycan Xalq Cümhuriyyəti haqqında Forumda bəhs edərkən həmin məqama da toxunub. İlham Əliyev ifadə edib: "Biz fərəhlənirik ki, müsəlman dünyasında ilk demokratik respublikanın baniləri məhz azərbaycanlılar olublar. Müsəlman aləmində ilk dəfə azərbaycanlılar azad, insanların bütün hüquqlarının qorunduğu cəmiyyətdə yaşamaq arzusunu ifadə ediblər. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa dövlətlərindən əvvəl qadınlara səsvermə hüququ verilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub... Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik..." (bax: əvvəlki mənbəyə).

Hesab edirik ki, Cümhuriyyətlə bağlı deyilən bu sözlərin tarixi əhəmiyyəti barədə hələ çox araşdırmalar aparılacaq. Çünki qısa və lakonik formada böyük fikirlər ifadə edilib. Birincisi, Azərbaycan müsəlman Şərqində ilk demokratik dövlətin məkanıdır. Bu, birbaşa milli dövlətçilik ənənəsinin xarakteristikasına aiddir. İndi tolerantlıq və multikultural dəyərləri ilə dünyaya nümunə olmağın kökündə həmin faktor dayanır. Hələ 100 il bundan əvvəl müsəlman aləmində Qərbin demokratik prinsiplərinə uyğun dövləti məhz azərbaycanlılar qurdular.

İkincisi, həmin dövrdə Avropada belə olmayan bir hüququ – qadınların səsverməsi də Azərbaycan Cümhuriyyətində reallaşdı. Hazırda qadınların idarəetmədə rolunun artmasına çalışan Avropa ölkələri üçün də 100 il əvvəl Azərbaycanda həyata keçirilən islahatlar yardım edə bilər.

Üçüncüsü, Prezident İlham Əliyev "müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir" tezisi ilə dövlətçilik tariximizdə çox vacib olan bir özəlliyə diqqət çəkib. Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, onun müstəqil dövlət kimi mövcudluğu çoxlu sayda faktorları nəzərə almağı və onlar arasında uyğunluğu təmin etməyi şərtləndirir. Azərbaycan xalqının azadlıqsevərliyi və dövlətçilik şüuru dəfələrlə bu ərazidə güclü dövlətlərin qurulması ilə nəticələnib. Lakin böyük dövlətlərin region uğrunda apardıqları amansız mübarizələr müstəqil dövlətçiliyimizə daim təhlükələr yaradıb. Onların bəziləri uzun yaşaya bilməyiblər. Azərbaycan Xalq Cümhuriyyəti də o qəbildəndir. Böyük savaş hesabına müstəqil dövlət olmuş Xalq Cümhuriyyəti dövrün geosiyasi intriqalarının qurbanı oldu. Qısa müddətdə onu məhv etdilər. Ancaq həmin Cümhuriyyətin təcrübəsini Azərbaycan siyasi liderləri unutmadılar. Xüsusilə Ulu Öndər Heydər Əliyev o dövrün təcrübəsini ciddi surətdə nəzərə alaraq yeni geosiyasi şərtlər daxilində müstəqil dövlət quruculuğu kursunu müəyyənləşdirdi. Artıq Azərbaycanın müstəqilliyi qarşısında heç bir əngəl qalmayıb. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi və Xalq Cümhuriyyəti qurucularının real təcrübəsini nəzərə alaraq inamla milli dövlətçiliyi inkişaf etdirir.

Və bu məqamda Prezident çox gözəl bir fikir ifadə edir. Yəni Azərbaycan müstəqil olaraq o dərəcədə inkişaf edib ki, Cümhuriyyətin qurucuları bu günləri görsəydilər, bütün acıları unudub, fəxr edərdilər. Eyni zamanda, bizlər onlarla fəxr edirik, çünki siyasi varisləriyik. Bununla dövlət başçısı Azərbaycanda dövlətçilik ənənəsinin siyasi varisliyin təmin edilməsi ilə qorunduğunu lakonik ifadə edib.

Müstəqil dövlət quruculuğu keçən əsrin əvvəllərində qazanılan acı təcrübə əsasında Ulu Öndərin dəqiq müəyyən etdiyi kurs üzrə bundan sonra da davam etdiriləcək. Təbii ki, müstəqil dövlət quruculuğunda insanların həyat səviyyəsinin yüksəldilməsi də böyük önəm daşıyır. Bu konteksti də Prezident İlham Əliyev nitqində vurğulayıb. Təsadüfi deyil ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir. Konkret olaraq, "Biz təhsilə, səhiyyə sahəsinə böyük yatırımlar etmişik. Son 15 il ərzində 3100-dən artıq məktəb, 600-dən çox xəstəxana tikilmişdir" (bax: əvvəlki mənbəyə).

İlkin dövrdə düşünülmüş şəkildə əsas diqqət iqtisadi və siyasi müstəqilliyin təmin olunmasına yönəldilib. Çünki ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi cəhətdən də müstəqil ola bilməz. Buna görədir ki, Azərbaycan rəhbərliyi daim iqtisadi tərəqqiyə xalqın mənafeyi baxımından böyük diqqət ayırıb. Dövlət başçısı Forumda bu barədə ifadə edib: "Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub. Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ dünya rekordudur. İslahatlarımız Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından 35-ci yerdə qərarlaşdırdı. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir – biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyanın 35 ən qabaqcıl ölkəsi sırasındayıq. Xatırlasaq ki, biz yalnız 26 ildir müstəqilik, bu, həqiqətən də böyük nailiyyətdir. Davos Forumunun digər qiymətləndirməsi İnklüziv İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdədir. Yəni, bizdən öndə yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və 2 inkişaf etməkdə olan dövləti yer alır. Bu, aparıcı beynəlxalq siyasi və maliyyə institutlarının bizim islahatlarla bağlı qiymətləndirməsidir. Bizim islahatlar yaxşı nəticələr verir. Həmin islahatlar sayəsində ölkəmiz adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlərdən biridir. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin yarısını xarici, yarısını isə daxili investisiyalar təşkil edib. Bir sözlə, Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib və təbii ki, bu, bizə yalnız ölkə daxilində deyil, həmçinin regionda da sərmayə yatırmağa imkan, regional əməkdaşlıq üçün isə daha yaxşı platforma yaradır (bax: əvvəlki mənbəyə).

Bunlar konkret faktlar və əldə edilən nailiyyətlərdir. Dövlət başçısı fəaliyyəti müddətində müstəqillik və xalqın rifahı naminə çalışıb və bu, belə də davam edir. Azərbaycan güclü müstəqil dövlətdir. VI Qlobal Bakı Forumunda iştirak edən 500-dən çox nümayəndə də bunun əyani şahidi olublar. Təbii ki, bu proses davam edəcək...

Newtimes.az

Paylaş:
510

Son xəbərlər

Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44
Bütün xəbərlər