Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib – FOTO

15:53 - 27 / 06 / 2019
Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib – FOTO

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayıb. O qeyd edib ki, Azərbaycan ordusunun yaradılması haqqında qərar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi ilk qərarlardan biri olub. Keçən il bu ordunun yaradılmasının 100 illiyi qeyd edilib.

Səfir deyib: “Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət mövcud olmayıb. İki ildən sonra cümhuriyyət süqut etdi və Azərbaycanın dövlət müstəqilliyi yalnız 1991-ci ildə bərpa olundu. Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox ağır keçdi. Azərbaycan böyük problemlərlə, iqtisadi tənəzzül və böhranla üzləşdi. Müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda çəkişmələr üzündən, vəziyyət daha da mürəkkəbləşirdi. Azərbaycanda vəziyyət böhranlı həddə çatmışdı və bundan istifadə edən Ermənistan ərazilərimizin bir hissəsini işğal etdi. Belə bir gərgin vəziyyətdə Azərbaycan xalqı müdriklik göstərərək görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə müraciət etdi və onu respublika rəhbərliyinə çağırdı. Yalnız Ulu Öndər hakimiyyətə gələndən sonra ölkədə sabitlik yarandı və Azərbaycan bu çətin vəziyyətdən çıxa bildi”.

Diplomat vurğuladı ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ümummilli lider Heydər Əliyevin gördüyü birinci dərəcəli tədbirlər arasında nizami ordu yaradılması haqqında qərar xüsusi yer tutur. Bununla əlaqədar Azərbaycanda ciddi iqtisadi islahatlar aparıldı, ölkəyə xarici investisiyalar cəlb edilməsi təmin olundu və Azərbaycan beynəlxalq təcridolunma vəziyyətindən çıxa bildi. Ölkədə həyata keçirilmiş siyasi və iqtisadi islahalar sayəsində vəziyyət sabitləşdi və 1993-cü ildən etibarən Azərbaycan inkişaf və tərəqqi yolu ilə irəliləyir. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir, bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində işlər yüksək sürətlə davam edir.

P.Bülbüloğlu dedi: “Ordu quruculuğu ölkəmiz üçün ən vacib məsələdir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ başa çatmayıb. Müharibənin yalnız birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və yaradıb. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rusiya da daxil olmaqla dünyanın bütün ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Səfir qeyd etdi ki, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti yürüdülüb, 1 milyondan çox insan öz doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı soyqırımı törədilib, bu gün dünyanın 10-dan çox ölkəsi həmin qırğını rəsmən soyqırımı kimi tanıyıb. P.Bülbüloğlu dedi: “Azərbaycan xalqı öz ərazisinin işğalı ilə heç vaxt barışmayacaq və ölkənin ərazi bütövlünü bərpa edəcək. Bu məqsədlə biz ən müasir silahlar və texnika ilə təchiz olunmuş güclü ordu yaratmışıq. Azərbaycanda istehsal edilən hərbi təyinatlı müxtəlif məhsullar ordumuzun potensialını günbəgün artırır. Bundan əlavə, Azərbaycan bir çox ölkələrdən, o cümlədən Rusiyadan da ən müasir silahlar və texnika alır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarətindədir və onun rəhbərliyi ilə Azərbaycan ordusunun daha müasir, daha güclü olması üçün bütün zəruri tədbirlər görülür”.

Səfirin sözlərinə görə, Azərbaycanda vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel hadisələri bunu bir daha sübut etdi. O vaxt Ermənistan bizim xalqımıza qarşı növbəti hərbi provokasiya törətdi, mülki əhaliyə qarşı təcavüz etdi. Azərbaycan ordusu işğalçını cavabsız qoymadı, onu layiqincə dəf etdi, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. 2018-ci ildə aparılmış Naxçıvan əməliyyatı Azərbaycan ordusunun peşəkarlığını göstərən daha bir parlaq nümunə oldu. Ötən əsrin 90-cı illərinin əvvəlində ermənilər tərəfindən ələ keçirilmiş strateji yüksəkliklər həmin əməliyyat nəticəsində azad edildi.

Səfir dedi: “Əminəm ki, gün gələcək, Azərbaycan bayrağı bu gün işğal altında olan torpaqlarda və mənim doğma şəhərim Şuşada qürurla dalğalanacaq!”

Diplomat bildirdi ki, bu il Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi qeyd edilir. Dövlətimizin ərazi bütövlüyünün dinc danışıqlar yolu ilə bərpa edilməsi məsələsi bu gün Azərbaycanın bütün diplomatları üçün prioritet əhəmiyyətli məsələdir. Polad Bülbüloğlu çıxışının sonunda dedi: “İndiki mərhələdə Azərbaycan dövləti hərbi quruculuq strategiyasını həyata keçirir, qədim romalıların “Sülh istəyirsənsə, müharibəyə hazır ol” kəlamına uyğun xarici siyasət yürüdür.

Azərbaycan Müdafiə nazirinin müavini, general-mayor Fuad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixi barədə danışdı. O qeyd etdi ki, hələ sovet dövründə, 1971-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmışdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikanın silahlı qüvvələrində əsaslı islahatlar aparıldı.

Azərbaycan Müdafiə nazirinin müavini dedi: “Müasir Azərbaycanı səciyyələndirən əsas amillərdən biri güclü ordu yaradılmasıdır. Ölkəmizin iqtisadi qüdrətinin artması sayəsində sosial məsələlərin həlli və milli ordunun möhkəmlənməsi üçün geniş imkanlar yaranıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin qat-qat artırılması sayəsində ordumuzun bütün istiqamətlər üzrə potensialını artırmaq mümkün olub. Hazırda Azərbaycan ordusu ölkə rəhbərliyinin dəstəyi ilə ən yüksək inkişaf səviyyəsindədir”. Nazir müavininin sözlərinə görə, Azərbaycan daim öz ordusunu gücləndirir, hərbi kadrların peşəkarlıq səviyyəsini yüksəldir, öz döyüş qabiliyyətini artırır.

F.Məmmədov vurğuladı ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttindəki hərbi hissələrə müntəzəm surətdə baş çəkməsi ordunun döyüş ruhunu yüksəldən əsas amillərdən biridir. Ali Baş Komandanın dəstəyi və qayğısı sayəsində bu gün Azərbaycan ordusu regionda güclü maddi-texniki bazaya malik olan, müasir silah növləri ilə təchiz edilmiş ən güclü ordulardan biridir.

Qəbulda Rusiyanın yüksəkvəzifəli hərbi sərkərdələri və tanınmış siyasətçiləri, diplomatlar və Moskvada akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri, Rusiyada Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Qolos” layihəsinin finalçısı və “Qradski holl” teatrının solisti Emil Qədirovun, habelə Voronej Dövlət Opera və Balet Teatrının solisti Anastasiya Çernovolosun çıxışları tədbirə xüsusi kolorit verirdi.

S.Xankişiyeva

Paylaş:
463

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər