1news.az

Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib

15 Oktyabr saat 11:20 ~ 13 dəqiqəlik oxu 167
Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib

Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 15 il ötür. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 15 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

1news.az xəbər verir ki, AZƏRTAC bu əlamətdar gündə İlham Əliyevin 15 illik prezidentliyi dövrünün bəzi xarakterik məqamlarına nəzər salır.

Siyasi varislik missiyası

1994-cü ildən ölkəmizdə gedən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə yaxından iştirak edən İlham Əliyev neft və qaz, idman sahələrində, eyni zamanda, parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində hər zaman ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirmiş, xalqın böyük rəğbətini, dəstəyini qazanmışdı. Əlbəttə, bütün bu fəaliyyətin nəticəsi idi ki, xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevə etimad göstərdi, onun Heydər Əliyev siyasətinə sadiq qalacağına və bu siyasəti davam etdirəcəyinə inamını ifadə etdi.

Hələ 1990-cı ilin əvvəllərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində bütün sahələrdə aparılan islahatlar, əldə olunan mühüm nailiyyətlər hər bir vətəndaşımızın həyatında özünü göstərməyə başladı. Digər dövlətlərin bəlkə də 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail oldu. Əlbəttə ki, bütün bu uğurların düşünülmüş, gələcəyə hesablanmış və məqsədyönlü siyasətin nəticəsində qazanıldığını yaxşını pisdən ayırmağı bacaran Azərbaycan xalqı açıq-aydın görür və bu siyasəti hamılıqla dəstəkləyirdi.

Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Ulu Öndər 1993-2003-cü illərdə bu istiqamətdə olduqca mühüm, böyükmiqyaslı işlər gördü. Lakin hələ tamamlanmamış çox perspektivli layihələr, görüləsi işlər var idi. Ümummilli lider Heydər Əliyevin səhhətində yaranan problemlər onun başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermirdi.

Əlbəttə ki, həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq qeyd etməliyik ki, Heydər Əliyev siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı Ulu Öndərin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Belə bir tarixi məqamda xalq İlham Əliyevin simasında öz yeni liderini görürdü. Belə bir əminlik yaranmışdı ki, Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı inkişaf strategiyasını məhz onun siyasi varisi İlham Əliyev reallaşdıra bilər.

2003-cü il oktyabrın 1-də Prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Yeni əsrin yeni lideri

Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Hələ prezident seçkiləri ərəfəsində - 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın Assoşieyted Press agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın Ümummilli Liderin siyasətinə və ona inamı dayanırdı.

İlham Əliyev həm də ölkə, xalq qarşısındakı xidmətləri ilə özünütəsdiq etmiş praqmatik siyasətçi idi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. ABŞ-ın Assoşieyted Press agentliyinə həmin müsahibəsində müxbirin seçkiqabağı kampaniya ilə bağlı sualını cavablandıran İlham Əliyev demişdi: “Mən xalqın arasına çıxanda insanlara çatdırmaq üçün özümlə ancaq bir müraciət götürəcəyəm – müraciətdə deyiləcək ki, gələcək inkişaf üçün Prezident Heydər Əliyevin apardığı siyasətin davam etdirilməsi son dərəcə vacibdir. Əgər bu siyasət davam etdirilməsə, ölkə yenidən anarxiya və qeyri-sabitlik həddinə gəlib çıxacaqdır. Əminəm ki, seçicilər bunu gözəl başa düşürlər. Bu, indiki siyasəti davam etdirəcək hökuməti onların dəstəkləməsinin səbəblərindən biridir. Bu da çox vacibdir. Biz çox layihələr həyata keçirməliyik, çünki Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, demokratikləşmə prosesi davam edir. Bütün bunlar dayandırılmamalıdır. Xalqa müraciətimin mahiyyəti də məhz bundan ibarətdir”.

Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev də andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Xalqa və dövlətçiliyə xidmət

Prezident İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.

Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Misilsiz iqtisadi uğurlar

On beş il ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Ötən il Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu il isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb.

Azərbaycan ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.

Dünyada böyük maraq doğuran Azərbaycan brendi - “ASAN xidmət”

Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün aparılan islahatlar çərçivəsində innovativ addım ataraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə dövlət orqanlarında şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Bu gün artıq Azərbaycanın “ASAN xidmət” təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir. Əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün bu ilin avqustunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" bu mütərəqqi ideyaların davamıdır.

Azərbaycanın multikulturalizm modeli

Dünyada böyük multikultural dəyərlərə malik ölkə kimi tanınan Azərbaycanda ötən 15 il ərzində milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması istiqamətində mühüm işlər görülüb. Həmin müddətdə ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. Sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoqa və əməkdaşlığa mühüm töhfə verən “Bakı Prosesi”nin təşəbbüskarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Son 15 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına uğurla ev sahibliyi edib.

Xalqla iqtidarın sarsılmaz birliyi

Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa səs verib. Bu, həm də onu göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsində qeyd etdiyi kimi, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net