1news.az

Məhkəmə Əli Kərimlini cərimələdi

19 Noyabr saat 12:56 ~ 3 dəqiqəlik oxu 116
Məhkəmə Əli Kərimlini cərimələdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2500 manat cərimə edilib.

1news.az  report-a istinadla xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib.

Həmçinin, məhkəmə tərəfindən Əli Kərimlidən başqa AXCP-in 10 üzvü barəsində cərimə cəzası tədbiq edilib.

bbc.com-un xəbərinə görə isə, Səbail rayon məhkəməsi Əli Kərimli ilə birgə saxlanılanlardan bir neçəsinə cərimə, bəzilərinə isə sutkalıq inzibati həbs cəzası verib:

- Ramid Nağıyev 400 manat

- Sərdar Cəfərov 400 manat

- Ramiz Cəfərov 500 manat

- Fatimə Mövlamlı 500 manat

- Nurlan Qəhrəmanlı 500 manat

- Əlixan Rəcəbov 500 manat

- Ağababa Cəfərov 20 sutka

- Ruslan Əmirli 20 sutka

- Cavid İbrahimov 20 sutka

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtaca müsahibəsində deyib ki, “aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər”.

Prezidentin köməkçisi bildirib ki, “hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. “Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”.

Qeyd edək ki, Baş şəhər Baş Polis İdarəsinin məlumatında qeyd edilib ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxııb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Digər şəxslər isə İXM-nin 513.2-ci maddə ilə təqsirli bilinib.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net