Mədəniyyət iqtisadiyyatın gəlir mənbəyi kimi: British Council Azərbaycanda yeni tendensiya formalaşdırır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət iqtisadiyyatın gəlir mənbəyi kimi: British Council Azərbaycanda yeni tendensiya formalaşdırır – FOTO – VİDEO

12:28 - 17 / 05 / 2019
Mədəniyyət iqtisadiyyatın gəlir mənbəyi kimi: British Council Azərbaycanda yeni tendensiya formalaşdırır – FOTO – VİDEO

Mədəniyyət və incəsənət hələ də dünyanın bir çox ölkəsində iqtisadiyyatın inkişafı üçün lazımı qədər qiymətləndirilməyən potensial olaraq qalmaqdadır.

Bu sahəyə əvvəlki kimi ölkənin mədəni inkişafı üçün zəruri olan, lakin real gəlir gətirməyən dövlət büdcəsinin xərc hissəsi kimi baxılır. Bu səbəbdən vəsaitlər ən son olaraq bu sahəyə ayrılır.     

Lakin dünyanın inkişaf etmiş ölkələri son on illər ərzində bunun köhnəlmiş stereotip olduğunu və mədəniyyətin öz xərclərini ödəmək iqtidarında olduğunu və hətta ənənəvi sənaye sahələrindən geri qalmayaraq ölkə iqtisadiyyatının gəlirli hissəsi olduğunu sübut edib.  

“Kreativ iqtisadiyyat” anlayışı daha fəal şəkildə istifadə olunmaqdadır ki, burada əsas məhsul ideya və innovasiyalardır. Kreativ iqtisadiyyat BMT tərəfindən ən perspektivli və sürətlə inkişaf edən sahələrdən biri kimi tanınıb.  

Misal üçün, Avropa ölkələrində mədəniyyət sektoru ÜDM-nin orta hesabla təxminən 5%-ni istehsal edir və illik artım 10% proqnozlaşdırılır. Hər il təxminən 558 milyard avro gəlir gətirən bu sektor Aİ ərazisində üçüncü ən böyük işəgötürəndir.          

Böyük Britaniya da heyrətamiz nəticələr nümayiş etdirir. Burada mədəniyyət sektoru digər sahələrə nisbətən iki dəfə tez artır və 92 milyard funt (121,6 milyard dollar) dəyərində qiymətləndirilir. 

Bu uğurlu təcrübəni tərəfdaş ölkələrlə bölüşmək məqsədilə mədəni və təhsil imkanlarının inkişafı üzrə Britaniya təşkilatı – British Council tərəfindən həyata keçirilən gənclər üçün Creative Spark proqramı başladılıb. Azərbaycanda British Council 1993-cü ildən fəaliyyət göstərərək təhsil və gənclərin inkişafı sahəsində ən qabaqcıl tendensiyaları tətbiq edir.

Son il ərzində Azərbaycanda həyata keçirilən yeni Creative Spark proqramı gənclərə sahibkarlıq fəaliyyətinin əsaslarının öyrədilməsinə və biznes yönümlü təfəkkürün formalaşdırılmasına yönəldilib. Sosial şəbəkələrdə tərcümədə “Mənim yaradıcı qığılcımım” mənasını verən #mycreativespark həştəqi yaradılıb.

Ölkədə müsabiqə seçiminin üç qalibindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (bundan sonra ADMİU) ilə birlikdə YARAT Müasir İncəsənət Məkanı olub. Onlar London İncəsənət Universiteti (bundan sonra UAL) və incəsənət sahəsində fəaliyyət göstərən Britaniya təşkilatı Gradcore ilə tərəfdaşlıq əlaqələri quraraq, özlərinin “Bumeranq” adlandırdıqları fəaliyyət planlarını təklif ediblər.     

Layihə həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyini qazanıb.

YARAT təhsil proqramlarının rəhbəri Səyyarə Hüseynlinin sözlərinə görə, “Bumeranq” layihəsində iştirak etmək üçün ADMİU-nun 10 tələbəsi seçilib. Seçim fevralın sonunda ali məktəbin tələbələri arasındakı ideyalar müsabiqəsi əsasında həyata keçirilib. Təklif olunan tələbə layihələri ilə bağlı tələb onlarda yaradıcı istiqamətin, sosial əhəmiyyətin və biznes yanaşmanın bir araya gətirilməsindən ibarət olub.

Eyni qaydada UAL-dan da 10 finalçı seçilib. Səyyarə Hüseynlinin qeyd etdiyi kimi, prosesin maksimal səviyyədə obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə, seçim Gradcore təşkilatı tərəfindən keçirilib.

Mövzu üzrə oxuyun:

Biznes bacarıqları zamanın tələbi kimi: Azərbaycan gəncləri British Council tərəfindən təşkil olunan Creative Spark layihəsində – FOTO – VİDEO

Fotoda: Səyyarə Hüseynli

Azərbaycan tərəfdən finalçılardan biri gələcəyin interyer-dizayneri, ADMİU-nun 20 yaşlı tələbəsi Əsmər Məmmədovadır. Onun təklif etdiyi ideya müxtəlif naxışların yaranma tarixini anlamaqda yardımçı olacaq mobil tətbiqin yaradılmasından ibarətdir.       

“Öz ixtisasımla əlaqədar olaraq, Azərbaycanın milli naxışlarına, xüsusilə ənənəvi Azərbaycan xalçalarına müraciət etməyi xoşlayıram. Bu, məndə smartfonu bu və ya digər naxışa tuşladıqda istifadəçiyə onun haqqında tam məlumatı – onun mənşəyi, xasiyyətləri, xüsusiyyətləri barədə bilgiləri verəcək mobil tətbiqin yaradılmasının böyük faydası olacağı haqqında fikir oyatdı” – deyə Əsmər bildirir.

ADMİU tələbələri tərəfindən başqa bir maraqlı startap-layihə kimi Cabbar Paşazadənin Azərbaycanın milli musiqi aləti olan tarın 3D printer vasitəsilə hazırlanması ilə bağlı təklifini göstərmək olar.   

Cabbarın fikrincə, bu cür qeyri-adi yanaşma müxtəlif aspektlərdə fayda verə bilər. Ənənəvi yolla hazırlanmış alətdən daha yüngül olacağına görə, bu, gənc şagirdlərin kürəyinə düşən yüklənməni azaldacaq. Həmçinin, tar ənənəvi olaraq ağacdan və heyvan mənşəli materiallardan hazırlandığı üçün, müasir hazırlama üsulu heyvanların və bitkilərin həyatını xilas etmiş olacaq.

Fotoda: Əsmər Məmmədova

Təklif edilmiş “Bumeranq” layihəsinin mahiyyəti Azərbaycandan və Böyük Britaniyadan olan sənətşünaslıq üzrə ixtisaslaşan tələbələr arasında təcrübə mübadiləsindən ibarətdir. Beləliklə, aprelin ortalarında britaniyalı tələbələrdən ibarət qrup Bakıya gəlib və burada onlar üçün tanışlıq səfərləri, tematik mühazirələrə və vörkşoplar keçirilib. 

Tədbirlər əsasən YARAT və ADMİU-nun bazasında keçirilib. Həmçinin proqrama Heydər Əliyev Mərkəzinə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinə və digər yerlərə səfərlər daxil olub. 

ADMİU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sara Timurovanın sözlərinə görə, britaniyalı tələbələr tərəfindən “Bumeranq” layihəsində iştiraka böyük maraq göstərilib: ümumilikdə 200-dən çox ərizə verilib.

“Əlbəttə, incəsənət sahəsində dünyanın aparıcı ali məktəblərindən birinin tələbələrini nə iləsə təəccübləndirmək çətindir, lakin biz əsas diqqəti əsl Azərbaycan klassik və müasir incəsənətinin xüsusiyyətlərinə, yerli koloritə yönəltməklə qonaqlarımızda maraq oyatmağa çalışdıq. Düşünürəm ki, biz bunu bacardıq”, - ADMİU-da “Bumeranq” layihəsinin rəhbəri Sara Timurova bildirir. 

Mayın ortalarında Azərbaycandan olan 10 finalçı üçün Londona analoji tanışlıq səfəri planlaşdırılır.

Fotoda: Sara Timurova

“Bu gün incəsənət adamı üçün öz ideyalarını həyata keçirə bilməsi, onları kommersiya layihəsinə çevirə bilməsi üçün ən azından təməl sahibkarlıq bacarıqlarına sahib olmaq mütləq lazımdır. Yalnız ideyanın yaradılması ilə kifayətlənmək olmaz. Onun həyata keçirilməsi imkanlarını da anlamaq vacibdir”, Əsmər Məmmədova deyir.

O, qarşıdan gələn London səfəri zamanı Böyük Britaniyada interyer-dizayn sahəsində hansı proqramlardan istifadə olunduğu, hansı üslublara daha çox üstünlük verildiyi barədə daha çox öyrənəcəyinə, eləcə də faydalı peşəkar əlaqələr quracağına ümid edir.

Mövzu üzrə oxuyun:

Creative Spark: Azərbaycanda gəlirli innovasiya iqtisadiyyatına doğru addım – FOTO – VİDEO

“Creative Spark Big Idea Video Pitch”: British Council Azərbaycanda kreativ startapçılar axtarır – FOTO – VİDEO

Sara Timurovanın sözlərinə görə, bu günə ADMİU-nun akademik proqramına sahibkarlıq və ya bizneslə bağlı olan fənlər hələ ki, daxil deyil. Bu səbəbdən, “Bumeranq” və Creative Spark layihələri tələbələr üçün ümumilikdə bu istiqamətdə ilk böyük təcrübədir. 

“Bu layihə tələbələrimizi silkələdi, onları əlini əlinin üstünə qoyub oturmamağa, planlı mühazirə və seminarlarla kifayətlənməməyə, təxəyyüllərini işə salmağa, öz proqressiv ideyalarından qorxmamağa, irəli getməkdən qorxmamağa sövq etdi”, - o deyir.

Səyyarə Hüseynli öz növbəsində qeyd edir ki, Creative Spark gənc mütəxəssislərə mədəniyyət və incəsənət sahəsinin inkişaf və maddi rifah üçün istənilən digər sahədən heç də az imkanlar yaratmadığını nümayiş etdirmək üçün əla imkandır.

“Müasir dünyada sahibkarlıq bacarıqları hansı sahədə təhsil almasından asılı olmayaraq hər bir gənc mütəxəssisin sahib olmalı olduğu şeydir. İncəsənət sahəsində çalışan insanlar da istisna deyil. Onlar təkcə öz “məhsullarını” yaratmağı bacarmamalı, həm də bazarı, onun tələblərini anlamalı, özünü düzgün təqdim etməyi, öz auditoriyasını tapmağı və özünü reallaşdırmağı bacarmalıdır”, - o deyir.

YARAT və ADMİU qarşılıqlı tanışlıq səfərləri ilə kifayətlənmək fikrində deyil. 10 finalçının hamısı British Council tərəfindən keçirilən və Creative Spark layihəsinin ikinci hissəsi olan Enterprise Pitch Competition adlı startap ideyaları müsabiqəsində iştirak edə biləcəklər. 9 iyun tarixinədək açıq olacaq müsabiqədə iştiraka YARAT-da təcrübə keçən gənc fəallar da cəlb ediləcək.

British Council-ın saytındakı onlayn ingilis dili kurslarından pulsuz istifadə imkanı Creative Spark layihəsinin iştirakçıları üçün əlavə imkandır.

Mövcudluğunun birinci ili ərzində Creative Spark proqramının uğurla həyata keçirilməsi ilə əlaqədar aprel ayında British Council 2019/2020-ci illər üzrə proqramda iştirak üçün ərizələrin yeni tenderini elan edib. Müsabiqədə iştirak bütün ali təhsil müəssisələri, eləcə də Azərbaycanın yaradıcılıq institutları üçün açıqdır.

Mətn: Yelena Ostapenko

Foto və video: Nadir İbrahimli

Paylaş:
1338

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər