Mədəniyyət sənayelərinin inkişafına dəstək olaraq yönəlmiş reklam və promo-kampaniyalar – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Mədəniyyət sənayelərinin inkişafına dəstək olaraq yönəlmiş reklam və promo-kampaniyalar – FOTO

16:28 - 05 / 06 / 2017
Mədəniyyət sənayelərinin inkişafına dəstək olaraq yönəlmiş reklam və promo-kampaniyalar – FOTO

Müasir Avropa ölkələrində yaradıcılıq sənayelərinin inkişafı post-industrial iqtisadiyyatla sıx əlaqəlidir. Azərbaycanda hazırda yaradıcılıq iqtisadiyyatı kifayət qədər fəal şəkildə inkişaf edir. Artıq ölkəmizdə təşəbbüslərin və ildən-ilə daha çox diqqət cəlb edən inkişaf etməkdə olan kiçik və orta bizneslərin sayının kifayət qədər çox olduğunu demək olar.

Yaradıcılıq ittifaqları yaradılır, aktual incəsənət növləri sahəsində xüsusi art-layihələr həyata keçirilir, yeni fərdi qalereyalar, agentliklər açılır.

Aydındır ki, hər bir ölkədə yaradıcılıq sənayelərinin inkişafı özünəməxsus ssenari üzrə gedir. Azərbaycan çoxmədəniyyətliliyə üstünlük verir, bu da öz növbəsində mədəniyyət təcrübələrinin müxtəlif variantlarının ortaya çıxmasını təmin edir və eyni zamanda həm ənənəvi xalq mədəniyyətinin qorunub saxlanması, həm də gəlir gətirən alternativ mədəniyyət və yaradıcılıq fəaliyyət növlərinin meydana gəlməsi ilə bağlı ümid verir.

Azərbaycanda yaradıcılıq sənayeləri uzun müddət sosial-mədəni təcrübədən ibarət olub, onların əsas qayəsi yenilikçilik həddində olan yaradıcılıq olub, buna görə də onlar heç də həmişə ticari məqsədlərə xidmət etməyib. Yəni əsas məqsəd gəlir əldə etmək deyil, yeni yaradıcılıq məhsullarının yaradılması (və ya köhnələrin bərpası) idi (köklərə və ənənələrə qayıdış). Bundan başqa, ünsiyyət və yeni təəssüratlar əldə etmək üçün xüsusi, rahat bir mühitin yaradılması çox vacib idi. Amma nəticə olaraq bu da yaradıcılıq sənayesinə gətirib çıxarır. Belə ki, bu cür təşəbbüslər kapitallaşaraq (dövlət dəstəyi və ya şəxsi dəstək sayəsində) gələcəkdə ölkə iqtisadiyyatına böyük töhfə verə bilər.

Beləliklə, yaradıcılıq sənayeləri regionların sosial-iqtisadi potensialının inkişaf resursları, iqtisadiyyatın regionların sosial-mədəni həyatının inkişafına və hətta  onların "brendləşməsinə" - yəni mədəni eyniliyin formalaşmasına, ölkənin müəyyən rayonu ilə əlaqəli olan məşhur obrazların yaradılmasına birbaşa təsir göstərən sahəsi kimi çıxış etməyə başlayır. Bu isə, öz növbəsində, o deməkdir ki, yaradıcılıq sənayeləri Azərbaycanın müasir mədəniyyətində modernləşmə istiqamətində dəyişikliklər amilinə çevrilir.

Amma ölkəmizdə yaradıcılıq sənayelərinin inkişafı üçün əsas vəzifələrdən biri yaradıcılıq fəaliyyətinin bütün istiqamətlərində istedadların üzə çıxarılması və onlara dəstək verilməsi zərurətidir. Məhz istedadlar - Azərbaycan onlarla zəngindir, - yeni yaradıcılıq  sinfini formalaşdıracaq və yaradıcı sənayeləri inkişaf etdirəcəklər. Bu istedadları üzə çıxaran və təşviq edən insanlar isə bununla Azərbaycanın mədəniyyət sənayelərinin təbliğinə şərait yaradırlar. Biz bu gün məhz bu cür insanlarla söhbət etdik.

İlk həmsöhbətimiz Arts Council Azerbaijan QHT-nin rəhbəri, rəssam Dadaş Məmmədovdur.

“QHT-nin yaradılması ideyası hələ 2005-ci ildə, Almaniyada təhsil aldıqdan sonra Azərbaycana qayıtdığım zaman yaranıb. Ölkəmdə yeni, Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının fəaliyyətini tamamlayan daha kreativ bir şey yaratmaq istəyirdim. Və bu gün, 10 il sonra məmnuniyyətlə qeyd edə bilərəm ki, mənim yaratdığım Arts Council Azerbaijan özünü Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinə qarşı qoymur, əksinə, onu tamamlayır, biz artıq nazirliklə uğurla əməkdaşlıq edirik. Və bu, çox müsbət və mühüm məqamdır, çünki yaradıcılıq sənayelərinə dövlət dəstəyi həmişə və hər yerdə zəruri və aktualdır. Axı hazırda iqtisadiyyatda incəsənətin rolu illər əvvəl olduğundan xeyli böyükdür” - D.Məmmədov bizimlə söhbətə belə başladı.

“Təsadüfi deyil ki, məhz bu il Əbu-Dabidə (BƏƏ) mədəniyyət üzrə ilk Qlobal Sammit keçirilib. Əhəmiyyətinə görə artıq Davos Ümumdünya İqtisadi Forumu ilə bərabər tutulan bu tədbirdə dünyanın 80-dən çox ölkəsinin nümayəndələri iştirak ediblər. Mənim üçün bu möhtəşəm hadisənin iştirakçısı seçilməyim çox əhəmiyyətli və xoş idi. Yeri gəlmişkən, seçimi sammit iştirakçıları özləri həyata keçirirdilər, yəni iştirak üçün heç bir ərizə verilmirdi. Bu, o deməkdir ki, bu gün beynəlxalq aləmdə artıq Azərbaycanı yalnız böyük potensialı olan ölkə kimi tanımırlar, həm də qəbul edirlər.

Sammitin gündəliyi çərçivəsində müasir dövrün qlobal problemlərinin həlli kontekstində mədəniyyətin rolu, mədəni irsin qorunub saxlanmasının yolları müzakirə edilir, rəssamların istedadlarının səfərbər edilməsinin yolları araşdırılır, yeni birgə layihələrin həyata keçirilməsi imkanları tədqiq edilirdi və s. Bundan başqa, çox vaxt mədəniyyətin mahiyyətini və dünyada mədəni əlaqələri dəyişdirən ən yeni texnologiyaların təsiri məsələləri müzakirə edilirdi. Yeni birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunurdu, incəsənətin maliyyələşdirilməsi, yaradıcılığa və sosial inkişafa dəstək üçün yeni vasitələrin axtarışı həyata keçirilirdi və s. Üçüncü dünya ölkələrində mədəniyyəti inkişaf etdirməyin, qaçqınların onlar üçün yad olan mədəniyyətə uyğunlaşmasına kömək etməyin və s. yollarının müzakirəsi önəmli bir mövzu idi. Sammitin öz-özlüyündə kifayət qədər kreativ olan formatını xüsusilə qeyd etmək istəyirəm: belə ki, spikerlərin çıxışları daha çox "tok-şou"ları xatırladırdı və bu, səhnədən adi çıxışlardan daha çox səmərəlidir. Çünki bu format daim fikir mübadiləsi aparılmasını, iştirakçıların canlı müzakirələrini nəzərdə tutur.

Azərbaycan mədəniyyəti, musiqisi, milli mətbəxi və ənənələri sammit iştirakçılarının böyük marağına səbəb olurdu, mənə ölkəmiz haqqında, o cümlədən onun tarixi, ənənələri, əsas tolerantlıq və çoxmədəniyyətlilik prinsipləri haqqında çox sayda suallar verilirdi. Sammitin nəticələri isə yaxın gələcəkdə özünü göstərəcək: tezliklə bizi beynəlxalq,  o cümlədən dövlətlərarası layihələr gözləyir. Mənə BƏƏ Mədəniyyət Nazirliyinin nümayəndələri ilə görüşlərdə də iştirak etmək nəsib olub. 

Yeri gəlmişkən, Arts Council Azerbaijan mövcud olduğu 10 il ərzində bir çox beynəlxalq tədbirlərdə və layihələrdə iştirak edir və hər belə səfərin yeni layihələrdən ibarət olan davamı olur. Məsələn, ötən il ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Arts Council Azerbaijan ABŞ-a səfər edib, burada müxtəlif mədəniyyət proqramları təşkil edilib və biz çox sayda mədəniyyət təşkilatlarının nümayəndələri ilə ünsiyyətdə olmaq imkanı əldə etmişik. Qayıtdıqdan sonra biz Azərbaycanda üç layihə həyata keçirdik.

Arts Council Azerbaijan təşkilatının 10 illik fəaliyyəti ərzində baş verənlər haqqında danışan Məmmədov aşağıdakıları qeyd edib:

“Bu gün biz təkcə ən fəal QHT deyilik, həm də Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və bir çox digər dövlət qurumları ilə fəal əməkdaşlıq edirik. Bu, əsas məqamı göstərir - dövlətin dəstəyi var, bu isə mədəniyyət sənayelərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Bizim QHT ayda orta hesabla 4-5, maksimum isə 9 müxtəlif tədbir həyata keçirir. Bu, çox yaxşı göstəricidir. Biz rəssamlarla, fotoqraflarla, şairlərlə, memarlarla, yəni bütün yaradıcı peşələrin nümayəndələri ilə əməkdaşlıq edirik. Azərbaycanda həyata keçirilən layihələr barədə isə saatlarla danışa bilərəm, çünki onların sayı həqiqətən çoxdur. Arts Council Azerbaijan təşkilatının gənc və hələ tanınmayan rəssamlarla əməkdaşlıq edən gənclər sektorunu qeyd etmək istərdim. Bizim vəzifəmiz istedadları tapmaq və onların təkcə öz ölkələrində deyil, həm də onun hüdudlarından kənarda tanınan dahilərə çevrilməsinə kömək etməkdir. Bu zaman onların öz sənətləri ilə Azərbaycanı xaricdə təmsil edərək, ölkənin PR-nı aparmalarına da üstünlük veririk. Bir neçə ildir ki, Arts Council Azerbaijan təşkilatının nəzdində balacalar üçün rəssamlıq məktəbi, Keramika Mərkəzi və bir çox digər layihələr fəaliyyət göstərir.

Beynəlxalq layihələr haqqında danışsaq, onlardan biri  "Art-ekspedisiya"dır, onun mahiyyəti xarici rəssamların yerli rəssamlarla birgə işləməsindən ibarətdir. Yəni bir növ "vorkşop". Layihə çərçivəsində xarici iştirakçılar şəhərin aparıcı sərgi meydançaları ilə tanış olur, yerli emalatxanalarda işləyir, qalereyalara baş çəkir, ənənələrimiz, mədəniyyətimiz, musiqimiz, təsviri incəsənətimiz, mətbəximizlə tanış olurlar. Ümumiyyətlə, maksimum dərəcədə yaradıcılıq həyatımıza daxil olur və mədəniyyətimizlə zənginləşirlər. Bu cür "Art-ekspedisiya"ların nəticələrinə görə ekspozisiya və sərgi yaradılır. Artıq Ukrayna və Amerika rəssamları ilə belə layihələr həyata keçirilib. 

Biz həm də MDB-nin yaradıcılıq ittifaqları ilə sıx əməkdaşlıq edirik. Moldova, Ukrayna, Litva səfirlikləri ilə dörd layihəmiz olub. Bütün bunlar ona görə baş verir ki, 2006-cı ildə Arts Council Azerbaijan-ı yaradarkən mən eyni zamanda uzunmüddətli əməkdaşlıq hədəfi olan bütöv bir Arts Council şəbəkəsi yaratdım. Hazırda bizim MDB və digər ölkələrdə 9-a yaxın nümayəndəliyimiz var”.

D.Məmmədov qeyd edir ki, mədəniyyət sənayeləri üçün ən yaxşı reklam layihələr və müxtəlif tədbirlərdə iştirakdır.

“Onlar haqqında danışmağın ən yaxşı yolu sosial şəbəkələr vasitəsilə məlumat yaymaqdır. Şübhəsiz ki, posterlər, plakatlar və ixtisaslaşmış qəzetlər də (yeri gəlmişkən, bizim belə bir nəşrimiz var - Art) səmərəlidir. Amma müasir dünyada insanların əksəriyyəti üçün onları maraqlandıran məlumatları "smartfondan ayrılmadan" tapmaq daha asan və rahatdır”,  - deyə o bildirib.  

D.Məmmədov mədəniyyət sənayelərinin inkişafını ləngitdiyini hesab etdiyi məqamlara da toxunub:

- Çox vaxt müxtəlif tədbirlərin təşkilinin sadələşdirilməsi nöqteyi-nəzərdən dövlət dəstəyi kifayət etmir. Söhbət maddi yardımdan deyil, məhz təşkilatçılıq cəhətdən köməkdən gedir, çünki bəzən bu və ya digər tədbiri təşkil etmək üçün bir çox lüzumsuz sənədləşmə mərhələlərindən keçmək və bir o qədər gərəksiz xərclər çəkmək lazım gəlir. Hesab edirəm ki, yaradıcı insanlara daha çox azadlıq və daha çox imtiyazlar verilməlidir.

Bundan başqa, gənc rəssamları nə cürsə dəstəkləmək lazımdır, onların əksəriyyətinin nəinki emalatxana icarəyə götürmək, heç molbert almaq üçün belə imkanı yoxdur! Rəssamlıq ləvazimatlarının qiymətləri artır, onlara nədənsə müxtəlif rüsumlar tətbiq edilir və nəticədə rəssamların kətan belə almağa gücləri çatmır. İncəsənət insanlarını məhdudlaşdırmaq olmaz! Onlara kömək etmək, o cümlədən emalatxana almaları və ya icarəyə götürmələri üçün imtiyazlar vermək lazımdır. Bizim rəssamlarımız bəzən hər-hansı qarajı belə emalatxanaya çevirə bilmirlər, çünki bunun üçün də xüsusi icazəyə ehtiyac var.

Və şübhəsiz, müəllif hüquqlarının müdafiəsi çox böyük problem olaraq qalır. Bizdə yaradıcı insanlar bu mənada tamamilə müdafiəsizdirlər. Nəticədə çox vaxt bu və ya digər incəsənət sahəsinin nüfuzlu və artıq məşhur olan nümayəndələri əvvəlcə gənc istedadın ideyasını "boğa", sonra isə onu asanlıqla öz ideyası kimi qələmə verə bilirlər. Bununla mübarizə aparmaq lazımdır.

Əminəm ki, yaradıcı insanlara daha azad olmaq imkanı verilsə və onların təşəbbüsləri dəstəklənsə, Azərbaycanı böyük müsbət dəyişikliklər gözləyir. İncəsənət insanları, yaradıcı insanlar bu gün öz növbəsində ölkə iqtisadiyyatının ən mühüm elementinə çevrilən yaradıcı iqtisadiyyatın bünövrəsini təşkil edən o "kərpiclərdir", -, deyə D.Məmmədov bildirib.

İkinci həmsöhbətimiz YARAT-ın PR və xarici əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova oldu.

Bu QHT-nin adı - YARAT - özü təşkilatın əsas məqsədini kifayət qədər gözəl əks etdirir, həm də layihəmizin əsas mövzusu ilə həmahəngdir.

-  YARAT 2011-ci ildə Azərbaycanlı rəssam Aidə Mahmudova və bir qrup rəssamlar tərəfindən əsası qoyulmuş müstəqil qeyri-hökumət təşkilatıdır. Təşkilatın əsas məqsədi Azərbaycanda və onun hüdudlarından kənarda müasir incəsənətin inkişafına peşəkar dəstək göstərmək, festivallar, seminarlar, ustad sinifləri və auditoriyanın müasir incəsənətlə tanış edilməsinə yönəlmiş müxtəlif təlim-tədris tədbirləri keçirməkdir.

YARAT-ın əsas vəzifələrindən biri təhsildir. Təşkilat bir sıra ustad sinifləri, seminarlar, kino nümayişləri, ədəbiyyat gecələri və dahi şəxslərlə müntəzəm görüşlər keçirir. Həmçinin YARAT rəssamlar üçün rezidensiya proqramları ilə məşğul olur. 

2015-ci ildə YARAT Müasir İncəsənət Mərkəzi - yerli və xarici rəssamların sərgiləri üçün meydançası olan regionun ən böyük müasir incəsənət məkanı açılıb. Bu mərkəzin əsas prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və dünya rəssamları, hədəf auditoriya və institutlarla əməkdaşlığı möhkəmləndirməkdir. Demək olar ki, bu gün YARAT Mərkəzi müasir Azərbaycan incəsənətinin bir növ mərkəzidir, -  deyə H.Kərimova qeyd edir

H.Kərimovanın sözlərinə görə, 2000-ci illərə qədər bütün dünyada mədəniyyət layihələrinin təqdimatı haqqında təsəvvür xeyli dəyişikliklərə məruz qalıb. Buna qədər məşhur muzey və qalereyalar özləri öz fəaliyyətlərinin təşviqi ilə məşğul olurdusa, bu gün strateji PR yanaşması bunda çox mühüm rol oynayır. Həm də əvvəllər, hamı tərəfindən qəbul edilmiş trendlərə əsasən, böyük muzeylər dünya səhnəsinə çıxırdısa, bu gün məhz düzgün PR strategiyası sayəsində istənilən qalereya qarşıda duran maraqlı sərgini bütün dünyaya bəyan edə bilər. 

- 2015-ci ildən sonra PR sahəsində iş dəfələrlə artıb və bunun səbəbi təkcə yuxarıda qeyd edilənlər deyil, həm də bizim fəaliyyətimizin artıq müstəsna olaraq sərgilərlə məhdudlaşmamasıdır. Deyərdim ki, indi Azərbaycanda müasir incəsənətin dərk olunması yeni Renessans dövrü yaşayır. Təkcə ötən il ərzində YARAT-da 581 tədbir keçirilib, onlarda 37000 qonaq iştirak edib, bu il onların sayının daha çox olacağı gözlənilir, - deyə H.Kərimova qeyd edib.

H.Kərimovanın fikrincə, bütün dünyada art-festivallarının sayının çoxalması ilə əlaqədar da art-industriyada PR fəaliyyətinə tələbat artıb. YARAT-da hər bir sərginin açılışına isə Azərbaycan KİV-ləri ilə yanaşı, The Art  Newspaper, Art Forum, Flash Art International, Art Radar UK, Harper’s BAZAAR, Forbes, Istanbul Art Newspaper, Canvas və s. kimi xarici nəşrlərin əməkdaşları da dəvət olunur.

- Bizim üçün vacibdir ki, Azərbaycanın mədəniyyət sənayesində baş verən bütün hadisələr haqqında xaricdə də bilsinlər, buna görə çalışırıq ki, onların hər biri xarici mediada işıqlandırılsın. Bu, həm də YARAT-ın əsas məqsədlərindən birinə - maarifləndirmə məqsədinə uyğundur. Müasir dünyada ümumiyyətlə irəliləyişin, xüsusən də mədəniyyət tədbirlərinin işıqlandırılması məsələsində irəliləyişin çətinliyi ondadır ki, bu gün insanlar daha çox məlumatlıdırlar. O mənada ki, bu gün informasiya mənbələri çoxdur və planetin orta statistik sakini üçün informasiya axını çox böyükdür. Oxucuya bu və ya digər təşkilatın layihələrinin hədəf auditoriyasına aid məhz zəruri məlumatın çatdırılmasını təmin etmək bir o qədər çətindir, -  deyə H.Kərimova qeyd edib.

Onun sözlərinə görə, YARAT-ın hədəf auditoriyası təkcə yaradıcı peşələrin nümayəndələrini deyil, daha geniş insanlar qrupunu əhatə etdiyi üçün bütün hazırkı və gələcək layihələr haqqında məlumatı ən müxtəlif platformalar vasitəsilə və ən müxtəlif üsullarla çatdırmağa çalışırlar.

- Auditoriyadan və layihənin mahiyyətindən asılı olaraq, biz onun haqqında harada və necə danışmalı olduğumuzu müəyyən edirik. Bəli, bu gün insanlar məlumatı əsasən sosial şəbəkələrdən əldə edirlər və biz onlara daha çox üstünlük veririk. Amma bu, əsasən gənc və orta yaşlı auditoriyadır. Bizim üçün isə hamı vacibdir: həm maşında radio dinləyənlər; həm mətbəxdə şam yeməyi hazırlayarkən televizordan xəbərləri öyrənənlər; həm çap nəşrlərini internet resurslarından üstün tutanlar. Buna görə biz bütün istiqamətlərdə fəaliyyət göstəririk, -  deyə H.Kərimova bildirib

YARAT-ın əsas məqsədlərindən biri, artıq dediyimiz kimi, maarifləndirmədir. Buna görə burada təhsil proqramlarına böyük diqqət yetirilir.

- Yaxın iki ay üçün tədbirlər planımız artıq tərtib olunub və qrafikimiz kifayət qədər sıxdır: gündə iki, bəzən isə hətta üç tədbir. Onların mövzuları da kifayət qədər genişdir: Bu, həm sərgilər, həm maraqlı insanlarla görüşlər, həm ədəbiyyat gecələri, həm film nümayişləri, həm Art-Yoqa, həm uşaq yoqası və sairədir.

Maariflənmə və təhsil istənilən yaşda əhəmiyyətlidir, amma uşaqlıqdan özünü daim inkişaf etdirməyə öyrəşmək daha yaxşıdır, buna görə biz məktəblilərlə ünsiyyətə xüsusi diqqət yetiririk. Hər gün YARAT-a beş ümumtəhsil məktəbinin şagirdləri gəlir, bu iştirakçıların həftəlik iştirakı isə 100 nəfərə çatır. Məmnuniyyətlə qeyd edə bilərəm ki, son vaxtlar YARAT-a maraq xeyli artıb.

Ötən il bizdə birgünlük uşaq festivalı keçirildi, festivalda 2500 uşaq iştirak etdi. Proqram çox geniş idi: səhər uşaq yoqasından, ustad siniflərindən, uşaq teatrından Teymur Göyçayev uşaq orkestrinin konsertinə qədər. Bu il biz bu təşəbbüsü davam etdirəcəyik: Yaxın günlərdə "Əlvida, məktəb" ("Goodbye, school") adlı festival keçiriləcək. Tədbirdə təkcə məktəb məzunları deyil, gənc qonaqlarımız da iştirak edəcəklər. 

YARAT-ın bütün fəaliyyət istiqamətlərini və bütün tədbirləri sadalamaq sadəcə olaraq mümkün deyil. Yalnız onu deyə bilərəm ki, hər layihə üzərində təşkilatımızın yaradıcı komandası işləyir. Şübhəsiz, hər bir yeni ideya üzərində işləyərkən biz beynəlxalq təcrübəni də nəzərə alırıq. Amma qeyd etmək istəyirəm ki, adına və əsas məqsədlərinə görə bənzər layihələr hər regionda fərqli keçirilir, axı hər bir ölkənin öz xüsusiyyətləri var. Bu, çox yaxşıdır, çünki mədəniyyətlərin müxtəlifliyi hər bir layihəyə fərdilik bəxş edən eksklüziv və təkrarolunmaz məqamlar doğurur. YARAT-ın bütün layihələrinin əsas fərqləndirici xüsusiyyəti onların həmin vaxt keçirilən sərginin mövzusuna uyğun olmasıdır, - deyə H.Kərimova qeyd edib.

- Bundan başqa, YARAT hazırda öz "coğrafiyasını" genişləndirməyə çalışır, yəni artıq iki ildir ki, biz layihələrimizi təkcə Bakıda deyil, həm də ölkənin regionlarında həyata keçiririk. Biz YARAT-ın daimi kolleksiyasının sərgisi ilə Mingəçevir, Zaqatala, Qax və Qusara səfər etmişik. Belə səfərlər zamanı biz həmçinin istedadlı yaradıcı insanları tapmağa və onları layihələrimizə cəlb etməyə çalışırıq. 

Biz xüsusi olaraq ARTIM platformasını işləyib hazırlamışıq. Bu platforma gənc rəsssamların dəstəklənməsinə və onları öz işlərini yaratmaq və öz işlərini ARTIM eksperiment meydançasında nümayiş etdirmək imkanı ilə təmin etmək məqsədinə xidmət edir. Sərgilərdən başqa, orada rəssamlarla, kuratorlarla görüşlər, müəyyən mövzulara həsr olunmuş gecələr, kino nümayişləri və s. də keçirilir, -  deyə Hökümə xanım bildirib.

H.Kərimovanın sözlərinə görə, YARAT mərkəzində keçirilən bütün tədbirlər arzu edən hər kəs üçün tamamilə pulsuzdur. YARAT-Friends, müasir incəsənətlə maraqlanan insanları birləşdirən platforma istisnadır.  

 YARAT-Friends platformasının iştirakçıları üçün tədbirlər əsasən bir qədər fərqli formatda keçirilir, iştirakçılar özləri isə əlavə imtiyazlara sahib olurlar. 
Ticari cəhətə gəlincə, YARAT Mərkəzinin özündə sərgilərdə rəsmlərin satışı nəzərdə tutulmur. Amma YAY qalereyasında istənilən şəxsin rəssamların işini əldə etmək imkanı var. 

- Əminəm ki, yaxın gələcəkdə dünya incəsənət bazarında bizim gənc rəssamlara tələbat artacaq. Rəssamlarımız artıq indidən Dubayda və Parisdə ART-festival, 55-56-cı Venesiya Müasir İncəsənət Biennalesi və s. kimi beynəlxalq layihələrdə iştirak etmək imkanına malikdirlər.

Təşkilatımızın qlobal layihələrindən biri YARAT-akademiyadır ( YARAT Academy), burada lektorlar xarici kuratorlardır. Akademiyanın kurslarını təkcə yaradıcı peşələrin nümayəndələri və müvafiq ali məktəblərin tələbələrinin deyil, arzu edən hər bir şəxsin keçə bilməsi kifayət qədər mühüm məqamdır. Burada təhsil haqqı sırf rəmzidir, layihəyə maraq isə kifayət qədər böyükdür. Hər bir kursa əvvəlcədən 80 nəfərdən 120 nəfərə qədər yazılan olur. Bundan başqa, tədris mühazirələrdə, ustad siniflərində iştirakı, rəssamların emalatxanalarına baş çəkməyi, habelə öz kurator layihələrinin hazırlanması təcrübəsinin əldə edilməsini nəzərdə tutur, - deyə H.Kərimova bildirib

Bu gün Azərbaycanda mədəniyyət layihələrinin daha uğurla təşviq edilməsi üçün çatışmayan məqamlar haqqında danışan H.Kərimova qeyd edib:

- Əminəm ki, inkişafın "nöqsanlarının" kökündə həmişə təhsildəki boşluqlar durur. Buna görə təşkilatımız əsas diqqəti maarifləndirmə üzərində cəmləşdirir. Azərbaycanda yaxın gələcəkdə art-sənayelər üzrə ixtisaslaşan jurnalistlər sinfinin formalaşmasını istərdim, -  deyə H.Kərimova fikrini tamamlayıb.

Beləliklə, hazırkı dünyada ənənəvi institutlar - muzeylər, teatrlar, kitabxanalar çərçivəsində maariflənmə və həyata rəng qatılması funksiyaları ilə kifayətlənmək artıq mümkün deyil. Mədəniyyət bir növ alternativ innovasiyalardır, onun köməyilə bir sıra aktual məsələləri, o cümlədən regionların inkişafı məsələsini həll etmək olar. Əhali üçün keyfiyyətli mədəni istirahət səviyyəsini təmin etmək, yaradıcı biznesin işi üçün şərait yaratmaq və bununla da cəmiyyətin demokratikləşməsinə şərait yaratmaq olar.

Buna görə dövlət təkcə dövlət təşkilatları vasitəsilə hərəkət etməməli, həm də müstəqil mədəniyyət formalarına yardım etməli, onların inkişafı üçün şərait yaratmalıdır. Yaradıcılıq sənayeləri mədəniyyət sahəsində sahibkarlıq, iqtisadiyyatın yeni sektorudur. Və şübhəsiz, ölkəmizdə bu sektorun fəal şəkildə inkişaf etməyə başlaması sevindirici faktdır.

Natali Aleksandrova

Məqalə Aİ – Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramı ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

www.culturepartnership.eu 

www.facebook.com/culturepartnership

Paylaş:
4248

Sizin üçün xəbərlər

Son xəbərlər

Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11
Bütün xəbərlər