Mədəni turizm Azərbaycanda kreativ iqtisadiyyatın aparıcı inkişafı kimi – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Mədəni turizm Azərbaycanda kreativ iqtisadiyyatın aparıcı inkişafı kimi – FOTO

10:00 - 05 / 07 / 2017
Mədəni turizm Azərbaycanda kreativ iqtisadiyyatın aparıcı inkişafı kimi – FOTO

Müasir dünyada turizm sənayesi bu gün yaxşı formalaşmış mexanizm və iqtisadiyyatın ən böyük, yüksək gəlirli və ən dinamik sahələrindən biridir.

Hazırda turizmə yerli iqtisadiyyatı stimullaşdıran, ölkə əhalisinin rifahını artıran və həyat keyfiyyətinə və səviyyəsinə təsir göstərən bir sahə kimi baxılır. Buna görə turizm bazarında konkret regionun müsbət imicinin yaradılması xüsusi aktuallıq kəsb edir.  Bu kontekstdə mədəni turizm böyük əhəmiyyət daşıyır, belə ki, tolerantlıq, bütünlükdə dünya mədəniyyətlərinin müxtəlifliyinin qəbul edilməsi və düzgün başa düşülməsi ideallarına xidmət etməlidir. Bu, bütünlükdə mədəniyyət sahəsində siyasətin məqsədlərinə də uyğundur.

Mədəni əlaqələr UNESCO və Ümumdünya Turizm Təşkilatının bir sıra mədəniyyətlərarası layihələri çərçivəsində həyata keçirilir. Onlar arasında "Böyük İpək Yolu" kimi mədəni-tarixi marşrutların yaradılması üzrə böyük uzunmüddətli regionlararası layihələr də var.

Mədəni irs olmadan mədəni turizmin inkişafı mümkün deyil, belə ki, o, ölkənin tarixi-mədəni potensialından istifadəni nəzərdə tutur. Mədəni turizmin inkişafının ən mühüm şərtlərindən biri mədəni irs obyektlərinin müəyyən dərəcədə zənginləşdirilməsidir. Digər bir şərt düzgün və kreativ şəkildə təşkil etməklə, bu irsə diqqət cəlb edilməsidir. Buna görə mədəni siyasətin ən mühüm məqsədi təkcə regionun müsbət imicinin yaradılması deyil, həm də mədəni irs obyektlərinə stabil və ehtiyatlı münasibətin formalaşdırılmasıdır. Mədəni turizmin əsas məqsədi isə ölkə memarlığı, rəssamlığı, musiqisi, teatrı, folkloru, ənənələri, adətləri, insanların həyat tərzi və üslubu - ölkənin mədəniyyəti və tarixi ilə tanışlıqdır. Mədəni turizm özü isə, öz növbəsində, mədəni irsin zənginləşməsinə böyük töhfə verir, ənənəvi sənətlərin, mədəniyyətin və folklorun qorunub-saxlanmasına və çiçəklənməsinə şərait yaradır.

Azərbaycan böyük mədəni irsi, zəngin tarixi, ənənələri və folkloru olan bir ölkə kimi mədəniyyət turizminin maraqlı istiqamətlərindən biridir. Bu gün ölkədə mədəni turizmin necə inkişaf etdiyi haqqında üç qonağımızla söhbət etdik.

İlk həmsöhbətimiz Azərbaycan Turizm Assosiasiyasının (AzTa) sədri, BMT-nin Ümumdünya Turizm Təşkilatına Qoşulmuş Üzv Dövlətlər Şurasının Avropa üzrə vitse-prezidenti Nahid Bağırov oldu.

- Sizcə, hazırda Azərbaycanda mədəni turizm nə dərəcədə inkişaf edib? 

- Müstəqillik əldə etdikdən sonra və bu günə qədər Azərbaycanın turizm sənayesi böyük inkişaf yolu keçib. Dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində, xüsusən son illər, turizm sektoru xeyli genişlənməyə başlayıb. İlin bütün dövrlərində Azərbaycanın turizm obyektlərində yerli və xarici turistlərə yüksək səviyyədə xidmətlər göstərilir. Bu gün Azərbaycanda turizmin ən müxtəlif növləri, o cümlədən mədəni turizm, rekreasiya turizmi, dağ-xizək, idman turizmi, işgüzar turizm, ekoloji turizm, ov və çimərlik turizmi üzrə xidmətlər tətbiq edilir.

Azərbaycanda kifayət qədər çox olan tarixi və dini abidələr mədəni turizm çərçivəsində ölkəmizə səyahət edən turistlərin diqqətini xüsusilə cəlb edir. Belə tarixi obyektlər həm paytaxt Bakıda, həm də regionlarda var. Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və ənənəvi qonaqpərvərliyi ilə turizm sahəsinin inkişafı üçün böyük potensiala malikdir. Hazırda turizm marşrutlarının sayının və turistlərə xidmətin keyfiyyət səviyyəsinin daha da artırılması üçün bir sıra zəruri tədbirlər görülür.

- Bu gün ən məşhur mədəni marşrutlar hansılardır?

- Azərbaycanda turizmin inkişafı istiqamətində ən mühüm tədbirlərdən biri daxili, xarici və mədəni turizm marşrutlarının köməyi ilə Azərbaycanın turizm sahəsinin dünya turizm bazarına inteqrasiyasıdır. Daxili turizmin məşhurlaşdırılması məqsədilə 2003-cü ildə regionlarda 7 turizm marşrutu müəyyən edilib. Onların 4-ü əsas, 3-ü isə köməkçi marşrutlardır. Əsas marşrutlar: Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, köməkçi marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ və Bakı-Naxçıvandır.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra bu istiqamətdə iş daha sistemli xarakter alıb. Məhz müəyyən regionda daha perspektivli olan turizm növlərinin inkişafı istiqamətində müvafiq iş aparılır. Ölkə ərazisində mövcud olan arxeoloji turlar, atçılıq, avtomobil safarisi və xalçaçılıq turları turistlərin gözündə kifayət qədər cəzbedicidir.

- Mədəni turizm nə qədər gəlir gətirə bilər və faktiki olaraq nə qədər gəlir gətirir? Ümidlərin özünü doğrultması üçün nə etmək lazımdır?

- Bu gün turizm sənayesi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Ötən il Azərbaycan prezidenti İlham Əliyevin bu sahənin inkişafı məqsədilə imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında" və "İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi haqqında" fərmanlar iqtisadiyyatın bu sahəsində yeni mərhələyə start verib. Bu sənədlərdə göstərilmiş mövcud nöqsanların aradan qaldırılması, yeni turizm məhsullarının yaradılması və xidmət səviyyəsinin artırılması üzrə tədbirlər Azərbaycanda turizmin inkişafına güclü təkan verəcək.

Bu ilin 10 aprel - 10 may tarixləri arasında Bakıda birinci Şopinq-festivalın keçirildiyini qeyd etmək yerinə düşərdi. Ümumi dövriyyəsi 18 mln. manat olan festivalın nəticəsi olaraq dövlət büdcəsinə 5,6 mln. manat həcmində vəsait daxil olub. Ötən il Azərbaycana gələn əcnəbilər müxtəlif növ xidmətlərə 2 mlrd. dollardan çox vəsait xərcləyiblər.

Bu inkişaf artan sürətlə davam edir. Belə ki, ötən ilin cəmi 3 ayı ərzində əcnəbi turistlər bank kartları vasitəsilə 40 mln. 629 min manatlıq ödəniş ediblərsə, bu ilin analoji dövründə müvafiq məbləğ 91 mln. 134 min manat təşkil edib.

Amma, müsbət nəticələrə baxmayaraq, bu, kifayət deyil, çünki Azərbaycan turizmi daha geniş şəkildə inkişaf etdirmək üçün böyük potensiala malikdir. Və o potensialdan səmərəli istifadə üzrə iş uğurla gedir. Ümid edirik ki, yaxın illərdə nəticələr daha çox hiss olunacaq.

- İki mədəni tur marşrutu mövcuddur: "Aleksandr Düma Qafqazda" və şərab marşrutu, onlar Avropa İttifaqının proqramına daxil edilib və Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilir. Onlar nə dərəcədə məşhurdur?

- Daxili turizm marşrutlarından fərqli olaraq, beynəlxalq marşrutlar ən azı iki ölkəni əhatə edir və turizm sahəsində ikitərəfli və ya çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradır. Bu cür marşrutlar regionlarımızın beynəlxalq səviyyədə məşhurlaşmasına şərait yaradır. Bu nöqteyi-nəzərdən "Aleksandr Düma Qafqazda" və "Şərab, mədəniyyət və turizm mübadiləsi" layihələrini tamamilə uğurlu hesab etmək olar. Ölkənin infrastrukturu, regionlarda yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır. Bu marşrutun daha da məşhurlaşdırılması üçün virtual təşviqat sahəsində bir sıra tədbirlər həyata keçirilir, eyni zamanda, marağın artırılması məqsədilə film və videoçarxların yaradılmasından istifadə olunur.

Adı çəkilən iki marşrutdan başqa, "Böyük İpək Yolu", "Azərbaycanda Alman Məskənləri" və "Yəhudi İrsi üzrə Avropa Marşrutu" layihələrini də qeyd etmək lazımdır. Bu marşrutların daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələrlə birgə iş aparılır.

- Turizm Assosiasiyası, Mədəniyyət Nazirliyi və özəl şirkətlər artıq mövcud olan mədəni marşrutları daha da maraqlı etmək və onların sayını artırmaq üçün nə edə bilər?

- Turizm sənayesi ilə məşğul olan bütün dövlət qurumları və özəl qurumlar kollektiv əməkdaşlıq mühitində işləyir. Bizim məqsədimiz Azərbaycanın zəngin turizm potensialından daha səmərəli istifadə vasitəsilə ölkə ərazisində həm bizim vətəndaşlarımızın, həm də əcnəbilərin turizm istirahətini daha mənalı və yaddaqalan etməkdir. Biz yaxşı bilirik ki, hər bir turist istirahət etdiyi ölkənin və ya şəhərin təbliğatçısına çevrilir. Həm də bu təbliğat həm müsbət, həm də mənfi xarakterli ola bilər. Məhz buna görə biz işimizi bu sahədə ən qabaqcıl beynəlxalq təcrübə əsasında qurmağa çalışırıq, ən mütərəqqi ideyaları tətbiq edirik ki, turistlər ölkəmizdən və xidmətlərimizdən məmnunluq duysunlar. Biz çalışırıq ki, turistlərə xidmət edən ekskursiya rəhbərlərinin və bələdçilərin hazırlanmasından başlayaraq, onların istirahətinin təşkilinə qədər hər bir incəlikdə Azərbaycan xalqının ənənəvi qonaqpərvərliyi özünü göstərsin. Zənnimcə, ölkəmizin turizm sahəsində geniş imkanları ilə yanaşı, xalqımızın qonaqpərvərliyi, çoxmədəniyyətlilik və tolerantlıq dəyərlərinə hörməti də turistlərin səyahət obyekti kimi məhz Azərbaycanı seçməsi üçün əlavə amildir.

- Ölkədə turistlərin "keyfiyyəti" nədən asılıdır? Başqa sözlə, daha mədəni turistlərin cəlb edilməsinə və eyni zamanda turizmdən gəlir əldə edilməsinə necə nail olmaq olar? Bununla bağlı ideyalar var?

- Son bir neçə ildə Azərbaycan bir sıra beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə, siyasi tədbirlərə və idman tədbirlərinə ev sahibliyi edib. Bütün bunlar öz-özlüyündə ölkəmizə marağı artırır. Azərbaycana səfər edən turistlər arasında bir çox ölkələri və müxtəlif sosial təbəqələri təmsil edən insanlar görmək olar. Bu gün işgüzar məqsədlərlə ölkəmizə səfər edən insanların sayında da artım müşahidə olunur. Bu yaxınlarda təsis edilmiş Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə fəal iş həyata keçirir.

Büronun missiyalarına Bakının beynəlxalq imicinin formalaşdırılması, brenddən istifadə üzrə işlərin uzunmüddətli planının işlənib hazırlanması, brenddən istifadəyə nəzarət tədbirlərinin görülməsi, müxtəlif səviyyələrdə rebrendinq seçimi, marketinq işlərinin əlaqələndirilməsi və turistlərin məmnuniyyətinin artırılması kimi vəzifələr daxildir.

-  Və sonuncu sual: turistlərin statistikası aparılır?

- Hazırda ölkənin ÜDM-də payı nöqteyi-nəzərdən turizm sənayesi xüsusi yer tutur. Azərbaycan çoxsaylı turizm məhsulları sayəsində beynəlxalq turizm bazarında da xüsusi yer tutur. Bu, həmçinin ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasına şərait yaradır. Son 10 ildə bu göstərici 5 dəfədən çox artıb. Belə ki, 2016-cı ildə Azərbaycana səyahət etmiş digər ölkələrin sayı 2 mln. 242 min 783 nəfər təşkil edib. Bu, 2015-ci illə müqayisədə 11,7% çoxdur. 2016-cı ilin ilk 5 ayı ərzində ölkəyə 768 min turist gəlmişdisə, bu ilin analoji dövründə 956 min nəfər gəlib. Yəni, ötən illə müqayisədə artım 188 min nəfər və ya 24,5% təşkil edib. Bu zaman 2016-cı ildə Azərbaycana səyahət edən turistlərin əksəriyyəti aşağıdakı ölkələrdən gəlib: Rusiya (33%), Gürcüstan (22,5%), Türkiyə (13,9%) və İran (10,9%). Həmçinin, beynəlxalq hava limanlarında bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün asanlaşdırılmış viza rejiminin tətbiq edilməsi sayəsində 2016-cı ildən Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Belə ki, 2016-cı ildə Azərbaycana 2015-ci illə müqayisədə 2 dəfə çox İordaniya vətəndaşı, 3,2 dəfə çox Küveyt, 5,5 dəfə çox Qətər, 10 dəfə çox Səudiyyə Ərəbistanı və Oman, 22 dəfə çox BƏƏ və 30 dəfə çox İraq vətəndaşı gəlib.

Həmçinin, Fars Körfəzi və Yaxın Şərq regionundan, Asiya, Afrika, Amerika və Avstraliya qitəsi ölkələrindən gələnlərin sayında artım müşahidə olunur. İndi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sisteminin (www.evisa.gov.az) köməyi ilə 3 iş günü ərzində elektron viza ala bilərlər. Prosedur 3 mərhələdən (müraciət, ödəniş, elektron vizanın yüklənməsi) ibarətdir. Bu viza üçün dövlət rüsumu 20 ABŞ dollarına bərabərdir. Bu elektron viza ölkəyə birdəfəlik giriş və 30 günə qədər ölkədə qalmaq hüququ verir.

İkinci həmsöhbətimiz məşhur tarixçi və tədqiqatçı Fuad Axundov oldu.

- Fuad, siz Bakının ən məşhur bələdçilərindən birisiniz. Ekskursiyalar mədəni turizm növlərindən biridir. Necə düşünürsünüz, Azərbaycanda bu mədəni turizm növü nə dərəcədə inkişaf edib?
- "Turizmin ən məşhur növlərindən biri" ilə bağlı fikir bildirməyəcəyəm... Azərbaycanda mədəni turizmin nə dərəcədə inkişaf etməsinə gəlincə, bununla bağlı çox da məlumatım yoxdur, amma öz təcrübəmdən bilirəm ki, ona dövlət səviyyəsində, adında hər iki anlayışı ehtiva edən qurum - Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək maraq göstərilir. Həm də bu, ciddi və artıq peşəkar maraqdır. Mən Nazirliklə əməkdaşlığa ümid edirəm.

- Mədəni turizm nə dərəcədə zəruridir?

- Birmənalı olaraq zəruridir. Amma burada, ilk növbədə KONSEPSİYA lazımdır. Məndə belə bir konsepsiyanın olduğunu demək lovğalıq olardı, amma müxtəlif profilli mütəxəssislərdən ibarət komanda işə girişsə, bu təşəbbüsə öz töhfəmi verməkdən məmnun olaram.

- Şəhərdə ekskursiyaların keçirilməsi ilə bağlı vəziyyət dəyişib? Və dövlətin dəstəyini hiss edirsiniz? Bir neçə il əvvəl çəkilmiş, polisin Sizin ekskursiyanıza mane olduğunu əks etdirən və ictimaiyyəti qəzəbləndirən videoçarxı hamı xatırlayır. Bu gün vəziyyət dəyişib?

- Yalnız onu deyə bilərəm ki, ekskursiyaların keçirilməsinə maraq kifayət qədər yüksək olaraq qalır. Mənim auditoriyama gəlincə, 8-10 il əvvəl auditoriya əsasən ingilisdilli, yəni əcnəbi idi, indi isə getdikcə daha çox rusdilli , yəni ya yerli, Bakılı, ya da yaxın xarici ölkələrdən olan auditoriyalar olur. Ekskursiyalara düşmək istəyən məktəblilərin sayı çoxalır ki, bu da çox sevindirici haldır.

Dövlətin və ya digər qurumların köməyinə gəlincə, mənim çoxdan bir aforizmim yaranıb: dövlətin və qadının edə biləcəyi ən yaxşı şey mane olmamaqdır. Xoşbəxtlikdən arvad mane olmur, dövlət isə elə həmin Mədəniyyət və Turizm Nazirliyinin simasında, daha çox kömək edir. 

Belə ki, ötən il Nazirliyin sifarişi ilə Moskvalı rejissor Sergey Şaçinin "Bakı zaman aynasında" sənədli filmi çəkilib. Bu aciz qulunuza da həmin filmdə iştirak etmək nəsib olub. Odur ki, mənim dövlətdən gileylənməyim günah olar.

Bu gün polisin ekskursiyalara münasibəti normaldır. Yeri gəlmişkən, DİN rəhbərliyinin bu məşhur çarxa reaksiyası birmənalı olub: birini polisdən qovublar, digərini cəzalandırıblar, amma məqsəd qətiyyən bu deyil. Daha önəmlisi odur ki, sonradan mənim iki mərkəzi rayonun Post-patrul xidmətinin serjant heyəti ilə mühazirəm oldu və mən məmnuniyyətlə gənc polislərə xidmət göstərdikləri yerlər haqqında danışdım. Mən özüm də istefada olan polis podpolkovnikiyəm və keçmiş idarəmlə münasibətlərə çox dəyər verirəm.

- "Aleksandr Düma Qafqazda" marşrutu ilə bağlı Sizdən də soruşmaya bilmərəm, axı "Qafqaza qayıdış" filminin ssenari müəlliflərindən biri məhz Sizsiniz.

- Yeri gəlmişkən, bu, Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə Fransanın "Arte" kanalı ilə birgə həyata keçirdiyi daha bir layihədir. Marşrut həqiqətən çox maraqlıdır. Yeri gəlmişkən, Ata Dümanın Qafqaza səfəri Rusiya İmperiyasının ilk və çox savadlı piarıdır. Düma 1958-ci ildə, imam Şamil tərəfindən əsir götürülməzdən əvvəl Qafqazda olub, amma onun ömrünə artıq az qalmışdı. Birinci Qafqaz Müharibəsinin başa çatmasını gözləməyən Rusiya administrasiyası bu səfərlə artıq Qafqaza mədəni başlanğıc aparan qüvvə imici yaradır. Və bunda, şübhəsiz ki, həqiqət payı var. Amma Aleksandr Dümanın Qafqaza səyahətinin marşrutunu izləsək: Dərbənd-Quba-Bakı-Şamaxı-Şəki-Tiflis, demək olar ki, bütün səyahət yolunun hələ o vaxt sakit olmayan Şimali Qafqazdan deyil, daha çox qanuna tabe olan Azərbaycan və Gürcüstandan keçdiyini görmək olar. 

Əvvəlcə Dümanın "Qafqaza səyahət" kitabından parçalar səsləndirən, daha sonra onun təsvir etdiyi yerləri öz iştirakı ilə canlandıran Jerar Depardyenin köməyi ilə "Qafqaza qayıdış" filmi bu səyahətin məhz Azərbaycan hissəsini əks etdirir.  İdeya, məncə, çox maraqlıdır, baxmayaraq ki, mənə elə gəlir ki, bir az, daha çox Depardye və daha az Düma alınıb (gülür).

Fransa tərəfin bu layihəyə, bizimkindən bir qədər fərqli baxışı var, buna görə mən bu mövzunu bitmiş hesab etmirəm, amma ona nə vaxt və hansı formatda qayıtmaq olar - bunu zaman göstərəcək.

- Necə düşünürsünüz, mədəni turizmin uğuru nədən asılıdır? Sizə elə gəlmir ki, burada turistlərin "keyfiyyəti" az qala birinci dərəcəli rol oynayır?

- Artıq dediyim kimi, mədəni turizmin uğuru konsepsiyadan asılıdır. Mənim hazır reseptim yoxdur və açığını desəm, bu barədə düşünməmişəm. Mən sadəcə olaraq qeyri-ənənəvi, vaxtilə özümün çəkdiyim marşrutlarla turlar keçirirəm, indi isə bu marşrutları bir qədər dəyişdirməyə çalışıram (ki, onlar mənim özümü bezdirməsin). Mən auditoriyanı öz ekskursiya rəhbərləri olan yerlərə, demək olar ki, aparmıram. Birincisi, bu, belə demək olarsa, hörmətsizlikdir, ikincisi isə, əminəm ki, istənilən şəhərin gözəlliyi onun "ayaq dəyməmiş cığırlarındadır".

Turistlərin "keyfiyyəti" ilə bağlı: düşünürəm ki, turistlər tərəfindən şəhərə marağa sırf etnik prizmadan baxılmamalıdır. Yeri gəlmişkən, mən BDU-nun Şərqşünaslıq fakultəsində öyrəndiyim ərəb dilinin "ölü doğulmuş uşaq" olaraq qalmasına indi heç vaxt olmadığı qədər təəssüf edirəm. Bu yaxınlarda isə bir ailə arxivində qala karvansaralarından (hazırkı "Art garden") birinin fonunda bədəvini əks etdirən nadir inqilabaqədərki rəsm tapdım. Bu rəsmin bir nüsxəsini artıq "Art garden" restoranının rəhbərliyinə hədiyyə etmişəm. Bunu otellərdə "Bədəvilər gəlmir, bədəvilər qayıdır" şərhi ilə asmaq yaxşı olardı (gülür).

Amma ciddi olsaq, Sizin dediyiniz kimi "keyfiyyətli" auditoriyanı vizaların asan alınması, münasib və əlverişli otellər, xaricdə "Yay gəldi, Siz hələ Bakıda deyilsiniz?" kimi zəhlə tökməyən reklamlar və ən əsası, ilk növbədə öz-özümüzə hörmətlə cəlb etmək olar.

Bunların bir çoxu artıq edilir, qalanları tamamilə realdır. Belə ki, öz-özünə hörmətin təzahürlərindən biri küçələrdə sivil zibil qutuları və onlara zibil atmaq bacarığıdır. Gördüyümüz kimi, hər şey o qədər də qlobal deyil.

- Sizə tapşırılsaydı, ölkəmiz üzrə mədəni marşrutları necə təşkil edərdiniz? Sizcə, əsas diqqət nəyə yetirilməlidir?

- "Ya vam ne skaju za vsyu Odessu..." ("Mən bütün Odessanın adından demirəm...") mahnısını xatırlayırsınız? Elə mən də bütün ölkə miqyasında mədəni marşrutlar haqqında danışmaq məsuliyyətini üzərimə götürməyəcəyəm. Bu, ciddi və böyük bir komandanın işidir, amma tamamilə həyata keçirilə biləndir. Şübhəsiz, hər bir regionun öz "kozır kartı", hansısa cəlbedici tərəfi var. Bir yerdə bu memarlıq, bir yerdə sənətlər, başqa bir yerdə mətbəx, digərində həm o, həm bu, həm üçüncüsu var, məsələn, Şəkidə. Diqqəti də məhz bunlara yetirmək lazımdır.

Xoşbəxtlikdən, kifayət qədər mehriban və turistlərin əleyhinə olmayan əhali ortaq element olaraq qalır, amma mənə elə gəlir ki, hər yerdə əsas diqqəti xidmət səviyyəsinə və çox üzr istəyirəm, sanitar xidmətlərə yetirmək lazımdır. Daha konkret desəm... tualetləri nəzərdə tuturam. Bayağılığa görə üzr istəyirəm, amma maddi mədəniyyət tualetlərdən başlayır. Təmiz, səliqəli, yaxşı olardı ki, xoş musiqi səslənən və mütləq tualet kağızı olan tualetlərdən. Bunsuz, istər-istəməz, nə mədəni, nə də hər hansı başqa turizm sadəcə olaraq ola bilməz.

Məlum olduğu kimi, qlobal olan hər şey lokal üzərində qurulur. Odur ki, mədəni turizmin əsasında məişət səviyyəsində, üzr istəyirəm, aftafa və tualet kağızı durmalıdır, onların ittifaqı unudulmaz “oraq və çəkic birliyindən” daha güclü olmalıdır (gülür).

Və əlbəttə, mədəni turizm mövzusunda "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımovla söhbət etməyə bilməzdik.

- Son vaxtlar Azərbaycanda mədəni turizmin inkişafında müsbət dəyişikliklər var?

- Azərbaycan ən güclü turizm resurslarına malikdir. Amma uzun illər turizm sahəsində bazarda yeni və tələbat olan turizm məhsulunun və yeni, keyfiyyətcə əvvəlkindən fərqlənən müasir turizm infrastrukturunun kifayət qədər olmaması əsas problem olub. Məhz ölkə rəhbərliyi tərəfindən görülmüş böyük işlər və müasir islahatlar nəticəsində hazırda bütünlükdə turizm sahəsində və xüsusən mədəni turizm seqmentində böyük dəyişikliklər görürük.

İstənilən ölkədə mədəni turizm daha çox məşhurdur. Bu, məntiqlidir, axı məhz mədəniyyət inkişaf prosesinin, müstəqilliyin qorunmasının və möhkəmləndirilməsinin və istənilən xalqın özünəməxsusluğunun fundamental əsasıdır. Hazırda böyük sürətlə inkişaf edən gəlmə turizmi gec və ya tez bu sualı doğuracaq: biz nə göstərə bilərik? 

Heç kim üçün sirr deyil ki, "Yunanıstan" dedikdə dərhal antik məbədlər obrazları canlanır, Misir bizi piramidaları ilə, Roma isə Kolizey və digər bütün dünyada məşhur olan memarlıq və incəsənət əsərləri ilə cəlb edir. Hamı Eyfel qülləsi və Stounhenc, Azadlıq heykəli və Çexiyanın qədim qəsrləri haqqında bilir. Və təəssüf ki, hələlik çox az insan Azərbaycanda - həm Bakı ərazisində, həm də regionlarda nə qədər çox maraqlı və tarixi-mədəni təbəqələrin olduğunu təsəvvür belə etmir.

Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində iki qoruğa ("İçərişəhər" və "Qala") görə məsul olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi artıq 10 ildir qeyd edilən ərazilərdə turizm, mədəniyyət və abidələrin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən nadir vasitədir. Buna görə, tamamilə təbiidir ki, ölkəmizin hazırda yaşadığı turizm bumunu ilk hiss edənlərdən biri bizik - axı məhz Köhnə şəhər, İçərişəhər, demək olar ki, istənilən turistin şəhərimiz və ölkəmizlə tanışlığının başlanğıcını təşkil edən mütləq nöqtədir. Qürurla demək olar ki, yeni muzeylərin açılması, muzey ekspozisiyalarının yenilənməsi, muzey fondlarının zənginləşdirilməsi və Qoruğun qonaqlarının onunla tanış olmasını daha əlverişli və maraqlı edən yeni texnologiyalar sayəsində mədəni turizmin inkişafı ildən-ilə daha da güclənir.

Fikrimizcə, İçərişəhər müvafiq potensiala malikdir və təkcə regional miqyasda deyil, dünya miqyasında da uğurlu model olmalıdır. Təcrübə göstərir ki, uğur üçün bizim dörd əsas amilə ehtiyacımız var: zəngin tarix və nadir memarlıq; maraqlı mədəni-əyləncə tədbirləri; müasir turizm infrastrukturunun mövcudluğu; yüksək səviyyədə inkişaf etmiş xidmət sahəsi. Əminliklə demək olar ki, bu gün bizdə bütün bu amillər var.

- İçərişəhərdə turizmin keyfiyyətinin yaxşılaşdırılması üçün konkret olaraq nə edilir?

- İçərişəhər sadəcə yüzlərlə tarixi abidənin cəmləşdiyi açıq hava muzeyi deyil. O, dünyanın sivilizasiya ocaqlarından biri, Bakının başladığı yerdir. Qədim Bakı qüdrətli Şirvanşahlar dövlətinin paytaxtıdır. Qoruqda Şirvanşahlar sarayının (Şirvan hökmdarlarının iqamətgahı) mövcudluğu Azərbaycan xalqının dərin dövlətçilik ənənələrinə dəlalət edir.

Ötən dövr ərzində İdarə artıq turistlərin cəlb edilməsi üçün müasir infrastruktur yaradıb: qoruq ərazisində informasiya köşkləri quraşdırılıb, turizm marşrutları müəyyən edilib, həm Azərbaycan dilində, həm də xarici dillərdə xidmət göstərən bələdçilər xidməti yaradılıb. Turistlərin rahatlığı üçün şəhərin böyük otelləri ilə əlaqələr qurulub, qruplar üçün birbaşa mehmanxanalardan alınmaqla ekskursiyalar keçirilir.  Açıq havada ilk dəfə olaraq İçərişəhərdə Azərbaycan, rus, ingilis, fransız və alman dillərində audio bələdçilər sistemi tətbiq edilib. Turistlər qulaqlıq köməyi ilə başqasının köməyi olmadan tarixi abidələr haqqında ətraflı məlumat əldə edirlər. Ekskursiyaların yüksək beynəlxalq səviyyədə təşkili və keçirilməsi üçün elektromobillər alınıb.

Artıq qeyd etdiyim kimi, İçərişəhər muzeylərində yeni müasir muzey ekspozisiyaları yaradılıb, onlar turistlərin böyük marağına səbəb olur. Bizim vəzifəmiz qonaqları əsas abidələrə (Qız Qalası, Şirvanşahlar Saray Kompleksi) cəlb etməklə yanaşı, həm də onlara çox sayda digər, hələlik o qədər də məşhur olmayan abidələr haqqında kifayət qədər məlumat verməkdir. Qoruq ərazisində belə abidələrin sayı həddindən artıq çoxdur. Məsələn, ötən ilin sonlarında Azərbaycan prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə, uzun konservasiya işlərindən sonra Köhnə Şəhərin ən gözəl məscidlərindən biri - "Bəylər" məscidi açılıb, hazırda onun içərisində müqəddəs "Quran"a həsr olunmuş çox maraqlı ekspozisiya var.

Həmçinin, İdarə Kukla Teatrının binasında təmir və yenidənqurma işlərini yekunlaşdırıb, o, qısa müddət ərzində artıq Qoruğun qonaqları üçün ən məşhur nöqtələrdən birinə çevrilib. Burada Azərbaycanın musiqi mədəniyyətinə də qoşulmağa imkan verəcək tamaşalar zamanı kuklaşünas ustaların qeyri-adi işindən zövq ala bilərsiniz. Hazırda teatrın səhnəsində "Leyli və Məcnun" tamaşası gedir və biz onu hələ görməyənləri mütləq tamaşaya baxmağa dəvət edirik!

Ziyarətçilər İçərişəhərdə rahat istirahəti uzun müddət xatırlamalı, bu istirahət parlaq, təsirli və ən əsası, maraqlı və məzmunlu olmalıdır. Mədəni turizm obyektlərinə gedən yolların işarələri, turizm marşrutları üzrə naviqasiya, qoruğun hazırlanmış xəritələri, Köhnə Şəhər haqqında kitabçalar (Azərbaycan, rus və ingilis dillərində), kiçik kitablar, fotoalbomlar, təqvimlər, açıqcalar, musiqi diskləri, suvenirlər və digər informasiya materialları ziyarətçilərin həm qoruqda hərəkətini, həm də mədəni irsimizlə tanışlığını xeyli asanlaşdırır.

Qədim çörəkbişirmə ənənəmizi də unutmamışıq, o, turistlər üçün çox maraqlıdır - Kiçik Qala küçəsində (əsas turizm marşrutu) təndir quraşdırılıb. Yaxınlıqda həm də milli üslubda tərtib edilmiş ərzaq dükanı, çayxana, manqal və digər ictimai iaşə obyektləri var. 

- Turistlərə hansı ekskursiyalar və turlar təklif olunur? Və onlar üçün bələdçilər necə seçilir?

- Artıq bir neçə ildir ki İdarə bələdçi və ekskursiya rəhbərlərinin seçilməsi və yoxlanması sistemi tətbiq edir. Hər iki-üç ayda bir yeni namizədlərlə xüsusi testlər və söhbətlər aparılır, zəif və güclü tərəflərini müəyyən edə bilmək üçün onlara Qoruğun müxtəlif ekspozisiyaları üzrə rotasiya ilə müəyyən sınaq müddəti verilir. Bu, mürəkkəb prosesdir, təəssüf ki, bəzən adi insan amili ilə qarşılaşırıq: çoxları sadəcə olaraq iş qrafikinin və məsuliyyətin öhdəsindən gələ bilmir, buna görə daim yeni kadrlar cəlb etmək lazım gəlir. Amma, heç nəyə baxmayaraq, biz qürurla deyə bilərik ki, turistlərin və qonaqların böyük əksəriyyəti razı şəkildə gedir və həm abidələr və Köhnə Şəhər, həm də bütünlükdə ölkəmiz haqqında maksimum məlumat əldə edir.

Həmçinin, biz turizm marşrutlarının daim yenilənməsinə böyük diqqət yetiririk. Turistin ekskursiya zamanı maksimum sayda maraqlı yer və abidələr görməsi vacibdir - buna görə müntəzəm olaraq turlara yeni nöqtələr və əlavə məlumatlar əlavə olunur.

- Təşkil olunan ekskursiyalar turistlərin Azərbaycan haqqında biliklərini artırmağa nə dərəcədə imkan verir?  Bu maariflənmə dinamikasını "hesablamaq" mümkündürsə və buna ehtiyac varsa, bunu necə etmək olar?

- Təbii ki, keçirilən ekskursiyalar turistdə gələcək araşdırmalar və ölkəyə səyahət üçün maraq oyandıracaq ilk, əsas addımdır. Axı məhz ekskursiya zamanı birdən-birə təsəvvür belə edə bilmədiyi bir şey öyrənə bilər, bu, onun üçün yenilik olar və onu təkrar-təkrar Bakıya və Azərbaycana qayıtmağa vadar edər. Mənim fikrimcə, hər bir turistlər qrupu üçün maraqlı bir şey tapmağı bacarmaq lazımdır və onda bizə maraq və gələnlərin sayı artacaq, axı onların hər biri səyahəti haqqında doğmalarına və yaxınlarına danışacaq, sosial şəbəkələrdə fotoşəkillərini paylaşacaq, müəyyən mənada Azərbaycanda mədəni turizmin piar alətinə çevriləcək.

- Siz bütün müsbət məqamları sadaladınız, bəs mədəni turizm sahəsində problemlər necə, var?

- Mənə elə gəlir ki, hazırda əsas problem xidmətlərə artan tələbatı tamamilə ödəyə biləcək kifayət qədər peşəkar kadrların - bələdçilərin, ekskursiya rəhbərlərinin olmamasıdır. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müntəzəm olaraq bu sahədə mütəxəssislərin akkreditasiyasını həyata keçirdiyini görmək sevindirici haldır. Bu, peşəkarlar və çox vaxt kifayət qədər biliyi və informasiya bazası olmadan sadəcə olaraq öz xidmətlərini təklif edən insanlar arasında dəqiq sərhəd çəkməyə imkan verən çox mühüm addımdır. Əksər hallarda məhz onların ucbatından turistlərdə ya qeyri-kafi, ya da mənfi təəssürat formalaşa bilər.

- Sizcə, ölkədə turistlərin "keyfiyyəti" nədən asılıdır? Və ümumiyyətlə, turizmin inkişafına bu kontekstdə baxmağa ehtiyac var?

- Bilirsiniz, turistin "keyfiyyəti" kifayət qədər şərti anlayışdır. Bəli, bir çox əlamətlərə: maraqlarına, ödəmə qabiliyyətlərinə, üstünlük verdikləri istirahət növünə görə turistlər arasında fərq var. Amma qəbul edən ölkə üçün onlar arasında fərq olmamalıdır.

Buna isə yalnız istənilən kateqoriyalı qonaqlar üçün zəruri infrastrukturu yaratmaqla, hər kəsin özü üçün maraqlı, ən əsası isə bir müddət sonra onu yenidən bizə qayıtmağa məcbur edəcək bir şey tapmasına səbəb olmaqla nail olmaq olar.

Bu gün Azərbaycan tamamilə müxtəlif istiqamətlər və maraqlar üçün zəruri olan hər şeyi təqdim etmək iqtidarındadır, istər böyük idman yarışları olsun (Formula-1 Qran-pri, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları, gələcəkdə Avropa Futbol Çempionatı-2020), istər çimərlik istirahəti, ölkəmizin mənzərəli regionlarına səfərlər, tarixi-etnoqrafik araşdırmalar, kulinariya səyahətləri və s. 

Müvafiq olaraq, müxtəlif istiqamətlər və maraqlar müxtəlif kateqoriyalı qonaqları cəlb edir ki, bu da tamamilə təbiidir. Kompleks şəklində bu turistlər bütünlükdə ölkəyə və xüsusən səyahətin hər mərhələsində onlara xidmət göstərən bizneslərə gəlir gətirir.

Məqalə Aİ "Şərq Tərəfdaşlığı"nın "Mədəniyyət və Yaradıcılıq" proqramı ilə əməkdaşlıq çərçivəsində hazırlanıb

culturepartnership.eu

www.facebook.com/culturepartnership

Natali Aleksandrova

Paylaş:
7402

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər