Liberal demokratiyanın böhranı: daxili səbəblər və beynəlxalq münasibətlər | 1news.az | Xəbərlər
Siyasət

Liberal demokratiyanın böhranı: daxili səbəblər və beynəlxalq münasibətlər

17:21 - 21 / 02 / 2018
Liberal demokratiyanın böhranı: daxili səbəblər və beynəlxalq münasibətlər

Son illər Qərb siyasi fəlsəfəsində liberal demokratiyanın indiki vəziyyəti və gələcəyi ilə bağlı araşdırmalara daha çox rast gəlinir.

Müəlliflər bu sahədə ciddi böhranın olduğu qənaətindədirlər. Bunun müxtəlif səbəbləri göstərilir. Lakin başlıca olaraq ABŞ-ın liberal demokratiya ideyalarından imtina etməsi qabardılır. Bununla yanaşı, liberal demokratiyanın bir siyasi-ideoloji cərəyan və siyasi idarəetmə modeli olaraq daxili ziddiyyətlərindən də bəhs edilir. Yekun olaraq qlobal miqyasda dünya nizamının mürəkkəb vəziyyətindən danışmaq mümkündür. Bu durumda Çin və Rusiyanın liberal demokratiyadan fərqli mövqeni öz təsir dairələri olan ölkələrdə yaymaları da əlavə təhlükə hesab edilir. Bir-biri ilə ziddiyyət təşkil edən bu tendensiyaların rəqabəti bəşəriyyəti haraya apara bilər? Bu suala cavab axtarışı maraqlıdır.

Parçalanmış liberalizm: qeyri-liberal demokratiya və qeyri-demokratik liberalizm

Qərb analitik dairələrində və siyasi fəlsəfəsində son zamanlar liberalizmin taleyinə həsr edilmiş yazıların sayı artıb. Müəlliflər bir qayda olaraq Qərbdə və bütövlükdə dünyada liberal demokratiyanın böhran keçirdiyini vurğulayır, bunu əsas götürərək yaranmış vəziyyəti təhlil edirlər. Siyasi fəlsəfə baxımından maraqlı olanı ondan ibarətdir ki, Qərb müəllifləri liberalizmlə bağlı prosesin dalana dirənməsində hər şeydən öncə ABŞ və Avropanın siyasi dairələrini, daha dəqiq deyilsə, siyasi elitanı ittiham edirlər. Onlar göstərirlər ki, liberal demokratiyanın qarşılaşdığı çətinliklər Qərbin inkişaf etmiş ölkələrinin siyasi elitalarının özlərini cəmiyyətdən ayırması ilə bağlıdır (bax: məs., Dani Rodrik. The Double Threat to Liberal Democracy / "Project Syndicate", 13 fevral 2018).

Əslində, burada mürəkkəb bir dinamikanın olduğunu da qəbul etmək gərəkdir. Çünki İkinci dünya müharibəsindən sonra qlobal miqyasda rəngarəng proseslər baş verib. Beynəlxalq mühit keyfiyyətcə dəyişib və daha mürəkkəb struktur alıb. XX əsrin sonlarından başlayaraq isə meydana yeni supergüclər çıxıb (ilk növbədə Çin, sonra isə Rusiya). Sonuncuların apardığı oyunlar ABŞ və Avropa ölkələrindən fərqlənir. Buna baxmayaraq, tədqiqatçılar məhz həmin tendensiyanın yaranmasında Qərbin siyasi elitasının liberal demokratiyanın əsl mahiyyətindən uzaqlaşmasının həlledici rol oynadığını vurğulayırlar (bax: məs., Sharun Mukand, Dani Rodrik. The Political Economy of Liberal Democracy / "NBER Working Paper", № 21540, sentyabr, 2015).

Bundan başqa, Yaşa Mounk adlı gənc tədqiqatçı yazdığı yeni kitabda "liberal demokratiya" anlayışını geniş təhlil edir və onun "qeyri-liberal demokratiya" və "qeyri-demokratik liberalizm" kimi iki tərkib hissəyə bölündüyündən bəhs edir. Y.Mounk vurğulayır ki, xeyli vaxtdır Qərb ölkələrində liberal demokratiya deyil, qeyri-demokratik liberalizm özünü göstərir (bax: Yascha Mounk. The People vs. Democracy. Why Our Freedom Is in Danger and How to Save It. Harvard University Press, 2018, 400 p.).

Onun əsas əlamətləri çoxluğun azlığın hüquqlarını tapdalaması və hakimiyyətin cəmiyyət qarşısında hesabatlılıq vəzifəsini tam yerinə yetirməməsidir. Bunların nəticəsində son bir neçə ildə Qərbdə elita ilə cəmiyyət arasında uzaqlaşma daha da artıb. Sağ populizmin sosial-ideoloji mənbəyi bundadır. D.Rodrik bu prosesin təməlində müasir cəmiyyətlər üçün xarakterik olan bir tendensiyanın dayandığını iddia edir. Bunlar iki aspektdə parçalanma ilə bağlıdır. Birincisi, identikliyə görə parçalanmadır ki, azlığı etnik, dini və ya ideoloji çoxluqdan ayırır. İkincisi, cəmiyyətin zəngin kəsimi ilə onun digər hissəsi arasındakı parçalanma artır (bax: Sharun Mukand, Dani Rodrik. The Political Economy of Liberal Democracy. "NBER Working Paper", № 21540, sentyabr, 2015).

Deməli, cəmiyyət inkişaf etdikcə, həm siyasi elita, həm də toplumun özü bu prosesə "liberal demokratiya çərçivəsində" qiymət verə bilmir. İdentiklik sosial və etnik qrupları bölüb, qarşı-qarşıya qoyur və daha çox varlananlar özlərini cəmiyyətin qalan hissəsindən fərqli aparmağa başlayırlar ki, bu da ciddi ziddiyyətləri yetişdirir. Yeri gəlmişkən, tədqiqatçılar bu tendensiyanın da təbii əsaslarının odluğunu vurğulayırlar. D.Rodrik yazır ki, "liberal demokratiya təbiətən kövrəkdir, çünki onun tərkib hissələri təbii olaraq siyasi tarazlıq yaratmağa imkan vermir" (bax: Dani Rodrik. The Double Threat to Liberal Democracy / "Project Syndicate", 13 fevral 2018).

Modellərin rəqabəti: xilas yolu görünmür

Beləliklə, Qərb siyasi fəlsəfəsində liberal demokratiyanın ciddi çətinliklərlə üzləşdiyini qəbul edirlər. Daha əhəmiyyətlisi odur ki, artıq siyasətçilər də bu barədə praktiki aspektdə danışmağa başlayıblar. Bunu Münxen təhlükəsizlik konfransının son 2 ildə keçirilən tədbirlərində aydın hiss etmək mümkündür. 2017-ci ildə konfransın mövzusu belə olub: "Post-həqiqət, post-qərb, post-nizamlılıq?". Birincisi, etiraf olunur ki, indi Qərb yox, post-qərb mərhələsindən danışmaq daha doğru olar. Yeri gəlmişkən, bəzi tanınmış müəlliflər məsələni məhz bu kontekstdə nəzərdən keçirirlər. İkincisi, hazırkı mərhələnin əsl məzmun və mahiyyətinin nədən ibarət olduğu Qərb tədqiqatçılarının özlərinə belə aydın deyil. Bu da avtomatik olaraq dünya siyasi sistemində qeyri-müəyyənliklərin və xaotik dinamikanın yaranmasına səbəb olur.

Digər tərəfdən, Münxen konfransının bu ilki tədbirində liberal dünya nizamının qarşılaşdığı çətinliklərə böyük yer verilib. Bütövlükdə dünyanın daha az liberal, daha az beynəlmiləlçi və daha az nizamlı olduğu vurğulanıb. Ancaq bunun səbəbi ilk növbədə ABŞ-ın azadlıq uğrunda mübarizədə lider olmaq istəməməsidir. Üstəlik, Donald Tramp başda olmaqla siyasi qüvvələr liberal dəyərlər və demokratiya sahəsində əldə edilən nailiyyətləri deyil, tarixə, mədəniyyətə və dinə əsaslanan dəyərləri təbliğ edirlər.

Münxen konfransının "Uçurumun kənarına qədər və geriyə?" sərlövhəli ənənəvi illik məruzəsində vurğulanır ki, bir sıra dairələr artıq post-qərb mərhələsinin başladığını iddia edirlər. Digərləri hələ bu prosesin başlamadığı qənaətindədirlər. Bu mübahisələrin fonunda Çin yaranmış boşluğu aktiv surətdə doldurur və onun avtokratiya ilə kapitalizmin uyğunlaşdırılmasına əsaslanan modeli Asiyada, Afrikada, Yaxın Şərqdə və hətta Latın Amerikasında belə maraq doğurur (bax: Михаил Демурин. Либеральный международный порядок: многополярность запрещена / "Regnum", 15 fevral 2018).

Rusiya isə alternativ təklif etməsə də, liberal demokratiyadan fərqli mövqe nümayiş etdirir. Nəticədə, Çin və Rusiya hazırda mövcud olan Qərb liberal demokratiyasının yaratdığı dünya nizamını dəyişirlər. Onlar öz təsir dairələrində olan ölkələrdə fərqli vəziyyət yaratmaqdadırlar. Bu da ona gətirib çıxarıb ki, "Qərbin getdikcə daha çox sayda siyasətçisi etiraf etməyə başlayır ki, dünya yeni mərhələyə qədəm qoyur ki, burada daxili siyasətin və beynəlxalq münasibətlərin müxtəlif modellərinin mübarizəsi özünü göstərəcək" (bax: əvvəlki mənbəyə).

Beləliklə, geosiyasətdə faktiki olaraq yeni yanaşmaların elementləri meydana çıxmaqdadır. Qərbdə liberal dünya nizamının böhranının yeni səviyyəyə yüksəldiyini və onun daha dərin qatlara nüfuz etdiyini nəzəri və praktiki səviyyədə qəbul etməyə başlayıblar. Münxen konfransı da göstərir ki, ABŞ və Avropa siyasi dairələri bu vəziyyətdən xilas yolu axtarırlar. Lakin onlara Çin və Rusiya kimi yeni supergüclərin fəaliyyəti mane olur. Bu səbəbdən hələ bir müddət dünyanı müxtəlif avtonom modellərin rəqabət meydanı olaraq qəbul etmək lazım gələcək. Belə bir durum isə liberal demokratiyanı qeyri-müəyyən situasiyaya salır və meydana çoxlu sayda problemlər çıxarır. O cümlədən terror və lokal müharibə məkanlarının sayı artmaqdadır. Fərqli qlobal siyasi modellərin mövcudluğu şəraitində dünyanın təhlükəsizliyi necə təmin ediləcək?

Geosiyasi kontekstdə mütəxəssislər bunu əsas məsələ hesab edirlər. Təəssüf ki, məsələnin nəzəri həlli aydın olsa da, supergüclərin addımları fərqli mənzərə yaradır. Dünya daha təhlükəli və riskli vəziyyətə doğru "sürüklənir". Öz məxsusi maraqlarını cilovlaya bilməyənlər bəşəriyyəti uçuruma apardıqlarının fərqində deyillər!

Newtimes.az

Paylaş:
578

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər