Kərkükün gələcəyi necə olacaq? - İraqlı deputat danışır | 1news.az | Xəbərlər
Müsahibə

Kərkükün gələcəyi necə olacaq? - İraqlı deputat danışır

10:04 - 19 / 12 / 2017
Kərkükün gələcəyi necə olacaq? - İraqlı deputat danışır

İraqın şimalında bu il sentyabrın 25-də keçirilən qanunsuz referendum Bağdadı hərəkətə gətirdi. Hökumət Kürdüstan muxtariyyətinin iddia etdiyi turkman torpaqlarına ordu yeritdi və həmin bölgələrdə nəzarəti öz əlinə aldı. İndi də Kərkükə İraq ordusunun nəzarəti davam edir.

Hazırda Kərkükün idarəçiliyi ilə bağlı bir sıra modellər masa üzərindədir. Həmin modellər İraqın baş naziri daxil olmaqla digər rəsmi şəxslərlə müzakirə edilib. Yaxın günlərdə isə yekun qərar veriləcək. İraq parlamentinin turkman millət vəkili Hasan Turan 1news.az-a müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

-Hasan bəy, hazırda Kərkükdəki vəziyyəti, turkmanların durumunu necə dəyərləndirirsiniz?

- İraqda yaşayan turkmanların həm 2003-cü ilə qədər, həm də ondan sonra çox çətinlikləri, sıxıntıları olub. Bizim bölgələrimiz kürdlərin və ərəblərin yaşadığı coğrafiyadadır. Eyni zamanda turkman bölgələrinin neft və qazla zəngin olması səbəbindən daha artıq çətinliklərə, təzyiqlərə məruz qalmışıq. Çünki kürdlər digər koalisiyalarla birləşərək konstitusiyada bu bölgəyə mübahisəli bölgə adı verdilər. Həmin mübahisəli bölgələr də turkmanların sıx yaşadığı, neft və qazla zəngin olan bölgələrdir. Kürdlərin məqsədləri bu bölgələri Şimali İraqa qatmaq idi. Çünki bu ərazilər qatılmazsa, kürd öz dövlətini qura bilməzdi. Ona görə ki, iqtisadi gücünü bu bölgələrdən alırdı. Bu bölgələrin içində Tuzhurmatı, Kərkük, həmçinin Mosul vilayətinin bir sıra rayonlar da var.

"İraqda referendum baş tutsaydı Türkiyə də, İran da, Suriya da parçalanacaqdı"

Biz 2003-cü ildən 2017-ci ilədək vəziyyət barədə öz şikayət və narazılıqlarımızı İraqın məsul dairələrinə çatdırmışıq. İraqdakı bütün siyasi dairələrlə görüşlərdə turkmanların problemlərini anlatmışıq. Amma təəssüf ki, bizi heç kim dinləmədi, xüsusilə də Kərkükdə böyük bir demoqrafik dəyişikliyə məruz qaldıq. Ən azı 500 minə yaxın kürd digər bölgələrdən gətirilib Kərkükdə yerləşdirildi. Ən sonda kürdlər müstəqillik referendumu keçirdilər, eyni zamanda Kərkükü də o bölgəyə qatdılar. Türkmanlar və ərəblər referendumu boykot etdilər.

Şükürlər olsun ki, İraq hökuməti bizi bu dəfə daha yaxşı anlamağa başladı. Xüsusilə də referendumdan sonra anladılar ki, turkmanların 2003-cü ildən bəri dedikləri doğru imiş. Kürdlər bu bölgələri əllərinə alsalar İraq içində qalmazlar və İraqın birliyini, bərabərliyini pozarlar, yeni bir dövlət yaratmağa qalxarlar. Bizim qənaətimizə görə, əgər İraqda referendum layihəsi uğurlu olsaydı, bundan sonra Türkiyə də, İran da parçalanacaqdı. Vəziyyət Suriyanın da parçalanmasına  gətirib çıxara bilərdi. Bu layihəyə qarşı çıxan, dirəniş göstərən daha çox turkmanlar oldu. Biz həm parlamentdə, həm digər strukturlarda ciddi bir şəkildə çalışdıq və nəticədə referendum ləğv edildi. Ondan sonra İraq ordusu bölgəyə daxil oldu və nəzarəti öz əlinə aldı.

Bu günə kimi biz İraq hökumətinin 2017-ci il 16 oktyabrda atdığı addımlardan məmnunuq. Amma atılacaq bir sıra addımlar daha var. İlk növbədə təhlükəsizliyə nəzarətin İraq hökumtində qalması önəmlidir. İkincisi, burda bir ortaq idarəetmə qurulmaldır. Turkmanlar, ərəblər, kürdlər, xristianlardan ibarət ortaq idarəçiliklə bağlı bizim hər zaman təklifimiz var. Bu olmazsa, bölgələrimiz üzərindəki təhlükə davam edəcək.

"Parlament seçkilərinə kimi İŞİD-dən qaçan turkmanlar yerlərinə dönməzlərsə böyük zərərə uğraya bilərik"

Qarşıda parlament seçkiləri var. Bizim məqsədimiz o seçkilərin sabit keçməsidir.  Amma seçkilərdən əvvəl bir narahatlığımız var. O da bundan ibarətdir ki, bizim İŞİD-in əlində olmuş bəzi bölgələrimizdə, xüsusilə Tuzhurmatı və Təlafərdə 500 mindən çox qaçqınımız var. Onların bir qismi ölkə ərazisinin müxtəlif vilayətlərinə dağılıb. Eyni zamanda sərhədlərimizdən kənarda da qaçqınlar var ki, hələ də yerlərinə qayıtmayıblar. Çünki İŞİD-dən alınmış ərazilər minalanıb, evlərə bombalar yerləşdirilib, məktəblər, xəstəxanalar dağıdılıb. Su, elektrik enerjisi yoxdur.

Biz insanlarımızın seçkilərdən əvvəl öz yerlərinə dönmələrini istəyirik. Əgər seçkilər olarsa və onlar da yerlərinə dönməzlərsə turkmanlar böyük bir zərərə uğraya bilər. Biz bunu hökumətlə və BMT-nin Bağdad təmsilçi ilə müzakirə etmişik. Seçkilərdən əvvəl dönmələrini gözləyirik. İnsanlarımız İŞİD-dən böyük bir zərər gördü. Çoxlu insanlar qaçırıldı, öldürüldü. Onların meyitləri hələ də tapılmayıb.

Biz bu ilin may ayında keçirilən turkman qurultayında 9 nəfərdən ibarət koordinasiya qrupu yaratmışıq. O heyət davamlı olaraq bütün tərəflərlə görüşür. Türkiyəni ziyarət etdik, sırada isə İran var. Azərbaycanı da ziyarət etmək arzusundayıq.

-Hazırda turkmanlar İraq parlamentində neçə deputatla təmsil olunurlar və növbəti il keçiriləcək seçkilərdə neçə yerə iddialısınız?

-Bizi narahat edən məsələlərdən biri turknanların İraqın içində müxtəlif yerlərə dağılmasıdır. Turkmanların böyük bir coğrafiyada dağılmasının həm üstünüyü, həm də qeyri-üstünlüyü var. Üstünlük budur ki, bu, coğrafiyamızın nə qədər geniş olduğunu göstərir. Mənfi tərəfi isə bundan ibarətdir ki, müxtəlif yerlərə dağıdıqları üçün bu coğrafiyada millət vəkili seçimlərində çətinliklər  yaradır. İndi deputatların sayı 11 nəfərdir. Gələcəkdə sayın 15 nəfərə çatdırılmasını gözləyirik. Bunun üçün bizim də üzərimizə böyük iş düşür.

Biz İraqda kvotaları rədd etdik

-İraqda 3 milyondan artıq turkman yaşayır. Bunu nəzərə alıb parlamentdə kvota istəyə bilərsinizmi?

-İraqda azsaylı xalqlara bəlli sayda kvota verilir. Məsələn, xristianların 5 yeri var. Amma biz kvotaya girmək istəmirik. Çünki bu, turkmanları sayca üçüncü millət olmaqdan azlıq halına gətirə bilər. Ona görə də İraqda kvotaları rədd etdik. Kvotanı qəbul etsəydik böyük bir zərərə uğrayardıq. Bizim üçün önəmli olan deputatların sayının artırılmasından daha çox İraq siyasətini bilən, anlayan fəal millət vəkilləri yetişdirməkdir. Kvotanı qəbul etmədiyimiz üçün bəzi sıxıntılar yaşadıq, amma burada sayca üçüncü böyük millət olaraq qalmaq niyyətindəyik.

-Bayaq vurğuladınız ki, Kərkükdə idarəçiliklə bağlı modellər müzakirə edilib, sizi razı salan model hansıdır?

-İraq hökumərtinin Kərkükə nəzarəti ələ almasından sonra rəsmi təkliflər yazıb baş nazir Heydər Abadiyə göndərdim. Orda 100/ 32 prinsipi ilə ortaq idarəçilik modeli əksini tapıb. Hökumət ötən həftə bir komissiya qurdu və keçici valini Bağdadda toplantıya çağırdı. Mənim təkliflərimin İraq hökumətində müzakirələri başlayıb və  bəzi əlavə məlumatlar da təqdim etmişik. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ ilə bağlı İraq hökumətinin addımları məlum olacaq.

“Kərkükün valisinin turkman olmasında israrlıyıq”

-Kərkükdə idarəçilik necə bölünəcək, vali kürd ya turkman olacaq?

-Kürdlər valinin kürd olması təklifi ilə çıxış etdilər, amma təbii ki, biz qəbul etmədik. Təklif var ki, polis rəisi ya ərəb, ya  turkman, məclis başqanı isə turkman olsun. Biz baş nazirə də rəsmi yazıda turkman valinin olmasını israr etmişik. Bu təklif üzərində dayanmışıq. Hələ ki, cavab yoxdur. Hesab edirəm ki, İraq hökuməti də buna müsbət yanaşır. Amma nə zaman təsdiq olacaq bu, məlum deyil.

-Qonşu ölkələrin turkmanlara münasibəti necədir? İran, Türkiyə sizə dəstək verirmi?

-Bu günə kimi bizə ən çox dəstək verən ölkə Türkiyədir. Türkiyə ilə çox yaxşı münasibətimiz var, eyni dili danışırıq, eyni mədəniyyəti paylaşırıq. Turkman milləti üçün önəmli olan məzhəbi kimlikdən daha çox etnik kimliyidir. Çünki bu bizi birləşdirir. Əgər biz şiə, sünni söyləsək parçalanarıq. Bu parçalanmadan isə bütün turkmanlar zərər görər. Bizim burada min ildən artıq tariximiz var. Bu tarix boyunca hər zaman turkmanlar etnik qrup olaraq İraqda özlərini tanıdıblar.

Biz hazırda bütün ixtilaflarımızı, siyasi baxışlarımızı bir tərəfə qoyub həssas dönəmdə əsas olanın birlik, bərabərlik olduğunu bəyan etdik. Bütün ölkələrdən məhz bu məsələdə kömək gözləyirik. İstər İran, istər Türkiyə olsun, inşallah Azərbaycandan da bu yardım olar. Bizim ana ünvanımız turkmandır. Xüsusilə Kərkükdə şiə, sünni ayrımçılığı yoxdur.

Tazəhurmatıda şiə turkmanları çoxluq təşkil edir. İŞİD orda kimyəvi silahdan istifadə etdi. Biz ora getdik, din adamları onları ziyarət etdi. İnsanlar bu ziyarətə çox sevindilər və bu fəaliyyətlər davam edəcək.

-Söhbət zamanı vurğuladınız ki, Azərbaycana da səfər etmək arzusundasınız. Belə bir dəvətiniz varmı?

-Dəvət yoxdur, sadəcə sizi gördüm və düşündüm ki, Türkiyəni, İranı ziyarət edirik nədən Azərbaycanı ziyarət etməyək. Koordinasiya qrupunun iclasında bu məsələni müzakirə edəcəyik. İnşallah İrandan sonra Azərbaycanı da ziyarət edərik. Mən indiyə kimi Azərbaycanı görməmişəm. Çox istərdik ki, Azərbaycan prezidenti ilə görüşək.

Bizim Bakıda turkmanların bir təmsilçisinin olması ilə bağlı ciddi planımız var. Eyni zamanda da ziyarətlər önəmlidir. Bağdaddakı Azərbaycan səfiliyinin də üzərinə böyük iş düşür. Azərbaycanlı diplomat aktiv çalışan bir insandır. İraq və Azərbaycanın ortaq nöqtələri var. Məsələn, hər iki ölkə neft, qaz ölkəsidir. Bu sahədəki texnologiyalardan, səhiyyə sistemində, səyahət sahəsində yaralana bilərik. Son illər iraqlılar böyük sayda Azərbaycana turist səfərləri edirlər. Əvvəllər belə səfərlər yox idi. İndi birbaşa hava reysi açılıb. Bu, çox yaxşı bir haldır. Millət vəkilləri də səyahət edib, Azərbaycanı çox seviblər, məmnun qalıblar.

-Hasan bəy, Kərkükdə əvvəlki durumun bərpa edilməsi təhlükəsi qalırmı?

-Bəli, bizim belə bir narahatlığımız qalır. Çünki Bağdad hakimiyyəti hər zaman kürdlərlə anlaşır. Son 14 ildə biz bunu dəfələrlə gördük. Ona görə də vəziyyət təkrarlana bilər. Biz də bunun təkrar olunmamasına çalışırıq. İndi bütün turkman siyasi gücləri birləşib. İşimiz çətindir, sıxıntılarımız var. Amma inşallah birlik və bərabərliklə bunların öhdəsindən gələcəyik.

Pərvanə Sultanova

Bakı-Kərkük-Bakı

 

 

Paylaş:
918

Sizin üçün xəbərlər

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər