İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə yüksək rütbəli hərbçilərdən ibarət heyətilə 16 yanvar tarixində Bakıya səfər edəcək.
1news.az-a İranın Bakıdakı səfirliyinə istinadla xəbər verir ki, Baş Qərargah rəisi Azərbaycan Prezidenti, baş nazir və parlament sədri ilə görüşüb, müzakirələr aparacaqdır. Iki günlük səfər çərçivəsində müdafiə sahəsində Bakı – Tehran arasında mövcud olan əlaqələr və əməkdaşlıq, sərhəd əməkdaşlığı, terrorizmlə mübarizə və regional hadisələr haqqında fikir mübadiləsi aparılacaqdır.
Həmçinin, bu səfərin sonunda iki ölkə arasında hərbi – müdafiə sahəsində anlaşma memorandumunun imzalanması gözlənilir.
Qeyd edilməlidir ki, bu, İranın Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana ilk səfəridir.
P.Sultanova