Sarkisyan dövrünün sonu: Qarabağ münaqişəsinin həllində nə gözlənilir? – RƏYLƏR | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan dövrünün sonu: Qarabağ münaqişəsinin həllində nə gözlənilir? – RƏYLƏR

13:50 - 24 / 04 / 2018
Sarkisyan dövrünün sonu: Qarabağ münaqişəsinin həllində nə gözlənilir? – RƏYLƏR

Artıq bir neçə gündür ki, Ermənistanda baş verən hadisələr əsas müzakirə mövzularından biridir.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etirazlar başladı. Aprelin 17-də isə müxalifət ölkədə “məxməri inqilab”ın başladığını elan etdi. 

Müxalifətdən olan deputat Nikol Paşinyanın rəhbərlik etdiyi kütləvi etiraz aksiyalarının qığılcımı qısa zamanda digər şəhərlərə də sıçradı.

Ölkə rəhbərliyinin bu aksiyaların qarşısını almaq üçün həyata keçirdikləri bütün cəhdlər isə uğursuzluqla nəticələndi. Onlarla aksiya iştirakçısının həbs edilməsi isə vəziyyəti daha da qəlizləşdirdi.

Vəziyyətin nəzarətdən çıxdığını görən Sarkisyan Paşinyanla dialoqa razılıq versə də, onların görüşü nəticəsiz başa çatdı. Müxalifət liderinin tələblərini yerinə yetrmək istəməyən Sarkisyan hətta Paşinyanı təhdid etməkdən belə çəkinmədi. Həmin görüşdən bir neçə saat sonra isə Paşinyan xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılsa da, az sonra azad edildi.

Tələbələrin, həkimlərin, bir qədər sonra isə hərbçilərin də aksiyaya qoşulması ölkəni uzun müddətdir əsarətdə saxlayan rejimin sonunun gəldiyini düşünməyə əsas verdi. Bunu dərk edən Sarkisyan xalqa müraciət edərək hakimiyyətdən getdiyini bəyan etmək məcburiyyətində qaldı.

Sarkisyanın istefasından az sonra Paşinyan bildirdi ki, xalqın seçəcəyi yeni baş nazir yaxın həftə ərzində təyin edilməlidir. Bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək.

Heç şübhəsiz Ermənistanda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Ən çox maraq doğuran məsələ isə bundan sonra Ermənistanda kimin, hansı qüvvələrin hakimiyyətə gələcəyidir. Çünki uzun müddətdir davam edən Qarabağ münaqişəsinin həlli bundan birbaşa asılı olacaq.

Bu hələlik sual altındadır. Lakin bir məsələ aydındır ki, Ermənistanda Serj Sarkisyan dövrü artıq başa çatdı. O Sarkisyan ki, keçmiş müdafiə naziri Seyran Ohanyanla birgə Xocalı soyqırımının birbaşa təşkilatçısı və iştirakçısıdır.

Xocalı cəlladları: Serj Sarkisyan (ortada) və Monte Melkonyan (sağda)

Heç kəsə sirr deyil ki, günahsız Xocalı sakinlərinə divan tutmaq haqqında əmri 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sarkisyan verib. Bu səbəbdən Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.

Sarkisyan müsahibələrində Xocalı soyqırımını törətmək ideyasının ona məxsus olduğunu və bununla da azərbaycanlılarda qorxu və vahimə yaratmaq istədiklərini bildirib. O, britaniyalı jurnalisti Tomas De Vaala açıqlamasında Xocalı soyqırımının təşkilatçılarından olduğunu etiraf edib. Jurnalistin Xocalı soyqırımı haqqında nə düşünürsünüz sualına Sarkisyan belə cavab verib:

“Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”.

Hər zaman Qarabağ kartından öz xeyrinə məharətlə istifadə edən Sarkisyan hakimiyyətdə olduğu dövrdə də məhz Qarabağ münaqişəsinin hesabına öz xalqını əsarətdə saxlamaqda davam etdi. Onun rəhbərlik etdiyi Qarabağ klanı ölkəni çapıb-taladığı bir vaxtda xalq dilənçi vəziyyətində yaşamağa məhkum edildi.

Artıq Ermənistan xalqı başa düşməlidir ki, bütün bəlalarının, problemlərinin kökündə Qarabağ münaqişəsi durur və nə qədər ki, bu münaqişə ədalətli şəkildə həll olunmayıb, nəinki Ermənistanda, bütün Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq olmayacaq. Bundan ən çox itirən isə yenə erməni xalqı olacaq. Odur ki, Ermənistanın yeni hakimiyyəti ilk növbədə Qarabağ münaqişəsinin həllinə nail olmalıdır. Bunun isə bir yolu var – işğal etdiyi torpaqları Azərbaycana qaytarmaq. Əks halda Ermənistanı yaxşı heç nə gözləmir.

Ermənistanda baş verən olaylara münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov 1news.az-a açıqlamasında Serj Sarkisyandan sonra hadisələrin necə inkişaf edəcəyini söyləməyin hələlik çətin olduğunu deyib. Onun sözlərinə görə, Paşinyan baş nazir olmaqda iddialıdır, amma parlamentdə dəstək qazanmağa gücü yoxdur:

“Bu məsələnin necə həll olunacağını hələlik demək mümkün deyil. Paşinyanın tələbi budur ki, müvəqqəti hökümət yaradılsın, hansı ki, əsas vəzifəsi seçkiləri keçirmək olsun və parlament buraxılsın. Düşünmürəm ki, ordakı qüvvələr bu ssenariyə rahatlıqla razılaşacaqlar. Çəkişmələr davam edəcək. Ümumiyyətlə, yaxın üç ay ərzində Ermənistan təlatümlü dövr yaşayacaq. Seçkiyə gedildiyi halda indiki parlament çoxluğu da dağılacaq. Seçkilərdən hansı konfiqurasiya ilə çıxacaqlar, bunu öncədən demək çətindir. Amma hər halda küçədə əldə olunmuş qələbəni rahatlıqla davamlı bir hakimiyyətə çevirmək Paşinyan üçün asan olmayacaq, bəlkə də mümkün olmayacaq”.

Politoloq Paşinyanın tələbləri yerinə yetirilməyəcəyi halda, hadisələrin necə cərəyan edəcəyinə də toxunub:

“Ermənistan parlamentində çoxluq Sarkisyanın lideri olduğu Respublika partiyasına məxsusdur. Amma bununla belə küçənin təzyiqi var və buna görə də  qüvvələr hansısa bir kompromisə meylli olacaqlar. Birinin gücü küçədədir, o birisininki parlamentdə. Parlament buraxılır, küçə isə hələlik var. Ona görə düşünməlidirlər, lakin Paşinyanın baş nazir olacağına inamıram. Parlament heç vaxt onu baş nazir təyin etməyəcək. Ola bilsin ki, məqbul bir adamın baş nazir olaraq seçilməsinə nail oldular. Karapetyanın baş nazir olmaq ehtimalı kifayət qədər böyükdür.

Ermənistanda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyinə gəlincə, R.Musabəyovun sözlərinə görə, Ermənistanda müvəqqəti hökumət olduğu halda məsuliyyəti boynuna çəkən şəxslərin sülhə “hə” demələrinə inanmaq çətindir:

“Ancaq o da var ki,  Azərbaycan ermənilərin ağıllanacağını, davamlı hökumət quracağını və torpaqlarımızın işğalını davam etdirəcəklərini oturub gözləyən deyil. Hesab etmirəm ki, onlara çox vaxt verəcəyik. Ona görə də ya bunlar seçkilər keçirməklə paralel sülhə meylli olan Levon Ter-Petrosyana səlahiyyət verib, danışıqlara göndərəcəklər, ya da Azərbaycan bir-iki ay gözləyib onları ağıla gətirmək üçün şapalaq vurmalı olacaq.

Petrosyan dəfələrlə deyib ki, nə istəyirsiniz edin, Dağlıq Qarabağ münaqişəsini kompromis yolla həll etmədən, Türkiyə ilə münasibətlər normallaşmadan Ermənistanın gələcəyi yoxdur. O, bu məsələlərə praqmatik yanaşır, indi nüfuzu da var, mövqeyi bəllidir. Paşinyan da əslində 2008-ci ildə onun yanında olub. Petrosyan qocalıb, məsuiyyəti boynuna götürməyə nə dərəcədə hazır olacaq, məlum deyil. Lakin sülh əldə etmədən Ermənistan bu vəziyyətdən çıxa bilməyəcək”. 

Millət vəkili hesab edir ki, ermənilərin hamısının ürəyində Qarabağı Azərbaycandan qopartmaq var. Sadəcə olaraq sülhə doğru addımlar atmağın vaxtı çatdığını da anlayırlar. İlk addım kimi erməni silahlıları ətaf rayonlardan çıxmalıdır.

Rusiyanın mövqeyini şərh edən R.Musabəyov hesab edir ki, Sarkisyan Rusiya istəmədi deyə istefa verməyib. Sadəcə olaraq rəsmi Moskva onun baş nazir kürsüsündə oturmağına xeyir-dua verməmişdi: “Sarkisyan özü riskə gedib bunu etdi. Rusiya da  arxasında dayanmadı, demədi ki, qal, sənin arxanda durmuşuq”.

Politoloqun fikrincə, Rusiya hələlik açıq şəkildə Qarabağ məsələsində Azərbaycanın tərəfinə keçməyəcək: “Ermənistanda indi onsuz da Qərbə meylli qüvvələr meydandadır, Rusiya onları tamamilə həmin istiqamətə yönəltməməyə çalışacaq. Ancaq bir müddət keçəndən sonra Rusiya öz mövqeyini açıqlayacaq. Ortada beynəlxalq hüquq var, Azərbaycanın haqqı və gücü var, biz Ermənistanda kimin nə düşünməsini fikirləşməməli, öz işimizi görməliyik”.

Politoloq Fikrət Sadıqov isə 1news.az-a deyib ki, Paşinyanın əsas tələbi indi hakimiyyətin getməsi və yerinə real seçilən insanların gəlməsidir:

“Daha doğrusu hakimiyyətə bu hadisələrə bulanmayan, korrupsiyadan uzaq olanlar gəlməlidir. Ona görə Karapetyan qalacaq, Sarkisyanın yerinə başqa adamın təyin ediləcəyi ilə bağlı proqnozlar bir az gülünc görünür. Çünki Paşinyan birmənalı şəkildə bəyan etdi ki, bu, hakimiyyət getməlidir, yeni parlament seçkiləri keçirilməlidir, yeni baş nazir təsdiq olunmalıdır və bu insanlar yeni fiqurlar olmalıdır. Nə Sarkisyanın, nə Karapetyanın, nə də digər indiki siyasətçilərin partiyalarından və yaxın adamlarından olmamalıdırlar. Düşünürəm ki, buna nail ola biləcək. Çünki əgər baş nazirin istefasına nail oldusa, insanlar meydanlara, küçələrə çıxıb öz etirazını bildirdisə, buna da nail olacaq.

Çox güman ki, parlament seçkiləri keçiriləcək, Paşinyan özü parlamentin üzvüdür, yeni seçkilərdə də mandat alıb. Baş nazir olacağını, ətrafına yeni hökumət üzvlərini, öz inandığı insanları təyin edəcəyini istisna etmirəm”.

Qarabağ münaqişəsinə gəlincə, politoloq vurğulayıb ki, artıq Ermənistanda Qarabağ klanına son qoyuldu, onlar hakimiyyəti birmənalı şəkildə itirdilər. Çünki uzun illər ərzində bu klana Serj Sarkisyan- Koçaryan cütlüyü başılıq edib:

“İndi yeni adamlar gəlir, amma biz aldanmamalıyıq. Qarabağ məsələsi ilə bağlı strateji məqsədləri eynidir və onların arasında elə bir siyasətçi yoxdur ki, Qarabağdan imtina etsin, desin ki, biz Qarabağı qaytarırıq, bu, Azərbaycanın ərazisidir. Mən buna inanmıram. Amma onların arasında müəyyən taktiki fərqlər var. Serj Sarkisyan çox radikal bir siyasətçi idi. Onun radikallığı bundan ibarətdir ki, heç vaxt heç bir kompromisə getmədi, işğal olunmuş torpaqlar işğal altında qalmaqda davam etdi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir dəyişiklik olmadı. Burda müəyyən taktiki addımlar atıla bilər.

Paşinyan hələ ki, bu məsələ ilə bağlı geniş şəkildə açıqlama verməyib. Amma hər halda yeni insanlar, yeni nəslin nümayəndələri güzəştli addımlar ata bilərlər. Çünki başa düşürlər ki, əgər iqtisadi inkişafa nail olmaq, təcrid vəziyyətindən çıxmaq istəyirlərsə, hansısa güzəştlərə getməlidirlər. Hazırkı vəziyyətləri onları güzəştlərə vadar etməlidir. Sarkisyanı istefa verməyə məcbur ediblərsə, Sarkisyan ötən illər ərzində heç bir güzəştə getməyibsə, inkişaf istəyirlərsə, vəziyyəti dərk edərək çıxış yollarını axtarıb tapmalıdırlar”.

F.Sadıqov Ermənistanda əsgər analarının dəfələrlə aksiyalar keçirib, övladlarının özgə dövlətin torpaqlarında həlak olmasına etiraz etdiklərini xatırladıb:

“Sarkisyan Qarabağ klanının nümayəndəsi olduğu üçün bu çağırışları rədd edirdi. Başa düşürdü ki, separatçıların ən parlaq nümayəndəsi kimi Qarabağla bağlı heç bir güzəştə gedə bilməz. Əlbəttə,  yeni siyasətçilər hakimiyyətə gəlsələr əsgər analarını da eşitməlidirlər.

Hər halda bütün məsələlər dərhal həll olunmayacaq, amma biz vəziyyətdən istifadə edib diplomatik addımlarımızı gücləndirməliyik. Müəyyən çıxış yolu tapmalıyıq, çünki başa düşməliyik ki, yeni hakimiyyət Ermənistanı çətin vəziyyətdən çıxarmaq məqsədini qarşıya qoyaraq müəyyən güzəştlərə gedə bilər. İlk növbədə işğal olunmuş torpaqları nəzərdə tuturam. Buna kifayət qədər hüquqi baza da var.

Madrid prinsipləri, müxtəlif təşkilatların qətnamələri, bəyanatlar və s. Ermənilər çətin vəziyyət çıxmaq istəməyib, hazırkı kursu davam etdirsələr, onda yeni problemlərlə üzləşəcəklər. Sarkisyanı ona görə hakimiyyətdən uzaqlaşdırıblar ki, yeni siyasi addımlar atsınlar. Bu mənada yeni hakimiyyət xarici siyasətdə yeni kurs həyata keçirməlidir”.

P.Sultanova, B.Cahandarov

Paylaş:
1954

Son xəbərlər

“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12
Bütün xəbərlər