1news.az

Elmira Axundova: Biz seçki sahəsində Azərbaycan modelini yaratmışıq – MÜSAHİBƏ

22 Mart saat 17:41 ~ 3 dəqiqəlik oxu 150
Elmira Axundova: Biz seçki sahəsində Azərbaycan modelini yaratmışıq – MÜSAHİBƏ

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundovanın sechki-2018.az saytına müsahibəsi

1news.az həmin müsahibəni təqdim edir:

- Aprelin 11-də prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Seçki mühitini müsbət qiymətləndirirəm. Prezident seçkilərinə hazırlıq prosesi çox yüksək səviyyədə gedir. Mərkəzi Seçki Komissiyası dəqiq və operativ şəkildə işləyir. Narahatçılığa heç bir səbəb yoxdur. Ən əsası da odur ki, seçkiöncəsi mühit stabildir.

- Mövcud seçki mühiti və ölkəmizin seçki təcrübəsi aprelin 11-də keçiriləcək seçkilərin demokratik və şəffaf şəkildə baş tutmasına zəmin yaradırmı?

- Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. 90-cı illərdən başlayaraq ölkəmizdə prezident, parlament, bələdiyə seçkiləri keçirilir. Ölkəmiz bu sahədə çox böyük təcrübə toplayıb. Seçki Məcəlləsi ildən-ilə daha da təkmilləşdirilir. Mərkəzi Seçki Komissiyasının fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur, yerlərdə yüksək seçki təcrübəsinə malik olan yeni kadrlar hazırlanır. Ən əsası isə seçki prosesinin təşkilində demokratikliyi və şəffaflığı təmin etmək üçün informasiya texnologiyalarının ən son yeniliklərindən istifadə olunur. Seçicilərə seçki prosesini veb-kameralar vasitəsilə onlayn formada izləmək imkanı yaradılıb. Bu proses ən ucqar rayonları əhatə edir. Seçicilərin səsverməyə təkrar daxil olmasının qarşısının alınması üçün mürəkkəblərin çəkilməsi və onların ultrabənövşəyi lampalarla yoxlanması seçkilərin demokratikliyinə və düzgünlüyünə əminlik yaradır. MSK-nın imkanları daha da genişlənir. Komissiya seçki günü respublikanın bütün bölgələrində olan seçki məntəqələri ilə interaktiv əlaqədə olmaqla yanaşı, səsvermə yekunlaşdıqdan bir neçə saat sonra seçkilərin nəticələrini 90 faiz düzgünlüklə açıqlaya bilir. Bütün bunlar göstərir ki, biz seçkilərin interaktiv şəkildə keçirilməsində, bu prosesdə ən son texnologiyaların tətbiqində öndə gedən ölkələrdənik.

- Beynəlxalq təşkilatların seçkilərə marağı hansı səviyyədədir?

- Beynəlxalq təşkilatlar hər zaman Azərbaycandakı seçkiləri müşahidə etməkdə maraqlıdırlar. Çünki Azərbaycan regionda ən güclü, inkişaf edən, bütün məsələlərdə öz müstəqil mövqeyi olan aparıcı dövlətdir. Həmişə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərinə də maraq böyükdür.

- Namizədlərin qeydə alınması prosesi artıq yekunlaşıb. Bu barədə nə deyə bilərsiniz?

- Seçkidə iştirak edən siyasi partiyaların və namizədlərin çox olmasının tərəfdarıyam. Bu zaman insanların seçim imkanları daha da geniş olur. Prezident seçkilərində iştirak etmək üçün təşəbbüsləri qeydə alınmış bütün namizədlərə uğurlar arzulayıram. Seçkilərdə mübarizə aparan hər bir namizədə bərabər hüquq və imkanlar yaradıldığı üçün bu seçkilərin də öncəkilər kimi azad və ədalətli keçiriləcəyindən əminəm.

- Azərbaycanın demokratik seçki modeli digər ölkələr üçün nümunə sayıla bilərmi?

- Biz seçki sahəsində Azərbaycan modelini yaratmışıq və bu model kifayət qədər mükəmməldir. Bizim modeldə hər bir siyası partiya və qruplara öz namizədərini irəli sürmək və tanıtmaq imkanı yaradılır. Bu baxımdan düşünürəm ki, istənilən dövlət Azərbaycanın  seçki modelindən nümunə kimi istifadə edə bilər.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net