Elçin Mirzəbəyli: Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan regiona rifah gətirir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Mirzəbəyli: Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan regiona rifah gətirir

17:41 - 24 / 04 / 2018
Elçin Mirzəbəyli: Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan regiona rifah gətirir

Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı.

Bu gün Yerevanda cərəyan edən gərginliyin və Bakıda “Fomula 1” yarışlarına hazırlığın fotoları hər iki ölkədə kəskin fərqli mənzərəni aydın göstərir.

Ermənistanda narazı xalq yeni prezident Armen Sərkisyanı və köhnə prezident Serj Sərkisyanı qəbul etmir, Ermənistanda kəskin siyasi hakimiyyət böhranı yaranıb.  

Sarkisyandan sonra kimin hakimiyyətə gələcəyi və ölkəyə rəhbərlik edəcəyi əsas müzakirə mövzusudur. Bir çoxları bu şəxsin etiraz aksiyalarının lideri Nikol Paşinyan olacağını düşünür. Onun özü də bunu etiraf edib. Erməni deputat “Life” nəşrinə verdiyi açıqlamada, xalqın ona etimad göstərib, üzərinə bu məsuliyyəti qoyacağı təqdirdə baş nazir postuna namizədlikdən imtina etməyəcəyini bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanda hakimiyyət xalqın əlindədir və xalqa qarşı müqavimətin heç bir faydası yoxdur.

Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki iqtidardan yalnız bir adam getməyib - “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub. Buna baxmayaraq Ermənistanda hakimiyyət dəyişikliyinin sakit şəraitdə keçəcəyini düşünmək doğru olmazdı. Çox güman bundan sonra Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək. 

Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.

Azərbaycanda isə tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə keçirilən seçkinin nəticələri ilə bağlı ciddi bir narazılıq yaranmadı, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək, yeni hökumət formalaşdırdı. 

İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi olmasaydı, ölkənin inkişafı fərqli istiqamət ala bilərdi.

2005 və 2010-cu illər parlament seçkiləri zamanı Qərb Azərbaycana ciddi təzyiqlər göstərmək istəsə də, öz istəyinə nail ola bilmədi. İqtidar bu təzyiqləri neytrallaşdırdı, ölkə sabitlik yoluna kurs götürdü.

Sonrakı illərdə də  “siyasi məhbus” və “demokratiya” adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na cəhd edirdilər. Amma İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi. Azərbaycanı qarışdırmaq istəyən bəzi Qərb institutlarının ölkədə fəaliyyəti dayandırıldı.

Məlum olduğu kimi, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Ukraynanı qarışdırdı, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistanı isə hakimiyyət böhranına və xaosa sürüklədi.

İlham Əliyev isə Aİ ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, Aİ ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı  danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından məmnundur.

İlham Əliyev anti-Azərbaycan çevrələrin ittihamlarına baxmayaraq, Azərbaycanı dünyada baş verən iqtisadi böhrandan və “inqilab eksperimentləri”ndən qorudu, ölkənin müstəqil qərarlar vermək hüququnu heç kimə güzəştə getmədi.

Rusiya ilə strateji müttəfiqlik siyasətinə baxmayaraq, Azərbaycan Avrasiya İttifaqına da üzv olmadı. Halbuki Rusiya Avropadan fərqli olaraq bu cür məsələlərdə açıq təzyiqlərə də əla atır.

İlham Əliyev ölkəni müxtəlif siyasi qütblərin təzyiqlərindən qorudu. Bu müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan stabil, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkədir.

Bu gün Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur. Halbuki Ermənistanda küçəyə axışıb inqilab edənlər demokratiya yox, sadəcə insan kimi yaşamaq, ailələrini dolandırmaq, ac qalmamaq haqqı tələb edirlər.

Ermənistan rəsmi statistika qurumu bu ölkədə yoxsulluğun 30 faizdən yuxarı olduğunu etiraf edir, qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir. Əgər son 20 il ərzində ermənilər öz ölkələrini kütləvi şəkildə tərk etməsəydilər, şübhəsiz ölkədə yoxsul əhalinin sayı qat-qat artıq olardı.

Prezident İlham Əliyevin həm seçki dövründə, həm də ondan sonrakı açıqlamalarında yaxın 7 ildə də siyasi və iqtisadi müstəqilliyin qorunması və daha da inkişaf etdirilməsini öz siyasətinin ana xətti elan edib.

Ukrayna və Ermənistan hadisələri İlham Əliyevin ölkədə də bəzi marginal qruplar tərəfindən qəbul edilməyən siyasi kursunun doğru olduğunu bir daha təsdiqləyir. Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır, bu sabitliyin əsası iqtidar – xalq vəhdəti, İlham Əliyev iqtidarının düzgün siyasi kursudur.

Ölkəmizdəki inkişafa, iqtisadi gücümüzün və Ordumuzun döyüş qabiliyyətinin artmasına baxmayaraq Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Lakin ərazi bütövlüyümüz gec-tez bərpa olunacağına inam hər keçən gün daha da artır.

Ermənistanda baş verən son hadisələrə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli 1news.az-a bildirib ki, bu gün Ermənistanda kifayət qədər acınacaqlı durumun olduğu göz önündədir. Onun sözlərinə görə, Ermənistanda keçirilən aksiyalar və Serj Sarkisyanın istefasından sonra prezident Armen Sarkisyan da verdiyi bəyanatda ölkədəki vəziyyətin çox ağır olduğunu, Sarkisyanın yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın faktiki olaraq çökdüyünü, Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını, əhalinin sosial-iqtisadi vəziyyətinin, hətta  psixoloji durumunun acınacaqlı hala düşdüyünü xüsusi vurğuladı. 

Siyasi şərhçi hesab edir ki, baş verən hadisələr, Serj Sarkisyanın istefası əslində yürüdülən siyasətin nəticəsi idi: 

“Təbii ki, bütün bunları Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycandakı inkişaf, əhalinin ölkə rəhbərinə etimadı və dəstəyi, xalqın gələcəyə ümidlə baxması, ölkədə həyata keçirilən transmilli layihələrin özünü iqtisadiyyatımızda büruzə verməsi, nəinki Azərbaycanın iqtisadiyyatına, hətta Gürcüstan və Türkiyə iqtisadiyyatına belə təsirini göstərməsi Azərbaycanın Ermənistanla ümumiyyətlə müqayisəolunmaz halda olduğunu sübuta yetirir. 

Ermənistan işğal siyasəti nəticəsində özünü təcrid vəziyyətə salıb. Azərbaycan isə təşəbbüskarı olduğu və həyata keçirdiyi layihələr nəticəsində nəinki özünə, xalqına, hətta qonşu Gürcüstana, Türkiyəyə rifah gətirir. Eyni zamanda Ermənistan özünün siyasəti ilə regondakı dövlətlərə təhlükə yaratdığı halda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edir, terrorizmə qarşı mübarizə aparır. Ölkəmizin beynəlxalq hüququn prinsipləri ilə bağlı bütün istiqamətlərdə fəaliyyəti birmənalıdır. Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan dialoq mərkəzidir və ayrı-ayrı qütblərin siyasi, hərbi rəhbərlikləri Azərbaycanda görüşərək dünyada baş verən prosesləri müzakirə edir, qlobal problemlərin həllinə nail olmağa çalışırlar. Bu baxımdan Azərbaycanla Ermənistanın heç bir mənada müqayisə olunması mümkün deyil. Bu, son proseslərdə də özünü göstərdi”.

E.Mirzəbəyliyə görə,  Ermənistandakı hazırkı vəziyyətin əsas səbəblərindən biri bu ölkənin işğalçı siyasətini davam etdirməsidir:

“Hazırda Ermənistanda siyasi hakimiyyətdə dəyişiklik baş verdi, daha doğrusu Sarkisyan getdi. Eyni partiyanın nümayəndəsi baş nazir vəzifəsini icra edir. Amma Ermənistanın bugünkü durumu bütün regional layihələrdən kənarda qalmasının, iqtisadiyyatın iflasa uğramasının əsas səbəbi Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır.

Şübhəsiz ki, işğal faktına son qoyulmadan, Ermənistan heç bir halda regional layihələrdə iştirak edə bilməz. Bu baxımdan da Ermənistan üçün əsas prioritet məsələ siyasi hakimiyyətlə yanaşı, ilk növbədə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi və regionda olan bütün xalqlar və dövlətlərlə birgə yaşayış prinsiplərinə əməl etməsidir”.

P.Sultanova, B.Cahandarov

Paylaş:
526

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər