Elçin Əhmədov: Azərbaycanın Aİ ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlığa və əməkdaşlığa əsaslanır | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Azərbaycanın Aİ ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlığa və əməkdaşlığa əsaslanır

09:31 - 10 / 07 / 2019
Elçin Əhmədov: Azərbaycanın Aİ ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlığa və əməkdaşlığa əsaslanır

Azərbaycan dövlətinin xarici siyasətində Avropa qurumları ilə əlaqələr əsas prioritet istiqamətlərdən biridir. Xüsusilə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı olaraq qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

1news.az xəbər verir ki, bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə nəzər saldıqda ilk növbədə qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Bu baxımdan, Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa qonşuluq siyasətinə” qoşulub. 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

2018-ci ilin iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Eyni zamanda, qeyd etmək vacibdir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi üzərində hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf edərək bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun dəvəti ilə 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışında deyib: “...Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

2019-cu il iyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri zamanı keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq və qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik ki, bu da Azərbaycanın maraqlarına xidmət edir və uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək”.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi qəbul olunub. Dövlətimizin başçısı, həmçinin bildirib: “Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verən dövlət başçısı diqqətə çatdırdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Əminəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbul edilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

Bununla yanaşı, Azərbaycanın və Avropa İttifaqının bu sahələrdə çox konstruktiv əməkdaşlıq etdiyini və Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini deyən dövlətimizin başçısı bildirib : “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də, son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir. Azərbaycan mühüm tranzit ölkəyə çevrilir və gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq. Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır”. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb və bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycanın çox nadir ölkə olduğunu və özündə ənənə, müasirliyi birləşdirdiyini diqqətə çatdıraraq qeyd edib ki, bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə ölkəmiz həm Şərqə, həm də Qərbə doğru baxır. Avropa İttifaqı Şurasının Prezidenti təmsil etdiyi təşkilatın Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək deyib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır və münasibətlərimiz intensivləşib. Bununla yanaşı, 2018-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq üzrə prioritetlərin müəyyən edildiyini və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu diqqətə çatdıran Avropa İttifaqı Şurasının Prezidenti diqqətə çatdırıb ki, iqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək.

Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atdığını bildirən Donald Tusk ölkəmizin Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb. Avropa İttifaqı Şurasının Prezidenti regionda sabitliyə istinad edərək bildirib ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır və Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini, eləcə də Helsinki Yekun Aktının əsas prinsipləri əsasında münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.

Ümumilikdə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə nəzər saldıqda qeyd etmək lazımdır ki, hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olub və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələri xarici siyasətdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olub.

1news.az

 

Paylaş:
631

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər